Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə2/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   101

6
qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləçə vardı: Yaylığının altından şah tacına oxşar, 
ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduqu sağ əlinin şana barmaqlarında çoxlu 
üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi. 
Uzun  Həsən  anasının  geyinib-bəzənməsinə  təəccüb  elədi.  Son  iki  ildə  onu  belə
körməmişdi. 
– Xeyir ola, ana? 
– Xeyirdi, ağrın ürəyimə. 
Uzun  Həsən  başını  döndərib  yenə  də  buludlara  baxdı.  “Əjdahalar”  artıq  əriyir,  bozarır, 
göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona 
çox  kiçik  görünürdü,  az  görünürdü.  Arazın  o  biri  tayında  dayanmış  Teymurləng  nəvəsi  Sultan 
Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə
olmalı  idi.  Qaraqoyunlu  sultanı  Cahan  şah  Həqiqini  məğlub  eləyib  Ağqoyunlulara  ölkənin 
sultanlıq  taxtına  yol  açdığından  iki  il  keçsə  də,  hələ  də  kifayət  qədər  qüvvə  toplayıb  təzədən 
babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi. 
Babası Fəxrəddin Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə
sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi 
üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar. 
– Ana, deyirsən sabah yağış yağacaq? 
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı. 
Neçə  vaxt  idi  ki,  Qarabağa  yağış  düşmürdü.  Düzənlərin  otu  qurumuşdu,  heyvanlar,  atlar 
otlamağa  bir  şey  tapmırdı.  Anası  yağışı  yad  etməklə  oğlunun  ürəyinə  çökən  qara  fikirləri 
dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi. 
– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?  
Sara xatun qürurunu pozmadı. 
–  Ay  oğul,  ana  sənə  qurban,  nə  qədər  ki,  sən  varsan,  mən  elə  toyda,  bayramdayam.  Nə
oldu, elçilər qayıtdı? 
– Qayıtdı. 
– Nə deyib? 
– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla. 
– Ay hay... Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram 
sənin göndərdiyin adamlara. 
Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də
çatmırdı  boyu.  Üstü  tüklü  əlləri  anasının  əllərindən  də  xeyli  böyük  idi.  Qızıl  dəstəkli  əyri 
qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını
nəcibləndirə bilməmişdi. 
– Mən boyda oğulun anası düşmənlə danışığa getsin? 
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim? 
–  Onda  qohumlarımız  dar  ayaqda  idi.  Rəhmətlik  imperator  dördüncü  İohannın  qardaşı
Davusu  xilas  eləmək  istəyirdik.  Goruna  lə’nət.  Necə  ki,  oldu.  Əlinə  dönüm  o  Fateh 
Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu. 
Sara xatun oğluna e’tiraz etdi. 
– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi. 
– Arvadımın əmisi olsa da düşmənim Cahan şahın qayınatasıydı. 
Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi: 
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən 
Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq. 
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi. 
– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən? 
– Şeyx Heydəri, sonrasına da baxarıq. 
Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. 
Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş
tərəfdə  taxt  qoyulmuş,  çubuqlardan  hörülüb  üstünə  keçə  çəkilmiş  divarın  dibinə  döşəkçələr 


7
düzülmüşdü. O, başını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların 
zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O 
birisinin silueti isə havanın fonunda aydın seçilirdi. 
– Şeyx Heydəri yanıma çağırın. 
Xidmətçilər  Şeyx  Heydərin  dalınca  gedəndə  Sara  xatun  yanaşı  qurulmuş  üç  çadırdan 
hansına  girəcəyini  fikirləşdi.  Bu  alaçıqlar  gəlinlərinin  çadırları  idi.  Birində  Canbəyim  xatun, 
ortadakı alaçıqda Səlcuqşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına 
getmədi.  O,  hərəmxananın  böyük  xatunu,  şahzadə  Uğurlu  Məhəmmədin  anası  idi. 
Səlcuqşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü 
gəlin  Trabzon  imperatorları  olan  Komnenoslardan  IV  İohannın  qızı  Feodara  idi  ki,  bu  ocağa 
gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular. 
Sara xatun bir an ayaq saxladı. 
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu 
dünyaya e’tibar yoxdur, bilmək olmaz”. 
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu Şiraz ətri deyildi. Görünür 
onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini 
gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan 
qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa 
durdu  və  irəli  yeriyib  nənəsinin  əlindən  öpdü.  Nənəsi  də  onun  alnından  öpəndən  sonra  Bizans 
ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan 
ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi 
irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs 
cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı
saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.  
– Sara xatun heyranlıqla ona baxırdı. 
– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin. 
– Sağ ol, ana. 
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. 
Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb 
onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkçənin üstündə oturdu. 
– Əyləş, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O 
birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.” 
Dəspinə xatun da oturdu. 
 
– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi 
gərək hər bəd xəbərə dözümlü olsun. 
– Nə olub? 
– Heç nə olmayıb. Ola bilər.  
– Nə? 
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə
də  bilər.  Taleyin  hökmü  sabah  oxunacaq.  Ya  biz  olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu 
Səid  ərini  ölüm-dirimə  çağırır.  Allah  kimə  verə,  verə.  Güc  onun  tərəfindədir.  Sabah  oğlum 
döyüşdə uduzsa biz hamımız əsir oluruq. 
– Yox, ana, mən əsir olan deyiləm. 
– Sağ ol, qızım. Çingizlə Xərəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da 
ağır  bir  gündəydi.  Qarşısında  Çingiz  ordusu,  arxasında  da  Hind  çayının  sıldırım  sahilləri. 
Hərəmləri  ələ  düşməsin  deyə  hamısını  özü  çaya  atdı.  Özü  da  atla  tullandı.  Özünün  əcəli 
çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada 
çay Arazdı, o da bir az aralıdı.  
Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi. 
–  Qapı  açılır.  Görsək  ki,  düşmən  güc  gəlir,  onda  bu  qaşın  içindəki  süleymaniyyə  zəhəri 
köməyimizə  çatar.  Ölüm  haqdı.  Döyüşdə  ər  ölürsə,  o  qəhrəmandı.  Arvadı  da  onunla  bərabər 
ölürsə, o da namus qəhrəmanıdır. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə