Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə18/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

DÜNYA BİZƏ BAXIR
Deyirlər, həyat arzulardan və vərdişlərdən ibarətdir. Arzular vərdişlərdən doğur. Vərdişlər isə çox adi şeylərə bağlıdır. Məsələn, həyatın sabitliyinə. Gənclər üçün bu sabitlik, bəlkə də adi sözdür. Amma biz yaşlılar üçün adi deyil. Bizim yaşımızda bilinir ki, sabitlik olmayanda, həyatda heç nə qurmaq olmur. Nəyi isə arzulamağın özü də müşkülləşir. Həyat sürətlə dəyişəndə, onun siması da dəyişir.

Mayın 21-də axşam televiziyada şəhərdəki hadisələr haqqında kadrlara baxanda, mən nədənsə arzularımın, övladlarımın taleyi haqqında düşünürdüm. Başqalarını deyə bilmərəm, amma mənim yaddaşımda 1990-cı illərin əvvəlləri zədə kimi qalıb. Əvvəlcə küçələrdə, meydanlarda başlanan hadisələrdə millətin oyanışını, xalqın iradəsini görürdük. Amma birdən həyatımızın əsasları dağılmağa başladı. Onda vərdiş etdiyimiz adiliklərin içində necə böyük dəyərlər olduğunu anladım. Anladım ki, illərlə yaranan adi vərdişləri davam etdirmək imkanının özü nə qədər böyük bir nemətdir insan üçün. Məsələn, müharibə ehtimalı haqqında, adi çörəkpulu haqqında düşünməmək, balalarımızın işsiz qala biləcəyindən narahat olmamaq, üç-beş il sonraya dair ürəklə planlar qurmaq, onlara inanmaq... Axı, arzusuz, sabahsız necə yaşamaq olar? Heç cür yaşamaq olmaz!

Amma vərdişlər, həyatımızdakı nizam dağılanda isə heç nəyi arzulamaq da olmur. Bu, dəhşətdir. Mən bu dəhşəti bazar günü müxalifət qəzetlərini alıb baxanda hiss etdim. Televiziyada gördüklərim burada yazılanların yanında heç idi...

Polislərin qarşısında durmuş kütləni görəndə, fikirləşdim ki, adi, növbəti mitinqlərdən biridir. Bakının üç milyonluq əhalisi bu mitinqləri heç vaxt ciddi qəbul etməyib. Bunu görmüşük və bilirik. Bu üç milyonun içində çox müxtəlif əhvali-ruhiyyəli – nikbin, dünyamızı, millətimizi, bugünkü həyatımızı sevən və ya qəzəbli, əsəbi adamlar da var. Adamların bir qismi sevgi ilə, bir qismi zəhmətlə, bir qismi öz həyatına bağlanıb yaşayır. Bir cür adamlar da var ki, onlar ancaq nifrətlə yaşayırlar. Tərbiyə nəzəriyyəsində, sosiologiyada bunun, deyəsən adı da yoxdur. Bu adamların əsas hissi nifrətdir. Hökumətə, iş adamlarına, öz qonşularına, onlar kimi olmayanların hamısına nifrət.

Bazar günü bəzi qəzetlərdə mən bu nifrəti gördüm. Motivsiz və məntiqsiz nifrəti. Düzü, anlaşılmaz bir təşviş keçirdim... Fikirləşdim ki, bu adamlar kimdir? Mən işimlə bağlı həmişə xalqın içindəyəm, rayonlarda da oluram. Amma həyatda mən bu adamları görməmişəm. Bəs bunlar hardandırlar? Onlar bizim 8 milyonluq ölkənin nizamlı, sabitləşmiş həyatına nifrət edirlər, onu dağıtmaq istəyirlər. Bəlkə, dağıtmaq bu fikri dəqiq ifadə etmir. Elə bil onların bütün həyatı, niyyəti bizim on beş il qabaq müstəqil olmuş ölkəmizin taleyini baş-ayaq etmək gözləntisidi. Bəli, gözlənti. Buna başqa ad vermək olmaz.

Bəzi qəzetlər Bakının mərkəzindəki biabırçı hadisələri bayram kimi, sevinclə təqdim edir. Sevindirici nə baş verib? Aydın deyil. Qəzetlərin biri, hətta elan edir ki, çəhrayı inqilab başlandı. Axı nə baş verib? Üç-dörd yüz adam dövlətə və qanunlara etinasızcasına Bakının mərkəzi küçəsinə çıxıb. Onlar özlərini dövləti saymayan qüvvə kimi aparır, sözdə isə seçki qanunlarını təkmilləşdirməkdən danışırlar. Əməllə sözlər heç bir-birinə uyğun gəlmir. Qanunsuz əməllə, özünü kor-koranə dövlətə qarşı qoymaqla qanunları dəyişmək olarmı? Əlbəttə, yox! Bunu adamları küçəyə çağıranlar özləri çox yaxşı bilirlər.

Bu adamların niyyəti həmişə az-çox aydın olub. Mən küçəyə çıxanları yox, onların arxasında duranları nəzərdə tuturam. Amma qəzetlərdə yazılanlar, “çəhrayı inqilab”ın başlaması barədə məsuliyyətsiz bəyanatlar çox qorxunc niyyətlərdən və planlardan xəbər verir. “Çəhrayı inqilab” sözünün özü qorxunc deyil. Amma bu sözü ağzından süd iyi gələn, hələ məktəbdə öyrəndiyi siyasi sözlərin mənasını anlamayan uşaqların dilindən eşitmək qorxuncdur. Onlar bu inqilabı 21 mayda gördüyümüz kor-koranə zorakılıq kimi başa düşürlər. Bax, qorxulu burasıdır, cəmiyyətə meydan oxuyan şərəfsiz, abırsız zorakılığın özünü demokratiya uğrunda mübarizə adı ilə təqdim etməsidir.

Kimdir bunlar? Qanuna, əxlaqa, dövlətə meydan oxuyanlar, zorakılığa sitayiş edənlər. Onların sayı dörd yüz deyil, bəlkə dəfələrlə azdır. Bir ovuc, bir dəstə adamdır. Onlar öz zorakılıq məntiqlərinə inanırlar. Elə inanırlar ki, pul verib partiyalar, təşkilatlar yaradırlar, qəzetlər buraxırlar. Nəhayət, sadəlövh, dayaz adamları küçələrə çıxarıb adını “çəhrayı inqilab”, milli müqavimət və s. qoyurlar. Qorxunc – bu adamlardır. Onlar oddurlar, küçədə daxili qoşunların üstünə gedənlər isə kül! Zorakılığa inamda onları ancaq bolşeviklərlə müqayisə etmək olar. Onlar üçün siyasət zorakılıq elmidir. Bizim nizamlı, sabit həyatımıza düşmən kəsilənlər də onlardır.

Mən onları son iyirmi illik taleyimizin bir qəlpəsi sayıram. Onların zorpərəstliyi anadangəlmə deyildir. Ermənilər torpaq iddiası ilə baş qaldıranda, xalq küçələrə çıxdı. Bu, milli taleyimizin romantik bir dövrü idi. Xalq meydanda siyasi bir qüvvə oldu. Onun başında xalqımızın layiqli oğulları durdu. Lakin müqəddəs şəxslərin ətrafına tamahkar işbazlar da yığıldılar. Tamahkar avantüristlər üçün nəhəng qüvvə olan xalqın təmsilçisi kimi təqdim olunmaq imkanı yarandı. Xalqın qüvvəsi ilə çürük rejimdən hakimiyyət parça-parça alındıqca, bu avantüristlərin inhisarına keçirdi. Beləcə böyük bir təcrübə yarandı: küçədən gəlib hakimiyyət qazanmaq təcrübəsi. Əsas məsələ isə xalqın, kütlənin kor-koranə qüvvəsindən istifadə idi. Zorakılığın fəlsəfəsi belə yarandı. Dünən heç bir işi-peşəsi olmayan, günlərini çayxanalarda çürüdən adamlar demokratik hakimiyyətin timsalı cildinə girdilər.

Sovet məkanında birinci olaraq bizdə - 1992-ci ildə demokratik inqilab oldu. İndiki terminlə “çəhrayı inqilab”. Amma bu inqilab da hər addımda o zamankı Konstitusiyanın zorakılıqla pozulması ilə gedirdi. Ancaq Qarabağ torpaqlarının taleyi məsələsinə görə adamlar hər şeyə göz yumurdular. Romantik dövr idi, hamımız dəyişikliklərin parlaq nəticələr verəcəyinə sadəlövhcəsinə inanırdıq. Amma əməldə nə oldu?

Onlar misilsiz bir yırtıcılıqla talanlara başladılar. Qarabağ torpaqlarını bayraq edib qapı-qapı, müəssisə-müəssisə gəzib bolşevik müsadirəsi apardılar. Qarabağ adı ilə. Xalq Cəbhəsi hökuməti zamanı bu, görünməmiş miqyas aldı. Bütün rəqiblərə, düşmənlərə, hətta dövlət qanunlarına qarşı da eyni silahdan istifadə edilirdi: zorakılıq, zorakılıq və yenə zorakılıq. Hətta orduda da zor nizamnamələrdən yüksək olmuşdu. Hər bir etiraz, müqavimət də xalqa qarşı çıxmaq kimi mənalandırılırdı.

Demokrat cildinə girənlər elə qızışdılar ki, öz sıralarındakı problemləri də zorakılıqla həll etməyə çalışdılar. Dövlət və qanun olan yerdə bu, mümkün deyil. Bunlar dövləti dağıdaraq həyata keçirilirdi. Bu avantüristlər zordan başqa heç nə bilmirdilər, üstəlik bilmək də istəmirdilər. Ehtiraslar o qədər qızışdı ki, ölkə vətəndaş müharibəsi həddinə gəldi. Dövlət dağılıb nüfuzunu itirdi. Azərbaycanın 15 min kvadrat kilometr ərazisi erməni ordusunun əlinə keçdi.

Hakimiyyəti zordan ibarət sayanlar iki cəbhəyə bölündü, bir-birinin boğazından yapışdı. Onların başında kompromis anlayışı yox idi. Hər şey qüvvə ilə həll olunmalı idi. Xalqın ermənilərə qarşı yaratdığı ordunu öz münasibətlərini həll etməyə cəlb etdilər. Bir tərəf güc gələndə, bu gücpərəstlər özlərini qarşı tərəfin terrorundan qorumaq üçün yenə gücə əl atdılar. Xilaskar bir qüvvənin hakimiyyətə gətirilməsi ideyası ortaya atılmasaydı, bunların bir hissəsi digər hissəni qırmalı idi.

Bu xilaskar qüvvə müdrik Heydər Əliyev idi.

Heydər Əliyev gəlib dövləti bərpa etdi. 1995-ci ildə yeni Konstitusiya qəbul edildi. Dünya standartlarına uyğun yeni qanunlar qəbul olundu və olunur. Həyatımız dəyişdi. İndi biz normal bir dövlət olmuşuq. Amma... Amma zorakılığı siyasətlə qarışdıran bir dəstə adam elə 1989-cu ildə qalıb. Onlar o zaman yaratdıqları dərnəklərdə (adını partiya qoyublar) qalıblar. Dərnəyin üzvləri də eyni adamlardır. Qəribədir, bu dərnəklərin tərkibində heç bir dəyişiklik baş vermir.

Düşünürlər ki, yeganə istinadları olan zorakılığın gücünə nə üçün inanmasınlar? O zaman zorakılıqla Ali Sovetin binasını tutublar. Həmin zorakılıqla Dövlət Televiziyasının binasını tutub efirə çıxıb özlərini hökumət elan ediblər. Zorakılıqla Milli Məclisin deputatlarını yığıb istədikləri qərarları qəbul ediblər. Sonra isə ölkənin bütün varidatını talan ediblər. Hamısı onlar üçün keçib. Onlara deyən olmayıb ki, qanunları, Konstitusiyanı pozduğunuz üçün gəlin qanun qarşısında cavab verin. On beş ildir bu talanın “bəhrələri” bitib-tükənmir.

Bəli, Vətənimiz düşüncə baxımından 1989-cu ildə qalmış bir dəstə zorakı siyasətçi ilə üzbəüz vəziyyətdədir. Onlara dərəbəyi də demək olar. Çünki onların zamanında olanlar heç bir dərəbəylik zamanında olmayıb. Bu gün onların ağzında şirə qalıb. Bizi yenidən ora, onların ağalıq etdiyi qanunsuz və Konstitusiyasız bir keçmişə qaytarmaq istəyirlər. Elə bir keçmişə ki, orada hərənin cibində bir qumbara vardı, mağazadan malı götürüb pulun verməmək olardı, kafedə yeyib-içib “çox sağ ol” demədən qalxıb getmək olardı. Hərbiyə çağırış qazanc yeri olmuşdu. Ermənilərə ünvanlanmış qumbaralarla balıq tutmaq olardı. Milyardlarla büdcə pulunu bir kooperativin hesabına keçirmək olardı və s. Bunları sadalamaqla bitmir...

Bir ovuc adam ölkəmizdə “çəhrayı inqilab” etmək istəyir. Adını da kənardan götürüblər, çünki əsl niyyətlərini desələr, millət, cəmiyyət dəhşətə gələr. Amma bu çəhrayı inqilab sözünün arxasında ən qəddar zorçular durur. Onların əsl niyyəti Konstitusiyanı ləğv etməkdir. Çünki bu halda onların əl-ayağı açılar, icazəsiz hər şey etmək olar. Onlar hakimiyyətdə olarlarsa, yenə də belə hərəkət edəcəklər. Dünyanın böyük dövlətlərinin yarısına nota verəcəklər. Amma insan həyatı, cəmiyyətin nizamı notalarla həll olunmur.

Mən sıravi bir vətəndaşam. Balaca ailəmin, uşaqlarımın taleyinin vəkiliyəm, sabaha planlar qura bilmək istəyən milyonlardan biriyəm. Əminəm ki, mənim kimi düşünənlər minlərlədir və biz birləşib bu vəziyyətdə mövqe tutmalıyıq.

Mən bir şeyə təəssüfümü bildirirəm: bəzi insanlar dövlətimizə qarşı duran bu adamlarla mübarizəni polisə, daxili qoşunlara aid sayırlar. Bəziləri, hətta daha çox baş yarmağı təklif edir. Mən bu çağırışları anlamıram. Çünki həyatımızı dağıtmaq istəyənlər küçədə deyillər, onlar daxili qoşunların dəyənəyindən uzaqdırlar. Dəyənək zərbəsi alanlar isə tamam başqa adamlardır.

Demək istəyirəm ki, meydanda üç qüvvə var: dağıtmaq istəyənlər, dövlət, dövlət quruculuğunu dəstəkləyən xalq. Dağıdanları kim dayandırmalıdır? Onları təkcə dəyənək dayandırmamalıdır. Mən hesab edirəm ki, həm də biz da­yan­dır­malıyıq. Balalarının gələcəyinə ümid bəsləyənlər, Konstitu­siya məkanında yaşamaq istəyənlər, meşə qanunlarına, güc­lünün zəifi öldürməsi əxlaqına nifrət edənlər. Mən fikirləşirəm ki, öz həyatımızı biz özümüz qorumalıyıq. İlk növbədə əqidə­nin və əxlaqın, tərbiyənin və inamın gücü ilə.

Ona görə ki, biz çoxuq. Ona görə ki, biz insan kimi yaşa­maq istəyirik. Biz hər şeyi dağıdıb dərəbəylik etmək niyyətində olanlardan azı min qat çoxuq. Bir də axı, dövlət bizimkidir.

Bu dövlətin başında İlham Əliyev kimi işıqlı bir adam durur. Mən şahidəm ki, bizim saysız-hesabsız vətəndaşlarımız onu sevir, ona rəğbət bəsləyir. Mən təkrar edirəm ki, söhbət etimaddan yox, ondan yüksək olan sevgidən, rəğbətdən gedir. Onun sözündən qabaq, bizim adamlarımız onun nurlu əməl­lərinə inanırlar. Elə mənim də Prezidentimizə münasibətim məhz bu cürdür. Mən ona nəinki inanıram, mən ona həmişə inanmaq ehtiyacı duyuram. Həmişə duyuram. Sayıram ki, o, Azərbaycanın rəmzidir. Müasirliyi ilə, nəcibliyi ilə, ağıllı addımları ilə. Biz ona inanırıq. Biz onu sevirik. Əslində bu, xalqın iqtidara həqiqi münasibətidir.

Bu gün xalqın ən qabaqcıl, ən yetkin mənəvi dəyərlərini təmsil edən adamların onun hakimiyyətinin, dövlətinin başında durması bir xoşbəxtlikdir. Tale bunu bizim xalqımıza qismət edib. Təxminən il yarım ərzində İlham Əliyev Azərbaycanın tərəqqisinə görünməmiş bir sürət verib. İllik Ümumi Daxili Məhsul artımı 20 faizə yaxın olacaqdır. Bu, dünyanın heç yerində olmayan bir inkişaf tempidir. Bu templə dörd-beş il ərzində bizim ölkəmiz tamam başqa bir sima qazanacaq. Həm də bu sima İlham Əliyevin nəcib niyyətlərinin və işlərinin bəhrəsi kimi ərsəyə gələcək.

Bu gün düşmənlərimizi belə, təlaşa salan ölkədəki nizamı və tərəqqini dayandırmaq istəyənlər hökumətin, icra orqanlarının qüsurlarından bayraq kimi istifadə edirlər. Unudurlar ki, 1990-cı illərin əvvəllərində dağıdılmış, demək olar ki, məhv olmuş dövlətin bugünkü səviyyəyə çatdırılması müd­dətində nə qədər çətin, müşkül problemlər həll olunmuş­dur və bu proses məqsədyönlü olaraq və yüksək peşəkarlıqla davam etdirilir.

Dövlətçilik mürəkkəb orqanizmdir. Bizim dövlət isə təzədir, cavandır. Onu daim təkmilləşdirmək lazımdır. Bunu biz hər gün, hər saat görürük, duyuruq.

Amma bu gün əsas dərdimiz inqilabın nə olduğunu bilmədən inqilab xülyası ilə yaşayan, bu bədnam niyyəti bütün cəmiyyətə təlqin etmək istəyən zorakı siyasətçilərdir. Onlara siyasətçi demək də çətindir. Tamahkar, avantürist sözü daha uyğun səslənir. Bax, bizim ölkəmizin sabahına əsas təhlükə onlardır. Bu adamlar tək-tək şəxslər olsaydı, elə də başağrısı sayılmazdı. Onların arxasında xalqın malını talamış, dövlət rütbəsindən sərvət toplamaq üçün “uğurla” istifadə etmiş adamlar durur. Əsas mübarizə hədəfi onlar olmalıdır.

Bir sıra ölkələrdə, o cümlədən Türkiyədə dövlətin əleyhinə işləyən, bu məqsəd naminə onu dağıtmağa hazır olan siyasət adamları üçün qanunvericilikdə xüsusi maddələr vardır: bu qanuna görə məhkəmələr müəyyən siyasi şəxslərin bu sahədə fəaliyyətinə qadağa qoya bilir. Bu şərq mühiti üçün, şərq zorpərəstliyi üçün gözəl məhdudlaşdırıcı bir alətdir. Məhz bu qanunu qəbul etməklə biz çoxlu zorakı siyasətçilərdən canımızı qurtara bilərik. Məhz bizim, çoxluğun buna hüququ vardır. Bir şəxs Konstitusiya haqqında ancaq rəmz kimi danışır və əməllərində bu Konstitusiya rejimini dağıtmaq, onun fövqündə olmaq istəyirsə, çoxluğun ixtiyarı var ki, bu adamı həbsxanaya salıb qəhrəman etməmək şərtilə başqa qanuni tədbir görsün. Yəni belə şəxslərə siyasi fəaliyyətlə məşğul olmaq müəyyən müddətlərə qadağan edilsin.

Mən şəxsən belə xəstə adamların təcrid yerlərində vergi ödəyicilərinin hesabına yeyib yaşamasına razı deyiləm. Qoy onlar azadlıqda olsunlar və zəhmətləri hesabına qidalansınlar. Əgər çoxluğun mənafelərinə yenə düşməncəsinə yanaşsalar, bu halda onlar üçün təcrid yerlərində vergi ödəyicilərinin hesabına qidalanma təşkil olunmasına razılıq vermək olar.

Övladlarımızın, ölkəmizin sabahını düşünən məsuliyyətli adamlar müxalifət qəzetlərində cəmiyyətimiz haqda yazılanlara dözməməlidirlər. Axşamlar Bakının parklarına çıxın. Orada iynə atsan, yerə düşmür. Görün adamlar necə istirahət edir. Onların üzünə, geyiminə, davranışına göz qoyun. Onlar böhran keçirən bir cəmiyyətin üzvləri deyil. Mən deyərdim, yüksəlişə doğru gedən bir cəmiyyətin üzvləridir. Bu normal, adi insan yaşayışını müşahidə edəndə, hansısa inqilablar haqqında söhbətlər, yazılar daha müdhiş görünür.

Ölkəni xaosa, başıpozuqluğa çağıranlar bu cəmiyyətdən nə istəyirlər? Bəlkə demokratiya, vicdan azadlığı, mülkiyyətə hörmət, azad seçki istəyirlər? Yox. Bu adamlar hakimiyyətdə olublar. Onları kifayət qədər müşahidə etmişik. Bir il ərzində onlara miras qalan dövləti dağıdıblar. Onların keçirdiyi prezident seçimi indi də lətifə kimi xatırlanır. Onlar dövlətin heç bir qanununa riayət etmədilər. Zorla oturtduqları prezidentlərinə də hörmət qoymadılar. Xalqın malı ilə məmurların malı kimi rəftar olundu. Hərəkatçılar bütün təcrübəli məmurları qovdular. Ölkənin ən ixtisaslı adamları qaçıb dünyaya dağıldılar. Nəticəsi nə oldu? Dövlət də dağılıb getdi. Elə dağıldı ki, onun prezidenti də özünü köməksiz və təhlükədə hiss edib qaçdı. Müharibə aparan ölkənin prezidenti qaçdı. Demokratik və çəhrayı inqilabın aqibəti belə oldu. Onlar dövlət binalarına necə dolmuşdularsa, elə də oraları tərk etdilər. Çoxları öz səlahiyyətlərini dondurduğunu elan etdi. Bu isə qayıtmaq xülyalarından başqa bir şey deyildi.

Deyirlər tarix təkrar olunur. Mən belə düşünmürəm. Olunanda da, komediya kimi təkrar olunur. Lakin xalqımız bu komik taleyə layiq deyildir. Onu bu taleyə qarşı sürükləmək öz gələcəyimizə balta çalmaqdır. Amma bu adamlar hər şeyə hazırdılar. Onlar üçün heç bir əxlaqi maneə yoxdur. Prezident İlham Əliyev sonuncu dəfə Ermənistan prezidenti ilə görüşəndən sonra qəzetlərin biri elə sabahı gün birinci səhifədə bu sözləri yazmışdı: “Qarabağın ermənilərə verilməsi prosesi başlayıb”. Qarabağ kimi müqəddəs bir məsələni belə cılız qisasçılıq alətinə çevirmək Azərbaycan ziyalısına yaraşan hal deyil. Burada başqa meyil görünür: iqtidar hər nə eləsə, mütləq qaralanmalıdır, pis bir hal kimi qələmə verilməlidir. Axı, dinc yolla torpaqların alınması üçün aparılan söhbətlərdə nə pislik vardır? Görünür, pislik, qüsur cəmiyyətə düşmən kəsilənlərin düşüncəsindədir.

Onlar 1989-1993-cü illərin xaosunu arzulayır və gözlə­yirlər, bilərəkdən bunların təkrar olunmasını istəyirlər. Çünki ancaq həmin başıpozuqluq şəraitində qarətlə, dövlət malının açıq-aşkar oğurlanması ilə məşğul ola bilərlər. Bax, hakimiyyət dalaşmasının arxasında bu xırda niyyətlər, şəxsi məqsədlər, həm də tamahkar məqsədlər durur. Bir ovuc adamın varlanması üçün Azərbaycanda xaos lazımdır. Bəli, müxtəlif inqilablar, kütləvi aksiyalar, fəlakətlər barədə ön­cə­görmələr bizim mətbuatda təbliğ olunarkən bu niyyətlər güdülür. Bizim demokratik frazalar arxasında gizlənən inqilab­çıl­ar­ımızın idealı budur. Onların sosial arzu və niyyətləri yoxdur, idealları da öz şəxsi mənafelərindən ibarətdir.

Bu adamların çoxu peşəsi və hər hansı iş qabiliyyəti olmayanlardır. Belə olmasaydı, onlar öz dərnəklərindən çıxıb cəmiyyətə qoşulardılar. Bir işin qulpundan tutardılar. Azərbaycanın iqtisadiyyatı iri addımlarla yüksəlir. Peşəsi, ixtisası olan adamlar özlərinə bir iş tapıb çalışırlar. Bunun üçün imkan var. Təəssüf ki, bizim müxalifətləri bu imkanlar maraqlandırmır. Onlar öz zamanlarını gözləyirlər. Elə bir zaman ki, Azərbaycan cəmiyyəti çaxnaşmaya düşsün, böhran və başıpozuqluq yaransın. Bir ovuc adam bunu arzulayır. Öz xalqına belə gələcək diləyənlərə nə ad vermək olar? Mən Azərbaycan xalqının dilində bu adı tapa bilmirəm.

Dünya bizə baxır! Qədim Odlar Yurdu dünyanın gözünə necə görünür? Bu sual məni həmişə düşündürüb və hər dəfə seçki mövsümü gələndə, bu sual məni daha çox düşündürür. Düzdür, seçki bizim daxili işimizdir, lakin unutmaq olmaz ki, bizi bu dünyada həmin seçilmişlər təmsil edir. Onların fərasət və fəhminə, intellektual potensialına və digər məziyyətlərinə görə bizə qiymət verirlər.

Dünya bizə baxır! Həm də bu baxış birmənalı deyil. Onların içərisində dost baxışı da var, düşmən nəzəri də. Hamı düşünür: “Baxaq görək öz müstəqilliklərindən bunlar necə istifadə edəcəklər?”

Bu gün kimin hansı siyasi ünvanda olmasından asılı olmayaraq, bizim Dövlət, Vətən və Xalq ünvanımız dəyişməzdir: bu, Azərbaycandır. Onun taleyi, şərəfi, istiqbalı üçün bizim hər birimiz eyni dərəcədə məsuliyyət daşımalıyıq. Bunu iqtidarda olan da bilməlidir, müxalifətdə olan da. Dövlətin memarı varsa, onun sıravi fəhləsi də var. Biz bir Dövlət evinin sakinləri kimi öz evimizdə özümüz səliqə-sahman yaratmalıyıq. Burada ögey-doğmalıq, yerli- gəlmə söhbəti olmamalıdır. Bu Evdə hər kəs öz qabiliyyət və bacarığına, xidmət və potensialına görə mövqe və mənsəb tutmalıdır. Kim cəmiyyətə, dövlətə, xalqa və Vətənə daha çox, daha yaxşı xidmət göstərirsə, o daha yüksək mərtəbədə oturmalıdır. Biz bu mədəniyyətə yiyələnməliyik. Müstəqilliyimizin mənafeyi bizdən bunu tələb edir. Naşı, naqis, özündən bədgüman, həris və müftəxor insanlar rəhbərlik iddiası ilə bizi müstəqillik yollarında çox da irəli apara bilməz. Müstəqillik və demokratiya mədəniyyəti hər kəsə həyatda öz yerini tapmaqda kömək etməlidir. Cəmiyyət hakimiyyət uğrunda vuruşan mənsəbpərəstlərlə öz sahəsində vicdanla çalışan hakimiyyətə layiq vətəndaşları fərqləndirmək və seçmək mədəniyyətinə yiyələnməlidir. Bu siyasi zövq, siyasi mədəniyyət məsələsidir. Müstəqilliyimizin taleyi və gələcəyi bizdən bunu tələb edir.

Bizim cəmiyyət isə müasir dövlət və iqtisadiyyat qurur. Paytaxta gələn qonaqlar Bakıda gedən tikinti və quruculuğa heyran qalırlar. Neft layihələri reallaşır. Bakı-Tbilisi-Ceyhan neft kəməri hazırdır və o, respublikamızın iqtisadi və maliyyə gücünü artıracaqdır. Hökumət yoxsulluğa qarşı proqram həyata keçirir, qaçqınların problemləri həll olunur, dövlət onlar üçün büdcə hesabına evlər tikir. Pensiyalar, əmək haqları artır, bir sözlə, xalqa xidmət edən bir siyasət aparılır.

Ən başlıcası isə odur ki, dövlətimizin başında müasir tipli, cavan, xalqın problemlərini həll etmək istəyən və bunun yollarını bilən bir şəxs vardır. İki ildən az bir vaxtda bizim iqtisadiyyatımızda böyük işlər görülüb və onların sürəti daha da artacaqdır. Prezident hər çıxışında seçkiqabağı vədlərini xatırladır. Bu, çox mühümdür. Sözdən sonra iş gəlirsə, orada həqiqi, sağlam siyasət var. Bu siyasət davam etməlidir. Biz – çoxluq isə onu qorumalı və himayə etməliyik. Bədxah çağırışların və səslərin eşidilməz olmasını təmin etməliyik.
Azərbaycan” qəzeti, 10 iyul 2005-ci il.

AZƏRBAYCAN MƏDƏNİ İRSİNİN HAMİSİ
Dövlətçilik sistemində xaqan-xatun modelini, əslində bütün dünya türk ruhundan əxz edib. Xanım Mehriban Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır.

Qədim əsatirlərimizin birində belə bir tarixi epizod təsvir olunur: düşmən sərkərdəsi mühasirəyə aldığı şəhər-qaladakı qadınlara döyüş zamanı xətər toxunmasın deyə, onların qısa müddət ərzində şəhərdən çıxmalarını əmr edir. Xanımlara gedərkən yalnız onlar üçün ən qiymətli olan nəyisə aparmaq imkanı verilir. Azərbaycan qadınının müdrikliyi düşmən sərkərdəsini az sonra çətin vəziyyət qarşısında qoyur. Çünki belə bir əmr ardınca şəhər qadınları bütün maddi sərvətləri yağılara buraxmış, özlərilə yalnız həyat yoldaşlarını, ata və qardaşlarını aparmışdılar. Tarix Azərbaycan qadınını min illər sonra da, bax beləcə xatırlayacaq...

Bizim milli təfəkkürümüzdə Vətən və Ana məfhumları bir-birindən ayrı deyil. Bu assosiativ əlaqə indiyə qədər Vətən haqqında köksümüzdən qopan ən adi məcazda da ifadə olunur: məhz Ana Vətən. Deməli, Azərbaycan şüurunda Vətən də, dövlət də, dövlətçilik də, onların müqəddəratının qorunması üçün həyata keçirilən siyasət də ilk növbədə ana, qadın adının ucalığından, müqəddəsliyindən başlayır. “Kitabi-Dədə Qorqud” dastanlarında igidinə “başım baxtı, evim taxtı” deyib öyünən Azərbaycan qadını isə özünü heç vaxt Vətən, Yurd uğrunda aparılan mübarizələrdən kənarda hiss etməyib. Zərurət anında siyasi proseslərə, savaşlara qatılıb. Tarixin daş yaddaşına Tomris ana, Türkan xatun, Nüşabə, Sara xatun, Tuti Bikə, Xurşidbanu Natəvan, Ağabəyim Ağa (Ağabacı), Qarabağ savaşında şəhid cismi ilə bir ovuc Vətən torpağını bağrına basıb işğalçılardan qoruyan Qaratel, Gültəkin və başqa bu kimi hünərvərlərin adları həkk edilib.

Bu mənada, Azərbaycan xanımlarının siyasətdə, diplomatiyada iştirak tarixini siyasət, diplomatiya faktlarının yarandığı gündən hesablamaq gərəkdir.

Azərbaycan qadını dünyanın əksər ölkələrində “ağır bir sənət” kimi qəbul edilən siyasətdə iştirakı ilə siyasi ab-havaya bir saflıq, təmizlik, zəriflik gətirib. Azərbaycan qadını həmişə təmsil olunduğu əhatədə qardaş qırğınlarına, fitnə-fəsadlara, parçalanma və təfriqələrə, söyüş və təhqirlərə, bir sözlə, bütün pis meyllərə qarşı qoruyucu sipər kimi çıxış edib. Kişilərin bir çoxu hər hansı hadisə və prosesdə qadının iştirakını nəzərə alaraq bir çox mənfi meyllərdən məhz buna görə çəkiniblər. Azərbaycan mentalitetinə görə ortaya atılan bir parça ipək o səbəbdən hətta irimiqyaslı müharibələri belə dayandırmaq imkanına malikdir ki, vaxtilə həmin ipək parçası hansısa qadının baş örpəyi olub. Azərbaycan qadınının örpəyinə münasibət Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətdə də xüsusi aktuallığa malikdir. Bu münasibət onun aşağıdakı fikirlərində çox dəqiq ifadə olunmuşdur: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmiş və bu zəhmətdən heç vaxt inciməmişdir... Sona çatan XX əsr Azərbaycan qadını üçün böyük nailiyyətlər, hadisələr, böyük dəyişikliklər əsri olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan qadını azadlığa çıxmışdır. Bu böyük bir hadisə, tarixi bir uğurdur”.

Bu mövqeyi Ümummilli liderimizin Yeni Azərbaycan Partiyasının II Qurultayı zamanı qadınlar haqqında səsləndirdiyi fikirlərlə belə davam etdirmək olar: “Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Təkcə dövlət içərisində yox. ... Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm. ... Qadınlara xüsusi qayğı göstərmək lazımdır. Onların problemləri ola bilər, bunları mütləq aradan qaldırmaq, qadınlara kömək etmək lazımdır”.

Dövlət idarəçiliyində Azərbaycan qadınlarının peşə­karlığın­dan, intellektual qabiliyyətindən istifadə meyli Heydər Əliyev siyasətində daim mühüm yer tutmuş, Ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə səmərəli şəkildə həyata keçirilən dövlət qadın siyasəti xanımlarımızın bütün sahələrdə yüksək səviyyədə təmsilçiliyi üçün geniş imkanlar yaratmışdır. Bu gün də layiqincə davam etdirilən bəlli siyasi kurs hesabına Azərbaycan qadını istər ölkə daxilində, istərsə də ölkə xaricində cəmiyyətin ayrı-ayrı sahələrinə dair müxtəlif problemlər barədə öz sözünü deyə bilir, bu problemlərin həllini təmin edən yeni-yeni uğurlara imza atır. Ölkənin birinci xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin edilməsi də bunun bariz təzahürüdür. Qeyd edək ki, indiyə qədər bu ada dünyanın yalnız məşhur adamları layiq görülmüşlər. Xoşməramlı səfirlər arasında dünya şöhrətli musiqiçi Mstislav Rastropoviç, aktrisa Klaudia Kardinale, Mərakeş şahzadəsi Lalla Məryəm, Litva prezidenti Valdis Adamkus, Lüksemburqun böyük hersoqunun xanımı Mariya Tereza və başqalarının adları çəkilir. Bu sırada Azərbaycan nümayəndəsinin də təmsilçiliyi son dərəcə fərəhləndirici bir hadisədir.

Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörü­şü­nün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşir. Bizlər Qərblə Şərqin dialoqunu öz gündəlik həyatı­mız­da hiss edirik. Maraqlıdır ki, kifayət qədər sərt ziddiy­yətlərlə davam edən belə bir dialoq Azərbaycan mədə­niy­yətin­də hər hansı çatışmazlıqlara gətirməyib, əksinə bu məm­ləkətdə bənzərsiz bir mədəni mühit formalaşdırıb. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf çeşmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün kənar müdaxilələrə sinə gərmək gücündədir. Azərbaycan da malik olduğu mədəni potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini sübuta yetirir. Azərbaycan mədəniyyəti dünya mədəniyyəti nümunələrinə qarşı deyil. Mehriban xanım Əliyevanın söylədiyi kimi, bizlər öz mədəniyyətimizi, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyəti nümunələrini qəbul edə bilmişik: “Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən mədəniyyətlər arasında da körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli dayanır. Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlu­l­za­də, Mstislav Rastropoviç kimi dünya şöhrətli mədəniyyət xa­dimlərinin vətənidir. Bu cür şəxsiyyətlərin yetiş­məsi üçün şərait yarada bilən xalqımız həqiqətən də böyük xalqdır”.

Bu fikirlərin müəllifinə, Mehriban xanım Əliyevaya YUNESKO-nun verdiyi Xoşməramlı səfir təyinatı isə, ümu­mi­lik­də dünyanın Mehriban xanımın timsalında bütün Azər­baycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tari­xi­mizə, dilimizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu təyinat həm də Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur. Və ən nəhayət, bu ad Mehriban xanım Əliyevanın şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanması, inkişafı sahəsində ortaya qoyduğu zəhmətin xoş bəhrəsidir. Sentyabrın 9-da YUNESKO-nun Parisdəki iqamətgahında Xoşməramlı səfir adının təqdimat mərasimində də qurumun Baş direktoru Koişiro Matsuura onun bu sahədəki xidmətlərini yüksək dəyərləndirdi. Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun 1995-ci ildə Mehriban xanımın təşəbbüsü ilə yarandığını diqqətə çatdıran Baş direktor bu günə qədər də uğurla fəaliyyət göstərdiyini bildirdi: “Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzindədir. Təqdirə və hörmətə layiq bir haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tam təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan uşaqların bu prosesə cəlb edilməsi, xüsusilə diqqətəlayiq haldır”.

Koişiro Matsuura Mehriban Əliyevanın baş redaktoru olduğu “Azərbaycan İRS” jurnalının da fəaliyyətinə xüsusi diqqət yönəltdi: “Böyük məmnuniyyətlə üç dildə nəşr olunan “Azərbaycan İRS” jurnalını da xatırlamaq istəyirəm” dedi. Baş direktor bildirdi ki, “Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi və mədəniyyəti barədə məlumatlar yaymaqla kifayətlənmir. Eyni zamanda, bütün dünya xalqlarının adət-ənənələrindən ətraflı bəhs edir”.

YUNESKO-nun Baş direktorunun həmin mərasimdə Azərbaycan musiqisi və folkloru barədə səsləndirdiyi fikirlər də öz Vətənini, xalqını sevən kəsdə qürur doğurmaya bilməz. Koişiro Matsuura Azərbaycanın zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malik olduğunu vurğuladı: “Son illər bu sahəyə maraq hədsiz dərəcədə artmışdır. Musiqi və musiqi alətlərinin funksiyası yalnız səslərlə bitmir. Bunlar xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hissləri, habelə estetik dəyərləri özündə əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması ilə bağlı 2003-cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz musiqi fraqmenti daxil edilmişdir.

Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz səyləri ilə YUNESKO-nun Xoşməramlı səfiri adını qazanan xanım Mehriban Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər Xoşməramlı səfirlər siyahısına daxil olur. Çox şadam ki, YUNESKO-nu və bizim hamımızı narahat edən məsələlərlə bağlı o, səfirlik missiyasını yerinə yetirməyə razılıq vermişdir”.

Dünyanın ən nüfuzlu mədəniyyət qurumunun Mehriban Əliyevaya göstərdiyi bu yüksək etimad ümumilikdə Azərbaycanın böyük uğurudur. Müstəqilliyimiz bərpa olunduqdan sonra dünya düzənində öz yerini yenicə möhkəmlədən Azərbaycan bu kimi töhfələrlə beynəlxalq birliyə inteqrasiya istiqamətində böyük imkanlar qazanır. Müstəqil dövlətimiz bu gün bütün dünyada aparılan mədəniyyətlərarası dialoqdan kənarda qala bilməz. Azərbaycan malik olduğumuz zəngin mədəniyyətlə bu dialoq prosesinin əsas iştirakçılarından birinə çevrilmək imkanına malikdir. Lakin bunun üçün hələ çox işlər görülməlidir. Bu zərurət Azərbaycan Prezidenti cənab İlham Əliyevin həmin mərasimdəki çıxışında da ifadə olunur: “Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri ilə, ümumən beynəlxalq qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial səviyyədə geniş əlaqələrimiz vardır. Şübhəsiz ki, biz mədəni əməkdaşlıq sahəsində daha çox uğur əldə etməyi arzulayırıq”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri təyin olunması bu sahədə Azərbaycan dövlətinə yardım göstərəcək: “Mehriban xanımın on ilə yaxın bir müddətdə rəhbərlik etdiyi fond mədəniyyətin inkişafında, mədəni irsin qorunmasında, xalqımızın ənənələrinin yaşadılmasında mühüm rol oynamışdır. Onun təsis etdiyi jurnal, fondun həyata keçirdiyi müxtəlif layihə və proqramlar ölkəmizdə mədəniyyət və incəsənətin ümumi inkişafına müsbət təsirini göstərir. Əminəm ki, bu təyinatdan sonra həm Mehriban xanımın, həm də fondun fəaliyyəti beynəlxalq miqyasda daha çox nəzərə çarpacaq”.

Mehriban Əliyevanın YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülməsi həm Azərbaycan Prezidenti, həm də Mehriban xanımın həyat yoldaşı kimi İlham Əliyev üçün təbii ki, ikiqat sevinc hissi yaradır: “O, həmişə insanlara xoş münasibəti, xoş niyyəti ilə seçilib. Bu onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini əsirgəməyəcək”.

Elmi ədəbiyyatlarda mədəniyyət anlayışlarına verilən bütün təriflər forma fərqindən asılı olmayaraq yekunda bir məzmun üzərində qərar tutur: insanların əldə etmiş olduqları bütün maddi və mənəvi nailiyyətlərin məcmusu. Bu nailiyyətlər yalnız dünən əldə edilməyib və yalnız bu gün də qazanılmır. Böyük insan toplumlarının taleyindən yalnız xırdaca elementlər götürən bu nailiyyətlərin arxasında min illərin zəhmət və iztirabları dayanır. Bu nailiyyətləri qazanmaq dünən insanlar üçün nə qədər çətin idisə, bu gün onun ən gözəl nümunələrini seçib ayırd etmək, göz bəbəyi kimi qorumaq və bəşər mədəniyyətinin ardıcıllığının təminatı naminə gələcək nəsillərə yetirmək də bir o qədər məsuliyyətli və şərəfli işdir. Mədəniyyətlər və sivilizasiyalar, keçmişlə bu gün arasında əlaqə yaratmaq işinin məsuliyyəti hamıdan daha çox YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın özünə məlumdur.

Qloballaşan dünyamız bu gün əlahəzrət informasiyanın və fantastik sürətlə inkişaf edən informasiya texnologiyalarının diqqəti ilə qarşı-qarşıya qalıb. Bu, özlüyündə nə qədər mütərəqqi bir inkişaf faktı olsa da, bu inkişaf mədəni irsə qarşı təcavüz təhlükəsini get-gedə artırmaqdadır. Belə bir zamanda Mehriban Əliyeva ulularımızdan bizə miras qalan mədəniyyət incilərimizin qorunub daha da zənginləşdirilərək gələcək nəsillərə əmanət edilməsini özü üçün ən ali məqsədlərdən biri kimi müəyyənləşdirib. Bu məqsədin icrası üçün o, dəqiq fəaliyyət konsepsiyasına malikdir. Mehriban Əliyeva YUNESKO-nun rəhbərliyi ilə görüşü zamanı Bakıda “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsü ilə çıxış edib. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliğatı sahəsində son dərəcə mühüm addım ola bilər. Mehriban Əliyevanın “Qafqaz xalq ənənələri evi”nin yaradılması təşəbbüsünü irəli sürməsi, həmçinin dünyada maddi və qeyri-maddi mənəvi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nu bu layihədə əməkdaşlığa dəvət etməsi bir neçə cəhəti ilə mühüm önəm daşıyır. Mehriban xanım bununla ilk növbədə təkcə Azərbaycanın deyil, bütün Qafqaz xalqlarının mədəniyyət hamisi olmaq missiyasını öz üzərinə götürüb. Digər tərəfdən, “Qafqaz xalq ənənələri evi”nin yaradılması zaman-zaman Azərbaycanın və eləcə də digər Qafqaz xalqlarının mədəniyyət nümunələrinə şərik çıxan, mədəni incilərimizi həyasızcasına mənimsəyib bütün dünyada öz adı ilə təqdim etməyə çalışan ermənilərin və onların erməni xislətli havadarlarının bu cür imkanlarını sıfıra endirə bilər ki, bu da ümumilikdə Qafqaz xalqlarını erməni xislətindən xilas etmiş olar. Bu təşəbbüs həmçinin siyasi yükə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti”nin effektivliyi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Mehriban Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban Əliyevanın qismətinə yazılıb. Bunu yeni ənənənin formalaşdırılmasından daha çox dünyaya nə vaxtsa türk dünyasından yayılan və hansısa dönəmdə unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı hesab etmək bəlkə də daha doğru olardı. Dövlətçilik sistemində xaqan-xatun modelini əslində bütün dünya məhz türk ruhundan əxz edib. Mehriban Əliyevanın timsalında bu qədim ənənənin müstəqil Azərbaycanın dövlətçilik sistemində yenidən bərpası onun ölməz türk ruhuna sədaqət hissi ilə bağlıdır. Ötən yüzillikdə lider xaqan missiyasını həyata keçirən Heydər Əliyevin ən yaxın köməyi bir xatun olaraq mərhum akademik Zərifə xanım Əliyeva idi. Yeni yüzillikdə onların ruhunun, ideyalarının varisi olan Prezident İlham Əliyevə də bu köməyi şübhəsiz ki, Mehriban xanım edəcək. Bu vəhdət, bu mənəvi birlik işğal olunmuş torpaqlarımızın azadlığa çıxmasında, Azərbaycanın bir dövlət kimi dünyada tanınmasında öz müsbət sözünü deməlidir. Bizlər Mehriban Əliyevanın bu səmtə yönəlmiş uğurlu fəaliyyətinə şahidik. İstər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istər Heydər Əliyev Fondunun, istərsə də Bədii Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanımın gördüyü işlər göz önündədir. Onun atdığı addımlar, həyata keçirdiyi mədəni-icti­mai tədbirlər xalqımızın, dövlə­ti­mizin inkişafına, dövlət­çiliyi­mizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib. Hər hansı problemin həllinə çarə arayan, haradasa kim tərəfindənsə haqqı tapdanan Azərbaycan vətəndaşı üçün Mehriban Əliyevanın timsalında artıq bir pənah yeri, bir ümid ünvanı da var.

Mehriban Əliyeva bu gün həyata keçirdiyi bəlli missiyanın əslində yaradıcısı deyil. Bu missiya Azərbaycandakı bütöv bir jurnalist nəslinin ustadı olan Nəsir İmanquliyevin, ədəbiyyat tariximizdəki ən uca zirvələrdən birini fəth etmiş böyük yazıçı və pedaqoq Mir Cəlal Paşayevin adı ilə başlayıb. Bu missiya dəyərli alim­lərimiz Arif Paşayevlə mərhum Aida xanım İmanquliye­vanın ocağında verilən tərbiyə, Ümummilli lider Heydər Əliyevdən, mərhum Zərifə xanımdan əxz edilən həyat dərsi ilə təfəkkürə, ruha qovuşub. Vaxtilə bu müqəddəs missiyanın icraçıları onlar idilər. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Mehriban xanım Əliyevadır və o, bu ali missiyaya sadiq qalmaya bilməzdi.

YUNESKO-nun Xoşməramlı səfiri adı hələ yolun başlan­ğıcıdır - bu yolu Mehriban xanımın layiq olduğu çox mükafatlar, titullar, fəxri adlar bəzəyəcək. Lakin Mehriban Əliyeva üçün ən bö­yük mükafat yəqin ki, onun arzularında yaşayan Azərbaycan dövlətinin və xalqının layiq olduğu haqqa sahib çıxmasıdır. Mehriban xanımın istər Heydər Əliyev Fondunun, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi atdığı bütün addımlar da elə məhz buna yönəlib.
YUNESKO-nun Xoşməramlı səfiri” adlı

xüsusi buraxılış, noyabr 2004-cü il.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə