Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

 
128
YÜZ İL ÖMRÜM ОLA ЕDƏM TAMAŞA 
 
Azərbaycan folklorunun ən zəngin qollarından biri olan aşıq yaradıcılığının yurdumuzun 
bütün bölgələrində kifayət qədər bilicisi və daşıyıcısı var. Aşıq sənətini yaşadan və inkişaf 
etdirən sənətkarlar iki cür olur. Yaradıcı  aşıqlar, ifaçı  aşıqlar. Yaradıcı  aşıqlar böyük fitri 
istedada malik olan insanlardır, onlar həm aşıq poeziyasını yaradır və həm də gözəl səsləri, 
ifaları ilə xalq arasında bu sənəti təbliğ edirlər. Belə fitri istedadlardan biri 1893-cü ildə 
Cavanşir mahalının Dəmirçidam kəndində dünyaya gəlmiş Aşıq Şəmşirdir. El arasında Dədə 
Şəmşir kimi şöhrət tapan aşıq dövrünün sayılan-seçilən aşıqlarından olan Aşıq Qurbanın 
ocağında doğulmuş, söz dünyası Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Qurban ruhu ilə mayalanmışdır. 
Ağlı söz kəsəndən bu böyük sənətkarların sazının-sözünün sehrinə düşmüş, onlara layiq varis 
kimi sənət dünyasında yer tutmuşdur. 
Dədə  Şəmşir adı anılanda göz önünə Azərbaycanın qartal balası  Kəlbəcər gəlir. Sanki Dədə 
Şəmşirin ruhu qanadları qırılmış bu qartala dözüm, dəyanət vermək, yenidən daha böyük qüvvə ilə 
qanadlanmasına güc vermək üçün pıçıldayır:  
Soruşuram o dağlardan,  
Boran səni üşüdürmü?  
Müdam sənə «can» deyirəm,  
Qulaqların eşidirmi? 
Minlərlə «can» kəlməsinin arasından dağlar Aşıq  Şəmşirin kəlməsini daha tez və daha aydın 
eşidir. Çünki Şəmşir ruhu bu dağlardadır, onu tərk etməyib. Aşıq  Şəmşir qoşmalarını oxuduqca 
sanki üzünə saf, təmiz dağ havası vurur, qulaqlarına zümzüməli bulaqların sevgi pıçıltıları gəlir, dağ 
çiçəklərinin  ətrindən bihuş olursan, əlinə saz alıb çalmaq, oxumaq istəyirsən.  Şəmşirin  şerləri o 
qədər təbii, səmimidir ki, ondan ayrılanda  əzizindən, doğmandan ayrılan kimi qəribsəyirsən, 
heyfsilənirsən. Aşıq Şəmşir poeziyası başdan-başa gözəl Kəlbəcərin vəsfidir desək, yanılmarıq: 
Qaraxaçı, Dəlidağı  
Ağ bəzənir bahar çağı,  
Beçə balı, sarı yağı...  
Boldu varı Kəlbəcərin. 
Hər yay elləri səxavətlə qoynunda bəsləyən yaylaqların adı şirin xatirəli günlərdən soraq verir: 
  
Yazın, yayın, oğlan vaxtı,  
Can dərmanı buz bulaqdı.  
Taxtadüzdü, Xaçbulaqdı  
Ən gözəli yaylaqların. 
Aşıq özünü ürəkdən sevdiyi, yaşadığı, gəzdiyi, pərvəriş tapdığı bu saf sulu, bərəkətli torpaqlı 
dağların oğlu sayırdı. 
Qartal düşüncəli, şair xəyallı, 
Tərlan yuva salan dağlar oğluyam. 
Anam İstisudur, atam Dəlidağ 
Murov, Lilpar, Qonur, Qoşqar oğluyam. 
Məhəbbəti, ülviyyəti bundan isti, bundan şirin, bundan kövrək hansı dillə anlatmaq olardı. 
Bədii, оbrazlı dil şerin ayrılmaz, əsas hissəsidir. Bu mənada Şəmşirin şer dili çox sadə, şirindir, xalq 
dilidir. Еlə ona görə də xalq tərəfindən sevilir, dillər əzbəri olur. Aşıq Şəmşirin adı çəkiləndə istər-
istəməz unudulmaz el şairi S.Vurğun yada düşür. Bu iki sənətkarın görüşü, ünsiyyəti xalq arasında 
əfsanəyə, dastana çevrilib. Onların bir-birinə müraciəti, yazdıqları qoşmalar el arasında elə 
məşhurlaşıb ki, az qala hamı əzbər bilir. Bu məhəbbətin, şöhrətin sirri hər iki sənətkarın el adamı, el 
sənətkarı olmasındadır. Hər eldə-obada müxtəlif sənət sahibləri yetərincədir. Amma hamı el 
sənətkarı adını ala bilməyib. El aşığı, el şairi, el atası, el ağsaqqalı, el adamı adını alan insanların 
qazandığı ən böyük mükafat, onlara verilən ən uca rütbə, şöhrət elə adlarının əvvəlinə artırılan el 
sözüdür. 


 
129
Aşıq gördüyünü çağırar, duyğularını sözə çevirib elin toyunda-düyünündə çalar, oxuyar. Aşıq 
Şəmşir sevdiyi, bağlandığı torpağı  vəsf etməklə  bərabər yurdunun seçilən, sevilən qiymətli 
övladlarını da tərənnüm edirdi. Onun dünya siyasətçisi, müdrik insan H.Əliyevə həsr etdiyi «Zərli 
tac kamallı başa yaraşır» şeri və bir çox şerləri buna gözəl sübutdur. Aşıq bir şerində yazırdı: 
Naxçıvan, Qarabağ verib baş-başa,  
Qeyrət halal olsun belə qardaşa,  
Yüz il ömrüm ola edəm tamaşa,  
Var xoş əməlləri Azərbaycanın. 
Tanrıdan 100 il ömür diləyən ustad bilmirdi ki, onun ömür payı yüzləri arxada qoyaraq 
əbədiliyə yol alacaq. 110 ilin zirvəsindən bu günə boylanan Şəmşir ruhu doğma səmalarda, ulu 
Kəlbəcərin azad günündə rahatlıq tapacaq, gələcək nəsillərin yaddaşına göçürüləcək. Bu gün 
gələcək və bu günün tezliklə  gələcəyini bizlər təmin etməliyik. Heç olmasa müqəddəs ruhlar 
naminə. 
 
«Mədəni-Maarif» jurnalı, №8-9 (150-151) 2003-cü il 
 


 
130
ƏGƏR YAŞASAYDI... 
 
Hər bir sənətə sahib olmaq üçün ilk növbədə arzu, istək olmalıdır. Atalar demişkən «Niyyətin 
hara, mənzilin ora». Məncə müğənni olmaq üçün təkcə arzu, istək bəs eləmir. Çoxları müğənni 
olmağı arzulayır, bu sənət onlara çox yüngül və asan görünür. Amma əslində bu sənət incə, zərif, 
həssas olduğu qədər də çətin və məsuliyyətlidir. Bu sənətə sahib olmaq üçün ilkin şərt Allah vergisi 
sayılan səsdirsə, ikinci şərt zəhmətdir. O sənətkarlar öz xalqının musiqi tarixinə işıqlı və unudulmaz 
səhifələr yazır ki, onlar ecazkar səsə və dəyanətli zəhmətə malikdirlər. Azərbaycan xalqı bu sahədə 
çox zəngin sərvət sahibidir. 
Azərbaycan musiqisinin parlaq səhifələrindən biri hələ  də yoxluğuna alışmadığımız, bizi çox 
qısa bir zaman kəsiyi ayıran unudulmaz Mirzə Babayevdir. Cəmi bir neçə ay da dözsəydi, həyata 
vida etməsəydi 90 illik yubileyini birlikdə qeyd edəcəyimiz bu gözəl sənətkar və  səmimi insan 
1913-cü il iyulun 16-da Bakıda anadan olmuşdu. Sənətə memar kimi başladı, rəssam kimi 
addımladı və estrada müğənnisi kimi zirvəyə çatdı. Musiqi sənətində də memar dəqiqliyinə sadiq 
qaldı, rəssam incəliyini itirmədi. Mirzə Babayev sənətdə ilk addımlarını atanda estrada müğənnisi 
barmaqla sayılacaq dərəcədə az idi. Sonralar bu say çox artdı.  Şöhrət qazananlar da oldu, tez 
unudulanlar da. Amma Mirzə Babayev şöhrətini qazanan, taleyini yaşayan olmadı. 90 yaşın içində 
eyni səslə, eyni həvəslə oxuyan, heyrət, sevinc hisslərindən coşan alqışlarla xoşbəxt sənət ömrü 
yaşayan olmadı. O təkcə müğənni deyildi, həm də çox təbii və mahir aktyor idi. 20-dən artıq fılmdə 
duzlu-məzəli, özünəməxsus şirinliklə müxtəlif səpgili rollar oynayıb. 
Musiqili fılmlərin  əksəriyyətində onun oxuduğu mahnılar səsləndirilir. Tamaşaçılar Mirzə 
Babayevi «Qaraca qız», «Qorxma, mən səninləyəm», «Telefonçu qız», «Dərviş Parisi partladır», 
«Dəli Kür», «Romeo mənim qonşumdur» fılmlərindən çox yaxşı tanıyır və sevir. Sənətdə onun öz 
yolu, öz üslubu var idi. Heç kəsə  bənzəmirdi, heç kəsi təqlid eləmirdi. Azərbaycan musiqisinin 
təssübünü, dərdini bir vətəndaş kimi, əsl sənətkar kimi çəkirdi. Bu hər insana, hər sənətkara xas 
olan xüsusiyyət deyil. 
Təkcə Azərbaycanda deyil,  respublikanın hüdudlarından kənarda da tanınır və sevilirdi. 
Moskvada keçirilən Azərbaycan Mədəniyyəti Günlərində onun canlı ifası, uzun müddətli çıxışı 
hamıda heyrət doğurmuşdıı  və alqış  səslərindən qulaq tutulurdu. Belə xoşbəxt anlar idi müğənni 
ömrünü uzadan. Hamının sevimlisi Mirzə dayı o qədər həyatsevər, nikbin insan idi ki, 
ətrafındakılara da bu hissi sirayət etdirirdi. Elə inamla deyirdi ki, ömrümün əsrini səhnədə 
tamamlayacam, 100 yaşımda da oxuyacam, buna inanmamaq olmurdu. Onun ölüm xəbəri ona görə 
də çoxlarında təəccüb doğurdu. 
Xalq adətən qiymətləndirdiyi, sevdiyi sənətkarı alqışlayarkən «ustadına bərəkallah» deyir. Bu 
adi deyim deyil. Ümumiyyətlə, xalq heç vaxt mənasız kəlam söyləmir. Sənətkarın sənət həyatında 
ustadının kimliyi çox vacib şərtlərdən biridir. Mirzə Babayev bir də ona görə xoşbəxt sənətkar idi 
ki, onun ustadı, müəllimi dahi Bülbül olmuşdu. O, bu ölməz sənətkardan təkcə  sənət dərsi 
almamışdı. Həm də xeyirxahlıq, insanpərvərlik dərsi də almışdı. Çoxları  şöhrətin elə birinci 
pilləsindəcə ustadını unudur və  hətta danır da. Amma Mirzə Babayev ömrünün sonunadək öz 
ustadını unutmadı, daim onun adını ehtiramla çəkdi, qəlbində məhəbbətini yaşatdı. 
 Azərbaycanın bəstəkarlar ordusunun böyük bir qismi Mirzə Babayevə minnətdar olmalıdır. 
Çünki, onların yazdıqları mahnıların çoxu məhz müğənninin ifasına görə populyarlıq qazanmışdır. 
Elə mahnılar da var ki, onların taleyi birbaşa Mirzə Babayevlə bağlıdır. Xalq bu mahnıları yalnız 
onun ifasında bəyənir və arzulayır. Bundan sonra biz bu gözəl sənətkarın səsini «gözəl səslər, gözəl 
ifalar» adı altında verilən proqramda dinləyəcəyik. Bu da bir xoşbəxtlikdir, hər sənətkarın adı nadir 
səslər siyahısına düşmür. 
Onun mahnıları sanki əlvan çiçəklərdən hörülmüş bir çələng idi. Bu çiçək çələnginin üstündə 
zərif, incə bir kəpənək də uçur. Deyirlər, insanlar dünyanı  tərk edəndə ruhları çiçəklər, ağaclar, 
kəpənəklər, quşlar  şəklində yer üzünə qayıdır. Yəqin ki, yaxşı insanların ruhu gözəlliyə dönüb 
qayıda bilir. Buna inansaq, Mirzə dayının ruhu həmişə bizimlə olacaq, zövqümüzü, ruhumuzu 
oxşayacaq. Qədirbilən xalq da gözəllik yaradan övladlarını heç vaxt unutmayacaq. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə