www.vivo-book.com
477
– Biz yenə də bu barədə danışarıq, – dedi, – amma
hələlik... Mən özüm sənin yanına gələcəyəm, qoy bir az
babat olum. Onda həll edərik.
Düz saat on ikidə Masloboyevgilə getdim. İçəri girəndə
mənim gördüyüm ilk adam knyaz oldu, mən buna son
dərəcə heyrət etdim. O, dəhlizdə paltosunu geyinirdi,
Masloboyev də əl-ayağa düşərək ona kömək edir, onun əl
ağacını verirdi. Masloboyev knyazla tanış olduğunu mənə
demişdi, bununla belə, bu təsadüf məni son dərəcə
təəccübləndirdi.
Knyaz məni görəndə, elə bil ki, özünü itirdi.
Həddindən artıq bir qızğınlıqla dedi:
– Hə, sizsiniz! Bir təsadüfə baxın! Mən indicə cənab
Masloboyevdən öyrənmişəm ki, siz onunla tanışsınız. Sizə
rast gəldiyimə sevinirəm, sevinirəm, son dərəcə sevinirəm!
Mən mütləq sizi görmək arzusunda idim, əminəm ki,
mümkün qədər sizə tez gələcəyəm, icazə verirsinizmi?
Sizdən bir xahişim var: mənə kömək edin, bizim indiki
vəziyyətimizi izah edin. Siz yəqin başa düşdünüz ki, mən
dünənkini deyirəm... Siz onlarla yaxın dostsunuz, siz bütün
www.vivo-book.com
478
hadisəni müşahidə etdiniz, siz onlara təsir edə bilərsiniz...
Yamanca təəssüf edirəm ki, elə bu saat sizinlə... işim var!
Lakin bu günlərdə, hətta bəlkə daha tez, mən sizin yanınıza
gəlmək şərəfinə nail olacağam. İndi isə...
O mənim əlimi həddindən artıq bərk-bərk sıxdı,
Masloboyevə göz vurub qapıdan çıxdı. O göz vuranda
Masloboyev də ona göz vurdu.
Mən otağa girərək sözə başladım:
– Sən Allah, mənə de görüm...
Masloboyev cəld furajkasını götürüb, dəhlizə tərəf
gedə-gedə dedi:
– Sənə bu saat heç bir şey deyə bilməyəcəyəm. İşim
var!.. Qardaş, yaman tələsirəm, gecikmişəm!
– Axı sən özün yazmışdın ki, saat on ikidə gəl.
– Yazanda nə olar? Dünən mən sənə yazmışdım, bu
gün də mənə yazıblar, elə də yazıblar ki, ağlım başımdan
çıxdı, iş var! Məni gözləyirlər. Bağışla, Vanya! Səni ki,
nahaq yerə narahat etmişəm, bunun əvəzini vermək üçün
səni bircə şeylə təmin edə bilərəm – o da məni döyməkdir.
www.vivo-book.com
479
Bu səni təmin edirsə, döy, ancaq İsa xətrinə, tez elə, məni
ləngitmə, işim var, gözləyirlər...
– Səni axı niyə döyüm? İşin var, get, hamının
gözlənilməyən işi olur. Ancaq...
O, dəhlizə yüyürüb şineli geyinə-geyinə mənim
sözümü kəsdi (mən də geyinməyə başladım):
– Elə bu “ancaq” barədə deyirəm. Mənim səninlə də
işim var, çox vacib işdir, bunun üçün də səni çağırmışdım,
tamamilə sənə aid məsələdir, sənin xeyrinədir. Bunu indi,
bir dəqiqənin içində danışmaq olmaz. Sən Allah, söz ver ki,
bu gün axşam düz saat yeddidə, nə tez, nə gec, yanıma
gələcəksən. Mən evdə olacağam.
Mən tərəddüd içində dedim:
– Bu gün? Qardaş, mən axı bu gün axşam bir yer var,
ora gedəcəyəm...
– Əzizim, sən indi axşam gedəcəyin yerə get, axşam da
mənim yanıma gəl. Vanya, sənə elə şeylər danışacağam ki,
heç sənin ağlına da gəlməz.
– Yaxşı, yaxşı, bu axı nə ola bilər? Etiraf edirəm ki, sən
məni yaman maraqlandırdın.
www.vivo-book.com
480
Biz darvazadan çıxıb səkidə durmuşduq.
Masloboyev təkidlə soruşdu:
– Gələcəksən, yox?
– Dedim, gələcəyəm.
– Yox, de ki, vicdanım haqqı.
– Ba, sən necə adamsan! Yaxşı, vicdanım haqqı.
– Çox gözəl, çox pakizə! Sən hansı tərəfə gedirsən?
Mən sağ tərəfi göstərdim:
– Bu tərəfə.
O da sol tərəfi göstərdi:
– Mən də bu tərəfə. Vanya, xudahafiz! Yadından
çıxartma: saat yeddidə.
Mən onun ardınca baxa-baxa düşündüm: “Çox
qəribədir!”
Axşam Nataşanın yanına getmək fikrində idim. Lakin
Masloboyevə söz verdiyimdən, bu qərara gəldim ki, onun
yanına indi gedim. Mən yəqin bilirdim ki, Alyoşa orada
olacaq. Doğrudan da, Alyoşa orada idi, məni görüb yaman
sevindi.
www.vivo-book.com
481
O, Nataşaya son dərəcə mehribanlıq və nəzakət
göstərirdi, hətta mənim gəlməyim onu daha da sevindirdi.
Nataşa özünü şən göstərməyə çalışırdı, ancaq hiss olunurdu
ki, bunu o güclə edir. Onun solğun üzü xəstə adamların
üzünə oxşayırdı, görünür, gecə pis yatmışdı. Alyoşaya
həddindən artıq mehribanlıq edirdi.
Alyoşa çox danışsa da, görünür, Nataşanın kefini
açmaq, onun qeyri-ixtiyari olaraq qəmginlik ifadə olunan
dodaqlarında bir gülüş əmələ gətirmək istəyirdi, eyni
zamanda, öz söhbətində Katyadan, atasından danışmaq
istəmədiyi də aydınca hiss olunurdu. Dünən o demişdi ki,
mən işi yoluna qoyaram, yəqin ki, onun bu təşəbbüsü bir
nəticə verməmişdi.
Alyoşa Mavraya nə isə demək üçün birdəqiqəliyə
otaqdan çıxanda, Nataşa pıçıldaya-pıçıldaya tez mənə dedi:
– Bilirsən nə var? Alyoşa çox istəyir ki, burdan getsin,
ancaq qorxur. Mən də ona get deməyə qorxuram, get desəm,
o qəsdən getməyəcək, mən daha çox ondan qorxuram ki,
Alyoşa burda oturub qalmaqla darıxar, bu da onu məndən
lap soyudar. Sən bilən nə edim?
Dostları ilə paylaş: |