Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   27   28   29   30   31   32   33   34   ...   111

 
76
- De, acığıma niyə gəlir… 
Camal bir az fikirləşdi. 
- Yəni, Nəbi dayı, elə bir söz deyil e. – O, yenə susdu. 
- Oxunu atıb yayını gizlətmə, Camal, de! 
- Nəbi dayı, fikrinə başqa şey gəlməsin. Özün də elə bilmə ki, bəylə koram 
olduğu üçün deyirəm… Qərəz, onu demək istəyirdim ki, Növrəstəni bəyin evinə 
getməyə çox qoyma… 
Nəbi əlini saxlayıb Camala baxdı və şübhə ilə soruşdu: 
- Ə, olmaya Növrəstədən yana bir söz eşitmisən? Açıq de. 
- Ürəyimə güllə dəysin ki, yox. Fikrinə pis şey gəlməsin. Ancaq kənd Baxış 
bəyə yaxşı bələddir. Onun ipinin üstünə odun yığmaq olmaz… 
-  Ə, Camal, sənin canın üçün, demə ki, qaçqındır, qəribdir,  əgər biləm ki, 
Baxış bəy mənim qızıma pis gözlə baxır ha, yurduna od vuraram, bəyliyinə-zada 
baxmaram. 
- Nəbi dayı, başın üçün mən ayrı şey bilmirəm, təkcə onu bilirəm ki, Baxış 
bəy anasından, bacısından keçən deyil. Allah şeytana lənət eləsin, birdən Növrəstə 
bacıya bir söz-zad deyər, onda gərək sənin də, mənim də başımızdakı papaq 
olmaya… 
- Sən mənim ürəyimə şübhə saldın, Camal. – Nəbi fikrə getdi. 
- Bilsəydim ki, narahat olacaqsan, ağzımı da açmazdım. 
Hər ikisi bir qədər susduqdan sonra, Nəbi çarıqlarını geyib dedi: 
- Mən gedim qızı çağırım. 
Nəbi ayağa qalxanda, Növrəstə gəldi. O, isti havada qaça-qaça gəldiyindən 
qızarıb-pörtmüşdü, bərk töyşəyirdi. 
Nəbi qızına heç bir söz demədi, fikirləşdi ki, misal var: yüz ölç, bir biç. 
- Ata, deyirlər, Dondarlıda qaçqınlara buğda, arpa, un paylayırlar; 
kəndlərdəki qaçqınlar axışıb gedirlər ora. İcazə versən mən də onlara qoşulub 
gedərəm. 
- Yox, qızım, özüm gedərəm. Sən otur evdə. Bundan sonra səni bəyliyə  iş 
görməyə də qoymayacağam. Dağarcığı bura gətir. Görən qaçqınların hamısına ianə 
verirlər? 
- Nə bilim, - deyə Növrəstə getdi. Evdən bir yamaqlı dağarcıq gətirib atasına 
verdi. 
- Ata, bəlkə çox verdilər dağarcığa yerləşmədi, onda nə eləyəcəksən? 
Nəbi güldü: 
- Ay qızım, çoxa yer tapılar, hələ bir görək verirlərmi… Hə, gedirəm, 
ayağını evdən heç yana qoyma!.. 
Nəbi dağarcığı qoltuğuna vurub həyətdən çıxdı. 
Camal da evinə getdi. 
Nəbi, kəndin altından gedən yolun içində toplanmış bir neçə qaçqına 
qoşulub, Dondarlıya getdi. 
 
Dondarlı kəndinin yuxarı tərəfindəki ağ divarlı, üstü qırmızı taxtapuşlu, bir 
mərtəbəli evin qabağı adamla dolu idi. Bunlar Zəngəzurun müxtəlif yerlərindən 
olan qaçqınlardı. Dörd-beş saat idi ki, ianənin verilməsini gözləyirdilər. 


 
77
Nəhayət, «Qaçqınlara Yardım Komitəsinin» sədri elan elədi ki, qaçqınlara 
buğda, arpa, un və bəzilərinə isə çit veriləcəkdir. Ancaq heç kəs şuluqluq salmasın, 
sakit dayanıb öz növbəsində, payına düşəni alsın. 
Gözündə çeşmək, qırmızı saqqal, təhər-töhüründən mollaya oxşayan qoca 
bir kişi isə adamların siyahısını tuturdu. 
Nəbi fikirləşdi: «Un alım, ya çit?» Axı Növrəstənin əyni-başı da tökülüb…». 
- Qardaş, məni çitə yaz! – deyə Nəbi çeşməkli kişiyə müraciət elədi. 
Siyahı tutan adam ona əyri-əyri baxdı: 
- Yekə kişi, sənə un verirlər acından ölməyəsən, nankorlar, öz xeyirlərini də 
anlamırlar!.. 
Nəbi dediyinə peşman olub geri çəkildi. 
O gün, axşam düşdüyündən qaçqınlara heç nə vermədilər. Elan elədilər ki, 
adları siyahıya yazılanlar sabah gəlsinlər. Necə deyərlər, boyunları qıldan incə olan 
qaçqınlar dillənmədilər. 
Adamların çoxu oradan dağıldı. Kimi yer tapıb gecələmək üçün Dondarlıya 
endi, kimi yaşadığı  kənd yaxın olduğu üçün öz evinə qayıtdı, kimi də bağlara 
çəkildi. 
Nəbi və bir neçə adam heç yerə getmədilər. Fikirləşdilər ki, getsək, sabah 
biz gələnə kimi, hər  şeyi paylayıb qurtararlar. Ona görə, kimi çuvalını, kimi 
kisəsini, kimi də dağarcığını başının altına qoyub, quru yerdə, evin divarının 
dibində uzandı. 
Onlar xoş, isti havada gecə yarıya qədər, bəziləri isə  səhərə  qədər söhbət 
elədilər. Nə zaman öz yerlərinə qayıdacaqlarından, ağır güzəranlarından, ölüb-
itənlərindən danışdılar… 
Yanlarını  əzən quru yerdə o yana, bu yana çevrilən Nəbinin gözünə yuxu 
getmirdi. 
«İnsanın üzü yamanca bərk olurmuş» deyə qəmli-qəmli fikirləşirdi. Xəyalən 
gah Comərdlə Şahmərdanın yanına gedir, gah Yusifi nökərçilikdən çıxardıb yenə 
oxumağa qoyur, gah da Növrəstəni xoş güzəranlı görürdü… 
Nəbi başının üstündə mavi və böyük bir çətir kimi açılmış may səmasına, 
onun sinəsində sayrışan ulduzlara xeyli tamaşa elədi. Gecələr öz eyvanında yatdığı 
çağlar yadına düşdü. Ona elə gəlirdi ki, bu yerlərdə nə səma, nə də ulduzlar, onun 
doğma kəndinin göyü, ulduzları  qədər parlaq və gözəl deyil. Ona elə  gəlirdi ki
Dondarlı bağlarında ötən cırcıramaların səsi  Şəkinin çəmənlərində, zəmilərində 
ötən cırcıramaların səsi kimi xoş deyil. Ona elə gəlirdi ki, guya Bərgüşad çayının 
şırıltısı, onun öz kəndinin çayı, bulaqları,  şəlaləsi qədər ruhu oxşar və ahəngdar 
deyil. Nəhayət, ona elə gəlirdi ki, yurdsuz, vətənsiz, qohum-əqrəbasız, arxasız bir 
adamın ürəyi bütün ola bilməz… 
Nəbi müxtəlif fikir-xəyal içində, dodaq altından deyirdi: 
 
 
 
 
 
Əzizim vətən yaxşıdır, 
 
 
 
 
Köynəyi kətan yaxşıdır, 
 
 
 
 
Gəzməyə qərib ölkə, 
 
 
 
 
Ölməyə vətən yaxşıdır. 
 


 
78
…Səhər açıldı. Gün çeşt yerinə qalxdı. Qaçqınlara günortaya kimi ianə 
paylandı. 
Nəbi unla dolu dağarcığını çiyninə götürüb, o biri adamlarla bərabər yola 
düşdü. Başqaları kimi o da çox sevinirdi. Öz ürəyində deyirdi: 
«Növrəstə bu undan lavaş bişirər, heç olmasa, bir qarın doyunca buğda 
çörəyi yeyərik…». 
İanə qalan qaçqınlardan bir neçəsi söhbət edə-edə Dondarlı bağlarını keçib, 
Bərgüşad çayının sahilinə gəldilər. Çayı necə keçmək üçün məsləhətləşdilər, çünki 
körpü yox idi. Ancaq bu sahildən, o sahilə nazik, uzun bir ağac uzatmışdılar. 
Qızılcıqlı qoca bir qaçqın kişi, körpü adlanan ağaca baxıb dedi: 
- Siz ölməyəsiniz, bu ağacın üstündən heç kəndirbaz da keçə bilməz, nəinki 
bizim kimi dalı  şələli adamlar… Allah sizə insaf versin, getdiyimiz yolla 
gəlmədiniz, mağıl, Mirrər tərəfdən getsəydik, ordakı dayaz keçiddən addardıq… 
Darabaslı cavan bir oğlan ona cavab verdi: 
- Pirməmməd  əmi, qorxma, səni  şələnlə  bərabər dalıma alıb, keçirərəm. 
Burdan gəldik ki, yolumuz kəsə olsun. Bəri gəlin, əl-ələ verib addayaq!.. 
Urudlu Məşədi Göyüş etiraz elədi: 
- Suya girmək olmaz, dərindir. Getdiyim Xorasan haqqı, dəvəyə  də boy 
verməz. Özü də görürsünüz, necə burulur… Gəlin bir az aşağı, ya yuxarı gedib 
dayaz keçid axtaraq. 
Fikirlər müxtəlif olduğundan, hər kəs çayı öz istədiyi kimi keçməyə başladı. 
Bəziləri çarığını  çıxardıb çiynindən asdı,  şalvarını  çırmayıb özünü suya 
vurdu, bəziləri özünü bir az yuxarı verib, nisbətən dayaz yer axtardı, bəziləri isə 
ağacın üstü ilə ehtiyatla yeriməyə başladı. 
Çayı o tərəfə keçənlər, bəri tərəfdə qalanlara ürək-dirək vermək üçün 
qışqırırdılar: 
- Qorxmayın! 
- Ə, suya baxma, gözün axar. 
- Ağac möhkəmdir!.. 
Dağarcığın çiyninə alıb ağzından möhkəm yapışmış  Nəbi, tikanlıqda 
gedirmiş kimi yavaş-yavaş, ağacın üstü ilə yeriməyə başladı. Bir neçə addım atdı. 
Lakin ona dərya kimi görünən çayda gözünün axdığını hiss elədi. Tez sahilə 
dönmək istədi. Sağ ayağını götürüb geri çevriləndə, dağarcıq ləngərləndi. Nəbi 
müvazinətini saxlaya bilmədi, sol ayağı sürüşdü. Bir anda suyun içinə elə bil ki, 
böyük bir şalban milləndi. 
Adamlar bu taydan, o taydan təşviş və həyəcanla qışqırışdılar: 
- Ə, bədbəxt oğlu bədbəxt yıxıldı… 
- Ə, qoymayın boğulsun!.. 
- Vay səni, belə də iş olardı!.. 
İlan kimi qıvrılıb açılan dalğalar Nəbini öz qoynunda yumarlaya-yumarlaya 
aparırdı. 
Nəbi  əl-qol atırdı… Biri-birini qovan qüvvətli dalğalara təslim olmaq 
istəmirdi. Onun ürəyini, arzusunu bilməyən dəli Bərgüşada can vermək istəmirdi… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə