www.vivo-book.com
472
Mən üzünə qarşı təriflənən bir müəllif kimi özümü
itirdim, lakin mən bu anda onu öpə bilsəydim, hər şeyimi
verərdim. Ancaq onu öpmək olmazdı. Nelli susurdu.
O, gözucu mənə baxıb, böyük bir kədərlə soruşdu:
– O niyə öldü, niyə? – gözlərini yenə yerə dikdi.
– Kim?
– O cavan oğlan, vərəmli... Kitabda yazılıb.
– Nə etmək olar, Nelli, belə olmalı idi.
O pıçıldayırmış kimi lap astadan:
– Heç də belə olmalı deyildi, – dedi və birdən az qala
acıqlı-acıqlı xırdaca dodaqlarını sallayaraq, gözlərini daha
da yerə dikdi.
Bir dəqiqə də keçdi.
Nelli sürtukumun qolunu daha bərk-bərk didişdirərək
pıçıldadı:
– Bəs o qız... yadınızdadır da, onlar... Qız da, qoca da
bir yerdə yaşayacaqlar? Daha kasıb olmayacaqlar?
Mən çox təəssüflə dedim:
– Yox, Nelli, o qız uzaq bir yerə gedəcək, mülkədara
ərə gedəcək, o qoca tək qalacaq.
www.vivo-book.com
473
Mən ona təsəlli verəcək bir şey deyə bilmədiyimə görə
doğrudan da, təəssüf edirdim.
– Gör də... gör də! Gör necə olur da! Gör necə
adamlardır! İndi mən o kitabı heç oxumaq istəmirəm!
Nelli acıqlı-acıqlı qolumu itələdi, tez çevrilib stolun
yanına getdi, üzü stola tərəf durub, başını aşağı dikdi. O
qıpqırmızı qızarmışdı, ağır-ağır nəfəs alırdı, sanki ona böyük
bir müsibət üz vermişdi.
Mən ona yaxınlaşaraq dedim:
– Nelli, bəsdir, niyə acıqlanırsan? Axı bu yazılanlar
doğru deyil, uydurmadır. Niyə axı acıqlanırsan? Yaman
həssas qızsan!
O, başını qaldırıb, məhəbbət dolu aydın bir nəzərlə
mənə baxdı, çəkinə-çəkinə dedi:
– Mən acıqlanmıram.
Sonra birdən əlimi tutub, üzünü sinəmə sıxdı, nədənsə
ağlamağa başladı.
Lakin elə o saat da güldü. O indi həm gülür, həm də
ağlayırdı. Mənə də bu həm gülməli, həm də xoş görünürdü.
O, başını qaldırıb mənə baxmaq istəmirdi, mən onun üzünü
www.vivo-book.com
474
sinəmdən ayırmaq istəyəndə, o daha bərk-bərk üzünü
sinəmə sıxır, get-gedə daha bərkdən gülürdü.
Nəhayət, o başını qaldırdı. Biz xudahafizləşdik. Mən
tələsmirdim. Nellinin üzü qızarmışdı, o hələ də utanırmış
kimi, gözləri ulduz kimi parıldaya-parıldaya pilləkənə qədər
dalımca yüyürdü, tez qayıtmağımı xahiş etdi. Mən söz
verdim ki, mütləq nahara kimi, mümkün qədər daha tez
qayıdacağam.
Əvvəl İxmenyevgilə getdim. Onlar ikisi də
kefsizləmişdi, Anna Andreyevna lap xəstə idi, Nikolay
Sergeiç öz kabinetində oturmuşdu. O mənim gəldiyimi
eşitdi, lakin mən bilirdim ki, o, adəti üzrə bizim
danışmağımıza imkan vermək üçün, on beş dəqiqədən sonra
gələcək. Mən Anna Andreyevnanın ovqatını çox da təlx
etmək istəmədim, buna görə də dünənki hadisəni çox da elə
kəskinliyi ilə danışmadım, ancaq həqiqəti söylədim. Anna
Andreyevna bundan kədərlənsə də, Nataşa ilə Alyoşanın
ayrıla biləcəklərinə heç də təəccüb etmədi, mən buna heyrət
etdim.
www.vivo-book.com
475
– Atam, – dedi, – mən bilirdim elə belə də olacaq. Siz
onda getdiniz, mən çox fikirləşdim, çox götür-qoy elədim,
gördüm ki, bu baş tutan iş deyil. Biz Allahın belə bir
mərhəmətinə layiq deyilik, bir də ki, o knyaz çox əclaf
adamdır, ondan heç yaxşı bir şey gözləmək olarmı?! Bizdən
nahaq yerə on min manat alır, bu sənə zarafat gəlməsin, özü
də bilir ki, nahaq yerə alır, amma yenə alır. Axırıncı tikəni
də əlimizdən alır. İxmenevkanı satacaqlar. Nataşa ağıllı,
doğru iş tutur ki, onlara inanmır. – Səsini alçaldaraq əlavə
etdi: – Bilirsinizmi, atam, mənimki, mənimki nə edir?!
Onların evlənməsini heç istəmir! Danışmağa başlayıb,
istəmirəm, deyir! Mən əvvəl elə bildim ki, məzəlilik eləyir,
sonra gördüm ki, yox, doğru deyir. Onda axı mənim o əziz
qızcığazım necə olacaq? Onda Nikolay Sergeiç onu tamam
qarğıyacaq. Yaxşı, bəs o, o Alyoşa nə deyir?
Anna Andreyevna xeyli məni sorğu-suala tutdu, mən
hər dəfə cavab verəndə o, adəti üzrə, ah çəkir, heyifsilənirdi.
Ümumiyyətlə, görürdüm ki, o axır vaxtlarda lap özünü
itirmişdir. Hər bir xəbər onu sarsıdırdı. Nataşanın dərdi onun
qəlbini parçalayır, səhhətini pozurdu.
www.vivo-book.com
476
Nikolay Sergeiç, əynində xələt, ayaqlarında tufli içəri
girdi. O titrədib-qızdırdığından şikayətlənirdi, lakin arvadına
mehriban bir nəzərlə baxdı, nə qədər ki, mən orada idim, o
bir dayə kimi, Anna Andreyevnaya qulluq edir, onun
gözlərinə baxır, hətta ondan qorxurdu. Onun baxışlarında
böyük bir mehribanlıq vardı. Arvadının xəstələnməsi onu
qorxutmuşdu, hiss edirdi ki, arvadının başına bir iş gəlsə,
həyatda hər şeydən məhrum olacaqdır.
Mən bir saata qədər onların yanında oturdum.
Xudahafizləşib gedəndə, Nikolay Sergeiç dəhlizə kimi məni
ötürdü, Nellidən söhbət açdı. Onun ciddi bir fikri vardı,
istəyirdi ki, Nellini qızının yerinə öz evinə gətirsin. Anna
Andreyevnanı bu barədə necə yola gətirmək üçün mənimlə
məsləhətləşməyə başladı. Xüsusi bir maraqla Nelli haqqında
mənə suallar verir, onun barəsində daha yeni bir şey bilib-
bilmədiyimi soruşurdu. Mən bildiklərimi ona qısaca
danışdım. Söylədiyim sözlər ona çox təsir etdi.
O, qəti bir ifadə ilə:
Dostları ilə paylaş: |