Elmi, təhsili heç vaxt unutmayan bir


MƏDƏNİYYƏTİN TƏRƏQQİ POTENSİALI



Yüklə 2,04 Mb.
səhifə19/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

MƏDƏNİYYƏTİN TƏRƏQQİ POTENSİALI
Professor Rəbiyyət Aslanovanın “XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya” kitabı haqqında düşüncələr
Milli dövlətçilik dəyərlərinin əsasını sağlam və güclü mədəniyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit bir qüvvə kimi çıxış edə bilir. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir. Həmin göstərici cəmiyyətin iqtisadi və mənəvi tərəqqi sürətidir.

Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, mürəkkəb siyasi-mədəni proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat – sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mən əzm sözünü təsadüfi işlətmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışa ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgisi idi. Ona görə bütün xalqımız ona dövlətin və mənəvi tərəqqimizin yolgöstərəni kimi baxır. Ulu öndər müdrik bir insan kimi Azərbaycanın iqtisadi və mənəvi tərəqqisini həmişə dünya mədəniyyətinin və dövlətlərinin ayrılmaz bir hissəsi sayırdı.

İkinci dünya müharibəsindən sonra Avropa xalqları öz tərəqqilərinin yeni mərhələsinə qədəm qoydular. Bundan əvvəl faşizmin hakimiyyətə gəlməsi və Avropada tarixdə miqyası görünməmiş qanlı müharibənin xalqlara yaşadılması bu kontinentdə ən dərin humanitar və mədəni böhranın təzahürü idi. Yevrosentrizmin təsirində olan intellektuallar belə, çaşqın­lıq içində qaldılar. Ekzistensial və digər böhranlı nəzəri-mə­də­ni cərəyanlar çiçəkləndi. Lakin qərbin siyasi-iqtisadi inkişafı mədəniyyət və mənəviyyat sahəsindəki belə axtarışlardan fərqli olan hegemonist tərəqqi xəttini saxladı. Qərb dünyası ABŞ və İngiltərənin lider olduğu yeni təmərküzləşmə yaratdı, onun hərbi qolu olan NATO-nu formalaşdırdı.

Şərqi Avropada da müstəbid İosif Stalinin başçılığı ilə yaradılan sistem dünya sosializm sistemi və SSRİ-nin başçılıq etdiyi Şərq Bloku (Varşava Müqaviləsi paktı) adlandı. Marksistlər öz fövqəldövlətlərini sosializm ideologiyası və silahla yaradıb idarə etməyə başladılar. Müharibədən sonra müstəmləkə sistemi dağıldı: “mədəni qərb”in əsarətindən çıxan cavan dövlətlərin əksəriyyətində aqressiv millətçi marksistlər rus silahının gücü ilə hakimiyyətə gəldilər.

İki dünya sistemi arasında dünya ağalığı uğrunda qanlı siyasi, hərbi və ideoloji mübarizə başlandı. Bu mübarizədə qərb dövlətləri klassik kapitalizmin praqmatik nəzəriyyəsindən istifadə edir, hərbi qarşıdurmanı iqtisadi və yanacaq resursları uğrunda mübarizə formasına çevirirdilər. Bu, qədim bir xətt idi. Sözügedən ölkələrdə hakimiyyətdə olan Avropa burjuaziyası öz hakimiyyətinin sağlam iqtisadi tərəqqidən, texnoloji axtarışlardan və uğurlardan ayrı olmadığını başa düşürdü. Qədimdən bəri imperiyaların və xalqların taleyini bu amillər həll etmişdi və gələcəkdə də həll edəcəkdi.

Qərb və Şərq imperiyaları arasındakı əsas ideoloji mübarizə xüsusi mülkiyyətlə dövlət mülkiyyəti, şəxsiyyətin hüquqları ilə cəmiyyətin kollektiv hüquqları arasındakı ziddiyyət ətrafında gedirdi. Qərb dövlətləri xüsusi mülkiyyəti və liberal iqtisadiy­yat modelini inkişaf etdirirdilər. Şərqdə - kommunistlərdə isə xüsusi mülkiyyət cinayətə bərabər tutulur, iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsini bütün sualların cavabı kimi irəli sürür və tətbiq edirdilər. Kəskin ideoloji mübarizəni Qərbdə azad mətbuat, kommunist dünyasında isə total dövlət mətbuatı və amansız siyasi senzura həyata keçirirdi. Qərb şəxsi təşəbbüskarlığa marağa, marksistlər isə dövlətin və hakim partiyanın bürokratik “zəkasına” üstünlük verirdilər. Bu uzun qarşıdurmanın sonunda SSRİ imperiyası və onun ideoloji maşını dağıldı. Bütün dünyada böyük siyasi, ideoloji və mədəni vakuum yarandı: birpartiyalı marksist rejimlərin dağılması nəticəsində müstəqillik qazanan yeni dövlətlər hansı siyasi və mədəni dəyərlərlə yaşamalıdır?

Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın “XXI əsr: yeni mədəniyyət məkanına inteqrasiya” (Nurlan, 2007) kitabı bu siyasi və kulturoloji problemlərin araşdırıl­masına həsr olunmuşdur. Əsərin ən qüvvətli cəhəti bu mürəkkəb problemlərin hamısının müstəqil Azərbaycan dövlətinin siyasi xətti və dünya xəritəsinə inteqrasiyası ilə bağlı mübarizələri ilə yaxından əlaqələndirilməsidir. Əsərin bir-birindən maraqlı bölmə və səhifələrində Qarabağ hərəkatı başlanandan bəri cəmiyyətimizdə özünü göstərən demokratik, plüralist, milli və islami nəzəri meyllər hərtərəfli təhlildən keçirilir.

Bizim son on beş ildə apardığımız mədəni quruculuq və inteqrasiya siyasətinin ideoloji əsası Heydər Əliyevin bizə qoyub getdiyi mədəni-siyasi və dövlətçilik irsidir. Bu irslə bağlı zəngin düşüncə və duyğular əsərin əsas leytmotividir. Rəbiyyət Aslanovanın Prezident Heydər Əliyevin şəxsiyyətinə və əməllərinə məhəbbəti kitabdan qırmızı xətt kimi keçir. O, haqlı olaraq qeyd edir ki, biz bu irsdən daha fəal istifadə etməli, onun daha alovlu təbliğatçısı olmalıyıq.

Böyük öndər mətbuata və onun düzgün dövlətçi və demokratik mövqeyinə həmişə böyük əhəmiyyət verirdi. Yaranan mürəkkəb vəziyyətlərdə belə, Ulu öndər mətbu sözün və adi təbliğatın imkanlarından daha fəal istifadənin böyük ustası idi. Mətbuatımızda bu vacib problemlərin təhlili və izlənmə səviyyəsi aşağıdır. Çünki mətbuatın öz pozitiv, əməli və kulturoloji dəyərləri və mayakları olmalıdır. Həmin dəyərlər isə cəmiyyətin gələcəyi üçün məsuliyyət hissinə bağlıdır və belə səviyyəyə çatan mətbuat böyük siyasi təşkilatçı olur. Dördüncü hakimiyyət, ilk növbədə, mətbuatın sosial orqanizmin idarə edilməsindəki rolu ilə bağlıdır. Sürətlə modernləşən cəmiyyətlərdə bu rol daha mürəkkəb və böyük olur.

Rəbiyyət Aslanova Qərb ölkələrində mədəni innovasiyala­rın gedişi və nəticələrini həssaslıqla araşdıran fikir sahibidir. Ki­tabın ilk fəsli məhz bu mürəkkəb məsələyə həsr olunub.

Qərb ölkələrində KİV-in, intellektual elitanın rolu və iqtisadiyyatda çəkisi getdikcə artır. Bunun arxasında Qərb tipli cəmiyyətlərin yeniləşməsini görmək sadəlövhlük olardı. Çünki Qərb tipli cəmiyyətlərdə elmi tutumu çox yüksək olan texnologiyalar kütləvi şəkildə tətbiq olunur. Bu, hansısa sosial inqilab deyildir. Bunun nəticəsində təkcə sosial və siyasi idarəçilikdə yox, texnologiyaların idarəçiliyində də yüksək ixtisaslı adamlara ehtiyac artır.

Haqlı olaraq modern cəmiyyətlərin təhlilçiləri yeni tipli idarəçilər məsələsini texnokratik cəmiyyətlərin ən mürəkkəb problemi sayırlar. Bir tərəfdən konkret idarəçilərin iqtisadi durumda və tərəqqidə rolu artır, o biri tərəfdən isə tək-tək idarəçilərin intellektual və peşə hazırlığı az qala iqtisadi tərəqqini və ya tənəzzülü şərtləndirən əlamətlərdən birinə çevrilir. Buradan da müəyyən risklər yaranır. Birbaşa insan amili yox, tək-tək idarəçilərin iş qabiliyyətlərinin nəticələri bəzən böyük korporasiyaları ağır vəziyyətə salır.

Prezident İlham Əliyevin maarif və təhsil sahəsindəki fəal siyasəti, bu istiqamətə böyük resurslar yönəltməsi Qərb standartlarına uyğun bir xəttdir. Qərbdə təhsilə və onun maddi təminatına qoyulan böyük kapitallar həm də intellektual idarəetmənin risklərini sığortalamaq üçün yüksək ixtisaslı kadrların sayının daha da artırılmasına verilir. Modern cəmiyyətlərdə fasiləsiz təhsil sistemi yaranmışdır: peşəkar idarəçilər nəinki daim təhsilini artırır, treninqlərdə iştirak edir, müxtəlif testlər vasitəsilə daim intellektual sınaqlardan keçirilir. Bu idarəçilər haqlı olaraq yeni bir sinif, yeni bir elita sayılırlar. Həm də cəmiyyətlərdə gedən texnoloji tərəqqi idarəçiliyi təmərküzləşdirir.

Rəbiyyət Aslanovanın nəzəri mövqeyinin tutarlı cəhətləri – onun mədəni inkişafın bütün nəzəriyyə və modellərinə diqqətlə nəzər salması və onlarda Azərbaycanın siyasi fərdiliyi üçün qiymətli xüsusiyyətlər tapmağa çalışmasıdır. Əsərdə inteqrasiyanın baş verdiyi "böyük məkanlar" nəzəriyyəsi, həmçinin, onun praktiki konsepsiya kimi Avropada tətbiqi hərtərəfli araşdırılır və Azərbaycanın siyasi inkişafının reallıqları və ənənələri fonunda müqayisə edilir.

SSRİ dağılandan sonra yaranan qlobal mədəni mühit müəllifin daha artıq diqqət yetirdiyi anlayışlardan biridir. Mütəxəssislərin ümumi rəyinə görə, XXI əsrdə vahid mədəni mühitin yaranması prosesi başa çatmaqdadır. Yeni və vahid mədəniyyət mühiti konsepsiyasının tərəfdarları və onu hazırlayıb inkişaf etdirənlər buna böyük ümidlər bəsləyirlər. Vahid mədəni mühit, məsələn Avropada yeni bir vəziyyət yaratmışdır. Tarixən məhz Avropa dövlətləri arasındakı ziddiyyətlər və rəqabət dünya müharibələrinin səbəbinə çevrilirdi. Bunun nəticəsində ötən əsr bəşər tarixinin ən faciəli, ən qəddar səhifələrindən biri kimi yaddaşlarda qalır və humanitar fikri narahat edir. İki qanlı dünya müharibəsi, Xerosima faciəsi, Uzaq Şərqdə üzücü müharibələr məhz Avropa dövlətlərinin və hakim dairələrinin xarici siyasət kursunun, yaratmaq istədikləri dünya nizamının nəticəsi idi.

Əslində SSRİ-nin dağılması da bu tragizmin davamı idi, çünki 1980-ci illərin əvvəllərində Sovetlər İttifaqının tərkibindəki xalqlar və bu dövlətin təsirində olan ölkələrin əhalisi alçaldıcı iqtisadi və siyasi böhranın içindən keçdi, minilliyin tamamlandığı vaxt iqtisadi və sosial məhrumiyyətlər zolağından adlamalı oldu.

Azərbaycanın öz taleyi də bu baxımdan ibrətamiz tragizmi ilə nəzəri cəlb etdi. Biz bir tərəfdən SSRİ tərkibindəki ən yaxşı iqtisadi potensial sahiblərindən biri olsaq belə, milli təsərrüfat sistemimizin dağılması və kütləvi işsizliklə üzləşdik. 1990-cı ilə qədər dövlətdən əməkhaqqı alan Azərbaycan əhalisinin tam əksəriyyəti işsiz qaldı, aqrar sənaye kompleksi, şərabçılıq və konserv sənayesi dağıldı. Bakıda neft və kimya sənayesi sifarişsizlik üzündən dayandı. Bakı zavodlarının yarım milyona qədər fəhləsi bekar qaldı. SSRİ dövlətinin məntiqsiz və katastrofik süqutu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə müşayiət olundu və ölkəmiz öz ərazisinin 20 faizini itirdi. Bu hadisələrin tragizmi heç də Demokratik Cümhuriyyət dövründəki itkilərimizdən kiçik miqyaslı deyildi.

Yalnız Heydər Əliyev dühasının gücü sayəsində Azərbaycan sovetlərin dağılması ilə bağlı siyasi və iqtisadi böhranın nəticələrini aradan qaldırdı. Milli dövlətçiliyimizin tamam dağılması, itirilməsi təhlükəsinin, iri miqyaslı qardaş qırğınının qarşısı alındı. Ulu öndərin dəmir iradəsi dövlətçilik dəyərlərini və prinsiplərini bərpa etdi, milli suverenliyin əsası olan 1995-ci il Konstitusiyası qəbul edildi. Daxili və xarici düşmənlər xalqın dövlətinə qarşı 1995-ci ilə qədər inadlı siyasi mübarizə apardılar, hər cür fitnələrə və qəsdlərə əl atdılar. Öz dövləti və rəhbəri ətrafında birləşən xalqımız bu sınaqlardan üzüağ çıxdı. Rəbiyyət Aslanova Ulu öndərin bu yöndə olan xidmətləri barədə onun vəfatının bir illiyinə həsr etdiyi məqalədə böyük məhəbbətlə söz açır. Bədii üslubda yazılan bu ya­zıda böyük öndərin milli ideal timsalı olması, əməlpər­vər­liyi, müstəqillik mücadiləsində yaratdığı təməl, xalqın ürə­yində qoyduğu Əbədi heykəl, bizə qoyub getdiyi həmişəyaşar irsi isə Məşəl obrazında ümumiləşdirilir. Obraz və rəmzlərdən istifadə müəllifin yazı üslubunu cazibədar edir, onun publisistik fikirlərinin diqqət çəkməsini təmin edir.

Kitabın ayrıca bir bölməsində böyük öndərin ölkədə apardığı hüquq və məhkəmə islahatları təhlil olunur və yüksək qiymətləndirilir. Rəbiyyət xanım xalqın əbədiyaşarlıq gücünü iki şeydə görür: onun mənəvi dəyərlər sisteminin möhkəmli­yin­də və ölkənin müasir və ədalətli qanunlarla idarə olun­ma­sında. Hər iki istiqamətdə böyük öndərin uğurlu xətti xalqımı­zın gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bir mütəxəssis kimi Rəbiyyət xanım milli qanunvericiliyi insan hüquqları baxımından ekspertizadan keçirir və bu qanunların beynəlxalq standartlara tam uyğun olduğunu, bir sıra baxımlardan isə daha üstün olduğunu əsaslandırır.

1990-cı illərin əvvəllərində xalqa və dövlətçiliyə qarşı silah qaldırmaq istəyən qüvvələrin böyük bir qismi özlərini Avropa dəyərlərinin və mədəni kontekstin tərəfdarları hesab edirdilər. Hadisələrdən keçən vaxt ərzində biz bu barədə düşünmüşük. Lakin gələcəkdə də düşünməliyik. Ona görə ki, Azərbaycan dövlətçiliyinə qarşı özlərini müxalif sayan radikal və dağıdıcı qrupların əksəriyyəti özlərini demokratiya və insan hüquqları dəyərlərinin tərəfdarları sayırlar.

Deməli, siyasi qüvvələrin və hərəkatların mədəni dünya məkanına inteqrasiyası hələ mürəkkəb bir tarixi prosesdir və Avro­pa siyasi və mədəni arealında belə radikalizmin, fundamen­talizmin, aqressivlik və qəddarlığın seçim kimi istis­na olunmadığını göstərir. Hər gün Avropaya inteqra­siyadan, NATO-ya daxil olmaq zərurətindən danışan siyasi qüvvələr və xüsusilə onların mətbuat başçıları, eyni zamanda radikal şüar­lardan əl çəkmir, qanunları və siyasi reallıqları inkar etmək səviyyəsinə qaldırır, hüquqi nihilizmi və zorakılığı uğurlu siyasi mübarizənin məqbul və qaçılmaz vasitəsi sayırlar.

Avropa mədəni və siyasi məkanına inteqrasiya ideyaları Ukray­na, Gürcüstan, Ermənistan və Belarus kimi respub­lika­larda da ağır mübarizələrlə müşayiət olunur. Narahatedici hal odur ki, bu mübarizələrin sərhəddi Ukrayna kimi iri bir ölkədə katolik və pravoslav kilsələri arasındakı rəqabətlə üst-üstə düşür və ölkənin siyasi gələcəyi, dövlətin bütövlüyü və sabitliyi üçün təhlükəyə çevrilir. Görünür, XXI əsrin açdığı böyük mədəni məkan əvvəlcə vahid və sabit siyasi məkan kimi formalaşmalıdır. Belə olmadıqda, Serbiyada gördüyümüz ziddiyyətlər də ortaya çıxa bilir. Bu ölkədə əhalinin böyük bir qrupu Kosova vilayətinin albanlara verilməsi ilə əlaqədar Qərb hərbi və siyasi mühitinə qarşı qərəzli və bəzən aqressiv ovqat nümayiş etdirir. Bir sıra siyasətçi və şərhçilər bunların keçəri olduğunu, digərləri isə xroniki xarakter alıb Avropanın vahid mədəni məkanı üçün dağıdıcı nəticələr verəcəyini güman edir­lər. Humanitar ziyalıların güman və fərziyyələrinin əksinə ola­raq, Avropa mədəni mühitində də antiqlobalizmin, antisem­itizmin, İslam fundamentalizminin və ona əks olan funda­men­tal ideologiya və görüşlərin aqressiv fəallığı artmaqdadır.

Gözəl təhlilçi olan Rəbiyyət xanım kitabda Azərbaycanda çoxpartiyalı sistemə həsr etdiyi ayrıca bölmədə bir sıra problemlərə aydınlıq gətirir: Bizdə bir neçə müxalifət partiyası formalaşıb və buna uyğun bir necə iri və ictimai rəydə yer tutan ümummilli mətbuat orqanları yaranıb. Bax, indi bunların xaricdən maliyyələşməsi mürəkkəb bir milli problemə çevrilib. Axı, müxalifətdə olan partiyalar xalqın milli potensialının ayrıl­maz və zəruri hissəsidir. Bu hissənin xaricdən maliy­yələş­məsi təhlükəli qarşıdurma yaradır, ölkə daxilində iqtidar nə edirsə, hamısı pis elan edilir. Əgər belə radikal nihilizm bir partiyanın xətti olsaydı, buna ciddi əhəmiyyət verməmək də olardı. Lakin bunu özünü sağ adlandıran və əslində ən ifrat solçu olan bir neçə partiya edir. Onlar cəmiyyətdə antoqonist siyasi parçalanma yaratmağa çalışır və öz radikal görüşlərini, iqtidara münasibətlərini geniş təbliğ edirlər. Belə meyllər postsovet məkanındakı bir sıra ölkələrdə də özünü göstərir.

Rusiyada Vladimir Putin siyasəti qərbçi radikalizmin inkişafının qarşısını almaq üçün sərt tədbirlər həyata keçirdi. Bu tədbirlərin bir hissəsini Özbəkistanda və Qırğızıstanda da gör­dük. İslam Kərimovun rejimi Əndican hadisələrindən sonra ifrat qərbçi radikalizmi məhdudlaşdırmalı oldu. Bəzi müşahi­dəçi­lər bununla Özbəkistan cəmiyyətinin siyasi cəhətdən təhlü­kəli parçalanmasının qarşısının alındığını söylədilər. Qərb mət­buatı isə buna totalitarizmin təzahürü kimi qiymət verdi. Bu radikal qiymətlər fonunda isə ABŞ Özbəkistan ərazisində yerlə­şən təyyarə meydanlarından istifadə etmək hüquqlarını itirdi.

Azərbaycanın dünyaya inteqrasiyası və onun suverenlik prinsipi ilə əlaqələri problemi kitabın bir neçə hissəsində nəzərdən keçirilir. Bu problemin aktuallığı həm də radikal müxalifətin bu məsələ ətrafında spekulyativ müzakirələr açması ilə şərtlənir. Bəziləri istərdilər ki, inteqrasiya maraqları ölkənin suverenlik maraqlarından yüksək tutulsun. Belə mövqeyə Rəbiyyət xanım, ilk növbədə Heydər Əliyevin siyasi irsi baxımından qiymət verir və böyük öndərin suverenliyin, müstəqilliyin möhkəmləndirilməsini bütün maraqlardan yüksək tutduğunu təkzibedilməz tərzdə əsaslandırır.

Çeçenistan müharibəsi və ondan sonra terrorizmin genişlənməsi postsovet respublikalarında da milli dövlətlərin radikal qərbçi demokratik proseslərə münasibətdə öz mövqelərinə yenidən baxmasına səbəb oldu. Bu barədə tədqi­qat və kitablar, sənədli filmlər meydana çıxdı. Yuqoslaviyanın, İraqın amansızcasına bombalanması və bu ölkələrdə iqtisadi və humanitar vəziyyətin katastrofik dərəcədə pisləşməsi bir çox müşahidəçiləri narahat etdi. Siyasi təhlilçilər arasında - ifrat demokratlarla milli demokratlar arasında ayrılma baş ver­di. Milli demokratik qüvvələr, xüsusilə Putinin xarici siya­sətini dəstəkləyən təhlilçilər ABŞ və İngiltərənin mədəni de­mok­ratiya idxalı ilə onların Vyetnam, Kambociya, Folklend adaların­dakı qəddar müharibələri arasında da dərin ziddiyyət­lərin olduğunu aşkara çıxardılar. Belə ziddiyyətlərin xəritəsini dünyanın hər yerində, o cümlədən bizim siyasi məkana daha yaxın olan postsovet ölkələrində daha qabarıq görmək olar.

İkili standartlar siyasəti ilə Azərbaycan da üzləşmişdir. Ermənistan işğalçı, Azərbaycan isə işğalın qurbanı olduğu halda, torpaqlarımızın 20 faizi işğal olunduğu halda, Qərb dairələri, ABŞ, Rusiya, Fransa hər iki tərəfə qarşı eyni siyasəti yeridir. Nəticədə bunlar BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi barədə qərarlarında da öz əksini tapır və bu, Azərbaycan xalqının öz torpaqları üzərində suveren hüquqlarını pozur. Prezident Heydər Əliyev Qərb dövlətlərinin ikili standartlar siyasətini dəfələrlə tənqid etmiş, ən böyük siyasi və beynəlxalq məclislərdə bu məsələnin prinsipial şəkildə qoyuluşuna nail olmuşdur.

Azərbaycanın Qarabağ münaqişəsində siyasi itkiləri böyük oldu. Bu itkilər bizim inteqrasiya və suverenlik, qloballaşma ilə milli dövlət maraqlarının tənasübü məsələsində də mövqeyimizi təyin etməkdədir. Böyük siyasətçi olan Heydər Əliyev də öz xarici siyasətinin əsasına milli dövlətin möhkəmləndirilməsi məsələsini qoyanda, ikili standartlar siya­sətini ardıcıl tənqid edəndə, ilk növbədə, bu dərslərdən çıxış edir­di. Qloballaşma, vahid informasiya məkanı dövlətlərin təbiətini dəyişmir: hər bir dövlət müəyyən cəmiyyətlərin və xalqların maraqlarını ifadə edir. Dövlətin milliliyi də, ilk növbədə onun öz vətəndaşları qarşısında cavabdehliyi, xalqın iqtisa­di, mədəni, insani, hərbi hüquqlarının qorunması ilə bağ­lıdır. Əslində, Qərbin lider dövlətləri də xarici siyasətdə bununla – öz suverenliklərini qorumaq və dönməz etməklə məşğul olurlar.

Hər bir dövlətin milli xüsusiyyətləri vardır və bu xüsusiy­yətlərlə hesablaşmaq labüddür. Sovet məkanından çıxan dövlətlərin isə daha spesifik mədəni və intellektual özəllikləri mövcuddur. Bu özəlliklərdən ən başlıcası vətəndaşların bütün məsələlərdə dövlətin ədalətli iştirakını gözləməsi, bunu təbii və zəruri sayması ilə bağlıdır. Ona görə postsovet məkanında dövlətin siyasi və ictimai həyatdan tələsik çıxarılması tələbləri reallaşdığı hallarda siyasi vəziyyət gərginləşir, hakimiyyət boşluğu hiss olunur və radikal qüvvələrin iş başına qalxması müşahidə edilir. Siyasi zorakılığın və nihilizmin təzahürü olan radikalizm cəmiyyətin liberal qüvvələrini hədələyir, siyasi məsələləri volyuntaristcəsinə həll etmək istəyinə uyaraq ölkənin iqtisadi və siyasi durumunda katastrofik böhranlara səbəb olur. Qərbçi şüarlarla hakimiyyətə yiyələnən Xalq Cəbhəsi radikallarının hakimiyyətinin nəticəsi məhz belə oldu.

İstedadlı filosof olan Rəbiyyət xanım xalqımızı bu təhlükələrdən qurtarmış Heydər Əliyev dühasına yüksək qiymət verir, rəhbəri “Müqəddəratımızın qarantı” adlandırır.

Deməli, siyasi qüvvələrin şüarlarına inanmaq etibarlı deyil, çünki bu şüarlar çox halda onların maraqlarını gizlətməyə xidmət edə bilir. Ona görə həqiqi və saxta qərbçiliyi fərqləndirmək, onları irəli sürənlərin vətən və dövlət maraqlarına münasibətinə diqqət yetirmək lazımdır. Xaricdən idxal olunan şüarlara meylli olan qüvvələr ən çox elitar simadan məhrum, milli tale problemlərinə laqeyd və qeyri-ciddi insanlar olur. Onların sırasında mənəvi, ruhi cəhətdən qüsurlu, peşə istiqaməti cəhətdən yararsız, əxlaqi və milli prinsiplərdən məhrum, sosial orqanizmin mürəkkəbliyini anla­mağa qadir olmayan insanlar üstün idi. Təbii ki, onlar Azər­bay­canın sovetlərdən sonrakı dövrünün elitası ola bilməzdilər və ola bilmədilər. Amma bunun sübutu və təsdiqinə paralel olaraq Azərbaycan xalqı və onun dövlətçiliyi böyük itkilər verdi, ərazilər itirdi, mənəvi və fiziki faciələrə düçar oldu.

Uzaqgörən bir siyasətçi kimi Heydər Əliyev Azərbaycana qayıtdıqdan dərhal sonra milli elita problemləri ilə maraqlanmağa, ölkənin gələcək taleyini öz çiyinlərində aparacaq konstruktiv, məsuliyyətli, öz bioqrafiyası ilə bu keyfiyyətləri nümayiş etdirmiş insanları axtarmağa və öz ətrafına toplamağa başladı. Ölkənin intellektual elitasının o biri qanadı da öz təşəbbüsü ilə böyük öndəri axtarır, onu siyasi həyata, partiya yaratmağa dəvət edir, onun siyasi imicinin təbliği ilə məşğul olurdular. Xalqın intellektual elitasının öndərə dərin inamı və ona fəal yardım mövqeyi tutması 1990-cı illərin əvvəllərində ölkədə yaranan siyasi vakuumun tezliklə aradan qaldırılması ilə nəticələndi.

Lakin Heydər Əliyev hakimiyyətə gələndən sonra da ölkənin yeni siyasi elitasının formalaşdırılması məsələləri ilə yaxından məşğul oldu, bu problemi Azərbaycanın müstəqilliyinin zəruri şərti kimi fəal surətdə həll etməyə çalışdı. Öndər yeni siyasi elita formalaşdırarkən mücərrəd axtarışlara qapılmadı. O, ilk növbədə cəmiyyətdə olan sağlam qüvvələrə üz tutdu və onları dərindən saf-çürük etdi. Heydər Əliyevin 1993-cü ildən apardığı kadr siyasətində onun müstəqil dövlətin ağıl və intellekt bazasını yaratma sahəsindəki strateji xəttinin əlamətləri özünü göstərməyə başladı.

Kitabda haqlı olaraq qeyd edilir ki, dövlət və xalq üçün məsuliyyət hissindən danışanda Heydər Əliyev şəxsiyyətinin parlaq nümunəsini xatırlamamaq olmur. Bu nümunə bu gün misilsiz məna daşıyır. Onun şəxsiyyətində yüksək əxlaqla vətən sevgisi və siyasi müdriklik ayrılmaz idi. O, öz böyük ağlını, istedadını, bütün qüvvələrini şəriksiz olaraq öz xalqına və onun dövlətinə xidmətə həsr etdi. Böyük öndər bizim tərbiyə etmək və dövlətin taleyini tapşırmaq istədiyimiz milli intellektual və siyasi elita üçün parlaq bir nümunədir. Çünki Vətən hissi, torpaq sevgisi olmayan alimlər və ziyalılar xalqa tam qüvvəsi ilə xidmət edə bilməzlər. Dəyişən, sürətlə mürəkkəbləşən dünya isə bizdən məhz bunu tələb edir, bizdən Azərbaycanın təəssübü ilə, onun bayrağının məhəbbəti ilə yaşayan zəka sahibləri istəyir.

Aşkardır ki, bütün dünya informasiya alma və ötürmə tex­no­logiyaları sahəsində yeni bir dövrə qədəm qoyub. Prezident İlham Əliyevin modernləşdirmə siyasəti də cəmiyyətimizin bu keçidlə ayaqlaşmasını təmin etmək məqsədi daşıyır. Şübhəsiz ki, bu siyasətin nəticələrinin miqyası və keyfiyyəti həm də bizim milli elitadan asılıdır.

Rəbiyyət Aslanovanın kitabında ölkədə aparılan humanitar, hüqu­qi və siyasi islahatların bütün şaxələri mədəni inteqra­siya­nın çoxsaylı məsələləri ilə yaxından əlaqələndirilmişdir. Kitab­da ayrıca fəsildə özünə yer tapan belə məsələlərdən biri də mədəni inteqrasiya ilə dinin, xüsusilə İslam amilinin münasibətləri məsələsidir. Müəllif qloballaşmanın tolerantlıq məsələsini həyati zərurət kimi irəli sürür və bunu əsaslandırır. Vahid informasiya məkanında yaşayan insanlar üçün dini dözümlülük, bir birinin etiqadına hörmət önəm daşıyan məsələlərdir.

Kitabda müəllifin qadın problemlərinə və Azərbaycan qadınının ülviyyətinə bağlı olan mövqeyi diqqəti cəlb edir. İslamda qadın problemindən bəhs edən səhifələr müəllifin Azərbaycan qadınlığı barədə məxsusi mülahizələri kimi böyük maraqla oxunur. Rəbiyyət xanım xalqımızın ailə və əxlaq ənənələrini qorumağı bütün hallarda vacib sayır, çünki milli simadan məhrumluq qadın üçün xüsusilə qüsurdur.

İslam dini, qadın və onun cəmiyyətdə mövqeyi məsələsin­dən bəhs edən müəllif Qərbi Avropa ictimai fikrində və bəzən bizim öz ateistik təbliğatımızda kök salmış stereotipləri tənqid edir. Həqiqi İslamda, xüsusilə müqəddəs Quranda qadına və anaya ən yüksək qiymət verilir, onun bütün hüquqları qorunur. Ona görə də müəyyən dini ənənələrdə qadın hüquqlarına dair İslam ehkamlarının təhrif edilərək tətbiqi bizi çaşdırmamalıdır. Rəbiy­yət xanım haqlı olaraq yazır ki, qadına münasibət və onun cəmiyyətdəki nüfuzu heç də həmişə formal hüquqi nor­malara bağlı deyildir. Qadına münasibət ənənə və mədə­niy­yət­dir, hər bir cəmiyyətin mədəni yaddaşının ayrılmaz hissəsidir.

Əsərdə qadın və uşaq hüquqları bir-birindən ayrılmaz məfhumlar kimi təqdim edilir. Qadının sosial problemlərinin həlli, onun maddi vəziyyəti, müəyyən mənada uşaq hüquqlarının qorunma səviyyəsini əks etdirir. Müəllif ana və uşaqların zorakılıqdan qorunmasının, onların sağlamlığının və təhsilinin təmin edilməsinin, uşaq əməyi qanunlarına əməl olunmasının böyük mənasını izah edir. Vurğulayır ki, uşaqlara sərf edilən maddi və mənəvi resurslar, əslində cəmiyyətin gələcək tərəqqisinə qoyulan sərmayələrdir. Bu baxımdan qaçqın və köçkün uşaqlara sosial qayğı ilə bağlı fikir və çağırışların böyük sosial mənası vardır.

Rəbiyyət xanım Azərbaycan təhsilinin gözəl araşdırıcısı və bilicisidir. Ölkənin gələcəyindən bəhs açarkən o, bütün hallarda təhsil məsələlərinə qayıdır, bu sahədə aparılan pozitiv işlərin miqyasını, bunların daşıdığı milli mənanı ardıcıl olaraq izah edir. Bildirilir ki, təhsilə qayğı Azərbaycanın sabahını qurmağın əsas yollarından biridir. Müəllif bu sahədə ölkədə aparılan fəal siyasəti, məktəb tikintisini, dərsliklərin və milli ensiklopediyanın hazırlanması kimi gözəl başlanğıcları fəxrlə qeyd edir, lazım gəldikdə, fərəh doğuran rəqəmlərə və statistikaya da müraciət edir.

Azərbaycanda aparılan sürətli modernləşmə, iqtisadiyyatın yüksək templə inkişafı ölkə Prezidentinin prinsipial xəttidir və hər cür problemlər qarşısında ölkənin və xalqın birliyini təmin edir. İlham Əliyevin şəxsində ölkəyə Qərb tipli yeni idarəçilik texnologiyalarına, siyasi və diplomatik təfəkkürə dərindən bələd olan bir şəxs rəhbərlik edir. Onun fəaliyyəti ilə qısa bir vaxtda ölkədə siyasi və təsərrüfat qərarlarının qəbul proseduru yenidən quruldu və intensivləşdi. Bu, iqtisadiyyatın idarə olunması effektivliyində özünü aşkar hiss etdirdi. Son beş ildə Vətənimiz Ümumi Daxili Məhsulun artım tempi cəhətdən bütün MDB dövlətlərini arxada qoydu. Bu, siyasi praqmatizmin real bəhrəsi, iqtisadi idarəçiliyin səviyyəsinin yüksəlməsi deməkdir. Real iqtisadi tərəqqi, sosial problemlərin sürətli həlli üçün bu, əsas şərt idi. Ölkənin büdcəsi qonşu ölkələrlə müqayisəyə gəlməz bir sürətlə artır ki, bu da real iqtisadi çiçəklənmənin nəticəsidir.

Çox əhəmiyyətlidir ki, Azərbaycanın xarici siyasətinin mədəni qanadı çox aktivdir və bu xəttin başında ölkənin birinci xanımı Mehriban Əliyeva durur. Xatırlayıram ki, on il əvvəl bizdə hələ informasiya blokadasının yarılmasından söhbət gedirdi. İndi isə biz xarici siyasətin mədəni qanadından danışırıq. Burada, ilk növbədə ölkənin BMT-nin mədəni-humanitar qurumları ilə əməkdaşlığı xatırlanmalıdır. Mehriban Əliyevanın bu qurumun xoşməramlı səfiri adını daşıması bu istiqamətdəki siyasətimizin səmərəli olduğunu və ölkənin imicini aktiv şəkildə yaxşılaşdırdığını göstərməkdədir. İndi fəal şəkildə aparılan mədəni xarici siyasətin əhəmiyyəti təsəvvürə gəlməzdir. Bu, dünyaya mədəni inteqrasiyamızın strateji istiqamətidir.

Bizdə bu gün daxili siyasətin də mədəni qanadı vardır. Bu, ölkədə yeridilən mədəni siyasətdir, Prezidentin tarixi irsimiz, onun qorunması, yeni-yeni muzeylərin və mədəni mərkəzlərin tikintisi barədə qərarlarıdır. Hesab edirik ki, bu siyasətin bir mühüm tərəfi də Heydər Əliyev Fondunun xətti ilə aparılan görünməmiş miqyaslı məktəb tikintisi və yenidən qurulması işləridir. Bu, elə millət atalarının milli məktəblə bağlı milli tərəqqi arzularının gerçəkləşməsidir. Son yüz əlli ildə biz də, dünya da dəyişib. Lakin modernləşən ölkənin siması və onun çiçəklənən milli mədəniyyəti bu gün də xalqı yüksəlişə aparan yol göstəricisidir.

Rəbiyyət Aslanovanın “XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya” kitabından aldığımız təəssürat məhz belədir.


Xalq qəzeti” 3 iyun 2008-ci il.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə