Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

32
Dəmir qapı Dərbəndi mühasirəyə almışdılar. Mühasirə də o vaxt başlamışdı ki, müridləri keçib 
getməyə qoymamışdılar. 
Qalanı almaq, bürcləri dağıtmaq üçün müridlərdə mancanaqlar, divar deşən alətlər yox idi. 
Qalanın  müdafiəçilərini  aclıqla  təslim  olmağa  məcbur  eləməkdən  başqa  elə  bir  yol  yox  idi. 
Dərbənddə hələ xeyli yemək və su vardı. Onlar tükənənə qədər kömək gəlib çıxa bilərdi. 
Bu  kömək  Heydər  gözlədiyindən  gec  gəldi.  Qala  təslim  olmaq  istədiyi  gün  bürclərdə
uzaqdan toz qalxdığını gördülər. Qalada təslim olmaq istəməyənlərin sevinc nidaları müridlərin 
təəccübünə səbəb oldu. Onlar da toz dumanını gördülər. 
Şeyx Heydər bir dəstə müridi qabağa göndərdi ki, görsün kimlərdi gələn. Onları Süleyman 
Bicanoğlunun yanına gətirdilər. 
Qırx-qırx  beş  yaşlı  bu  sərkərdə  atın  üstündə  oturub  gələn  elçiləri  dinlədi.  Sonra  onların 
başındakı qırmızı börkləri göstərib: 
– Məni bir başa salın görüm siz kimsiniz? 
– Biz qızılbaşlarıq. 
–  Qızılbaş,  –  deyə  Süleyman  Bicanoğlu  gülümsədi.  Qızıl  xəzinədə  olar.  Kəsilsin  o  qızıl 
başlar. 
Bir anın içində beş nəfər elçinin qırmızı börklü başları nizələrə keçirildi. 
Şeyx  Heydər  gördü  ki,  bu  qoşunla  vuruşmaqdan  başqa  çarə  qalmayıb.  Amma  burada 
döyüşə  girmək  ona  qələbə  gətirə  bilməzdi.  Müridlərin  hamısını  Dərbəndin  mühasirəsindən 
çıxardı.  Dağlarla  üzü  Şamaxıya  tərəf  yol  aldı.  Elə  bir  yerdə  o  döyüşə  girmək  istəyirdi  ki, 
üstünlük  onun  tərəfində  olsun.  Amma  Süleyman  Bicanoğlu  da  təcrübəli  sərkərdə  idi.  Uzun 
Həsən  Otluqbellidə  Fateh  Sultan  Məhəmmədə  qalib  gəldiyi  döyüşdə  iştirak  eləmiş,  igidlik 
göstərmişdi.  O,  başa  düşdü  ki,  Şeyx  Heydər  müridləri  dağlara  aparmaqda  məqsədi  döyüşdən 
qaçmaqdı. O, vaxt qazanır. Müridlər tə’qibdən qurtarsalar, sonra elə bir yer tapıb onlarla döyüşə
girəcəkdir  ki,  orada  Şirvanşahla  Ağqoyunlu  sərkərdəsinə  heç  nə  kömək  edə  bilməyəcək.  Şeyx 
Heydərin  müridləri  onların  əsgərlərindən  daha  möhkəm,  daha  iradəli  idi.  Onu  öldürə  bilərsən, 
amma qaçmağa məcbur eləyə bilməzsən. 
Gecə keçdi. Hər iki qoşun yatmadı. Hər ikisi yol gedirdi. Süleyman Bicanoğlu döyüş üçün 
yer seçmişdi. Onların yolu çayın sahilində yastanalara çıxdı. Hər tərəfi yarğandı. Özünün seçmə
süvarilərini həmin yastanaya gətirdi. Sərrast oxatan Mosul atıcılarını da elə yerləşdirdi ki, ensiz 
yolla gələn müridlərə çoxlu tələfat versinlər. 
Döyüş səhər işıqlaşanda başladı. 
Müridlər düşməni qarşıda görəndə: “Qurban olduğum, sadağa olduğum pirim, mürşüdüm”-
deyə  onların  üstünə  atıldılar.  Qılınclar  qalxanları  çeynəyib  tökür,  qollar,  başlar  üzülüb  düşür, 
kiçik  bir  yastana  döyüş  üçün  darısqallıq  eləyir,  çoxlu  döyüşçü  atla  bərabər  yarğanlara  uçurdu. 
Süleyman Bicanoğlunun süvariləri əzilib geri çəkilməyə başladılar. 
Şeyx  Heydər  atını  bir  dikin  üstündə  saxlayıb  yeni-yeni  dəstələri  irəli  göndərir,  döyüşü 
idarə eləyirdi. Hüseyn Lələ bəy də onun yanında dayanmışdı. Birlikdə tədbir görürdülər. 
–  Aşağıdan  gələnlərin  qabağını  saxlayıb  qalan  müridləri  çayın  kənarı  ilə  yuxarı
aparmalıyıq. Yolu dəyişib, onları azdır. 
Söz  Şeyx  Heydərin  dodaqlarında  qaldı.  O,  qabağa  əyildi,  kürəyindən  qanlı  oxun  ucluğu 
göründü. Hüseyn Lələ bəy atını Ülkərə yaxınlaşdırdı. Özü də qışqırdı: 
– Dədə bəy! 
Dədə bəy atını çapa-çapa gəldi. Əlində siyirmə qılınc vardı. Qan onun əlinə, paltarına, atın 
yalına sıçramışdı. 
Dədə bəy, mən şeyxi bu meşəyə endirirəm. Müridləri o dağa tərəf apar. 
– Qurban olum, ay Şeyx, nə oldu sənə? 
– Heç, yüngülcə yaralanmışam. Möhkəm dayanın. 
Dədə bəy onun kürəyindən ox çıxdığını görmədi. 
Hüseyn  Lələ  bəy  Şeyx  Heydəri  meşəyə  gətirdi.  Ağacların  arasından  keçən  günəş  şüaları 
gümüş xəncərlər kimi göy otluqlara sancılırdı. Burada “qurban olduğum, sadağa olduğum, pirim, 
mürşüdüm” nidaları eşidilmirdi. Meşəni quş səsi başına götürmüşdü. Dostunu yəhərdən endirdi. 


33
Bir daşın üstündə oturtdu. Ox ucluğunu çıxarıb atdı. Sinəsindən lələklə qarışıq oxu tutub çəkib 
çıxartdı. Heybəsindən sarğı, məlhəm çıxartdı. Onu otlar üstündə uzandırdı. 
Hardasa bülbül oxuyurdu. 
Onun sulanmış gözləri qarşısında Aləmşahbəyim dayandı. Oğlanları əl-ələ verib elə bil ona 
baxırdılar. 
– Vaxt itirmə, qulaq as.  
– Yaranı sarıyım, sonra. 
– Keçdi. Məni dəfn eləyəndən sonra müridləri burax. Hərəsi öz yerinə qayıtsın. Özün də
Ərdəbilə qayıt. Oğlanlarımı, Aləmşahbəyimi sənə tapşırıram. Babamın batin kitablarının yerini 
bilirsən. Mənim işimi sən davam eləyəcəksən. Vaxt... 
O, son sözlərini deyib qurtaranda Ülkər ayaqlarını yerə döyüb kişnəyirdi... 
KÖRPƏ DUSTAQLAR... 
Qala  divarının  üstündəki  daş  yolla  yaşlı  bir  qadın  qaça-qaça  gəldi.  Uzun  qara  tumanının 
ətəkləri  ayaqlarına  dolaşırdı.  Başına  yaylıq  örtmüş,  başqa  bir  ləçəyi  alnından  çəpəki  keçirib 
yaylıqla  bərabər  bağlamışdı.  O,  Aləmşahbəyimlə  İsmayıla  çatdı.  Gördü  ki,  Aləmşahbəyim 
ağlayır, əllərini quru sinəsinə çırpdı. 
– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə göz yaşlarıdı? 
Aləmşahbəyim  qala  dişləri  arasından  gözlərini  uzaqlara  zilləyib,  yanağından  axan  yaşı 
sildi. Cavab vermədi. 
–  Heç  mən  də  bilmirəm,  anam  niyə  ağlayır.  İsmayıl  kişi  kimi  xidmətçi  qadın  Səkinəyə
baxdı. Aləmşahbəyim uca, sərv qamətini düzəltdi: 
– Səkinə, get süfrəni hazırla, uşaqları da çağır, biz də gəlirik, – dedi. 
O, öz dərdini özü çəkməyi öyrənmişdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kişnəyənə 
qədər dərdini deməyə sirdaşı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı. 
Səkinə getmirdi. Aləmşahbəyimi ovutmağa çalışırdı. 
– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan? 
– Səkinə, sənin əslin hardandı? 
Səkinə öz taleyindən çox danışmışdı. İndi də soruşur. Yə’ni yadından çıxıb. Çıxar, unudar. 
Bu qədər dərdin içində adam öz adını da yadından çıxarır. 
– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada 
böyümüşəm. Kim daş deşiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daşın 
dalında  bir  oğlan  gizlənib  bizə  baxırdı.  Bir  gün  bir  od  gəldi,  bir  alov  qaladı.  Kəndimizi 
yandırdılar.  Atam-anam  necə  oldu  bilmədim.  Biz  qırx  qızı  zəncirə  vurub  bazarlarda  satdılar. 
Gəlin  olacaqdım,  kəniz  oldum.  Daha  qocalmışam,  saçlarım  da  ağarıb.  Yaxşı  ki,  sizin  kimi 
insanların arasına düşdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq. 
İsmayıl bu söhbəti ilk dəfə eşidirdi. 
Bəs niyə evinizə getmirsən, Səkinə xala? 
– Yollar qıfıllıdı, qurbanın olum. 
Aləmşahbəyim  əllərini  oğlunun  çiyinlərinə  qoydu.  İsmayıl  qartal  dimdiyinə  oxşayan 
burnunu qaldırıb, aydın gözlərini anasına dikəndə o Səkinəyə deyirdi: 
Səni əsir gətirdilər, eləmi?  
– Bəli, qadan ürəyimə. 
– Mən də şah qızıyam.. Qardaşım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin 
mənə köməyin dəyə bilər? 
Səkinə  onun  dərdini  yüngülləşdirmək  üçün  canıyananlıq  eləyirdi.  İndi  Aləmşahbəyim  öz 
vəziyyətini ona başa salanda Səkinə də ona qoşuldu, sel kimi göz yaşı tökməyə başladı. Ağlaya-
ağlaya da çıxıb getdi. 
İsmayıl qaladişinə söykənib anasına baxdı: 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə