2
Tərtibçilər: Könül Səmədzadə
Sevil Əhmədova
Redaktor: Könül Agazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Beynəlxalq
Abidələr və Tarixi Yerlər Günü ilə bağlı mərkəzi kitabxanaların
uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları
üçün hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad. Respublika
Uşaq Kitabxanası; tərt.ed. K. Səmədzadə; ixt.red. və
burax.məsul Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı : F. Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018. - 34 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
YUNESKO-nun qərarı ilə 1983-ildən etibarən hər il aprelin
18 dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi
qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların
diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən
ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu
oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi
abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin
göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün
mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2
avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən
mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin
siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli,
“İçərişəhər” tarix-memarlıq qoruğunda 3 dünya, 93 ölkə, 2568
yerli əhəmiyyətli, “Qala” tarix-etnoqrafiya qoruğunda 7 ölkə,
234 yerli, “Nardaran” tarix-mədəniyyət qoruğunda 1 dünya, 5
ölkə, 7 yerli, “Atəşgah” tarix-memarlıq qoruğunda 1 dünya
əhəmiyyətli tarixi abidə qeydə alınmışdır. Son illər ərazidə
1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan
bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə
çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkə
daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs
üçün ən gözəl örnəkdir.
“İçərişəhər” dövlət tarix-memarlıq kompleksi, “Qobustan”
dövlət tarixi-bədii qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına
daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən
yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər və
4
abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində
böyük işlər aparılır.
Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata
keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası,
qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı” isə bundan sonra görüləcək işlərin
istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir.
Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni
siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ
sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların
maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı
kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın
inkişafı kimi vacib məsələlər daxil edilib.
Azərbaycanda 6308 tarixi abidə var. Bunların 65-i dünya
əhəmiyyətli, 2034-nün ölkə, 4209-u yerli əhəmiyyətli daşınmaz
tarix və mədəniyyət abidəsidir. Bildirilmişdir ki, hazırda
işğal altında olan ərazilərdə yerləşən dünya əhəmiyyətli
mədəni-tarixi abidələrimiz olan Azıx (Füzuli) və Tağlar
(Xocavənd) mağaraları dünyanın ən qədim insan yaşayan
məskənlərindəndir.
Hər il olduğu kimi, bu il də 18 aprel – Beynəlxalq Abidələr
və Tarixi Yerlər Günü F. Köçərli adına Respublika Uşaq
Kitabxanasında geniş şəkildə qeyd olunur. Bu münasibətlə
hazırladığımız vəsaiti sizlər üçün təqdim edirik. Vəsait II
bölmədən ibarətdir. Vəsaitdən müəllimlər, kitabxanaçılar,
oxucular səmərəli şəkildə istifadə edə bilərlər.