ƏFSƏr sadiqov


Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin



Yüklə 1,88 Mb.
səhifə4/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

2.4. Beynəlxalq iqtisadi hüquqda əmək bazarı və əhalinin

məşğulluq problemi
39. Beynəlxalq iqtisadi hüquqda universal mexanizmlərə üstünlük verilərkən beynəlxalq iqtisadi hüquqa dövlətlərarası hüquq kimi deyil fərdlərin, insanların qarşılıqlı ünsiyyət və inkişaf hüququ kimi diqqət artırılmalıdır. Bu aspektdə dövlətin sosial təyinat, ləyaqətli həyat səviyyəsini təmin etmək funksiyasını genişləndirilməlidir. BMT qurumları tərəfindən bu dahədə müəyyən proqram və layihələr (məsələn, BMT Baş Məclisinin 1986-cı il İnkişaf hüququ haqqında Bəyannaməsi) qəbul edilsə də (preferensiya rejimini istisna etsək), bunların realizə mexanizmləri, demək olar ki, yoxdur. Beynəlxalq hüquqda dövlətlərin iqtisadi hüquq və vəzifələrini müəyyən etmək cəhədləri olsa da, ümumən bu problemə ehtiyatlı yanaşma tərzi diqqəti cəlb edir.

Beynəlxalq iqtisadi hüquqda insan hüquqları, o cümlədən, əmək bazarını sosial aspektdə tənzimlənməsi istəyi əsasən II Dünya müharibəsindən sonrakı dövrə aid olsa da, problemin beynəlxalq hüquqi tənzimlənməsi istiqamətində tədbirləri daha öncə, Beynəlxalq Əmək Təşkilatının qəbul etdiyi normalarda təsadüf edilir. Beynəlxalq Əmək Təşkilatının təsis etdiyi dövrdən sonra ayrı-ayrı inkişaf etmiş dövlətlərdə “sosial dempinq” probleminin tənzim etmək üçün tarif aktları qəbul edilmişdir. Buna misal olaraq, ABŞ-ın 1922 və 1930-cu illərdə qəbul edilmiş tarıf qanunvericiliyi daha aşağı əmək haqqı ilə qiymətləndirilən (ödənilən) əmtəələrin idxal zamanı yerli əmtəələri haqsız rəqabətə məruz qoymamaq üçün müvafiq anti-dempinq kömrük rüsumlarını nəzərdə tuturdu. Sosial dempinq probleminin dünya iqtisadiyyatına mənfi təsiri 1922-ci il Millətlər Liqasının Cenevrə konfransının da müzakirə obyekti olmuşdur. Problemin ətrafli beynəlxalq hüquq tənzimlənməsinə cəht Beynəlxalq Ticarət Təşkilatının Havana Xartiyasına (Nizamnaməsinə) təsadüf edir. Xartiyanın II fəslində qeyd edilir ki, tam məşğulluğun təminatı beynəlxalq ticarətin genişləndirilməsi vasitəsidir. Xartiyada Beynəlxalq Əmək Təşkilatının normalarına da geniş istinad edilirdi. Beynəlxalq ticarətin tənzinlənməsinə mənfi təsir kimi qeyri-ədalətli əmək normalarının ləğvi nəzərdə tutulurdu.

Ümumiyyətlə, beynəlxalq ticarət və insan hüquqlarının qarşılıqlı beynəlxalq hüquqi tənzimlənməsində iki istiqamət diqqəti cəlb edir. Bir istiqamət beynəlxalq ticarət hüququ üçün xaraqterikdirsə, digər beynəlxalq əmək hüuqu üçün xaraqterikdir. Bu sahədə beynəlxalq ticarət hüququndakı tədbirlərin qəbulu baş tutmayan Havana Xartiyasından sonrakı dövrə də təsadüf edir. Xüsusən də, beynəlxalq ticarət danışıqlarının Uruqvay raundundan (1986-1994) sonra bu problem daha da aktuallaşmışdır. 1996-cı ildə “Yeddilər qrupunun” Lion görüşündə, Dünya Ticarəti Təşkilatı haqqında Saziş qüvvəyə mindikdən sonra Nazirlərin Sinqapur Bəyannaməsində beynəlxalq əmək normaları müzakirə obyekti olmuşdur. Bir tərəfdən hamılıqla tanınan beynəlxalq əmək normalarının gözlənilməsi nəzərdə tutulurdusa, digər tərəfdən proteksionist məqsədlər üçün əmək normalarından istifadədən imtina edilirdi. Lakin yenə də həmin sənəddə inkişafda olan dövlətlər üçün bu qayadan istisnalar mövcuddur.

Əmək normaları və məşğulluq ilə bağlı məsələlər müəyyən istisnalarla Tarıflər və Ticarət üzrə Baş Sazişdə (GATT-1994 m. XII, b.3d) də təsbit edilib. Qeyd edilir ki, “tam və əlverişli məşğulluğu təmin etmək məqsədilə” razılığa gələn tərəflər beynəlxalq ticarətdə say məhdudiyyətləri tətbiq edə bilərlər. Eyni zamanda GAAT-ın XX maddəsində nəzərdə tutulur ki, razılığa gələn tərəflər həbsdə olan şəxslərin əməyi ilə istehsal olunan əmtəələrin idxalını məhdudlaşdırmaq səlahiyyətlərinə malikdirlər. Lakin Dünya Ticarət Təşkilatının sazişlər sistemi başqa formada, birbaşa olaraq əmək bazarını tənzim etmir.

Sosial dempinq kimi qiymətləndirilən bu məsələ daha çox inkişaf etmiş dövlətləri narahat etməkdədir. Ona görə də, bu məslə mütəmadi olaraq inkişaf etmiş dövlətlər tərəfindən Dünya Ticarət Təşkilatının müxtəlif sammitlərində, o cümlədən, Doha (Qətər, 2001), Kankun (Meksika. 2003) raudlarında müzakirə obyekti olmuş, lakin inkişafda olan (xüsusən də, uşaq və qadın əməyindən istifadə edən) dövlətlərin razılığı olmadığı üçün nəticəsiz qalmışdır. Son müzakirələrdə əsas diqqət Beynəlxalq Əmək Təşkilatının normalarına istinad etməyə yönəlibsə də, müəyyən qrup dövlətlər insan hüquqları kontekstini əsas götürərək beynəlxalq ticarətə həmin hüquqların realizə vasitəsi kimi baxırlar. Bu halda GATT-ın qeyd etdiyimiz XX maddəsinə Beynəlxalq Əmək Təşkilatının bir sıra (məsələn, məcburi əməklə ( 29 və 105), əmək haqının ödənilməsində bərabərhüquqluluq(n 100), məşğulluq sahəsində ayrı-seçkilik (n 111), əmək fəaliyyəti üçün minimum yaş həddi (n 138) və s. ilə bağlı) konvensiyaları implementasiya edilməlidir.

İnsan hüquqlarının, eləcə də, əmək hüquqlarının gözlənilməsi beynəlxalq hüquqi sanksiyalarla təmin edildiyi halda beynəlxalq ticarət normalarının pozulmasına görə sanksiya isə kompensasiya məqsədinə deyil, beynəlxalq ticarət hüquq normaları ilə nəzərdə tutulan ticarət münasibətlərinin bərpasına istiqamətlənir (451-453). Bu halda beynəlxalq ticarət hüququnda insan hüquqlarının təminat mexanizmi beynəlxalq ticarət dövriyyəsinin tarif tənzimlənməsinə tabe etdirilməlidir. Yalnız dövlətlərin fərqli iqtisadi inkişaf səviyyəsi aradan qalxdıqca problemin insan hüquqlarının beynəlxalq hüquqi aspektinə tabe etdirilməsi mümkün ola bilər. Bunun üçün ayrı-ayrı ölkələrdə əhalinin yoxsulluq, insanın inkişaf indeksi beynəlxalq hüquqi tənzimetmənin obyektinin təşkil etməlidir. İnkişafda olan dövlətlərdə əhalinin gəlir və məşğulluq standartları insanın normal inkişaf indeksindən dəfələrlə aşağıdır. İnkişafda olan ölkələrdə yoxsulluq indeksi üç ölçülü qiymətləndirməyə əsaslanır: 40 yaşına kimi (sənaye ölkələrində bu göstərici 60 yaşa kimi) yaşamayan əhalinin sayı; yaşlı əhali arasında savadsızlığın (inkişaf etmiş dövlətlərdə funksional savadsızlığın) sayı; beş yaşına kimi uşaqların çəkidən qalması, səhiyyə xidmətlərinə, içməli suya çıxışı olmayan əhalinin orta riyazi sayı (inkişaf etmiş ölkələrdə-yoxsul əhali orta gəlirdən 50 % aşağı gəlirə malik olanlar) nəzərə alınır. İkişaf etmiş ölkələrdə isə dördüncü göstərici kimi 12 ay və daha çox müddətdə davamlı işsiz indeksi də müəyyən edilib.

Beynəlxalq iqtisadi münasibətlər sferasında BMT-nin əhalinin məşğulluq və gəlirlərinin tənzimlənməsi sahəsindəki ümumi standartları da mühüm əhəmiyyət kəsb edir. Xüsusən də, İnsan hüquqlarının Ümumi Bəyannaməsi (1948), İqtisadi, sosial və mədənihüquqlar haqqında beynəlxalq Pakt (1966), Sosial tərəqqi və inkişaf Bəyannaməsi (1969) və s. sosial-iqtisadi standartlar tədricən beynəlxalq iqtisadi hüquqda nəzərə alınmalıdır. Ümumi Bəyannamədə ifadə edilən bir sıra hüquqlar, o cümlədən, ədalətli əmək şəraiti, ləyaqətli həyat səviyyəsi və s. bu yönümlü müddəalar sonradan Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının qəbulunu təmin etmişdir.

Beynəlxalq Əmək Təşkilatının 1970-ci il (№131) Minumum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyada qeyd edilir ki, minumum əmək haqqı qanuni qüvvəyə malikdir və heç bir halda azaldıla bilməz. Konvensiyada minumum əmək haqqının həddini müəyyən edən meyarlar, o cümlədən, əməkçilərin və onların ailələrinin təlabatı; yaşayış səbətinin qiyməti; əmək haqqının ümumi həddi və sosial yardım; iqtisadi inkişaf; məhsulldarlıq və məşğulluğun təmin edilməsi tələbləri ifadə edilib. Buna baxmayaraq bəzi dövlətlərdə (həmçinin AR-də) müvafiq meyarlar qanunvericilikdə təsbit edilməmişdir.

Əhalinin məşğulluğu istiqamətində regional qurumların fəaliyyəti təqdir olunmalıdır. Avropa İttifaqının, Avropa Şurasının, Şimali Amerika Azad Ticarət Zonasının hüquq qaydası müvafiq problemin həllinə yönəlmişdir. Avropa İttifaqı işçilərinin əsas sosial hüquqları xartiyası (1989); Avropa Şurasının sosial xartiyası (1961) sonradan daha da təkminləşdirilərək məşğulluq və gəlirlər üzrə yüksək standartlara əsaslanır.

Beynəlxalq ticarətdə sosial təminat məsələsi Şimali Azad Ticarət Zonasının təsis müqaviləsində də öz əksini tapmışdır.


2.5. Beynəlxalq iqtisadi hüquqda təhlükəsizliyin

hümanitar aspekti
39.1. Həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrin vətəndaşlarının qarşısında açılan imkanların genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılması baxımından təbii resuslar ilə təminat xüsusi əhəmiyyət kəsb edir.

Müasir beynəlxalq iqtisadi hüququn ağırlıq mərkəzi dövlətlərin öz təbii ehtiyatları üzərində suverenliyinə, beynəlxalq ticarəti liberal tənzimetməyə yönəltmək hüququ ilə bərabər təbii ehtiyatlardan əldə edilən gəlirlərin şəffaf bölgüsünü təmin etməyə, dövlət büdcəsinin insan ləyaqətinin müdafiəsini təmin edən minumum yaşayış səviyyəsinin müəyyən edilməsinə, beynəlxalq ticarətdə hər bir sahibkarın iştirak etmək hüququnun təminatına, sosial inteqrasiya qurumlarında iştiraka yönəlməlidir.

İqtisadi təhlükəsizlik kontekstində insan faktoru, onun inkişaf istiqamətlərinin müəyyən edilməsi cəmiyyətin ləyaqətli həyat tərzi üçün xüsusi əhəmiyyət kəsb edir. İqtisadi təhlükəsizlik sferasında insan hüquqları problemi yalnız nəzəri problem olmayıb, həm də real milli və beynəlxalq təhlükəsizlik problemi kimi diqqəti cəlb etməkdədir. Buna görə də tam əminliklə demək olar ki, istər insan hüquqlarının müdafiəsi, istərsə də beynəlxalq təhlükəsizlik hüququ baxımından dövlətlərarası əməkdaşlığın yeni bir sahəsi bərqərar olmaqdadır.

Fərdin iqtisadi təhlükəsizliyə olan hüququnu konkret bir hüquqi aktla müəyyən etmək mümkün deyil. Burada həm dövlətlərin təbii ehtiyatları üzrə suverenliyini bəyan edən beynəlxalq normalar, həm də insan hüquqları sferasında qəbul edilmiş ayrı-ayrı beynəlxalq sazişlərin normaları diqqəti cəlb edir. Müvafiq beynəlxalq sazişlərin xaraqteri, forması da müxtəlifdir. Bu normativ sistemdə dövlətdaxili hüquq normaları da xüsusi çəkiyə malikdir.

İqtisadi təhlükəsizliyə olan hüquq müasir dövürdə elə bir inkişaf səviyyəsi ilə müşayiət olunur ki, həmin hüquq təmin olunmadan nə mülki-siyasi, nə də sosial-iqtisadi, mədəni hüquqların təmin edilməsi mümkün deyil.

BMT Nizamnaməsinin preambulası və bir sıra maddələri (məsələn, 1, 2, 55 və s.) beynəlxalq sülhün və təhlükəsizliyin təminatını sosial-iqtisadi tərəqqi ilə əlaqələndirir. Xüsusən də, təbii ehtiyatlar üzərində dövlət suverenliyi, xalqların öz müqəddaratını təyin etmə hüququ beynəlxalq hüquq prinsipləri olaraq insan hüquqlarına hörmət edilməsi məzmununa malikdir.

BMT Nizamnaməsinin 1.3 maddəsində məqsədlərdən biri kimi hər hansı bir ayrı-seçkilik olmadan insan hüquq və əsas azadlıqlarının təşviqi və inkişafı üçün iqtisadi, sosial, mədəni və humanitar xaraqterli beynəlxalq problemlərin həllində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ifadə edilib.

1948-ci il İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 22-ci maddəsində qeyd edilir ki, hər bir dövlətin resuslarına və sturukturuna uyğun olaraq milli təşəbbüslərlə və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi, sosial və mədəni sahələrdə cəmiyyətin üzvü kimi hər bir insan onun şəxsiyyətinin azad inkişafı və ləyaqətinin müdafiəsi zərurəti ilə sosial təminat hüququna malikdir.

Bəyannamənin ardınca 1966-cı ildə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktda, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktda da təbii ehtiyatlar üzərində öz müqəddaratını təyinetmə və suverenlik hüququnun insan hüquqlarına hörmət dəyəri təsbit edilmişdir. Hər iki Paktın 1-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, heç bir xalq heç bir halda ona mənsub olan yaşayış vasitələrindən məhrum edilə bilməz. Beynəlxalq hüquqa və qarşılıqlı mənfəət prinsipinə əsaslanan beynəlxalq iqtisadi əməkdaşlıdan meydana gələn hər hansı bir öhdəliyə zərər vurmadan bütün xalqlar öz məqsədlərinə çatmaq üçün özlərinin təbii ehtiyatlarına resuslarına sərbəst sərancam verə bilər.

İnkişafın maddi əsaslarına, o cümlədən iqtisadi təhlükəsizliyə olan hüquqlar baxımından birinci Paktın müddəaları daha geniş spektrə malikdir. Belə ki, həmin Paktın 11-ci maddəsində qeyd edilir ki, bu Paktda iştirak edən dövlətlər hər kəsin və onun ailəsi üçün zəruri həyat səviyyəsini, o cümlədən zəruri qidalanma, geyim, yaşayış yeri və həyat şəraitinin fasiləsiz yaxşılaşdırılması hüququnu tanıyır.

Müasir dövrün qlobal problemlərindən aclıq, düzgün qidalanmamanın da əsasında iqtisadi təhlükəsizliyin təmin edilə bilməməsi dayanır. Təbii resusların maddi inkişaf əhəmiyyəti baxımından Paktın 11-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, bu Paktda iştirak edən dövlətlər hər kəsin acılıqdan azadlıq hüququnu tanıyaraq fərdi və beynəlxalq əməkdaşlıq qaydasında konkret proqramları nəzərdə tutan zəruri tədbirlər görməli, o cümlədən elmi-texniki biliklərdən istifadə etməklə, daha effektli formada təbii ehtiyatların istifadəsinə mənimsənilməsinə nail olunmalıdır.

Bir çox digər hüquqlar kimi fərdin iqtisadi təhlükəsizlik hüququ da postsənayeləşmə dövrünün problemi kimi meydana gəldiyindən onun beynəlxalq paktlarda birbaşa nəzərə alınması mümkün deyildi. Digər tərəfdən, həmin hüquqa normativist kontekstdə deyil, insanın təbii və ya əsas hüquqları mövqeyindən baxılmalıdır. Hər iki Paktın 5-ci maddəsində qeyd edilir ki, hər hansı bir ölkənin qanunu, konvensiyası, adət və qaydaları ilə tanınan və ya mövcud olan əsas insan hüquqlarının bu Paktla tanınması və ya az həcimlə tanınması səbəbi ilə həmin hüquqların məhdudlaşdırılması və ya azaldılmasına yol verilmir.

İqtisadi təhlükəsizliyin humanitar aspekti beynəlxalq hüququn yumuşaq normalarında da öz ifadəsini tapıb. BMT Baş Məclisinin 1962-ci il “Təbii resuslar üzərində ayrılmaz suverenlik” Qətnaməsinin 1-ci maddəsində qeyd edilir ki, xalqların və millətlərin təbii ehtiyatlarına resusları üzərində ayrılmaz suveren hüquqları müvafiq dövlətin əhalisinin əmin-amanlığı və onların milli inkişaf maraqlarına uyğun həyata keçirilməlidir.

Təbii ehtiyatlar və resuslar üzərində bəyan edilən ayrılmaz hüquqlar kollektiv hüquqlar məzmunu kəsb edir. Fərdi hüquqlardan fərqli olaraq (xalqın, millətin, icmanın və s.) kollektiv hüquqlar təbii xüsusiyyət kəsb etmir və yalnız müvafiq cəmiyyətin, dövlətin maraqlarının bərqərar olması nəticəsində formalaşır.

Kollektiv hüquqlar fərdi hüquqları təşviq etmək üçün meydana gəlir və ona ziddiyyət təşkil edə bilməz. AR Konstitusiyasının 14-cü maddəsində qeyd edilir ki, təbii ehtiyatla hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına (Azərbaycan xalqına (m.1.I) – S.Ə) mənsubdur. Qeyd edilən halda təbii ehtiyatlara olan hüququn fərdi qaydada reallaşdırılması mümkün olmadığı üçün kollektiv siyasi-hüquqi vasitəyə-dövlətə müraciət edilir. Bu halda dövlət kollektiv hüquq və maraqların vasitəsi olaraq başlıca məqsədə-insan və vətəndaş hüquq və azadlıqlarının (o cümlədən, təbii resuslar ilə və yaxud onların hasilatından əldə edilən gəlirlərlə davamlı- S.Ə.) təminatçısına çevrilir (AR Konstitusiyası, m.12.I).

Təbii ehtiyatlar üzərində kollektiv hüquq həmin resusların dövrüyyəsindən gələn bütün gəlirlərin, vergi və yığmaların ədalətli, sosial yönümlü bölgüsünü nəzərdə tutur. Bu halda dövlət büdcəsinin şəffaf və ədalətli bölgüsündə iştirak etmək və ondan faydalanmaq hər bir vətəndaşın haqqı və hüququdur. Həmin hüquq öncə qeyd etdiyimiz beynəlxalq sazişlərdə təsbit edilən beynəlxalq hüququn xalqların hüquq bərabərliyi və öz müqəddaratını təyin etmə, insan hüqularına hörmət edilməsi prinsiplərindən meydana gəlir. Hərgah, bəzən öz müqəddaratını təyin etmədən bölücülük, separatizm üçün istifadəyə cəhd edilsə də beynəlxalq hüquq sənədlərində həmin prinsip siyasi rejimin demokratik əsası üçün istifadə edilir. Məsələn, ATƏM-in (ATƏT) 1975-ci il Yekun Aktında qeyd edilir ki, öz müqəddaratını təyin etmə demokratik dövlət formasında (kurs-S.Ə) insan haqlarının ən yüksək təminatı kimi qəbul edilməlidir. Həmin məzmun digər beynəlxalq aktlar üçün də xaraqterikdir.

Xalqların öz müqəddaratını təyinetmə hüququna uyğun olaraq və insan hüquqları haqqında hər iki beynəlxalq Paktların müvafiq müddəalarında nəzərdə tutulduğu kimi onların təbii ehtiyatları və resusları üzərində suverenliyə ayrılmaz hüququ iqtisadi təhlükəsizliyin humanitar əsasını təşkil edir. Bu halda öncə də qeyd etdiyimiz kimi dövlət təbii ehtiyatların istifadəsinin kollektiv təminat mexanizmi kimi çıxış edir.

Təbii resuslara çıxış hüququnun təmin edilməsində dövlətlərin kəskin inkişaf fərqlərinin aradan qaldırılması üçün yeni beynəlxalq iqtisadi qaydanın tam bərqərar edilməsi mühüm əhəmiyyət kəsb edir. İnkişaf hüququ haqqında 1986-cı il Bəyannaməsinin 3.3 madəsində qeyd edilir ki, dövlətlər özlərinin hüquqlarını və öhdəliklərini elə formada həyata keçirməlidirlər ki, suveren bərabərliyə, qarşılıqlı asılılığa, həmçinin insan hüquqlarının müdafiəsinə və həyata keçirilməsinə əsaslanan yeni beynəlxalq iqtisadi qaydanın bərqərar edilməsi təmin edilmiş olsun.

Beynəlxalq hüquqda olduğu kimi dövlətdaxili hüquqi aktlarda da iqtisadi təhlükəsizliyin sosial yükü ifadə edilir. Məsələn, postsovet ölkələrinin əksəriyyətinin konstitusiyaları dövlətin sosial xaraqterini ifadə edir. Bu o deməkdir ki, konstitusiya ilə ölkə əhalisinin əmin-amanlığına, sosial ədalət və insanın sosial müdafiəsinə istiqamətlənən siyasətin həyata keçirilməsinə çalışmaq müvafiq dövlət üçün bir vəzifə olaraq müəyyən edilir. Konkret olaraq dövlət üçün insanın ləyaqətli həyar səviyyəsinin yaradılması öhdəliyi müəyyən edilir. Qeyd edilən normalar bir qayda olaraq yumuşaq hüquq xaraqteri kəsb edir. Məsələn, AR Konstitutsiyasının Preambulasında ifadə edilən “ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək” (həmçinin AR Konstitutsiyasının 16.I maddəsində də Azərbaycan dövləti xalqının hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır) kimi fəaliyyət istiqaməti proqram, bəyannamə xaraqteri kəsb etsə də, insan hüquq və azadlıqlarının evolyusion xaraqter kəsb etməsi yaddan çıxarılmamalıdır. Bu mənada bir sıra hüquqların “köhnəlməsi”, digərlərinin isə meydana gəlməsi istisna edilmir. Elmi-texniki inkişaf hüquq və azadlıqlarının həcminə də əhəmiyyətli təsir edir. Müvafiq olaraq, dövlətlər üçün layiqli həyat səviyyəsinin məcburi öhdəlik kimi formalaşması, onun meyarlarının müəyyən edilməsi də qaçılmaz prosesdir.

ƏDƏBİYYAT SİYAHISI

1. Бордунов H.Д. Правовой механизм деятельности международных авиационных

opгaнизаций. M.: Наука, 1989. 168 с.

2. Нешатаева Т.Н. Международные организации и право. Новые тенденции в

международно-правовом регулировании. M. 1900. 272 с.


  1. Рубинштейн Г.Б. ВТО: практический аспект. М. 2004. 528 с.

4. Тюрина Н.Е. Публичный интерес в праве международной торговли. Казань. 2003.

5. Anand R. International Law and the Developing Countries. N. Delhi. 1986.

6. Carathanou S. The Role and of the Newly Independent Countries on the Development

of the International Law With Emphasis on International Economic Law / The saurus

Acroaium Vol. XVI. 1990. P. 690.

7. Mestadagh K. De Vey. The Rigth to Development // Netherlands Inter­national Law

Review, 1981. Vol. 28, N 1.

8. Poust J. Human Rights Responsibilities of Private Corparations / Vanderbilt Journal

of Transnational law. 2002. №3.

III FƏSİL. BEYNƏLXALQ İQTİSADİ HÜQUQUN

MƏNBƏLƏRİ
3.1. Beynəlxalq iqtisadi hüququn mənbələrinin anlayışı

3.2. Beynəlxalq müqavilələrin təsnifatı

3.3. Beynəlxalq adətlər

3.4. “Sivilizasiyalı xalqlar”ın hüququ

3.5. Doktrina

3.6. Beynəlxalq iqtisadi hüququn tövsiyə xarakterli mənbələri

3.7. Beynəlxalq standartlar

3.8. “Üçüncü hüquq” qaydası

3.9. Dövlətdaxili qanunvericilik və beynəlxalq iqtisadi münasibətlər


3.1. Beynəlxalq iqtisadi hüququn mənbələrinin anlayışı
40. Beynəlxalq iqtisadi hüququn mənbələri dedikdə beynəlxalq iqtisadi münasubətləri tənzim edən normaların bu və ya digər ifadə forması başa düşülür. Beynəlxalq iqtisadi hüququn mənbələri kifayət qədər inkişaf etmiş sistemə malik olduğundan onların təsnifatının aprılması zərurəti meydana çıxır. Təsinfatın aparılması zərurəti, ilk növbədə onunla əlaqədardır ki, beynəlxalq iqtisadi hüquq normalarının tətbiqi və təfsiri zamanı hüquq tətbiq edən üçün onların ardıcıllığı müəyyən edilməlidir. Beynəlxalq iqtisadi hüququn mənbələrinin təsnifatı aparılarkən umumilikdə beynəlxlq iqtisadi hüququn hüquqi təbiəti ilə bağlı qeyd etdiyimiz konsepsiyalar da xüsusi rol oynayır (8). Beynəlxalq iqtisadi münasubətləri hüquqi tənzimlənməsinin sistem vahidliyi baxımından müasir konsepsiyalara üstünlük verildikdə mənbələrin təsnifatı da müvafiq konsepsiyaya uyğun aparılır və bir qayda olaraq beynəlxalq iqtisadi hüququn mənbələrinə beynəlxalq və transmilli (və ya üçüncü) hüquq qaydasına aid normalarla yanaşı beynəlxalq iqtisadi münasubətlərin tənzimlənməsi üçün qəbul edilən dövlətdaxili qanunvericilik aktları da aid edolməlidir.


3.2. Beynəlxalq müqavilələrin təsnifatı
41. Beynəlxalq iqtisadi hüququn beynəlxalq hüquqi mənbələri dedikdə, ilk növbədə, publik şəxslərin (dövlətlərin, hökumətlərarası beynəlxalq təşkilatların) beynəlxalq müqavilələri. Sazişləri nəzərdə tutulur. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndinə görə müqavilələrin necə adlandırılmasından, həmçinin bir sənəddə təsbit edilməsindən asılı olmayaraq beynəlxalq hüquqla tənzim edilən, dövlətlər arasında yazılı formada bağlanan beynəlxalq sazişdir. Beynəlxalq hüquqda beynəlxalq müqavilə mənbələrinin də özünəməxsus təsnifatı mövcuddur. Belə ki, subyektlərdən asılı olaraq

- dövlətlərarası;

- hökumətlərarası;

- komitələrarası beynəlxalq müqavilələr fərqləndirilir.



Dövlət orqanlarının təmsil olunma səviyyəsindən asılı olmayaraq hüquq ədəbiyyatında bu müqavilələr bir qayda olaraq hüquqi baxımdan bərabərləşdirilir. Məsələ ondadır ki, Beynəlxalq müqavilələr hüquqi haqqında 1969-cu il Vyana Konvensiyasında da bu məsələyə birmənalı münasibət bildirməyib (m.30). Müqavilə normalarının kolliziyası zamanı ümumqəbulolunmuş tendensiya ondan ibarətdir ki, BMT Nizamnaməsinin 103-cü maddəsinin tələbinə müvafiq olaraq BMT üzvlərinin Nizamnamə üzrə öhdəliyi ilə onların istənilən digər beynəlxalq saziş üzrə öhdəlikləri arasında ziddiyyət yarandıqda, onların bu Nizamnamə üzrə öhdəliyi üstün qüvvəyə malik olur və ziddiyyət də universal öhdəliyin kontekstində həll edilməlidir. Lakin imperativ xarakter kəsb etməyə müqavilələrdən söhbət getdiyi halda isə, məsələn, çoxtərəfli İnvestisiya tədbirlərinin ticarət aspektləri üzrə 1994-cü il sazişi ilə İnvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında ikitərəfli sazişlər arasında kolliziya yaranarsa, həmin müqavilələrdən beynəlxalq investisiya münasibətlərinin daha əlverişli təminat sistemini nəzərdə tutan ikitərəfli beynəlxalq müqavilə norması lex specialis kimi prioritet kəsb edəcək. Qeyd etmək lazımdır ki, bəzən komitələrarası beynəlxalq müqavilələrin dövlətdaxili qanunvericiliklə nisbət məsələsində onların beynəlxalq müqavilələrin kateqoriyasına mənsubiyyətindən irəli gələn “prioriteti” həll edilməlidir. Komitələrarası beynəlxalq müqavilələr ayrı-ayrı komitələr üçün deyil, bütövlükdə, dövlətlərin özü üçün öhdəlik yaradır. Hər bir komitə, nazirlik özünün səlahiyyəti çərçivəsində normativ aktlar qəbul edirki, qeyd olunan müqavilələr də həmin aktlara münasibətdə üstün qüvvəyə malik olur. Başqa halda onlrın üstünlüyündən danışmağa dəyməz. Beynəlxalq sazişin qaydası lex specialis kimi daxili qanunvericiliyin bərabər hüquqi qüvvəli aktı qarşısında üstünlüyə malik ola bilər (E.T. Usenko). Məlum olduğu kimi, müvafiq müqavilələr daha çox inzibati-texniki xarakterli (məsələn, kömrük orqanları arasında texniki yardım; vergi xidmət orqanları arasında ikiqat verginin tənzimlənməsi ilə bağlı) məsələlərin həlli üçün bağlanır. Bu halda qəbul edilmiş müvafiq predmetli qanunla beynəlxalq müqavilələrin kolliziyası universal normanın lokal normaya nisbətində həll olunmalıdır.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə