Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

 
140
prоblеmi, mənəviyyat məsələləri öndə durmalıdır. Kеçən əsrin əvvəllərində qadın azadlığı məsələsi 
başlıca məsələ idisə, indiki əsrin  əvvəlində isə qadınların ifrat açıq-saçıqlığı, mənəvi tərbiyəsi 
prоblеm məsələ kimi narahatçılıq yaradır. 
«Mоlla Nəsrəddin» jurnalının əsas və daimi mövzularından biri də ana dilinin varlığı, təmizliyi 
uğrunda mübarizə idi. İlk nömrəsindən, hətta «Sizi dеyib gəlmişəm» adlı  məşhur məqaləsindən 
başlayaraq, jurnal Azərbaycan dilini yad təsirlərə  uğratmaq istəyənlərə qarşı  çıxdı. «Mоlla 
Nəsrəddin» jurnalı  və  оnun  əməkdaşları  əcnəbi  dillərin öyrənilməsi  əleyhinə deyildilər, onlar 
əcnəbi təsirinə uyub, ana dilinə etinasızlıq edənlərə, onu bəyənməyən, yad kəlmələri yerli-yersiz 
işlətməklə dili eybəcərləşdirənlərə zidd idilər. Jurnalın 1906-cı il 38-ci nömrəsində «Azərbaycan 
türkü»nü yerə  yıxıb dilini kəsən, bir sıra  əcnəbi dilləri ona zorla qəbul etdirmək istəyənlərin 
karikaturası  çəkilmiş  və altda yazılmışdı: «Ay qardaşlar, mən ki, dilsiz xəlq olunmamışam, bu 
dilləri ağzıma soxursunuz». Azərbaycan dilini ərəb, fars, osmanlı  kəlmələri ilə dolduran, bu dilin 
sənət və ədəbiyyata yaramadığını iddia edənlərə qarşı kəskin mübarizə aparan «Molla Nəsrəddin» 
bu gün yaşasaydı, inanıram ki, yenə də bu işdə dönməz mövqe tutar, daha amansız olardı. Çünki bu 
gün də bu ürək ağrıdan problem mövcuddur. 
Mollanəsrəddinçilər elmdən, mədəniyyətdən və mətbuatdan qaçan, vəhşi əməllərə qurşanan daş 
ürəkli nadanların güclü olduğu bir mühitdə yazıb-yaradır, mübarizə aparırdılar. Müstəqillik 
qazanmış bir ölkədə, elmin, texnikanın yüksək inkişaf еtdiyi bir dövrdə, hər kəsin hər şeyi yazıb, 
deyə biləcəyi bir şəraitdə, mədəniyyətə, mətbuata qiymət verilən bir zamanda xalqın kifayət qədər 
itkiləri, ağrıları ola-ola niyə dərdlərini, problemlərini öz dilində özünə anladan, yaralarına məlhəm 
olan bir mətbu orqan yoxdur? Əslində indi mətbuat bоlluğunda üzürük, amma «Molla Nəsrəddin» 
yolunu davam etdirən,  ənənələrini yaşadan yoxdur. Bəlkə bunun üçün yeni bir Cəlil 
Məmmədquluzadə doğulmalıdır? Bəlkə  də. C.Məmmədquluzadə XX əsrin inqilablar dövrünün 
Molla Nəsrəddini idi, XXI əsrin mübarizələr dövrünün Molla Nəsrəddini bəs nə vaxt zühur edəcək? 
Dahi Üzeyir bəyin vaxtilə dediyi bir sözə inanmaq istəyirəm: ««Molla Nəsrəddin»i öldürmək 
mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz». 
 
«Еksprеss» qəzеti, 11 dеkabr 2002-ci il. 
  


 
141
«MİLLƏTİN ZƏRRƏSİ»NDƏN SÜZÜLƏN İŞIQ 
 
Dünyada elə şairlər, elə yazıçılar var ki, əsərlərinin altında imza qoymasalar da seçilir, tanınır. 
Oxucu bu əsərlərin hər cümləsində, hər sətrində müəlüflə üz-üzə  gəlir, həmsöhbət olur. Müəllif 
«mən»i ilə, oxucu «mən»i arasındakı bu səmimi ünsiyyət uzun müddət unudulmur. Heç kəsə 
bənzəməyən, hamıdan seçilən, xüsusi üsluba malik yazılarda sanki bir səs daim pıçıldayır: «Bu 
mənəm, bu mənim fikrimdir, tanı məni, sev məni». Mənə elə gəlir ki, əsl yazıçı odur ki, oxucu ilə 
həmsöhbət ola bilir. Belə yazıçılar tarixdə  əbədilik qazanır və onların  əsərləri bütün dövrlərdə 
aktual olur, sevilir, oxunur. Millət vəkili, professor Rəfael Hüseynov məhz belə yazıçılardandır. 
Onu tanımaq istəyənlər kitablarını oxusun, çünki bu kitablardan millətini sevən, tanıyan və onun 
xoşbəxtliyi yolunda hər  şeyə hazır olan bir vətəndaş, Rəfael Hüseynov özü boylanır. Rəfael 
müəllimi dünyanın məşhur romançılarından fərqləndirən bir cəhət var. Əgər romançılar öz 
təxəyyüllərinin məhsulu olan insan talelərini qələmə alırlarsa, Rəfael müəllim isə adi romanlara 
sığmayan həqiqi, tarixi insan talelərini, həyatlarını  qələmə alır. Bu insanlar adi insanlar deyil, bu 
talelər də adi deyil. Adi roman yazmağa nə var ki, heç kəs səni nəyisə düz deməməkdə, nəyisə 
unutmaqda ittiham edə bilməz. Yaşanmış, tarixdə qalmış insan talelərini qələmə almaq çox çətin və 
məsuliyyətli işdir. Xırda bir səhv hər şeyi alt-üst edə bilər. Burda yazıçılıqla bərabər, həssas, dəqiq 
tədqiqatçılıq da lazımdır, vacibdir. 
Yəqin ki, oxuculara R.Hüseynovun «Vaxtdan uca», «Məhsəti necə varsa», «Min ikinci gecə», 
«Rəfibəylilər» kitabları tanışdır. Bu siyahıya bir ad da bu yaxınlarda qoşulub: «Millətin zərrəsi». 
Rəfael müəllim bütün kitablarında ümumilikdə millətin nur topasını yaradan zərrələr haqda söhbət 
açır, onların talelərini  şirin və  təsirli bir dillə oxucularına çatdırır. Onun qələmə aldığı ömür 
sahiblərinin çoxunu yaxşı tanımırıq, çoxu haqda az məlumatımız var, halbuki bu insanlar haqda hər 
şeyi bilməliyik, onları tanımalıyıq. Çünki xalqımızın tarixi inkişafında onların müstəsna rolu var, 
tariximizin məhək daşı, məhz onlardır. «Millətin zərrəsi» kitabında hansı talelərdən söhbət açılır, 
hansı ömürlərə güzgü tutulur? Payına çox qısa bir ömür düşmüş, lakin bu qısa ömürdə Azərbaycan 
ədəbiyyatına unudulmaz və işıqlı səhifələr yazmış Mikayıl Müşfiq taleyinin heç kəsə bəlli olmayan 
çox maraqlı bir səhifəsini bu kitabda oxuya bilərsiniz. Məşhur «Yenə o bağ olaydı»  şerinin heç 
demə qəribə bir sirri-sehri varmış. 
Yanıqlı  səsi,  şirin zəngulələri qulaqlarımızdan getməmiş, mərhum Rübabə Muradovanın bir 
mahnısının, «Qaragilə»-nin yaranması, yazılması  əməlli-başlı tarix imiş. Bu tarixi hadisəni bu 
kitabdan öyrənə bilərsiniz və həm də mahnının tam mətni ilə bərabər. 
Azərbaycan rəssamlığında möhtəşəm yeri olan Bəhruz Kəngərlinin adı hamıya tanışdır. 
İnanıram ki, Rəfael müəllimin kitabını oxuyandan sonra onu tanımadığınızı etiraf etməli 
olacaqsınız, bunun üçün təəssüf hissi də keçirəcəksiniz. 
Acı taleyini, keçməkeşli həyatını məhz R.Hüseynovun «Vaxtdan uca» kitabından öyrəndiyimiz, 
Azarbaycan ədəbiyyatı tarixində təkrarsız izi olan Hüseyn Cavid dühasının hələ açılmamış qatları 
var imiş. «Millətin zərrəsi» kitabında da Rəfael müəllim Cavid ömrünün yazılmamış  səhifələrini 
vərəqləmiş, Rəsizadələr ailəsinin taleyini bir daha araşdıraraq, oxucularına açıqlamışdır. 
Azərbaycanın azadlıq tarixini öz qanları ilə yazmış tarixin bağrında sağalmayan yara kimi daim 
sızlayan cümhuriyyətçilərin kimliyini, hansı əzablı yollardan keçdiyini təəssüf ki, hələ də bilmirik. 
Amma bilməliyik, bunu bilməsək işıqlı  gələcəkdən söz açmağa dəyməz. Azərbaycan Demokratik 
hərəkatının aparıcı simalarından olan Həsən bəy Ağayev və onun ailəsi haqda müfəssəl və ürək 
göynədən bilgiləri bu kitabdan ala bilərsiniz. Həsən bəy Ağayevin nəvəsi, Əhməd bəy Pepinovun 
qızı Sevda xanımın bu yaxınlarda vəfat etdiyini eşitdim. Həsrətli-nisgilli bir ömür yaşamış Sevda 
xanıma ömrünün son günlərində Rəfael müəllim gözəl bir hədiyyə bəxş etdi. Bu kitabda atasının, 
babasının şərəfli ömür yoluna verilən qiymət, illərdən bəri qəlbini göynədən nisgili bir az soyutdu. 
Neyləmək ki, heç kəs öz qiymətini vaxtında ala bilmir. Qızıl barmaqlı gözəl pianoçu Xədicə 
Qayıbova, Aşıq Mirzə Bilal, Aleksandr Tuqanov, Əkrəm Cəfər, Maestro Niyazi, gözəl alim 
Məmmədağa Sultanov, muğam sənətimizin dahilərindən biri olan Zülfü Adıgözəlov, vətəndən 
uzaqlarda vətəni yaşadan Turxan Gənceyi, musiqimizin mələyi  Şövkət  Ələkbərova, idman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə