Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə39/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   35   36   37   38   39   40   41   42   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

1)İntibah dövründə humanist fikir. “Humanizm” termini latın dilindəki “humanitas” sözündən götürülmüş və “insanilik” anlamını verir. Bu termindən ilk dəfə məşhur Roma natiqi və siyasi xadimi Siseron istifadə etmişdir. Onun üçün humanitas – insanın yüksəlişinə xidmət edəcək tərbiyə və təhsil deməkdir. İnsanın mənəvi təbiətinin kamilləşdirilməsi üçün qrammatika, fəlsəfə, poeziya, ritorika, etika və tarixdən ibarət fənlər kompleksinə xüsusi önəm verilirdi. Məhz bu fənlər İntibah mədəniyyətinin nəzəri bazası olmuş və “humanitar fənlər” (studia humanitatis) adını almışdır. XIV əsrdən bu fənləri tədqiq edənlər “humanistlər” adlandırılmışdır. Sonralar “humanizm” termini daha geniş məna kəsb etmişdir. Geniş mənada humanizm –insanilik, insan qabiliyyətlərinin maksimal inkişafı və insanın ləyaqətli həyat şəraitinin yaradılmasına cəhdlər deməkdir.
Humanizmin banisi italyan şairi və filosofu Françeska Petrarka (1304-1374) hesab olunur. Onun yaradıcılığında İtaliya İntibahının inkişaf yollarının başlanğıcı qoyulmuşdur. Yazdığı “Özümün və bir çox digərlərinin cahilliyi haqqında” adlı traktatında o, Orta əsrlərə xas olan sxolastik alimliyi qətiyyətlə inkar edir, bu alimliyi dövrünün insanı üçün faydasız olduğunu bəyanlayır.
Adı çəkilən traktatında Antik irsin dəyərləndirilməsinə prinsipial yeni yanaşma əksini tapır. Petrarkaya görə, ədəbiyyat və incəsənətin inkişafı görkəmli sələflərin kortəbii yamsılanması ilə yox, antik mədəniyyətin zirvəsinə yüksəlmək və onu yenidən düşünərək müəyyən məsələlərdə ondan önə keçməklə mümkündür. Petrarkanın qoyduğu bu yol, humanistlərin antik irsə münasibətdə aparıcı prinsip olmuşdur.
İlk humanist hesab edir ki, gerçək fəlsəfənin əsas məzmununu insan haqqında elm olmalıdır. O, bütün əsərlərində fəlsəfənin idrakın layiqli obyekti –insana doğru istiqamətlənməsinə çağırışlar etmişdir.
Petrarka öz mühakimələri ilə İntibah dövrünün şəxsi özünüdərkinin formalaşmasının əsasını qoymuşdur. Müxtəlif dövrlərdə şəxs özünü fərqli şəkildə dərk edir. Orta əsrlər insanı şəxsiyyət olaraq o prinsiplərə üstünlük verir ki, onun davranışı müəyyən sosial qrupun normalarına uyğun gəlir. İntibah insanı isə tədricən Orta əsrlərin universal anlayışlarından imtina edərək konkret, fərdi dəyərlərə müraciət edir.
Humanistlər insanı anlamağa yeni yanaşma hazırlayırlar. Onlar üçün insan şəxsiyyətinin dəyəri onun mənşəyi, və yaxud sosial mənsubluğu ilə yox, şəxsi xidmətlər və fəaliyyətinin məhsuldarlığı ilə müəyyənləşir, fərdiyyətçilik ön plana çıxarılır. Digər görkəmli humanist Lorenso Vallanın (1407-1457) yaradıcılığını fərdiyyətçiliyin əsl manifesti hesab etmək olar. Özünün əsas əsəri “Həzz haqqında” adlı traktatında o, həzzə cəhdi insanın əsas xassəsi bəyan edir. Onda əxlaq ölçüsü isə şəxsi bəxtiyarlıqdır.
L.Valla Epikür fəlsəfəsinə, xüsusilə onun əxlaq təliminə müraciət etmiş ilk humanistdir. O, Epikür təliminə yeni humanist etikanın əsaslandırılması üçün mənbə kimi baxmışdır. Onun nöqteyi-nəzərindən insan onu öncədən həzzə meylləndirən təbiətinə əməl etməli, nəinki ruhi, habelə cismani sağlamlığının qeydinə qalmalıdır. Ümumiyyətlə həzzə canatım Vallanın traktovkasında bütün insan fəaliyyətinə təkan verən əsas stimuldur. Həzz ali xeyirdir. Valla insana həzz verəcək bütün insani hissləri vəsf edir, və hətta insanda əlli deyil, yalnız beş hiss üzvü olduğuna təəssüflənir.
Mahiyyətcə, Valla əxlaqın əsas prinsiplərindən olacaq “həzzə apalogiyanı” formulə etmişdir. Lakin, bu zaman həzz yalnız hansısa rəzil cismani tələbatların ödənilməsi kimi başa düşülmür. Əksinə, Epikürdə olduğu kimi, o da həzz ideyasını insana eyni dərəcədə xas olan ruhi və cismani başlanğıcın harmoniyası kimi qavrayır.
Valla eyni zamanda insanları sırf cismani həzzə meyl etməkdən də çəkindirir: “Qeyd etmək lazımdır ki, mənim həzzin, və yaxud zövqün həmişə xeyir olmasından danışmağıma baxmayaraq, yenə də mən həzzə deyil, Allaha can atıram, həzz məhəbbətdir və Allah bu həzzi verir”.
Nəticədə “həzzə apologiya” bütün humanist ədəbiyyatında aparıcı mövzuya çevrilir. Epikür ideyaları vasitəsilə insan şəxsiyyətinin mahiyyəti haqqında, ayrıca insanın Allah və digər insanlarla qarşılıqlı münasibətləri haqqında yeni humanist ideyalar ifadə olunur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə