Фчшкцец шьфт


Yəcuc Və Məcuc Tayfasının Çıxması



Yüklə 2,49 Mb.
səhifə7/24
tarix14.06.2018
ölçüsü2,49 Mb.
#49037
1   2   3   4   5   6   7   8   9   10   ...   24

5. Yəcuc Və Məcuc Tayfasının Çıxması: Zülqərneyn dedi: «Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (Qiyamətə yaxın Yəcuc-Məcuc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir». (əl-Kəhf 90-98)363. Zeynəb b. Cəhş - radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzü qıp-qırmızı halda, həyacanlı olaraq çölə çıxdı və: «Lə İləhə İlləllah! İrəlidə gecə qaranlığı kimi fitnə vardır. Vay ərəbin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı» buyurdu. Bunu söylədikdə baş barmağı ilə şəhadət barmağını halqa şəkilində etdi. Bunun üzərinə mən: «Ya Rəsulillah! İçimizdə yaxşı kimsələr olarkən biz həlakmı oluruq?» dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli (fasiqlik, fahiş əməllər, əxlaqsızlıq, zülm) kimi pisliklər çoxaldığı zaman»364. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc hər gün səddi qazarlar. Balaca bir dəlik açıldıqda günəşin işıqlarını gördükdə əmrləri onlara: «Gəlin qayıdaq, sabah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə səddin əvvəlki vəziyyətdə olduğunu görərlər. (Bu hal uzun bir vaxt belə davam edər). Nəhayət Allah onları insanların üzərinə göndərmək vədi gəlib çatdıqda onlar yenə də qazarlar. Səddən günəş işıqları göründükdə əmrləri: «Gəlin qayıdaq, sabah İnşəallah işimizə davam edərik» deyər. Səhəri ora gəldikdə səddi buraxdıqları halda görürlər. Qazmağa başlayırlar və çıxaraq insanların üzərinə hücum edirlər…»365. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Allah buyuracaq: «Ey Adəm!». Adəm: «Buyur Ya Rəbbim!» deyər. Allah: «Atəşə göndərilənləri atəşə göndər». Adəm: «Nə qədərini?» deyər. Allah: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu atəşə, birini isə Cənnətə» deyə buyurar366. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: “Bu hədis onların Adəm - əleyhissəlam - ın zurriyyətindən olmasına dəlildir və əksini iddia edənlərin sözlərini rədd edir”367. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc tayfasının çıxmasından sonra da Beyti həcc və ümrə üçün ziyarət edəcəklər»368. Xuzeyfə b. Yəmən, Abdullah b. Amr - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəcuc və Məcuc tayfası Adəm oğullarındandır. Onlardan biri öz zuriyyətindən min insan görmədən ölməz (Başqa rəvayətdə: Yəcuc bir ümmət, Məcuc bir ümmət. Hər ümmət dörd yüz min nəfərdir və bunlardan hər biri öz övladlarından min silahlı adam görmədikcə ölməz)369»370. Abdullah b. Amr - radıyallahu anhu – rəvayət edir ki: “Cinlər və insanlar on qisimdir. Doqquz qismi Yəcuc və Məcucdur. Qalan qismini isə digər insanlar təşkil edir”371. Qatadə - radıyallahu anhu – rəvayət edir ki: “Yəcuc və Məcuc 22 qəbilədən ibarətdir. Onların 21-ni Zülqarneyn səddə həps etmişdir. Digər qəbilə isə döyüş əsnasında itən və səddin arxasında qalan Türklərdir”372. Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Müsəlmanlar Yəcuc və Məcucun oxlarını döyüş sürsatlarını 7 il yandıraraq onlardan istifadə edəcəklər”373. Xuzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəcuc və Məcucdan soruşuldu. O, buyurdu: “Onlar 3 sinifdirlər: Bir sinif Erz (ağacı) kimidirlər”. Ondan: “Erz nədir?” deyə soruşdular. O: “Şamda bitən səmaya doğru 120 zira uzunluğunda olan bir ağacdır. Onlara nə dağ, nə də dəmir dözər. İkinci sinif: “Qulağının birini döşək kimi edər, digərini isə yorğan. Fil, dəvə, donuz nə görsələr yeyərlər. Hətta özlərindən biri ölərsə onu da yeyərlər. Onların bir ucu Şamda, bir ucu da Xorasanda olar. Şərq çaylarının hamısını və Təbəriyyə gölünü içərlər (Başqa rəvayətdə: Bir sinifdə: Orta boyludur. Onlar daha şiddətlidirlər)”374.

6. Dabbətul-Ardın (Heyvanın) Çıxması:375. «Onlara deyilən söz yerinə yetdiyi zaman onlar üçün yerdən bir heyvan çıxardarıq ki, onlarla danışıb (bizim adımızdan): «İnsanlar ayələrmizə inanmadılar» deyər. (ən-Nəml 82). Bu heyvanın nə cür olduğu barədə heç bir məlumat yoxdur. Qeyd edirlər ki, o kimin mömin və kafir olduğunu söyləyəcəkdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dəbbətul Ard, Musanın əsası və Süleymanın möhürü bir yerdə çıxacaqdır. Möhür ilə möminin üzünü parladacaq, əsa ilə kafirin burnunu qıracaqdır. Mömin ilə kafir tanınacaqdır»376.

Cəssəsə Kimdir? - Fatimə b. Qeys - radıyallahu anhə – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əssələtu Cəmiatən (toplayıcı olan namaza gəlin) deyə buyurdu. Mən də həmin məscidə gəldim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə namaz qıldım. Mən qadınların səfində idim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – namazı bitirdikdən sonra gülər bir halda minbər üzərində oturdu və: «Heç kəs namaz qıldığı yerdən ayrılmasın!» buyurdu. Sonra sizləri nə üçün topladığımı bilirsiniz? Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha and olsun ki, mən sizi nə bir müjdə vermək, nə də qorxutmaq üçün toplamışam. Lakin mən sizləri bu səbəbə görə toplamışam: «Təmim əd-Dari xristian bir adam idi377. Gəldi, beyət edib İslamı qəbul etdi və mənə belə hadisəni rəvayət etdi. Onun söylədiyi bu rəvayət mənim sizə söylədiyim Məsih Dəccəl hadisəsi ilə uyğundur». Sonra söhbətinə davam edərək buyurdu: «Cuzam və Ləhm qəbilələrindən otuza yaxın kişi ilə gəmi ilə səyahətə çıxdıq. Dənizin dalğaları onları bir ay dənizdə çarxalayaraq sonra bir adanın yanına gətirdi. Günəşin batdığını gözlədikdən sonra adaya yollandıq. Adada bizim qarşımıza tüklü bir Dabbə (heyvan) çıxdı. Tükü çox olduğundan biz onun arxa və qabağını seçə bilmirdik. Biz ona: «Sən kimsən?» deyə soruşduq. O, da: «Mən Cəssəsəyəm» dedi. Biz: «Cəssəsə nədir?» deyə soruşduq. O, məxluq: «Ey topluluq siz ibadətgahdakı adamın yanına gedin. Çünki o, sizin gəlməyinizi çoxdan arzulayır» dedi. Dəbbə bizə o, adamı vəsf etdikdə biz onun şeytan olmasından qorxduq. Nəhayət o, ibadətgaha gəldik. Orada cüssə baxımından insanların ən irisi olan, ayaqları əllərinə çarpaz vəziyyətdə bağlanmış birisini gördük. Biz ona: «Sən kimsən?» deyə soruşduq. Qarşılığında o: «Sizlərin kimlər olduğu barədə mənə xəbər verin» dedi. Biz də hər şeyi olduğu kimi ona xəbər verdik. O: «Mənə Şamda olan Nəhmu Beysən adlı yerdən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Xurmalarından deyirəm. Onlar meyvə verirlərmi?» dedi. Biz: «Bəli, verir» dedik. O: «Onun meyvə verməmək vaxtı yaxınlaşır» dedi. O: «Mənə Təbəriyyə gölündən xəbər verin?» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «Onda su varmı?» dedi. Biz: «Onun suyu çoxdur» dedik. O: «Xəbəriniz olsun ki, onun suyunun çəkilib getməsi zamanı yaxınlaşır» dedi. O: «Mənə Şamın qiblə hissəsində olan Aynu Zuqardan xəbər verin» dedi. Biz: «Sənə onun hansı halından xəbər verək?» dedik. O: «O, bulaqda su varmı? Oranın əhalisi o, bulaqdan istifadə edirmi?» dedi. Biz: «Bəli, o suyu bol olan bir bulaqdır. Əhalisi də o, bulağın suyundan istifadə edirlər» dedik. O: «Mənə Nəbiyyul-Ummiyin (ümmətlərin Peyğəmbəri) haqqında xəbər verin? O, nə edir?» dedi. Biz ona: «Məkkədən çıxıb Yəsribə (Mədinəyə) hicrət edib» dedik. O: «Ərəblər onunla müharibə edirlərmi?» dedi. Biz: «Bəli» dedik. O: «Onun vəzifəsi nədir? Peyğəmbər onlara nə edir?» dedi. Biz: «Ərəblərdən ona dostluq edənlər və itaət edənlər zahir olmuşdur» dedik. O: «Həqiqətən bunlar oldumu?» dedi. Biz: «Bəli» oldu dedik. O: «Şübhəsiz ki, onların peyğəmbərə itaət etmələri onların özləri üçün xeyirlidir» dedi. İndi mən sizə özüm haqqımda xəbər verəcəyəm. Mən Məsihəm. Mənə çıxmaq üçün izn verilən zaman yaxınlaşır. İzn verildikdə mən yer üzündə gəzəcəyəm və qırx gecə içində elə bir yer olmayacaq ki, ora ayağım dəyməsin. Məkkə və Mədinədən başqa. Bunların hər iksi də mənə haram edilmişdir. Bu iki şəhərin hər girəcəyində dayanan mələklər əllərindəki qılınc ilə məni vuraraq bu şəhərlərə girməyə qoymazlar».

Fatimə b. Qeys - radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunları söylədi və əlindəki dəyənək ilə minbərə sürtərək və Mədinəni qəsd edərək: «Bura Teybədir! Bura Teybədir! Bura Teybədir!» deyə buyurdu. Sonra xəbəriniz olsun ki, mən bunları sizlərə söylədimmi? deyə buyurdu. Məsciddəki insanlar dedilər: «Bəli! Xəbər verdin!»378.

Bütün bu hadisələr öz baş vermə vaxtına görə ardıcıl gələcəklər və bir-birinin ardınca o, qədər sürətlə gələcəklər ki, insanlar göz açmağa imkan belə tapmayacaqlar. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidir. İp kəsildikdə dənələr bir-birinin ardınca töküldüyü kimi (Qiyamətin əlamətləri də bir-birinin ardınca bu cür sürətlə) gələcəkdir»379. O, dəhşətli, qulaqları kar edən və insanları sərxoş edən gün gəlməmişdən əvvəl Allaha yönəlin, nə etdikləriniz haqda düşünün. Çünkü o, gün düşünmək artıq fayda verməyəcəkdir. «Nəhayət qulaqları kar edən o, dəhşətli səs gələndə. O, gün insan qaçacaq qardaşından, anasından, atasından, zövcəsindən, oğullarından. O, gün onlardan hər birinin istənilən qədər işi olacaqdır». (Əbəsə 31-37). «Onu görəcəyiniz gün hər bir əmizli qadın uşağını unudar, hər bir hamilə qadın vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən. Halbuki onlar sərxoş deyillər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır». (əl-Həcc 2). Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Günəş batdığı yerdən doğmadıqca Qiyamət qopmaz. İnsanlar onu gördükdə yer üzündə olan hər kəs iman gətirəcəkdir. Əvvəlcədən iman etməmiş heç bir kəsə iman etməsinin fayda verməyəcəyi zamandır»380.
QİYAMƏTİN ADLARI

Qurani Kərimdən bizə məlum olan Qiyamət gününün bir çox adları vardır. İbn Kəsir Qiyamətin adlarının 80-dən çox olduğunu sayır381. Məs:



1. Yəumul-Bəss – məşhərə göndərilən gün. «Elm və iman sahibləri isə belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!”. (ər-Rum 56).

2. Yəumul-Xuruc – çıxarılacaq günü. «O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür!”. (Qaf 42).

3. Yəumul-Qiyəmə – qiyamət günü. «And içirəm Qiyamət gününə”. (əl-Qiyamət 1).

4. Yəumul-Həşr – toplanma günü. «O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sürətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür)». (Qaf 44).

5. Yəumul-Fəsl – ayırd etmə günü. «Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!». (ən-Nəbə 17).

6. Yəumul-Cəma – cəm etmə günü. «(Ya Peyğəmbər!) Şəhərlərin anası (olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) toplanış (Qiyamət) günü ilə qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insanların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə olacaqdır!». (əş-Şura 7).

7. Yəumul-Hisəb – haqq-hesab günü. «Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (Qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər”. (Sad 16). “Haqq-hesab günü üçün (axirətdə) vəd olunduğunuz (nemətlər) bunlardır”. (Sad 53).

8. Yəumul-Vaid – vəd olunmuş gün. (Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu vəd olunmuş gündür (əzab günüdür)!”. (Qaf 20).

9. Yəumul-Həsra – peşmançılıq günü. (Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi Qiyamət günü) ilə qorxut!”. (Məryəm 39).

10. Yəumul-Xuld – əbədiyyat günü. “Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”. (Qaf 34).

11. Dərul-Xuld – əbədiyyət yurdu. “Budur Allahın düşmənlərinin cəzası – Cəhənnəm (cəhənnəm odu)! Ayələrimizi inkar etmələrinin cəzası olaraq onların əbədi məskəni oradadır!”. (Fussilət 28).

12. Yəumut-Taləq – qarşılaşma günü. “Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!”. (Ğafir 15).

13. Yəumud-Din – sorğu-sual günü. “Haqq-Hesab (Qiyamət) gününün sahibinə!”. (əl-Fatihə 4).

14. Həqqa – haqq üzə çıxacağı gün. “Haqq olan qiyamət! Nədir Qiyamət?! Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)”. (əl-Haqqə 1-3).



15. Qariə – qəlbləri təşvişə salan gün. “Ürəkləri dəhşətə salan qiyamət! Nədir Qiyamət?! Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!”. (əl-Qariə 1-3).

16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı? (O gün) bir çox üzlər zəlil görkəm alacaq”. (əl-Ğaşiyə 1-2).

17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).

18. Əzifə – yaxınlaşmaq günü. (Ey insanlar!) Yaxınlaşam (Qiyamət) yaxınlaşdı”. (ən-Nəcm 57).

19. əs-Saat – “O, saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz!”. (əl-Ğafir 59).

20. Darul-Axira – axirət diyarı. “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”. (əl-Ənkəbut 64).

21. Darul-Qarar – “Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur!”. (əl-Ğafir 39).

22. əl-Vaqiə – vaqe olan gün. “Qiyamət vaqe olacağı (qopacağı) vaxt”. (əl-Vaqiə 1).

23. Tamattu Kubra – “O böyük bəla (Qiyamət) gələndə”. (ən-Nəziət 34).

24. əs-Sahhə - qulaqları kar edən. “Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (İsrafil surunu çalanda)”. (Əbəsə 33).
ÖLÜM

Bizlər ölən yaxud öldürülən, ya da hər hansı bir səbəblə həyatı sona çatan hər bir kəsin əcəli ilə öldüyünə və onun əcəlindən heç bir şeyin əskilmədiyinə iman edirik. (Ya Muhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız». (əs-Səcdə 11). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87).



Ölüm Iki Cürdür: 1. Yuxu – Allah Qurani Kərimdə yuxunu ölüm adlandırır. «Allah (əcəli çatan kimsələrin) canlarını öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar». (çünkü yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir)». (əz-Zumər 42). Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazına yatıb qaldıqda buyurdu: «Allah bizim ruhumuzu aldı və istədiyi vaxt qaytardı»382.

2. Həqiqi Ölüm – «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35).

Ölüm acı bir həqiqətdir. Hər bir canlı onunla qarşılaşır, ondan qaça bilmir. Canlı varlılıqların heç biri bu həqiqətə qarşı durmaq qüdrətinə malik deyillər. O, hər an baş verə bilər, onunla böyük də, kiçik də, varlı da, kasıb da, güclü də, zəif də üzləşir. «Hər bir kəs ölümü dadacaqdır». (Ali-İmran 185). (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: «Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər» deyənlərə söylə ki, əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın. (Ali-İmran 168).

Hamı onun qarşısında bərabərdir. O, qaçılmaz bir taledir, ondan xilas yoxdur, ona mane olacaq bir qüvvə, bir vasitə də yoxdur. Onun qarşısını almaq, onu gecikdirmək də olmaz. Ona təslim olmaqdan başqa bir çıxış yolu da yoxdur. «Heç kəs səhər nə əldə edəcəyini (savab, yaxud günah qazanacağını) heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır». (Loğman 34).

Həyatı bəxş edən də Allahdır, müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə insan istər evində, istər ailəsi yanında, istər ruzi axtarışında və s. harda olursa olsun verdiyini geri alan da Allahdır. «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərsində olsanız belə, ölüm sizi haqlayacaqdır». (ən-Nisa 78).

Bu günə qədər heç bir kəsə ölməzlik bəxş olunmayıb. Yaradılmışların ən xeyirliləri olan Peyğəmbərlər belə ölümdən yaxa qurtara bilməyiblər. Baxın, görün Allah – subhənəhu və təalə – onlar haqqında nə buyurur: (Ya Muhəmməd!) «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməzlik) vermədik. Belə olduqda sən ölsən onlar dirimi qalacaqlar?» (əl-Ənbiya 34). (Ya Peyğəmbər!) «Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər». (əz-Zumər 30).

Bəli, bu qədər ayələri dinlədikdən sonra «Beş günlük dünyadır, kef etmək lazımdır» deyənlərin aqibəti necə olacaqdır. «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Ləzzətlərlə dolu həyata son qoyan ölümü tez-tez yada salın»383. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Ey Adəm övladı! Anan səni dünyaya gətirəndə sən ağlayırdın, ətrafdakılar isə sevinirdilər. Elə əməl et ki, ölüm anında onlar yığışıb ağlayanda sən sevinəsən».



Bütün varlılıqların yaradanı Allahdır, qayıdış da Allahadır. Ondan başqa qayıdış məqamı yoxdur. Bu qayıdışdan başqa bir tale yoxdur. Fərq yalnız əməl və niyyətdə, gedilmiş yol və məqsəddədir. Son isə birdir: «Müəyyən olunmuş vaxtda, ayrılmış müddətdə ölümdür, Allaha qayıdışdır, məhşər və toplanış günündə cəmləşməkdir. Allahdan mərhəmət və məğfirət ya da qəzəb və əzabdır». Əbu Zərr əl-Ğifari - radıyallahu anhu –, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Uca və Böyük olan Allahdan belə buyurmuşdu: «Ey mənim qullarım! Mən zülmü özümə haram etdim. Onu sizin aranızda da haram edirəm. Buna görə də bir-birinizə zülm etməyin….Ey mənim qullarım, nə etsəniz onlar sizin əməllərinizdi. Mən onları sizin üçün sayıb, sonra əskiltmədən sizə verəcəyəm. Hər kim xeyir əldə edərsə bundan ötrü Allaha həmd etsin. Hər kim də bundan başqa bir şeylə qarşılaşarsa özündən başqa heç kəsi qınamasın»384. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah o, kəslə görüşmək istəyir ki, o da (Rabbi ilə) görüşməyi arzulayır. O, kəslə görüşmək istəmir ki, o da (Rəbbi ilə) görüşməyi arzulamır». Aişə - radıyallahu anhə – dedi: «Ya Rəsulallah! Sən ölümü deyirsən? Axı o bizim xoşumuza gələn bir hal deyildir!». O, dedi: «Yox, bu siz fikirləşdiyiniz deyildir. Mömin bəndəyə Allahın rəhmi, mərhəməti və Cənnəti haqqında xəbər verildikdə o, da onunla (Rəbbi ilə) görüşü arzulayır. Allah da həmin bəndə ilə görüşü arzulayır. Kafir bəndəyə Allahın əzabı, qəzəbi və Cəhənnəmi haqqında xəbər verildikdə o, da onunla (Rəbbi ilə) görüşməyi arzulamır. Allah da həmin bəndə ilə görüşməyi arzulamır»385. Cabir – radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından üç gün qabaq belə dediyini buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl zənn etməkdən başqa halı üzərə ölməsin»386.

Ölümü Arzulamamaq: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Heç biriniz ölümü əsla istəməsin və ölüm gəlmədən də gəlməsinə dua etməyin. Çünki sizdən bir öldüyü zaman əməli kəsilir. Həm də möminin ömrü ona xeyirdən başqa bir şey artırmaz”387. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə ona toxunan zərərdən ötrü ölümü istəməsin. Əgər bunu etmək mümkün deyilsə onda desin: Ya Rəbbim! Yaşamaq mənə xeyirli olduğu müddətdə məni yaşad, ölümüm mənə xeyirli olduğu zaman ruhumu al (Başqa rəvayətdə: Əgər yaxşı kimsədirsə ümüd edilir ki, yaxşılığı artırsın, Pis kimsədirsə ümüd edilir ki, qayıdar (tövbə) edər)”388. Ənəs - radıyallahu anhu – deyir ki: “Əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölümü istəməkdən nəhy etməsəydi ölümü istəyəcəkdik”389.

Allaha İtaət İlə Keçirilən Ömür: Əbu Bəkrətə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər: “Ya Rəsulallah! Insanların hansı daha xeyirlidir?” deyə soruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ömrü uzun olub, əməli gözəl olandır”. Sonra adam: “İnsanların hansı daha şərlidir” deyə soruşdu. Peyğəmbər: “Ömrü uzun olub, əməli pis olandır” deyə buyurdu390.

Dini Bir Fitnə Qorxusundan Ölümü İstəmək: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o, vaxta qədər ki, qəbrin yanından keçən insanlar – «Kaş ki, onun yerində mən olaydım» deməyincə391. Sovban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya Rəbbim! Xeyirli əməllər etməyi, günahlardan çəkinməyi, miskinləri sevməyi mənə nəsib et. İnsanlara bir fitnə təqdir etdiyin zaman məni fitnəyə bulaşdırmadan yanına al!”392. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını (dinlərini) dünya malına satacaqlar»393. Sələflər deyirlər ki: “Ölüm yox olub getmək deyildir. O, ancaq ruhun bədəndən əlaqəsinin kəsilməsidir. Ölüm bir ayrılmaqdır. Ruh ilə bədən arasına girən bir pərdədir. Ölüm bir dəyişiklikdir. Dünyadan Axirətə köçməkdir”. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölüm qənimətdir, Günahlar müsibətdir, Fəqirlik rahatlıqdır, Zənginlik cəzadır, Ağıl hidayətdir, cahillik zəlalət və sapıqlıqdır, zülm peşmanlıqdır, itaət gözün nurudur, Allah qorxusundan ağlamaq atəşdən qurtulmaqdır, gülmək bədənin fəlakətidir, günahdan tövbə edən günahsız kimidir”394. Mahmud b. Ləbid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki şey var ki, İnsan oğlu onlardan iyrənir. Ölümdən iyrənir, halbuki onun üçün ölüm fitnədən daha xeyirlidir. Malın azlığından iyrənir, halbuki az malın sorğu-sualı daha azdır”395. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Zərr - radıyallahu anhu – ya buyurdu: “Ey Əbu Zərr! Dünya möminin zindanı, qəbr əminliyi, Cənnət isə qərargahıdır. Dünya kafirin Cənnəti, qəbr onun əzabı, Cəhənnəm isə dönüş yeridir”396. İbni Mubarək və İbni Əbi Şeybə və Mərvəzi Rabi b. Haysəndən rəvayət edir ki: “Möminin gözlədiyi qeybi şeylər içində ölümdən daha xeyirli heç bir şey yoxdur”397. Əbu Darda - radıyallahu anhu – rəvayət edir ki: “Rəbbimə təvəzökarlıq üçün fəqirliyi, ona qovuşmaq üçün ölümü sevərəm, günahlarıma kəffarə üçün xəstəliyi sevərəm”398. Ölüm mələyi İbrahim - əleyhissəlam - ın ruhunu almaq üçün gəlmişdir. İbrahim: “Ey Mələkul Movt! Heç dost dostun ruhunu alarmı?”. Ölüm mələyi Rəbbinə dönərək Allah ona buyurdu: İbrahim - əleyhissəlam - de: Heç dost dosta qovuşmaqdan çəkinərmi?”. Mələk bunu İbrahim - əleyhissəlam - xəbər verincə İbrahim: “Ruhumu al!” dedi399. Həyyan b. əl-Əsvəd deyir ki: “Ölüm bir körpüdür. Dostu dosta qovuşdurur”400.

Ölümü Xatırlamaq: Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ölümü çox xatırlayın. Çünki ölümü anmaq günahları təmizlər, insanın əlini dünyadan çəkər, zəngin ikən ölümü xatırlamaq azğınlıqdan qoruyar, fəqir ikən ölümü xatırlamaq yaşamağa razı edər”401. Sələflər deyirlər ki: “Kim ölümü çox zikr etsə ona üç şey ikram olunar: Tövbəni tezləşdirər, qəlbində (az ruzi ilə) qənaətkar olar, ibadətində sevinc və fərəh hiss edər. Kim də ölümü unudarsa ona üç şey ilə cəza verilər: Tövbəni gecikdirər, (az ruzi ilə) qənaətkar olmaz, ibadətində tənbəl olar”402. İbrahim Teymi – rahmətullahi aleyhi - deyir ki: “İki şey məndən dünya ləzzətlərini kəsir: “Ölümü və Allahın hüzurunda durmağı zikr etmək”403. İbrahim ət-Teymi – rahmətullahi aleyhi - deyir ki: “Ölümü zikr etmək zənginlikdir”404. Kəb – rahmətullahi aleyhi - deyir ki: “Kim ölümü haqqıyla tamsa dünyanın müsibət və qəmi ona asant gələr”405. Malik b. Dinar – rahmətullahi aleyhi - deyir ki: “Əməl və ibadətdə qəlbin həyat tapması üçün ölümü zikr etmək bəs edər”406. Səfiyyə rəvayət edir ki, bir qadın qəlbinin sərtliyindən Aişə - radıyallahu anhə – yə şikayət edir. O: “Ölümü çox zikr et, qəlbin yumşalır” dedi407. Əli - radıyallahu anhu – deyir ki: “İnsanlar yatıblar, öldükləri zaman oyanırlar”408.

Ölümü Xatırlamağa Yardımçı Olan Şeylər: Bureydə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəbirləri ziyarət etməkdən sizləri qadağan etmişdim. Artıq onları ziyarət edin…»409. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Anam üçün istiğfar diləmək üçün Rəbbimdən izin istədim mənə izin vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izin istədim mənə izin verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti ölümü xatırladır»410. Əbu Səid - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizlərə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin»411.

Allaha Hüsnü Zən Etmək: Cabir – radıyallahu anhu – rəvayət edir ki, mən Peyğəmbər - sallallahu aleyhi və səlləm – vəfatından üç gün qabaq belə buyurduğunu eşitdim: «Sizlərdən hər hansı biriniz Allaha gözəl zənn etməkdən başqa halı üzərə ölməsin»412. Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: “Mən qulumun qəlbində iki qorxu və iki əminliyi cəm etmərəm. Kim məndən qorxsa, axirətdə onu əmin edərəm. Kim də dünyada məndən (əzabımdan) əmin olsa, axirətdə onu qorxuda buraxaram”413. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ölüm anında olan bir gəncin yanına daxil oldu. Ona: “Özünü necə hiss edirsən?” deyə buyurdu. O: “Allaha ümüd edirəm və günahlarıma görə qorxuram” dedi. Peyğəmbər: “Belə bir məqamda qulun qəlbində ümüd və qorxu birləşərsə Allah ümüd etdiyini ona verər və qorxduğundan da onu əmin edər”414. İbrahim – rahmətullahi aleyi - deyir ki: “Sələflər ölüm üzərə olan kimsəyə Rəbbinə yaxşı zən bəsləsin deyə gözəl əməllərini xatırlamağı gözəl görərdilər”415.

Sui Xatimənin Ölüm Öncəsi Əlamətləri: Artıq gözəl sonluqdan qorxmaq müttəqilərin belini qırmışdır. Əgər sən ölüm ayağında olan çoxlarının halına baxsan görərsən ki, onlarla gözəl sonluq arasında bir maneə vardır. Onların pis əməlləri bir cəza olaraq onlarla gözəl sonluq arasına girmişlər. Hafiz Əbu Muhəmməd AbdulHəqq b. AbdurRahmən İşbili deyir ki: «Bil ki, pis sonluğun müəyyən səbəbləri, yolları və qapıları vardır. Bunlardan ən böyüyü dünyaya qapanmaq, axirətdən üz döndərmək, günahlara cürətlə getməkdir. Günah insana güc gəlir və onun qəlbini örtür, ağlını silir, nurunu söndürür. Bundan sonra da o, kimsə heç bir nəsihət də fayda vermir. Əksər hallarda ölüm də ona elə bu vaxtlarda gəlir. O, kimsə təlqin edənin - Lə İləhə İlləllah - sözlərini uzaqdan bir nida kimi eşidir. Səsin nə olduğunu və nə qəsd olunduğunu anlamır. Hətta o, təlqin edən nə qədər də təkrar etsə də belə”. Sufyan əs-Souvri rahmətullahi aleyhi - bir gün səhərə qədər ağlayır. Səhəri ondan soruşduqda ki, səni ağladan günahlar idi. O: «Saman çöpünü götürərək deyir: «Günahlar bundan da yüngüldür. Lakin məni ağladan pis sonluqdur». Buna görə də heç kəs əməlinin çoxluğuna görə sonunun yaxşı olmasına arxayın olmasın. Bəziləri Lə İləhə İlləllah kəliməsini inkar və rədd etmiş, bəziləri bu kəliməni söyləyə bilmədiyini, söyləməsinə maneə olduğunu – Allah Qorusun – demişlər. Əbu AbdurRahman əl-Yəməni deyir ki: “Ölüm anında olan birisinə Lə İləhə İlləllah deməyi təlqin etmiş və o da: Xeyir, söyləməyəcəyəm” demişdir416. İbn Əbi Dunyə rəvayət edir ki, Əbu Həsən b. Əhməd deyir ki, ölüm anında olan birinə: “Allahdan bağışlanma dilə” dedilər. O: “İstəmirəm” dedi. Ona: “Lə İləhə İlləllah” de. O, isə çəkdiyi sıxıntı vəəzabdan: “Söyləməyəcəyəm” dedi və öldü417.

Sələflər hansı ki, onların gündüzləri orucla, gecələri ibadətlə keçirdi bu qədər əməllərinə baxmayaraq onlar pis sonluqdan qorxurdular. İnsan qorxmalıdır günahlarının onunla yaxşı sonluq arasına girməsindən. Hafiz Əbu Muhamməd rahmətullahi aleyhi - deyir ki: «Əgər bir kəsin zahiri də, batini də saleh olarsa onun sonu pis qurtarmaz. Belə bir şey Allaha həmd olsun ki, heç vaxt eşidilməyib. Bir kəsin batini də, zahiri də sağlamdırsa onun pis bir sonluqla qurtarması barəsində bir şey eşidilməyib. Sonu pis qurtaran kimsə əqidəsi pozulmuş və ya o, kimsə böyük günahlar üzərində davam edəndir. İnsan artıq o, günahlara elə bir şəkildə qurşanar ki, tövbə etməyə imkan tapmadan ölüm ona gələr. O, insan içini islah etməzdən əvvəl ölüm onu yaxalayar - Allah qrusun! - Şeytan o, vaxt onu ələ keçirir».



Amma zalımlar (günahkarlar) isə elə bil ki, Allahdan bir əhd alıblar. Şair deyir ki: «Ey çirkin əməl edərək əmin olan şəxs. Sənə Allah tərəfindən bir əhdmi gəlib. Sən iki şeyi cəm etmisən. Arxayınçılıq və öz istəyinə tabe olmaq». Bunların biri insanı həlak etməyə kifayətdir. Sən səfehliyinə görə əkin vaxtı bir şey əkmədin. İnsanlar biçdiyi vaxt sən nə əldə edəcəksən. Bu ötəri bir həyatla məşğulsan. Sən daha çox aldanmısan yoxsa ticarətdə aldanan. Halbuki, o kimsə itirdiyini yenidən əldə edə biləcəkdir. Sən isə əbədi həyatı tərk edərək ötəri həyatla məşğulsan.

Sui Xatimənin Ölüm Anında Olan Əlamətləri: Adil b. Abdullah Suaydan “Təzkiratul İhvan” s. 47-48 əsərində qeyd edir ki: “Fərqli bölgələrdə olan bir çox ölü yuyanlar yuma əsnasında şahidi olduqları bəzi əlamətləri mənə zikr etmişdilər. Hamısı da ölülərdə eyni şeyin şahidi olmuşlar bu rəvayətlərin əksəriyyəti də bir-birinə bənzəyir. Mən özüm də bir çox ölü yudum və bu işdə iştirak etdim. Bir çox şeylərin şahidi oldum.

Mənə biri dedi ki: “Bir adam yudum. Rəngi sarıydı. Yumağa başladıqda başından bədəninin ortasına qədər qaralmağa başladı. Yumağı qurtardıqda bədəni sanki kömür kimi qapqara idi”. Yenə də: “Bir ölü yuyurdum Sol çiyniüstə uzanmışdı. Sağ tərəfə döndərdim, sola qayıtdı. Hətta qibləyə tərəf döndərib sağ çiyni üstə qoydum. Üzünü qiblədən döndərdi”. Yenə də: “Birini yuyurdum Rəngi sarıydı. Yumağı qurtardıqda qara olmuşdu. Soruşdular: “Saqqal kimi qara?”. O: “Kömür kimi qara” dedi. Sonra gözlərindən ağlıyır kimi qan axmağa başladı (Gözlərindən və burnundan pis qoxulu qan axmağa başladı)”. Həmçinin - Bir çox qəbir soyanlar olmuş ki, bu əməlinə tövbə edərək bu yoldan dönmüşlər. Səbəbi isə: Ölülər dəfn edildiyi zaman sağ çiyni üstə dəfn olunurdular. Lakin qəbirləri açıldığı zaman onları qiblədən dönən, sol çiyni üstə görürdülər. Həmçinin – Bir cənazə yuyan deyir ki: “İllər boyu çox sayda cənazə yudum. Üzləri qiblədən dönən 100 dən çox ölü xatırlayıram”. Yenə də: “Bir cənazəni qəbirə qoyub qibləyə tərəf çevirdikdə gördüm ki, üzü yerə tərəf dönmüş və burnu torpağa batmışdır. Başını təkrar qibləyə çevirdim və başının altına torpaq tökdüm. Lakin yenə də üzünü döndərdi və burnu torpa batdı. Bu şəkildə beş dəfə təkrar etdim. Nəhayət ümüdüm kəsild. Onu o, halda buraxıb qəbiri başladım”418. Yenə də: “Bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qıldıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harad” deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”. Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruşunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: “Buranı buraxıb, digər bir yerdə qəbir qazın” dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur” dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çüxürün başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik. Şeyx: “Üzərini örtün” dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlünün halını soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı” dedi419. Ənəs b. Məlik - radıyallahu anhu – rəvayət edir ki, aramızda Nəccar oğullarından Bəqərə və Ali İmran surələrini oxuyan, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə katiblik edən bir kimsə vardı. Sonda qaçdı və Əhli Kitab oldu. Onu ucaltdılar və: “Bu Muhəmməd – sallallahu aleyhi və səlləm – in katibliyini edən bir adamdır” dedilər. (Peyğəmbər – sallallahu aleyhi və səlləm – i öz sözlərilə çox incidir). Lakin çox keçmir ki, Allah onun canını alır. Qəbir qazıb içinə qoydular. Lakin torpaq onu üzə atır. Sonra təkrar qazıb dəfn etdilər. Lakin yenə də torpaq onu üzə atır. Sonda əlacsız qalıb onu o halda da tərk etdilər”420. Amr b. Dinar – rahmətullahi aleyhi - rəvayət edir ki: “Mədinəli bir nəfərin bacısı vardı. Öldüyü zaman qardaşı onu dəfn edir. Dəfindən sonra evinə döndüyü zaman xatırladı ki, pul qoyulan kisə qəbirə düşüb. Yoldaşından xahiş edir ki, ona bu işdə yardım etsin. Gedib qəbiri qazırlar. Portmanını tapır. Adamdan xahiş edir ki, ondan uzaqlaşsın. Səbəbi isə baxım bacım hansı haldadır. Daşları qaldırdıqda gördü ki, qəbri od tutub yanır. Həmən qəbri örtüb anasının yanına gəldi. Bacısının nə etdiyi soruşdu. Anası: “Namazlaını təxirə salar (gecikdirər), dəstəmazsız qılar və qonşuların söhbətlərinə qulaq asaraq cəsusluq edirdi” dedi421. Əbul Fərəc b. Covzinin yoldaşı, İbni Farisi Kətbi öz “Tarix” kitabında qeyd edir ki: “Mən 590-da Bağdatda bir ölü gördüm. Hər tərəfi çürümüşdü. Sümüklərindən başqa bir şey qalmamışdır. Əl və ayaqlarından dəmirdən xamut (boyunduruq) vardır. Bədəninə iki mismar taxılmışdı. Biri göbək nahiyəsinə, digəri isə alnına... adamın eybəcər quruluşu vardır. Üzə çıxmasının səbəbi isə suların çoxalmasıydı. Tələl-Əhmər adlı bir təpənin yanındakı qəbirsanlığı su basmışdır”. İbn Qeyyim – rahmətullahi aleyhi - “Ruh” kitabında saleh bir qul olan Əbu Abdullah Muhəmməd b. Sinan əs-Sələmidən rəvayət edir ki: “Bağdatda Dəmirçilər bazarına bir nəfər gəldi. Kiçik, iki başlı mismarlar satdı. Dəmirçi onları alıb atəşə atdı. Lakin ərimədilər. Nə etdisə onları əridə bilmədi. Onları satanı çağırdı. Bu mismarları haradan gətirmisən. Satıcı: “Onları yerdən tapdım” dedi. Lakin dəmirçi əl çəkmədi. Adam: “Açıq bir qəbir gördüm. İçində bu mismarların sümüklərə keçirilmiş olduğunu gördüm. Sümüklər sındıraraq onları çıxardım” dedi. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Bir nəfər Mardindəki evindən çıxıb baxçasına getdi. Günəş batdıqdan sonra qəbirlərin arasından evimə dönürdüm. Birdən içindən alov püskürən bir qəbir gördüm. İçində də ölü vardı. Əllərimlə gözlərimi ovmağa başladım. Yuxudayam, yoxsa yox?” deməyə başladım. Vallahi yuxuda deyiləm – dedim. Dəhşət içində evimə gəldim. Ailəm yemək gətirdi, lakin yeyə bilmədim. Sonra şəhərə çıxaraq qəbirin sahibinin kim olduğunu öyrəndim. Öyrəndim ki, vergi yığa bir məmur idi”422. Allah Qorusun!

Hüsnü Xatimənin Olüm Öncəsi Əlamətləri: Şeyx əl-Albani – rahmətullahi aleyhi - Cənazə” kitabında bunları qeyd etmişdir:

1. Şəhadət Kəliməsi İlə Ölmək: Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kimin son sözü Lə İləhə illəllah olarsa Cənnətə daxil olar”423. Muaz - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Ölərkən Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və mənim Allahın Rəsulu olduğuma şəhadət edən bir kimsə bunu yəqin ilə inanan bir qəlb ilə söyləmiş olarsa mütləq Allah o kimsənin (günahlarını) bağışlayar”424. Təlhə b. Ubeydullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim buyurdu: “Həqiqətən mən elə bir kəlimə bilirəm ki, hansı qul ölərkən onu söyləyərsə mütləq rəngi açılar və Allah onun sıxıntısını, məşəqqətini aparar”. Ömər: “mən onun nə olduğunu bilirəm dedi. Təlhə: “Nədir?” dedikdə. Ömər: “Əmisi ölərkən söyləməsini istədiyi daha böyük bir söz bilirsənmi – Lə İləhə İlləllah” dedi. Təlhə: “Doğru söylədin, Vallahi odur!” dedi425.

2. Alın Təri Ilə Ölmək: Bureydə b. əl-Həsib - radıyallahu anhu – deyir ki, Xorasanda olduğum vaxt xəstə olan bir qardaşımın ziyarətinə getdim. Ölüm anında olduğunu gördüm. Alnı da tərləməkdə idi. Mən: “Allahu Əkbər! Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu dinlədim: Möminin ölümü alın təri ilə olur”426.

3. Cümə Gecəsi Və Ya Cümə Günü Ölmək: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cümə günü və ya cümə gecəsi vəfat edən elə bir müsəlman yoxdur ki, Allah onu qəbr fitnəsindən qorumuş olmasın”427.

4. Döyüş Meydanında Şəhid Olmaq: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar”. (Ali İmran 169-171). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidin Allah dərgahında 7 özəlliyi vardır: İlk damla (tökülən) qanı ilə bağışlanılır, Cənnətdə olan yerini görür, qəbr əzabından qorunur, (Qiyamət gününün) qorxusundan əmin olur, İmanın şirinliyini dadar (Hamı lüt olduğu zaman iman libası ilə geyindirilər), 72 Huril Ayn ilə evləndirilir və qohumlarından 70 nəfər haqqında şəfaətçi olur (Başqa rəvayətdə: Başına ucalıq tacı qoyular. Hansıki bir daşı dünya və onun içindəkilərdən xeyirlidir)”428. Bir nəfər: “Ya Rəsulullah! (Şəhid müstəsna) möminlər qəbirlərində fitnəyə məruz qalırlar” deyirlər. Peyğəmbər: “Onun (şəhidin) başı üzərində qılıncların parıltısı (oynaması) ona fitnə (imtahan və sual) olaraq kifayətdir”429. Xatırlama: Qəlbində ixlas ilə şəhid olmağı istəyən kimsə döyüş meydanında şəhid olmasa da belə şəhadətə nail olacağı umulur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim səmimi olaraq Allahdan şəhadəti diliyərsə yatağında ölsə də belə Allah onu şəhidlər mərtəbəsinə çatdırır”430.



5. Allah Yolunda Döyüşərkən Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizlər öz aranızda kimi şəhid sayırsınız?”. Səhabələr: “Ey Allahın Rəsulu! Allah yolunda öldürülən kimsə şəhiddir” dedilər. Peyğəmbər: “O, zaman ümmətimin şəhidləri az olur” deyə buyurdu. Səhabələr: “Onlar kimlərdir?” deyə soruşdular. Peyğəmbər: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ikən ölən də şəhiddir, Taundan ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, suda boğularaq ölən şəhiddir (Başqa rəvayətdə: Hər kim Allah yolunda (evindən) çıxar ölür ya da öldürülürsə şəhiddir, dəvəsi və ya atından düşərək (ölən) və ya bir həşərat tərəfindən sancılaraq, yatağı üzərində Allahın dilədiyi bir şəkildə ölən kimsə şəhiddir və onun üçün Cənnət vardır431)” deyə buyurdu432.

6. Taun Xəstəliyindən Ölmək: Sirinin qızı Həfsədən rəvayət edir ki, Ənəs b. Məlik - radıyallahu anhu – mənə dedi: “Yəhyə b. Əbi Amra hansı səbəbdən öldü”. Mən: “Taun” dedim. O: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Taun hər bir müsəlman üçün şəhadətdir”433. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Taun barəsində soruşdum o: “Taun, Allahın dilədiyi kimsələrin üzərinə göndərdiyi bir əzabdır. Lakin uca Allah onu möminlər üçün bir rəhmət etmişdir. Bir qulun yaşadığı bölgədə Taun baş qaldırarsa o, da Allahın onun üçün yazdığından başqa heç bir şey ona isabət etməyəcəyini bilər və səbr edərək yaşadığı yerdə qalmağa davam edərsə onun üçün şəhidin əcri kimi əcir vardır”434. Utbə b. Abd əs-Suləmi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Qiyamət günü) Şəhidlər ilə Taun səbəbiylə vəfat etmiş olanlar gətirilir. Taun xəstəliyindən ölənlər deyirlər: “Biz şəhidlərik”. Onlara: “Gözləyin, əgər sizin də yaralar şəhidlərin yaraları kimi qan axıdır, qoxusu da misk qoxusu kimi olarsa onlar şəhidlərdir. Onların bu halda olduqlarını görəcəklər”435.

7. Qarın Xəstəliyindən Ölmək: Abdullah b. Yəsar rəvayət edir ki, mən Süleyman b. Surad və Xalid b. Urfut ilə birlikdə oturmuşduq. Qarın xəstəliyindən vəfat edən bir adamdan söz etdilər. Bir də baxdım ki, hər ikisi də onun cənazəsinə getmək istəyir. Biri digərinə, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Qarnı özünü öldürən (qarın xəstəliyi səbəbiylə ölən) bir kimsə əsla qəbrində əzab görməyəcəkdir” deyə buyurmadımı? Digəri: “Bəli (Başqa rəvayətdə: Doğru söylədin) dedi436.

8 Və 9. Boğularaq Və Ya Uçqun Altında Qalaraq Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidlər beşdir: Taun ilə ölən, qarın xəstəliyindən ölən, suda boğularaq ölən, uçqun altında qalaraq (ölən) və Allah yolunda şəhid olan”437.

10. Doğuş Zamanı Ölmək (Uşağı Ilə Birlikdə): Ubadə b. Samit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Rəvahanı ziyarət etdi. Yatağında olduqda Peyğəmbər: “Sən ümmətimin şəhidlərinin kim olduğunu bilirsənmi?” deyə buyurdu. Oradakılar: “Müsəlmanın öldürülməsi bir şəhidlikdir” dedilər. Peyğəmbər: “O, zaman ümmətimin şəhidləri az olar: Müsəlmanın öldürülməsi şəhadətdir, Taun şəhadətdir, doğuş zamanı qadının ölməsi şəhadətdir (Uşağı anasının göbəyindən tutaraq onu Cənnətə çəkəcəkdir)”438.

11 Və 12. Yanğın Və Zatul Cənb Adlanan Xəstəlik Səbəbiylə Ölmək: Cabir b. Atik - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah yolunda öldürülən müstəsna olmaqla şəhidlər yeddidir: “Taun xəstəliyi ilə ölən, suda boğularaq ölən, Zatul Cənb xəstəliyi ilə ölən, qarın xəstəliyindən ölən, yanğından ölən, uçqun altında qalaraq ölən, doğuş zamanı (uşağı ilə) bərabər ölən qadın şəhiddir”439.

13. Vərəm Xəstəliyindən Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “...Vərəm xəstəliyindən ölmək şəhidlikdir”440.

14. Malını Qoruyaraq Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Malı uğrunda öldürülən (haqsız yerə malı alındığı zaman döyüşərək öldürülən) kimsə şəhiddir”441. Muharik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına bir kişi gələrək: “Ey Allahın Rəsulu! Bir nəfər gəlib malımı almaq istəsə (nə edim?)” dedi. O: “Ona Allahı xatırlat” dedyə buyurdu. Adam: “Xatırlamazsa (nə edim)” dedi. O: “Ətrafda olan müsəlmanlardan yardım istə” dedi. Adam: “Ətrafda müsəlman yoxdursa” dedi. O: “Elə isə Sultandan kömək istə” dedi. Adam: “Sultan məndən uzaqda olsa” dedi. O: “Bir şəhid olana qədər və ya malını qoruyana qədər mübarizə apar” deyə buyurdu442. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ey Allahın Rəsulu! Bir nəfər gəlib malımı almaq istəsə nə edim?” dedi. Peyğəmbər: “Malını ona vermə” dedi. O: “Mənimlə döyüşəsi olsa necə?” dedi. Peyğəmbər: “Səndə onunla döyüş” dedi. O: “Məni öldürsə necə?” dedi. Peyğəmbər: “Sən bir şəhidsən” dedi. O: “Mən onu öldürsəm necə” dedi. Peyğəmbər: “O, Cəhənnəmdədir” deyə buyurdu443.

15 Və 16. Din Və Canı Qorumaq Uğrunda Ölmək: Səid b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Malını müdafiə edərkən öldürülən şəhiddir, Ailəsini müdafiə edərkən öldürülən şəhiddir, Dinini müdafiə edərkən öldürülən şəhiddir, Canını müdafiə edərkən öldürülən şəhiddir”444. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Özünə edilən haqsızlığın qarşısını almaq uğrunda öldürülən kimsə şəhiddir”445.

17. Allah Yolunda Sərhəd Qoruyarkən Ölmək: Salman Farsi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bir gün və bir gecə (İslam dövlətinin sərhədlərini qorumaq) bir ay oruc tutub, namaz qılan kimsənin əməlindən xeyirlidir. Əgər bu kimsə ölürsə etdiyi əməli ona yazılmağa davam edilər, ruzisi verilər və (şeytanın) fitnəsindən əmin olar (Başqa rəvayətdə: Qiyamət günü şəhid olaraq dirildilir446)”447. Fadalə b. Ubeyd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər ölənin əməli möhürlənir. Yalnız Allah yolunda sərhədləri qoruyarkən ölən kimsə müstəsnadır. Onun əməli Qiyamət gününə qədər artırılır və qəbr fitnəsindən əmin olur”448.

18. Saleh Bir Əməli Edərkən Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim Allah rizası üçün Lə İləhə İlləllah deyərkən əməli onunla möhürlənərsə Cənnətə girər. Hər kim Allah rızası üçün bir gün oruc tutar və onunla əməli möhürlənərsə Cənnətə girər. Hər kim Allah rızası üçün bir sədəqə verir və əməli onunla möhürlənərsə Cənnətə girər”449.

19 Və 20. Dənizdə Ölmək (Dəniz Xəstəliyindən) Və Suda Boğularaq Ölmək: Ummu Həram - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dənizdə ölən şəhidin mükafatını alar, dənizdə batan isə iki şəhidin mükafatını alar”. Ummu Həram - radıyallahu anhə – deyir ki: “Kim ki, dənizdə dəniz xəstəliyindən ölərsə o, şəhidin mükafatını alar. Batan isə iki şəhidin mükafatını alar”450.

21. Vəhşi Heyvan Tərəfindən Parçalanaraq Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Uçqun altında qalaraq ölən, vəhşi heyvan tərəfindən parçalanaraq öldürülən, qarın xəstəliyindən ölən, batan, yanan şəhiddir”451.

22. Hündürlükdən Yıxılıraq Ölmək: İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim ki, dağdan yıxılaraq ölərsə, vəhşi heyvan tərəfindən, dənizdə batarsa şəhiddir”.

23. Zalım Hökmüdarın Yanına Gedərək Ona Yaxşılığı Əmr Edib Pislikdən Çəkindirərək Öldürülən Kimsə: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şəhidlərin seyyidi Həmzə - radıyallahu anhu – dur və zalım hökmüdarın yanına gedərək ona yaxşılığı əmr edib pislikdən çəkindirərkən öldürülən kimsədir”452.

24. Fitnələr Zamanı Dindən Tutan: Abdullah İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İrəlidə səbir zamanı var. O vaxt (sünnətə) sarılan kimsəyə əlli şəhid savabı var”. Ömər  soruşdu: “Ey Allahın Elçisi! Bizdən, yoxsa onlardan?” O buyurdu: “Sizdən!”453. Utba b. Qazvan - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Həqiqətən sizlərdən sonra səbr vaxtı gələcəkdir. Kim o günlərdə dindən bizim tutduğumuz kimi tutarsa sizlərdən 50 nəfərin (şəhidin) savabı vardır. Səhabələr: “Ey Allahın Peyğəmbəri! Onlardan (əlli nəfərin)?”- deyə soruşdular. O: “Xeyr, sizlərdən”454.

25. Su Basqını Zamanı Ölmək: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim su basqını zamanı ölərsə şəhiddir”455.

26. Mədinədə Ölmək: İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən kimsə Mədinədə ölə bilərsə qoy ölsün orada. Mən o kimsəyə şəfaətçi olaram”456.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə