Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 3,79 Mb.
səhifə20/39
tarix13.12.2017
ölçüsü3,79 Mb.
#15394
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

Cinsindən, milliyyətindən, dinindən, sənətindən, partiyalı-partiyasız olmasından, hansı idarədə nə vəzifəsində işləməsindən asılı olmayaraq, Xalq Hərəkatı Cəbhəsinin ideyalarını qəbul edən, bu ideyalar uğrunda mübarizə aparmağa hazır olan 15 yaşından yuxarı hər bir kəs bu təşkilata daxil ola bilər. Bu təşkilata daxil olanlar onun iclaslarında müntəzəm iştirak etməli, ayda bir manat üzvlük haqqı verməli, imkanı olarsa ona əlavə maddi yardım göstərməlidir.

Hamını, hamını - Azərbaycan xalqını Xalq Hərəkatı Cəbhəsində birləşməyə səsləyirik!
Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzi,                   30 oktyabr 1988-ci il.
Azərbaycan Xalq Hərəkatı Cəbhəsini «Çənlibel»in «liberal»lardan təmizlənmiş, daha da genişlənmiş və gücünə güc qatmış forması və davamı da hesab etmək olar. Və bu təşkilat artıq gücü tükənən və kütləvi aksiyalar təşkil etmək imkanında olmayan sələfindən, yəni «Çənlibel»dən fərqli olaraq milli mübarizəyə yeni nəfəs və ruh gətirdi. Bu yeni nəfəs və ruh 14 və 16 noyabr mitinqləri idi.

1988-ci il noyabr-dekabr meydan olayını milli azadlıq hərəkatımızın şah nöqtəsi hesab edən  M. H. Tantəkin özünün «Acı həqiqətlər» kitabının «Meydan epopeyası» başqlıqlı III fəslinin tam əvvəlində Yaşar Türkazərin «Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub» adlı yazısına (4), eləcə də sovet dövrünün ən məşhur siyasi təhlilçilərindən hesab olunan Vil Dorofeyevə (5) istinadən yazır ki, «1988-ci il noyabr-dekabr meydan mitinqi Hatəminin Sabir bağında təşkil etdiyi 14, 16 noyabr mitinqləri ilə başlamışdır» (2).

Nəzərə alsaq ki, sözügedən mitinqlərin hər üçünün əsas mövzusunu məlum «Topxana meşəsi olayı» təşkil edirdi, bu fikirlə razılaşmaq olar. Hadisələrin xronoloji baxımdan eyni günlərə təsadüf etməsi də belə söyləməyə əsas verir. Fəqət bu mitinqlərdən ilk ikisini M. Hatəmi başda olmaqla, Azərbaycan Xalq Hərəkatı Cəbhəsi, üçüncüsünü isə tamam başqa bir qüvvə təşkil etmişdi.

Qeyd etmək lazımdır ki, həmin dövrdə baş verən hadisələri Azərbaycandakı radikal milliyyətçiliyin təzahürü kimi qələmə verən Vil Dorofeyev ölkəmizdə baş qaldıran milliyyətçiliyin üç aparıcı simasının adını çəkir: «Nizami adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, filologiya elmləri namizədi Məhəmməd Hatəmi, Leytenat Şmidt adına maşınqayırma zavodunun fəhləsi Nemət Pənahov və Yuri Qaqarin adına Pioner və Məktəblilər Sarayının metodisti Bəxtiyar Şahveriyev (Bəxtiyar Tuncay – B. T.)» (5). Onun məqaləsi Sov. İKP-nın orqanı olan «Dialoq» jurnalında çıxdığından bu nöqteyi-nəzəri imperiya mərkəzinin, yəni Moskvanın həmin dövrdəki nəzəri hesab etmək olar.

M. Hatəmi yazır: «14 noyabr Sabir bağı mitinqini ermənilərin Şuşada Topxana meşəsini dağıdıb, orada sənaye obyekti tikmələrinə etiraz olaraq təşkil etmişdim.

16 noyabr Sabir bağı mitinqinə xalqla yanaşı, milis qüvvələri də az toplaşmamışdı. Əbülfəz Əliyev, İsmayıl Təriqpeyma, Bəhmən Sultanov milislərin mitinqi ha indi, ha bayaq dağıdacaqları, bizi də tutacaqları intizarı ilə özlərini Dommonolitin (Monolit adlı binanın –B. T) tinində gizləmişdilər. Milis zabitləri istəyirdilər məni mitinqçilərin içərisindən kənara çəkib tutsunlar, adamlar qoymadılar, mitinq başladı.

Sabir bağı
Mitinqin iki məqsədi vardı. Birinci, eynilə 14 noyabr mitinqində olduğu kimi, Topxana meşəsinin ermənilər tərəfindən dağıdılmasına etiraz etmək. Onun daha mühüm olan ikinci məqsədindən danışmazdan öncə bir məsələni hörmətli oxucunun diqqətinə çatdırmaq istərdim. Bildiyimiz kimi, Konstitusiyaya əsasən respublikaların SSRİ-dən ayrılıb müstəqil dövlət təşkil etmək hüquqları vardı. Bunun qarşısını almaq üçün SSRİ Ali Soveti Konstitusiyaya dəyişiklik etmək fikrinə düşmüş, Estoniya Respublikası da bunun əleyhinə baş qaldırmışdı. 16 noyabr mitinqinin 2-ci məqsədi Azadlıq meydanına ayın 20-nə mitinq elan edib, Estoniyanı müdafiə etmək idi. Söhbət Estoniyadan getmirdi. Məni maraqlandıran SSRİ Ali Sovetinin qəbul edəcəyi qanun maneəsinin qarşısını alıb, imperiya əsarətində olan bütün sovet xalqlarının, o sıradan xalqımızın azadlığa çıxmasına yol açmaq idi.

Zərdüşt Əlizadə 16 noyabr mitinqinin xəbərsiz olduğu bu ikinci məqsədi barəsində məndən bir dəfə bilgi alaraq, onu qəzetdə özlərinə belə mal etmişdir: "Oktyabr və noyabr aylarında biz SSRİ Konstitusiyasına əlavələr və düzəlişlər edilməsi ilə bağlı respublikada gedən moskvapərəst kompaniyaya qarşı etirazlar təşkil etməklə məşğul idik. Ali məktəblərdə, fabrik və zavodlarda, əmək kollektivlərində müzakirələr keçirir, yeni layihənin təhlükəsini camaata başa salırdıq... Noyabrda bir neçə dəfə Bakı Sovetinə və 26-lar RİK-ə müraciət edib Konstitusiyaya əlavələr layihəsini müzakirə etmək üçün mitinq keçirtməyə icazə istədik. Vermədilər. Onda biz noyabr nümayişlərini Konstitusiyaya əlavələr və düzəlişlər əleyhinə çevirməyə cəhd göstərdik. Bu cəhdimiz də baş tutmadı" (1).

Xalq Hərəkatı Cəbhəsinin fikrini, iradəsini ifadə edərək, 16 noyabr Sabir bağı mitinqindəki çıxışımda Azadlıq meydanına 20 noyabra mitinq elan etdim. Dövlət məhz bu mitinqi pozmaq məqsədi ilə Ənvər Əliyevin, universitetin «Yurd» Cəmiyyətinin əli ilə 17 noyabr Gənclər Meydanı mitinqini təşkil etdi.

Biz mitinqlər təşkil edən vaxt xalqın tələbi ilə dövlətdən güclə mikrafon ala bilirdik. 17 noyabr mitinqinin dövlət tərəfindən təşkil edildiyinə məndə şübhə yeri qoymayan fakt, sübut budur ki, mitinqçilər Gənclər Meydanına gəlməmişdən qabaq onlar üçün burada mikrofonlar çoxdan hazır idi. Mitinq iştirakçıları Gənclər Meydanından Azadlıq meydanına getmək fikrinə düşməsinlər, ya gedə bilməsinlər deyə, dövlət hər ehtimala qarşı burada başqa hazırlıq da görmüşdü: Həmkarlar İttifaqının binası ilə Nizami Muzeyinin arasını əsgəri qüvvələrlə kəsdirmişdi. Mənim başçılığımla Xalq Hərəkatı Cəbhəsinin üzvləri və başqa gənclər əsgərlərin müqavimətini, sırasını pozaraq, qaçış halında Azadlıq meydanına götürüldük. Beləliklə, dövlətin təşkil etdiyi 17 noyabr mitinqinin noxtası onun əlindən çıxdı və nəinki Azərbaycan tarixində, dünyada eşi-bərabəri bulunmayan əzəmətli meydan epopeyası başladı» (2).

14 və 16 noyabr mitinqləri barədə heç bir məlumat verməyən Ə. Tahirzadə 17 noyabr mitinqinin başlanğıcını belə təsvir edir:

«17 noyabr 1988.



Bir dәstәnin (2-3 minlik) qarşısını B. Sәrdarov küçәsindә milislәr aldılar. Sonra Baksovetin qarşısından bir dәstә gәldi, onlara qoşuldu. İran konsullutunun qarşısında qabağını kәsdilәr.

Axın milisi itәlәdi, "Kommunist küçәsinә yönәldi. Xalq Tәsәrrüfatı İnstitutunun uşaqları da onlaraqoşuldular. Sabirin heykәli qarşısında milislәr avtobusla yolu kәsdilәr. Nümayişçilәr oturdular. ADU-nun rektoru Yәhya Mәmmәdov Әnvәr Әliyevlә danışmaq istәdi, boşa çıxdı. Rektorun yanında Çәlil Nağıyev, Tofiq Rüstәmov (Sonralar "Xalq qəzetinin redaktoru) da vardı.

Cәlil müәllim tәlәbә başçılarını "bişirmәyә" çalışdı, bir şey alınmadı. MK-nın şöbә müdiri Rafiq Әliyev gәlmişdi. Universitetin tәlәbәlәrinә başqa institutunkular (Politexnikin) da qoşulmuşdu. Akademiyanın (İsmailiyyәnin) qapısı aqzında dayanan milislәr çamaatı qabaqa buraxırdılar. Sabir meydanının Hüsü Haçıyev küçәsi ilә kәsişmәsindә әli dәyәnәkli, dәbilqәli әskәrlәr düzülmüşdü (yәqin başta yerlәrdә dә vardı). Düzülmüş avtobusların birindәn kamera ilә çamaatı çәkirdilәr. Oturanlar "A-zər-bay-çan!", "A-zad-lıq!" şüarları deyirdilәr.

Saat 11-in yarısında Söhrabla birgә meydanı gәzişdik. Dәyәnәkli әskәrlәri avtobuslara doldurmuşdular. Küçәni kәsәn avtobusların arxasında dikinә dә avtobus qoymuşdular ki, çamaat onları aşıra bilmәsin.Bir qadın bir kişivin üstünә qışqırıb dedi ki, bu, ermәnidir, keçәn defә ermәnini müdafiә edirdi. O çıxarıb sәnәdini, pasportuvu göstәrdi. Familiyası Haçıyev idi, adı da bizimki. (Qadın ensiklopediyada işlәyirdi). Hәimin kişi ilә söhbәt edәndә MK-da tәlimatçı işlәyәn Yaşar Әlәskәrov mәni çaqırdı. Çamaatın yığışmasının sәbәbini soruşdu. Dedim ki. Topxananın qırılmasına etiraz edirlәr.

Dedi ki, Vәzirov işlәyir dә, bununla nә etmәk olar?

Dedim ki, Vәzirov açizdir. Elә bununla hәr şey etmәk olar. Aeroporta gedәçәyini söylәyib aralandı.

Saat 11-ә qalmış BK-nın I katibi Fuad Musayev, 26-lar rayonunun I katibi Vәli Mәmmәdov vә başqaları gәldilәr. Şüar: "Tələbələri buraxın!".

Saat 11.05-dә avtobusları götürdülәr. Camaat AHİŞ-in binasının qarşısına toplaşdı. Nizami muzeyinin yaninda yenә avtobuslarla yolu kәsmişdilәr İçәrişәhәr darvazalarınin, Sabir döngәsinin qarşısını isә milis cәrgәlәri tutmuşdu. Qışqırdılar: "Yol verin!”.

11.20-dә Vәli Mәmmәdov danışmaqa başladı: Sәrhәddәn o taya qonşu respublikada istәyirlər ki, aramıza çaxnaşma düşsün. Gәlin hәrәkәtimizlә sübut edәk ki, biz tәşkil oluna bilirik. Bayraqı ortaya kәtirin. Çamaat (tәlәbәlәr) mikrofon tәrәfә gәlmәdi.

Saat 11.30-da məçbur olub Lenin meydanına getmәyә razılır verdi (V.Mәimәdov). Camaat artıq muzeyin qarşısındakı sәddi yarıb Lenin meydanına axışmışdı...» (3).
Qaynaqça


  1. "Azadlıq" qəzeti, 29 noyabr, 1990.

  2. Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.

  3. Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).

  4. Yaşar Türkazər. Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub. Kustar üsulla nəşr edilmiş Broşüra. M. Hatəminin şəxsi arxivi.

  5. Дорофеев В. …… "Диалог", 1990, № 3. Март.



Meydan Hərəkatının gerçək və yalançı qəhrəmanları

Əslində fasiləsiz mitinq 17 yox, 18 gün davam etmişdir. Fəqət onun ilk günü, hətta deyərdim ki, ilk iki günü müəmmalarla dolu olduğundan kitabımın adında «17 gün» yazmağı daha doğru hesab etmişəm.

İsa Qəmbərin sözlərinə görə, həmin günlərdə meydanda 4 xətt var idi: «1-ci Hatəminin apardığı xətt. Bu, ondan ibarət idi ki, biz son damla qanımıza qədər mübarizə aparmalıydıq. Bu, öz-özlüyündə çox namuslu, qeyrətli mövqe idi. S. Rüstəmxanlının adı ilə bağlı xətt də var idi. Bu xətt də namuslu xətt idi. Bu xəttə görə hərəkat uğur qazanmaqla toqquşmasız olmalı idi; qan tökülməməli idi.

Ən düzgün olan xətt isə Nemət Pənahovun xətti idi. Bunu etiraf eləməliyik. Həmin günlərdə məhz Nemət meydanla nəfəs alırdı. Biz çox şeyləri meydanda Nemətdən öyrəndik. Və açıq etiraf etməliyik ki, ayrı-ayrı adamların da qəlbində, bütövlükdə xalqın da qəlbində olan qorxu hissini həmin günlər Nemət yox eləmişdi. Mənə elə gəlir ki, bu üç namuslu, qeyrətli xətti biz heç zaman unutmamalıyıq. Həmin adamlara Azərbaycan xalq hərəkatının inkişafında böyük xidmətləri olan insanlar kimi yanaşmalıyıq. 4-cü xətt namussuz adamların olan satqınlıq xətti idi ki, mən bu  xətt haqqında danışmaq istəmirəm. Onlar meydanda da, meydandan kənarda da çox şeylər edirdilər. Onlar Moskvanın, KQB-nin dediyi ilə oturub-duranlar idi» (5).

Bu fikri gerçəkliyin təhrifi adlandıran Məhəmməd Hatəmi yazır ki, “hər şeyin saxtalaşdırıldığı, təhrif edildiyi bu yanlış, uydurma təsnifatın meydan olduğu (həqiqəti – B. T.) ilə heç bir əlaqəsi yoxdur. Əslində meydanda 2 xətt olmuşdur.



1. Mitinqin davam etməsi üçün dirənən Xalq Hərəkatı Cəbhəsi (qızılbaşlar) xətti.

2. Meydanı dağıtmaq istəyən dövlət xətti.

Ayrı-ayrı fərdlər, qüvvələr, xalq biri-birinə qarşı amansız mübarizə aparan bu iki xətt ətrafında birləşmişdilər, o sıradan Hatəmi, Rüstəmxanlı, Nemət” (4).

Məhəmməd Hatəmi Sabir Rüstəmxanlını da ikincilərə aid edərək yazır ki, Sabir Rüstəmxanlı meydanı dağıtmaq istəyən ziyalılardan olmuşdur. Təsadüfi deyildi ki, bizləri kəskin şəkildə vuran "Kommunist" qəzeti, onu Azərbaycana meydan qəhrəmanı kimi tanıtmaq çabasında idi...

Meydanda kimsə qan tökmək, xalqı bu şeyə təhrik etmək fikrində olmamışdır. Olsa idim, radikal adam kimi ancaq və ancaq mən ola bilərdim ki, mən də öz çıxışımda demişəm:"Düşmənlə mübarizə aparmaq üçün bizim silahımız yoxdur. Bununla belə xalqımızın əlində çox güclü bir silah vardır ki, onu işə salmaq lazımdır. O, iqtisadiyyat silahıdır. İşləməyin, Moskvanın bankını dağıdın! Yalnız bu yolla mərkəzi hakimiyyətə təsir etmək olar ki, Dağlıq Qarabağ məsələsində ermənilərin ipini çəksin". 

Qansız mübarizə yolunu xalqa S. Rüstəmxanlı yox, çıxışımdan göründüyü kimi, mən göstərirdim. S. Rüstəmxanlıya istinad edilən qansız mübarizə metodu əsassız, uydurma bir şeydir. Bu, onun dövlətyanlı mövqeyinə vətənsevərlik maskası geyindirmək cəhdindən başqa bir şey deyildir” (4).

Azərbaycan Xalq Hərəkatının üzvləri onun başçılığı ilə milis və hərbiçilərin səddini yarıb kütlənin meydana gedən yolunu açdıqdan sonra olanları Məhəmməd bəy belə təsvir edir: “Meydana gələrək tribunaya qalxdım. General Kamil Məmmədov nə qədər çalışdı, hətta universitetdə müəllimim olmuş professor Şirməmməd Hüseynovu yanıma göndərdi ki, tribunadan düşüm, düşmədim. Ənvərgil meydana gəlib çıxana qədər burada qaldım. Ənvər gəlib deyəndə ki, mitinqi biz təşkil etmişik, biz də aparacayıq, "buyurun aparın" deyib, tribunanı onlara tərk etdim.



Ənvər Əliyev və dostları mitinqi gün yarım idarə edə bildilər (Sonrakı günlərdə gələnək şəkli alacaq, birinci gün meydanda qalmağın əsasını onlar qoydular). Özlərinin təşkil etdirdiyi mitinqin əngələ dönüşdüyünü görən dövlət adamları tribunanın altındakı deputatlar otağında Ənvərə nə demiş, nə təpinmişdilərsə, o, Sabir Rüstəmxanlı, Nemət Pənahov ikinci gün günortadan sonra meydanı dağıtmağa girişdilər. Çıxış edib qoymadım. Əgər mən meydanı dağıtmaq məsələsində öz yükümü bu adamların yükünün üstünə qoysaydım, ümumiyyətlə "meydan hərəkatı" deyilən şey, onun Nemət Pənahov adlı "qəhrəmanı" ola bilərdimi? Xeyr, olmazdı” (4).

Ənvər Əliyev
Ənvər Əliyev həmin dövrü belə xatırlayır: “Meydan hadisələri elə-belə baş vermədi. Bu hərəkat əsasən Aqanbekyanın Azərbaycana qarşı bədnam çıxışının bir illiyi ilə bağlı etirazlardan sonra başladı. Əvvəlcə akademiyanın zalında toplantı oldu, bu, sonra tələbə etirazları ilə müşahidə olundu və nəhayət, keçmiş Lenin meydanında noyabrın 17-dən dekabrın 5-ə kimi izdihamlı nümayişlər keçirildi” (2).

Onun sözlərinə görə, 17 noyabra qədər meydanda yüz minlərlə insan toplaşsa da, pərakəndəlik hökm sürürdü. Noyabrın 16-da toplantı keçirən milli-azadlıq hərəkatının fəalları meydanda fasiləsiz aksiya keçirmək və siyasi hakimiyyətə konkret tələblər irəli sürmək qərarına gəlirlər. Noyabrın 17-si sübh açılan kimi artıq hərəkat başlayır. Səhər saat 8-də H. Zərdabi küçəsindəki yataqxanadan çıxan tələbələr Azadlıq meydanına üz tutur. “Məqsədimiz o idi ki, səhər saat 8:15-də universitetə gələn tələbələrin qarşısına çıxıb onları meydana tərəf yönləndirək. Məqsədimizə nail olduq. Metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında, indiki Cavid bağında, indiki Texniki Universitetin qarşısında bizə minlərlə insan qoşuldu. Milis bizim qarşımızı kəsməyə çalışırdı. Parlamentin qarşısında, Axundov bağında, Sabir bağında milislə ciddi toqquşmalardan sonra Neftçilər prospektinə çıxıb meydana doğru hərəkətə başladıq. Saat 8-də başlayan yürüşlə saat 12:30-da Azadlıq meydanına çatdıq. Artıq burada da minlərlə insan toplaşmışdı” (6).

Onun sözlərindən belə aydın olur ki, mitinqin təşkilatçısı Universitetin tələbələri olmuşlar. Fazil Mustafanın sözlərindən isə belə aydın olur ki, təşkilatçı Universitetdə fəaliyyət göstərən “Yurd” Birliyi idi: “O zaman "Yurd" Birliyi olaraq qərara almışdıq ki, başladığımız yürüşün önündə tələbə deyil, akademiya işçisinin olması daha məqsədəuyğun olar və buna görə o zaman fəal olan Ənvər Əliyevin üzərində dayandıq” (3). 

Fazil Mustafa
Sabir Rüstəmxanlı həmin günlər haqqında yazır: “17 noyabr bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha üzə çıxartdı.

Sabir Rüstəmxanlı Meydan hərəkatı günlərində
60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illərdə ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı.

Meydan hərəkatı təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi” (8).

Heç şübhəsiz ki, meydanın əslində üç əsas qəhrəmanı vardı: Nemət Pənahlı, Məhəmməd Hatəmi Tantəkin və Güneydən Quzeyə yenicə pənah gətirmiş Siyamək (Nasir Rəhbəri). Və bu, təkcə mənim fikrim deyildir.

Siyamək (Nasir Rəhbəri) və Nemət Pənahlı
Azərbaycanda baş verən və bütün dünyanı silkələyən 18 günlük mitinqdən söz açan Elen Karrer de Ankos da özünün “Uluslararası zəfər və ya sovet imperatorluğunun çöküşü” adlı əsərində məhz bu üç nəfərin adını çəkir və yazır: “Azərilərin sovetə qarşı hərəkatıarında üç təşkilatları vardı. Onlardan birincisi “Çənlibel” təşkilatı idi ki, hələ təşkilatlar haqqında qanunun olmadığı dövrdə yaranmışdı. Onun məqsədi mədəni-tarixi mirasın, memarlıq abidələrinin və dilin qorunması idi. 1987-ci ildə bu dərnək maraqlı bir şəxsiyyəti üzv qəbul edir. Həmin şəxs Sovet İttifaqına gəlməmişdən öncə İranda Xalq Fədailəri Təşkilatının sıralarında Xomeyni rejiminə qarşı mübarizə aparmışdı. Siyamək kimi tanınan bu iranlı azəri, tarixçi-alim Hatəmi ilə birlikdə Bakıda tornaçı fəhlə işləyən Pənahovun irəli çıxmasına və ermənilərə qarşı təşkil olunan mitinqlərin öndərinə çevrilməsinə yardım etmişlər. Pənahov - Hatəmi – Siyamək üçlüyünü Valensa və onun ətrafında olan Geremek və Mişinq qrupu ilə müqayisə etmək olar. Bu üç nəfər üsyandan sonra həbs olundular, onların hərəkatı dağıdıldı, amma yerli hakimiyyət bir neçə aydan sonra onları azad etdi” (1, s. 95-96).

Maraqlıdır ki, bu mitinqdən Nemətin heç xəbəri belə yox idi və onu bu barədə Siyamək xəbərdar etmişdi.

Nemət bəy bu barədə yazır: «…Səhv etmirəmsə, Naxçıvandan Bakıya noyabrın 16-da qayıtdım ki, Leninqrada uçum. Yataqxanaya gəldiyimdə, məlum oldu ki, Siyamək məni axtarır. Sonra da dedilər ki, mitinq olacaq. Siyaməkin məni axtarmasında qeyri-adi bir şey yox idi. Çünki biz artıq dostlaşmışdıq. Amma mitinq xəbəri gözlənilməz xəbər idi. Axı, bizim mitinq keçirmək cəhdlərimizi göz görə-görə az boğmamışdılar. Bu barədə qərar qəbul edər-etməz, hər tərəfdən başımızın üstünü alırdılar.

Təcili Əbülfəzlə əlaqə saxladım, məlum oldu ki, onun bu barədə xəbəri yoxdur. Radikal qüvvələrin də bundan xəbəri olmadığını öyrənəndən sonra gəldim Siyaməkgilə, zaman-zaman inqilab ocağına çevrilən 50-ci binaya.

Orada Naxçıvan görüşlərim haqqında, bir növ, hesabat verdim. Söhbətimiz çox maraqlı keçdi. Burada öyrəndim ki, dostlarım mənim ad günümü keçirmək istəyirlər. Sabahısı, yəni noyabrın 17-si mənim ad günüm idi. Düzü, bu vaxta qədər, bircə dəfə də olsa, ad günü keçirməmişdim. Mənə bu kimi şeylər qəribə gələrdi. Qəribə gəlsə də, razılaşdım. Səhv etmirəmsə, həmin gün gecəni Siyaməkgildə qaldım. Səhər yuxudan ayılan kimi xəbər gəldi ki, millət meydanlara axışır.

İşin ən qəribə tərəfi isə bu idi ki, ərəfədə «Kommunist» qəzeti mitinqlə bağlı elan çap etmişdi. Anlaya bilmədim ki, bu nə oyundur…» (7, s. 154-155).

Nəzərə alsaq ki, Nemət bir neçə gün Naxçıvanda olmuşdu, oradan təzəcə qayıtmışdı və həmin günlərdə Bakıda olub-bitənlərdən tam məlumatlı deyildi, onun baş verənləri anlamaqda çətinlik çəkməsi təəccüblü deyildi.

Hatəmiylə mənim üçünsə hər şey gün kimi aydın idi. Birlikdə müzakirə edib bu qərara gəlmişdik ki, Xalq Hərəkatı Cəbhəsinin 14, 16 noyabr mitinqləri və ayın 20-nə təyin etdiyimiz növbəti mitinq hakimiyyət dairələrini ciddi narahat edib və təşəbbüsün yenidən Hatəminin və radikal qüvvələrin əlinə keçməməsi üçün özləri mitinq edib, önə yalançı liderlər çıxartmağa, hərəkatı onlara bağlamağa və sonra da onların əli ilə milli ruhu məhv etməyə qərar vermişlər. Sonradan, bir vaxtlar Hatəminin yaratdığı komissiyanın liberal qanadına daxil olan və daim mitinqləri pozmağa, dağıtmağa cəhd edən adamlardan ibarət saxta bir «Nümayiş Komitəsi» yaratdıqlarını və onlara rahat fəaliyyət göstərə bilmələri üçün Lenin küçəsi 3 ünvanında «qərargah» ayırmalarını öyrənəcək və təxminlərimizdə yanılmadığımıza əmin olacaqdıq. «Kommunist» qəzetində mitinqlə bağlı elanın çıxması, eləcə də sonrakı günlərdə eyni qəzetdə Sabir Rüstəmxanlının mitinqin əsas lideri kimi təbliğ edilməsi incəliklə düşünülmüş. xalqa zidd bir planın varlığından xəbər verməkdə idi. Hatəmiylə belə qərara gəldik ki, mitinqdə aktiv iştirak etmək və onu hakimiyyətin nəzarətindən çıxartmaq və xalqa mal etmək lazımdır.

Yeri gəlmişkən deyim ki, Siyaməklə mən də, Hatəmi də dost idik. Doğrusu, onunla «Çənlibel»də tanış olduğum gün solçu fikirlərinə görə ondan zəhləm getmişdi. Uzun-uzadı mübahisələrdən sonra marksizm-leninizmin artıq süqut etdiyini, bu gün ən aktual məsələnin milli məsələ olduğunu tədricən də olsa, qəbul etmiş və bizlərdən birinə çevrilmişdi. Başqa cür ola da bilməzdi, çünki biz bir vaxtlar bir-birimizdən ayrı salınsaq da, eyni xalqın, eyni millətin nümayəndələri idik və eyni acıları paylaşırdıq.

Meydanda gördüklərim, şəxsi müşahidələrim, ürək ağrısı ilə də olsa, Hatəminin aşağıdakı sözlərini təsdiqləməyə imkan yaradır. O yazır: “26-lar rayonunun partiya katibi Vəli Məmmədovun başçılığı altında meydanı dağıtmaq üçün ən çox canfəşanlıq edən ziyalılardan bunları görmüş, tanımışam: Təriqpeyma İsmayıl, Tağı Xalisbəyli, Əbülfəz Əliyev, Firidun Cəlilov, Bəhmən Sultanov, Nurəddin Quliyev, Vurğun Əyyubov və başqaları. Onlar bu istiqamətdə gecələri səhərə qədər tonqalların başında təbliğat işi aparırdılar. Sonra bu fəaliyyətlərini dövlətin təşkil etdiyi "Nümayiş Komitəsi"ndə davam etdirdilər. Şair Nüsrət Kəsəmənli də onlarla idi.

Meydanı dağıtmaq üçün B. Vahabzadə də az çalışmadı. Bir gecə 700-ə qədər adamı dalına salaraq meydandan çıxartdı. Belə işlərinə görə axırda ifşa olub sıradan çıxdı. Onun xalq yanındakı hörmətini bərpa etmək üçün, şübhəsiz DTK tərəfindən, meydana şayə buraxıldı ki, Bəxtiyarın ürəyi partlayıb ölüb (belə bir şayə Yerevanda xalq yanında ifşa olmuş Vazgen üçün buraxılmışdı). Sadəlövh kütlə bu şayədən yaman sarsılmışdı. Daha bilmirdi ki, şayə öz müsbət nəticəsini verən kimi, B.Vahabzadə yenə tribunada görünəcəkdir” (4).

Nemət Pənahlının yazdıqları da həmin dövrü, daha dəqiq desək, 17 (18) günlük fasiləsiz mitinqinin ilk iki gününün müəmmalarını anlamaq baxımından çox önəmlidir: «…Anladım ki, burada rəhbərliyin barmağı var. Meydana gəlib görəndə ki, camaat maneəsiz şəkildə hər tərəfdən meydana axışır başa düşdüm ki, mitinq baş tutacaq. Düşündüm ki, indi bizim yalnız bir yolumuz var – bu mitinqdən milli mənafe naminə yararlanmaq.

Xəbər gəldi ki, mitinqçilərin ən aktiv hissəsi Sabir bağında toplaşıb. Onların meydana gedən yolunu milislər kəsib. Təcili ora getdim.

Camaat «Hatəmi! Hatəmi!» deyə çığırırdı. Qala divarında özümə yer edib ətrafa baxdım və izdihamın içində Hatəmini gördüm. Ucadan çığırdım ki, meydana axışmaq lazımdır, hamı meydana toplaşır.

Ətrafdakı milislər izdihamın basqısına tab gətirməyib hadisə yerindən əkildilər…» (7, s. 155).

Əslində mitinq Sabir bağında deyildi. İzdihamın sadəcə başı orada idi. O biri ucunun isə harada olduğu məlum deyildi. Hatəmi ilə mənim durduğum yer ən ön sıralara yaxın bir yer idi. Arxamızda Bünyad Sərdərov zavodunun fəhlələri durmuşdular və deyilənə görə, təkcə bu zavodun kollektivinin sıralarının ən arxa cərgəsi «Bakı soveti» (İçərişəhər) metro stansiyasının yanında idi. Fəhlələrin önündə həmin zavodun əlaqələndiricisi Arzuman bəy durmuşdu. O, Vurğun Əyyubun yaxın qohumu idi. Onun yanında iki xanım gördüm. Biri ərə gedənə qədər yaşadığım binada yaşayan, yəni qonşum olan, bugünə qədər də adını bilmədiyim çox yaraşıqlı bir xanım, digəri isə tələbə yoldaşım olmuş, paralel qrupda, teatr rejissorluğu fakultəsində təhsil almış Solmaz xanım idi. Onların həmin dövrdə həmin zavodda işləyib-işləmədiklərini bilmirəm, amma B. Sərdərov adına zavodun fəhlələri ilə birgə idilər. Uzaqdan-uzağa Solmaz xanımla bir-iki kəlmə kəsdik. Necə olsa, institutu bitirdikdən sonra, ilk dəfə idi ki, üz-üzə gəlirdik.

Nemət Pənahlı daha sonra yazır: «…Ciddi bir münaqişə olmadı. Meydana tərəf axışmaqda olan izdihamın önündə gedənlərdən biri də mən idim. Yol boyu bizə qoşulanlardan biri xüsusi olaraq diqqətimi çəkdi. Bu əlində Azərbaycan SSR-in dövlət bayrağını tutan Ənvər Əliyev idi. Onu ilk dəfə idi ki, görürdüm. Fazildən (Fazil Mustafadan – B. T.) kim olduğunu soruşdum Aspirant olduğunu, xüsusi fəallığı ilə seçildiyini söylədi.

Biz meydana çatanda polis (milis B. T.) işçiləri aralanıb bu cavan oğlana yol verdilər. Mən də, Hatəmi də tribunaya qalxdıq. Bir neçə dəqiqə sonra milis işçiləri dəhlizdə dayanmış hökumət nümayəndələri ilə pıçıldaşıb, nə göstəriş aldılarsa, məndən və Hatəmidən aşağı düşməyimizi tələb etdilər. Hatəmi onları sərt şəkildə rədd edərək kürsünün lap qabağına keçib məhəccərdən yapışdı. O biri əlini yelləyərək milləti salamladı. Mən də cəld ona yaxın bir yerdə özümə yer etdim. Milis işçilərinin bizi zorla aşağı endirmək istədiyini görən kütlədən bir uğultu qopdu, milislərin ünvanına təhqir-söyqş yağışı yağmağa başladı. Polislər (milislər B. T.) məcbur qalıb bizdən aralandılar.

Ənvər heç bir maneəçiliklə üzləşmədən mikrofona yaxınlaşdı və dedi ki, mitinqin təşkilatçıları bu mitinqə 10 gündən artıq hazırlıq getdiyini bilirlər. Bakı şəhər rəhbərliyi ilə danışılıb, mitinqə heç bir maneəçilik olmayacaq. Rəhbərlik mitinq iştirakçılarını yemək-içməklə, hətta, lazım olarsa, isti geyimlə də təmin edəcəklər. Kişilikləri çatacaqsa pul verəcəklər, çatmasa özümüz pul yığıb alarıq.

Ənvər Əliyev sözlərinə bunu da əlavə etdi ki, burada artıq heç bir danışığa ehtiyac yoxdur. Mitinq 48 saat davam edəcək. Tələblərimizi rəhbərliyə çatdıracaq onlardan cavab gözləyəcəyik.

Bütün danışmaq istəyənlərə söz verən o idi. Deyəsən, Hatəmi də eynən mənim kimi bu adamdan şübhələnmişdi. Arada yaxınlaşıb qulağıma pıçıldadı ki, bu mitinqi ələ keçirmək lazımdır. Həmin gün mən də bir – iki dəfə çıxış elədim. Amma hələ də anlaya bilmirdim ki, respublika rəhbərliyi bu mitinqi nə münasibətlə düzüb-qoşub. Axı, necə ola bilərdi ki, milis mitinqi seyrçi kimi izləsin?» (7, s. 155-156).

Əslində, burada anlaşılmayan bir şey yox idi. Ənvər açıq şəkildə demişdi ki, Xalq Hərəkatı Cəbhəsinin təşkil etdiyi mitinqlərə alternativ xarakterli bu mitinqin arxasında Bakı şəhər rəhbərliyi, yəni Bakı şəhər Partiya komitəsinin katibi Fuad Musayev durub. Həmin Fuad Musayev ki, Xalq Hərəkatı Cəbhəsinə alternativ olaraq, Araz və Zərdüşt Əlizadə qardaşlarının əli ilə Xalq Cəbhəsini qurmaqla məşğul idi.


Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə