Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   28   29   30   31   32   33   34   35   ...   111

 
79
Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi… Bəlkə o deyirdi: «Qan 
eləmə, Bərgüşad! Aman ver, Bərgüşad, uşaqlarımın üzünü görüm! Onların məndən 
başqa pənahı yoxdur. Axı mən evimə un aparıram… un, un!..» 
Çox keçmədi ki, Bərgüşad çayının üzü ağardı. Sanki yay günü, onun üstünə 
qar yağdı. Nəbinin həsrət və  əzabla aldığı, böyük bir sevinclə evinə aparmaq 
istədiyi ianə unu sulara qismət oldu… 
Adamlar hər iki sahil boyu, çay aşağı qaçışırdılar… 
Bu taydan bir, o taydan iki adam özlərini çaya vurub, suyun üzündə qovuq 
kimi gedən dağarcığa tərəf üzdülər. Amansız çayın qüvvətli dalğaları ilə əlbəyaxa 
oldular. Özlərinin həyatları  təhlükədə olan bu adamlar, xeyli əlləşdikdən sonra, 
Nəbini çıxartdılar. 
Kim isə dedi: 
- Yazıq kimi, özünü bir dağarcıq una qurban verdi… Gör dağarcığı əlində nə 
möhkəm tutub ki, su da qoparda bilməyib… 
Yamaqları sökülüb, içi boşalmış dağarcığın ağzını Nəbinin dəmirə dönmüş 
ovcunun içindən zorla çəkib çıxartdılar. Onun yumulu barmaqlarının arasından 
sıyıq xəmir axırdı… 
Kəndlilərdən biri yaşarmış gözlərini silib köksünü ötürdü: 
- Üzün qara olsun, ay insan, nəyə  gərəksən?! Çalış,  əlləş, ilan kimi qabıq 
qoy, axırı da belə! 
…Nəbinin facianə ölümünü eşidən kənd camaatı o saat tökülüb gəldi. 
Bəziləri həyətdə oturdu, bəziləri içəri keçdi. 
Tövlənin ortasında qoyulmuş meyitin ətrafında oturan qoca, cavan arvadlar, 
qızlar səs-səsə verib ağlayırdılar. Lakin onların içində bir adamın tükürpədici səsi 
nəinki tövləni, həyəti, hətta kəndi də götürmüşdü. Ölümdən də qorxunc və dəhşətli 
olan bu səs Növrəstənin səsi idi. Üz-gözünü cırıq-cırıq eləmiş, göz yaşı ilə 
yanaqlarının qanı bir-birinə qarışmış Növrəstə, saçlarını yola-yola deyirdi: 
- Kaş dilim quruyaydı, ata, sənə deməyəydim ki, ianə paylayırlar. Mən 
bədbəxt oldum, Allah! Mən necə olacağam, xudaya!.. Hardasan, gəl, ay əmi, 
qardaşın gedər oldu… 
- Özünü öldürmə, ay bala, - deyə arvadlardan kim isə Növrəstəni zorla 
meyitin üstündən ayırdı… Onun səsi kəsildi… 
Cavan yaşında neçə-neçə müsibət görmüş Növrəstə  ağlamaqdan 
yorulmuşdumu? Daha saçını yolub, şivən qoparmaq istəmirdimi? Xeyr, o, 
bayılmışdı. Bəlkə o bədbəxtin də quş kimi çırpınan ürəyi bu müsibətə davam 
gətirməyib partlayacaqdı. 
Həyətdə, bəziləri oturmuş, bəziləri kürəklərini divara söykəyib ayaq üstə 
dayanmış kişilər öz aralarında müxtəlif söhbətlər edirdilər. 
Birdən hönkürtü ucaldı. 
Baxış bəy: 
- A Məmməd kişi, sənə  nə olub, uşaq kimi ağlayırsan? – dedi. – Kim bu 
dünyanı tutub qalacaq?.. Ağlamaq vaxtı deyil, elə eləyin ki, meyiti axşama 
saxlamayın. Yay günündə yaxşı olmaz… 
Kişilərin hamısından qoca, beli bükülmüş, doxsan yaşlı Məmməd kişi, kirli 
dəsmalı ilə gözünü silə-silə dedi: 


 
80
- Bəy, ona ağlamıram ki, ölüb… Ölmək Allah əmridir. Ona ağlayıram ki, 
yazıq bu kəndə gələndən heç ağ gün görmədi. Sağalıb, ayağı təzə-təzə yer tuturdu 
ki, belə oldu… Bir ovuc unun bəlasına düşdü… Bədbəxtin iki balası necə olacaq… 
- Sən onların fikrinə qalma, Məmməd kişi! – deyə Baxış bəy gülümsündü. – 
Məgər mənim başımdakı papaq deyil? İki adamı da dolandıra bilməyəcəyəm? Nəbi 
yaxşı adam idi. Necə deyərlər, tikansız balıq kimi. Onun uşaqlarını korluq 
çəkməyə qoysam, bəylik mənə haram olsun… 
- Allah atana rəhmət eləsin, bəy. Allah sənin kölgəni bu camaatın üstündən 
əskik eləməsin, - deyə molla Səfər dilləndi. 
Yanlarını zorla çəkə-çəkə  gələn Aftab xanım, həyətin o başında görünən 
kimi oturanlar ayağa qalxdılar. Aftab xanım yaxınlaşanda, hamı  əlini döşünə 
qoyub, ona baş əydi. Kimi ucadan, kimi alçaqdan: «Xanım, salaməleyküm!» dedi. 
Baxış bəy, yanından ötüb keçən anasını saxladı, onun qulağına pıçıldadı: 
- Növrəstəni özünü döyüb öldürməyə qoyma. De ki, bundan sonra, 
həmişəlik bizdə qalacaq… 
Heç bir söz deməyib, oğlunun üzünə tərs-tərs baxan Aftab xanım getdi. 
- Qəbir qazmağa gedən varmı? – deyə Baxış bəy Məmməd kişiyə müraciət 
elədi. 
- Bəli, bəy. Camalla bərabər iki adam gedib. 
İçəridən arvadların həzin ağlaşması eşidilirdi. 
Bir neçə dəqiqədən sonra qəbir qazanlar gəldilər. 
Meyiti samanlıqda yudular, kəfənə tutduqdan sonra, tabuta qoyub həyətə 
çıxartdılar. 
Qabaqda molla Səfər, onun arxasında isə camaat, üzü qibləyə durub, meyit 
namazı qıldılar. 
Arvadlar içəridən çıxdılar. 
Dörd kişi irəli gəlib tabutu qaldırmaq istərkən Növrəstə özünü tabutun 
üstünə sərdi. 
- Məni qoyub hara gedirsən, ata? – deyə  dəhşətlə  qışqırdı, sonra insan 
ürəyini parçalayan bir səslə bayatı çəkdi: 
 
 
 
 
 
Əzizim dərdi qovun, 
    Bostançı dərdi qovun. 
 
 
 
 
Yığılın, dərd qovanlar, 
 
 
 
 
Üstümdən dərdi qovun!.. 
 
Hönkürtüsü kəndin qayalarında, kahalarında  əks-səda verən Növrəstəni 
güclə tabutdan ayırdılar. 
Meyiti qəbiristana aparırdılar. Hamı başını  aşağı salıb yavaş-yavaş, qəmli-
qəmli gedirdi. 
Yalnız kəndlilər deyil, bağlar, zəmilər, quşlar, qan eləmiş Bərgüşad çayı özü 
belə, sanki matəmə bataraq, Növrəstənin halına ağlayırdı. 
Yalnız Baxış  bəy, ürəyində  nə isə fikirləşir, gözünü Növrəstənin qan-yaşla 
dolmuş ala gözlərindən çəkmirdi… 


 
81
Atasının ölüm xəbərini eşidən Yusif bacısının yanına gəldi, başına-gözünə 
döyüb çox ağladı… 
Növrəstə atasının qəbrini qardaşına göstərmək üçün onu qəbiristana apardı. 
İki yetim, qardaş-bacı, kiçik bir təpə kimi qalxmış, üç günlük məzarın 
yanında oturdular. Gah Növrəstə, gah Yusif baş daşından öpür, təzə  qəbrin 
torpağını göz yaşları ilə suvarırdılar. 
Hər ikisi doyunca ağlayıb yorulduqdan sonra, dərdləşməyə başladılar. Öz 
gələcəkləri haqda düşündülər.  İlk dəfə olaraq əmilərinin, dayılarının və 
Şahmərdanın qarasınca danışdılar. Onları atıb getdiklərinə gileyləndilər. 
Yusif bacısına Qazıyana getməyi təklif elədi. Orda kimi-kimsəsi, qalmağa 
bir yeri olmadığından, Növrəstə bu təklifə razı olmadı. Bir xeyli danışdıqdan sonra, 
qəbiristandan ayrılıb yola endilər. Yusif bir tərəfə, Növrəstə isə başqa bir tərəfə 
getməyə üz qoydu. Hər ikisi ürəklərində hicran və ata dərdi apardı… 
Nəbi öləndən sonra Camalgildə qalan Növrəstə yenə onlara getdi. 
Camal və onun mehriban arvadı Tükəzban, gözləri ağlamaqdan qızarıb, 
şişmiş Növrəstəyə təsəlli və ürək-dirək verdi. 
Növrəstəni həqiqi bir bacı kimi istəyən Camal cibindən bir kağız çıxardıb 
dedi: 
- Növrəstə, Bakıdan gəlib, Şahmərdandan. Oxuyum, qulaq as. 
Palazın üstündə oturmuş Növrəstə küskün-küskün dedi: 
- Oxu. 
- «Əzizim Nəbi dayı!..» 
Nəbi adı  çəkilən kimi, yenə Növrəstə özünü saxlaya bilməyib hönkürdü… 
Onun səsi Camala məktubu ucadan oxumağa imkan vermədi. Camal məktubu 
ürəyində oxuyub, məzmununu bir neçə sözlə söylədi.  Şahmərdan Comərdlə 
Qiyasın sağ-salamat olduqlarını, özününsə bir aya kimi gələcəyini yazmışdı. 
…Tükəzban Növrəstəni öz evində bir neçə gün də saxladı. 
Növrəstə, bu mehriban, lakin vəziyyəti ağır olan ailədə çox qalmadı. Yenə 
öz yuvasına çəkildi. Tövlənin hər daşı-divarı sanki qurd olub onu yeyirdi. Vahimə 
və tənhalıq Növrəstəni əldən salırdı. 
Ehtiyacın amansız  əli, bir gün Növrəstəni Baxış  bəyin evində  həmişəlik 
kəniz olmağa sürüklədi. 
 
Yusif gündüzlər yorğun olduğu üçün gecələr daş kimi yatırdı. Ancaq səhər 
alaqaranlıqdan, hələ ağası, onun qoca arvadı, gəlini yuxudan qalxmamış, oyanırdı. 
O, buna həm alışmışdı, həm də ağası onun gözünü qorxutmuşdu. 
Deyir, ilan vuran, ala çatından qorxar. Yusif bir dəfə gün çıxana qədər 
yatdığı üçün ağası: «…Bəli də, nökər də gün göbəyinə düşənə kimi yatsa, biz 
yarıyıb bəy olarıq!» deyə onu söyüb, danlamışdı. «Bir də belə  qələt eləsən, 
qulağını  çəkib, eşşək qulağına döndərəcəyəm, sonra qolundan tutub evdən 
qovacağam» deyə  hədələmişdi. Odur ki, Yusif hər gün işıqlaşmamış yuxudan 
dururdu… 
Yusifin işi çox və  ağır idi. Gündüz malları otarmaq, axşam onlara yem 
tökmək, tövləni kürüyüb, peyini atmaq, mal otardığı yerlərdə odun yığıb axşam 
evə gətirmək – bunların hamısı Yusifin boynunda idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə