Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə102/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   99   100   101   102   103   104   105   106   107

220
dönərdi.  «Yenə də başladın? – anasına təpinərdi. – Səndən yaxşı söz eşitmədik».
Ancaq bu kövrəkliyin, hiddətin ömrü az olardı. O, təbiətən şən və nikbin idi…
Cəmi iki ildi univermağa  ayaq  basmamışdı. Ona isə elə gəlirdi illər keçib.
Gəlməyə heç lüzum da görmürdü. Nəyi desən varıydı. Qızılı, qaş-daşı, pal-
paltarından tutmuş ayaqqabıyadək. Əri ona daha nə almamışdı. Bir də haraya
çıxırdı, axı geyinib-keçinmək həvəsi də olsun. Ərə gedəndən sonra bir müddət iş
rahat oldu, indi də uşaq əl-qolunu bağlamışdı. Hərdənbir gedəsi yeri vardısa, o da
kəndin mərkəzindəki bazar-dükandı. Əri onu məəttəl qoymaz, çörəyinə, ətinə kimi
özü alıb gətirərdi…
***
Dərsdən gec gəlməyinin, mağazaları gəzib dolaşmağının üstündə anası ilə nə
qədər sözləşərdilər. Anasının qan təzyiqi vardı. Tez-tez ürəyindən, baş ağrılarından
şikayətlənərdi. Dəfələrlə
xəstəxanalara düşmüşdü. Rəhiməni hətta dərslərinə
qısqanırdı. Evə gec gəldiyini görəndə bərk darıxardı «Yolunu gözləməkdən
gözümün kökü saraldı, sənin nə çox dərsin olur?» - deyib hirslənərdi. Rəhimə
anasının acıqlanmağından qorxduğu üçün düzünü danar, qızlarla kinoya getdiyini
gizlədərdi. Anası həm də deyingən, əsəbiydi. Düzünü eşidəndə Rəhiməni o qədər
danlar, o qədər məzəmmət edərdi ki, qız peşman olardı.  «Neynim dərslərim çox
olur, balacalıqda özün demirdin ki, kaş institutda oxuduğun günü görəydim…».
Beləcə vəziyyətdən çıxır, anasının yumşaq damarını tutaraq özünə haqq
qazandırırdı.
Belə vaxtlarda onun tərəfini atası saxlardı. Atası
alçaqboy, sısqa, ancaq
zarafatcıl, bədəncə gümrah, sağlam adam idi. Müharibənin əvvəlindən axırınadək
döyüşmüş, Berlinə qədər piyada getmişdi. Yaralanıb eləməmişdi. Düşmən güllələri
qulağının dibindən, başının üstündən vıyıldayaraq, həmişə ondan yan keçmişdi.
Atası sağ qalmağını allahın möcüzəsi adlandırıb zarafata salardı. O, həm də yaman
ailəcanlıydı. İşini qurtaran kimi evə tələsərdi. Heç vaxt əliboş gəlməzdi. Anasının
dediyinə görə, elə cavanlıqdan beləymiş. Son illər təqaüddə olmasına baxmayaraq,
yenə işləyirdi. Onları korluq çəkməyə qoymazdı.
Atası ilə bağlı xatirələri az deyildi. Ancaq nə üçünsə indi Rəhimənin yadına
kişinin bir neçə dəfə işdən çıxıb onun qabağında universitetə gəlməsi düşdü. Bir
dəfə elə buna görə tələbə yoldaşlarından kimsə onu «bağça uşağı» adlandırıb
gülməyə başladı. Rəhimə bu sözdən tutuldu. Evə gəlib atasını qabağına gəlməsinin
üstündə məzəmmət etdi. Özü də o ki, var ağladı. Ata-anası burada pis bir şey
görmədiyindən çaşıb qalmışdılar.
Atası tez Rəhimənin tərəfinə keçmişdi, kişinin universitetə getməyini özü başa
düşdüyü kimi pis yozub ona irad tutmuşdu:  «İndi yoldaşları nə fikirləşərlər,
deyərlər qızlarına inanmırlar gəlib dərsə oturub-oturmadığını yoxlayırlar.
Atası günahkar-günahkar başını aşağı salmışdı:  «Heç ağlıma gəlməyib,
əlbəttə, yaxşı düşməyib» - demişdi.
Rəhiməni o vaxtkı hərəkəti üçün xəcalət təri basdı.
Anası keçinən günü Rəhimə evdəydi. O gün dərsdən tez gəlmişdi. Nədənsə
son qoşa saata oturmağa hövsələsi çatmamışdı. Anası axşam özünü pis hiss
etdiyini desə də, Rəhimə üçün qapını açanda heç nədən şikayətlənməmişdi. Onunla


221
zarafat etmiş,  «nə tez gəlmisən», - deyərək gülümsünmüşdü. Ana-bala birlikdə
nahar etmişdilər. Arvadın halı birdən dəyişmişdi…  «Məni havaya çıxart» -
demişdi. Rəhimə onun qoluna girib eyvana aparmışdı. Anası eyvanda, köhnə
divanda, elə onun qucağında keçinmişdi.
Atası onu tək buraxmayıb qəm çəkməyə qoymasa da, Rəhimənin gözlərinin
yaşı anasının qırxına qədər qurumamışdı. Anasının vəfatından bir sonra atasının
təkidilə Akifə nişanlandı. Qəribəydi daha şıltaqlıq ərköyünlük etməyə cəsarəti
çatmırdı. Ərköyünlüyü, şıltaqlığı, tənbəlliyi analı günləri kimi əriyib yox olmuşdu.
Atası Rəhiməni gəlin köçürəndən sonra evdə tək qalırdı. Düzdür, Rəhimə ona tez-
tez baş çəkir, pal-paltarını yuyur, bişir-düşürünü edirdi. Ancaq atası gündən-günə
gözünə üzgün, yorğun dəyirdi. Yəni onun anasının xiffətini eləyirdi. Atası toydan
üç ay sonra rəhmətə getdi.O axşam işdən çıxıb birbaş kəndə Rəhimənin yanına
gəldi. Rəhimə ona təmiz dəyişik verdi. Hamamı da qızdırdı. Atası heç yerindən
şikayətlənmədi. Gün batana kimi həyətdə stulda oturub, gözünü ucu-bucağı
görünməyən yamyaşıl ağaclara, meynələrə dikdi.
Akif qaynatasının meyitini geri, öz evinə aparmağa qoymadı. Onu anasının
yanında kənd qəbiristanlığında dəfn etdilər. Rəhimə atası üçün də doyunca ağlaya
bilmədi. Bu dəfə də əri ürəyini sıxmağa qoymurdu.
Satıcı qız onun qarşısında durub «nə istəyirsiniz?» deyəndə elə bil yuxudan
ayıldı.  «Uşaq oyuncaqları» şöbəsinin qarşısındaydı. Burada adam az olduğundan
satıcı onu bələdləmiş, nəyisə seçib almaq istədiyini güman etmişdi. Əvvəlcə «heç
nə» deyib ötüb keçmək istədi. Ancaq çox fikirləşmədən əlində təbil olan, qəhvəyi
məxmərli ayını göstərib «ondan ver» dedi.
Satıcı qız iri bir qutu gətirdi. İçindəki oyuncaq ayını çıxarıb qurğunu basdı.
Ayı başını silkələyərək təbil çala-çala yeriməyə başladı. Bu oyuncaq Akifin də
xoşuna gələcəkdi.
Pul üçün sumkasını axtaranda əlinə açar dəydi. Çıxarıb baxdı. Şəhərdəki
evlərinin açarıydı. Arabir Akiflə ora gedər, ev-eşiyin tozunu alar, bəzən lap
gecələyərdilər. Oyuncaq ayını qoltuğuna vurub ilk dəfə ora tək getmək fikrinə
düşdü. Ev indi onun adındaydı. Qeydiyyatdan çıxmadığı üçün onu təhvil
verməmişdilər.
Hələ evlərinə çatmamış göz yaşları aramsız yanaqlarına axmağa başladı.
Gözlərini dönə-dönə silir, sel kimi axan yaşlarının öhdəsindən gələ bilmirdi. Orada
heç kəsin olmadığını bilsə də, başını qaldırıb şüşəbəndli eyvanlarına baxdı. Anası
hər səhər onu dərsə yola salanda eyvana çıxar, Rəhimə gözdən itincəyədək
arxasınca baxardı. İndi elə bil şüşəbənd də yetim qalmışdı.
Qonşuların onu gözüyaşlı görəcəyindən ehtiyat edib pilləkənləri az qala qaça-
qaça çıxdı. Qapını cəld açıb içəri girdi. Bu otaqlar indi ona ata-anasının yadigarı
kimi əziz və doğma idi. Hava da elə bil burada bol, xoş, nəvazişliydi.
O, dəhlizdəki güzgünün qabağında durmuşdu. Qulağı səsdəydi, elə bil ata-
anası indicə «Rəhimə gəldi», - deyə sevinclə onun qarşısına çıxacaqdılar. Soyunub
içəri keçdi. Evdəki əşyalar-qədim mebellərdən tutmuş mətbəxdəki qab-qacağa
qədər- hamısı ona qızlıq illərini xatırladırdı. Atası öləndən sonra heç nəyin yerini
dəyişməmişdi, anasının səliqə-sahmanını olduğu kimi saxlamağa çalışmışdı.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə