Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə9/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

20
–  Yox,  əmir.  Mən  bir  bəyin  qabağından  qaçmağı  qeyrətimə  sığışdıra  bilmirəm.  Məni  o 
Şeyx  Heydərin  cəddi  bu  kökə  saldı.  Babam  onlara  biət  eləmişdi.  Nəzir-niyaz  verirdi.  Mən  bu 
keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın. 
Bir  azdan  sultanın  anası  onun  çadırında  idi.  Qollarını  qoynuna  qoymuşdu.  O,  Sara 
xatundan  yaşlı  olardı,  arıq,  ucaboy,  sifətində  qırışlar  yol  salmış  qadın  idi.  Sadə  geyinmişdi, 
üstündə heç bir bəzək-düzək yox idi. 
– Anamdan başqa hamı çıxsın.  
Soyuq çadırda ana və oğul qaldı. 
–  Vəziyyətimizdən  xəbərin  var?  Heç  bir  çıxış  yolu  yoxdu.  Uzun  Həsənin  gücü  mənim 
gücümdən xeyli çoxdur. İstəsə günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda 
bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. 
Sən  hazırlaş,  Sara  xatunun  yanına  get.  De  ki,  mən  kişilərlə  yox,  Sara  xatunla  görüşməyə
gəlmişəm.  İkiniz  də  anasınız.  Danışın,  o  səni  başa  düşər.  Alicənab  qadındır.  Sonra  da Ərdəbil 
şeyxinin  nəzirini  apar.  De  ki,  Teymurdan  bəri  neçə  illərdi  biz  babanın  türbəsinə  nəzir 
verməmişik. Gətirmişəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı. 
Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək 
xeyir... Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi şirin elə. De ki, köhnə
dostluğu  təzələyək.  Qohum  da  olarıq.  Uzun  Həsənin  gərək  ki,  qızı  olmamış  olmaz...  Mən  lap 
ağlımı itirirəm. 
Anası oğlunun acizliyinə acıdı. 
– Oğul, Teymur nəslindən bir xatun, düşmən qapısına gedib iltimas eləməyib. 
– İndi ayrı zamandı, ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən 
də daha bəy deyil. O sultanlıq qazandı. Sultan Uzun Həsən... İstəyirsən məktub da yazım.  
– Oğul, bir ölümdən ötəri səltənətimizin şərəfini ayaq altına atmaq bizə yaraşmaz. Məktub 
yazma.  Mən  Sara  xatundan  özgə  heç  kimlə  görüşən  deyiləm.Bu  sözləri  də  öz  bildiyim  kimi... 
Yenə sənin xətrinə... 
Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı: 
– Şükür sənə tanrı. Ulduzumuzun işığı varmış, o hələ sönəsi deyilmiş. Məni xəcalətdən də, 
dar ayaqdan da qurtardı. 
Elçiləri  alaçığa  gətirdilər.  Parança  geymiş  qadın  ayaq  üstündə  qaldı.  Onunla  gələn 
əmirsipəhsalar tə’zim edib Uzun Həsənə dedi: 
–  Sultan  Uzun  Həsənə,  Sultan  Əbu  Səiddən  salamlar  var.  Anası  möhtərəm  ananız  Sara 
xatunla görüşməyə gəlib. 
Uzun Həsən artıq onun sultanlığını qəbul etmiş Əbu Səidin razılığını, təsdiqini bildirən bu 
xəbərdən  xeyli  məmnun  oldu.  Hələ,  Təbriz  taxtına  çıxmamış,  özünü  sultan  e’lan  eləməmiş, 
adından  sikkə  kəsdirməmiş,  xəlifənin  onun  adını  xütbəsində  yad  etməmiş  bu  adı  qazanmışdı. 
Göstəriş verdi. 
– Ananı anamın çadırına aparın. 
Sara xatun onu böyük ləyaqətlə qarşıladı. İkisi yanaşı oturdular. Söhbət qızışdı. 
Əbu Səidin anası dedi: 
–  Yaxşı  bilirsən  ki,  mən  Teymur  nəslindənəm.  Məni  öz  ayağınıza  gətirməyiniz  o  nəslə
hörmətsizlikdən başqa bir şey deyil. 
Sara xatun ağ birçəyini çənəsinin altında birləşən qızıl arpa zəncirin altına saldı. 
– Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən, gözümüz üstündə yerin var. Bir 
də ki, ay bacı, fələyin nərdivanı yaman şeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, 
heç  kimdə  qisas  qoymur.  Mən  keçən  dəfə  gələndə  Teymur  qapısına  ehtiyacdan  gəlməmişdim. 
Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey döndü. Oğlun otu qurumuş Qarabağı da bir 
qışlığa bizə qıymadı. 
–  O  vəzirin  fitvasıydı,  o  da  öz  cəzasına  çatdı.  İndi  Qaraqoyunluların  bütün  mülklərini, 
taxtı-tacı ilə bərabər oğluna verir oğlum. İndi nə istəyir? 


21
.– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danışalar. O səltənəti 
oğlum alıb. Sultan Əbu Səid vermir. İmkanı olsa verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, 
mənə  də  öz  oğlum  əzizdir.  Heç  vaxt  məsləhət  görməzdim  ki,  oğluma  səltənət  bağışladığınızı
deyəsiniz.  Səltənəti  oğlum  qılınc  ilə  qazanıb.  Bu  torpaqlara  da  Xorasandan  gəlib  sahib 
çıxmaqdansa,  Təbrizdə  oturan  tərəfindən  idarə  olunmağı  daha  düzgün  yoldu.  Buna  mənim 
oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur. 
– Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı. 
Daha bəsdi də, nə qədər dözmək olar. 
– Sizin nəsil ki, Teymurun xidmətində olub. 
– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb. 
– İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı. 
–  Düzdü.  Ancaq  deyilən  sözün  cavabını  alırlar.  Sultan  Əbu  Səid  oğluma  qılınc 
bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı. 
Anaların söhbəti baş tutmurdu. Sara xatun da yumşalmaq, ona yaxşı sözlər demək istəyirdi, 
amma heç nə alınmırdı. 
Əmirsipəhsalar  örtüyün  arasından  çıxardığı  tacı  aparıb  Uzun  Həsənə  uzatdı  və  tə’zim 
edərək dedi: 
– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib. 
Uzun Həsən tacı götürmədi: 
– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi 
deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam,– dedi. 
Elçiləri yola salandan sonra Uzun Həsən ə’yani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx 
Heydər sol tərəfində oturmuşdu. 
–  Əbu  Səid  bizim  əlimizdən  heç  yana  qaçıb  qurtara  bilməyəcək.  Mən  hamının  fikrini 
bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir. 
Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi. 
Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.   
–  Düşməni  basmışıq,  kəsmək  bir  göz  qırpımının  işidi.  İndi  biz  nə  eləməliyik?  Əlimizi 
saxlamalıyıq,  yoxsa?..  Elə  bilirəm  ki,  Teymur  övladına  əl  qaldırmaq  günahdı.  Onu  hörmət-
izzətlə yola salmaq yaxşı olardı. 
Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda 
nataraz  Əbih  Sultan  söz  istədi.  Onun  da  atası  Diyarbəkr  bəylərindən  idi.  Böyük  bir  dəstə  ilə
Uzun Həsənin xidmətinə gəlmişdi. 
– Həsən bəy, biz Əbu Səidi əhli-əyati ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik 
ordu  gələcək.  Əgər  tək  başına  göndərsək,  onda  ağlaşma  səsiylə  göz  yaşından  özgə  heç  nə
eşitməyəcəyik. 
Danışanlar  çox  oldu.  Hamısı  da  bu  iki  fikirdən  birinin  tərəfini  saxlayırdılar.  Sara  xatun 
oturduğu yerdən danışmağa başladı. 
– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim 
qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb ağqoyunlu 
səltənəti  olduğuna  inanmırdınız.  Çünki  Teymur  nəvəsi  Əbu  Səid  üstümüzə  gəlirdi.  Onu  Şeyx 
Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün 
o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək 
məqama  çatmamışdı.  Burada  oturan  bəylərin  hamısını  böyük  işlər  gözləyir.  Hər  biriniz  bir 
vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana 
qədər  olan  bir  ölkə  sizin  ixtiyarınızdadır.  Onu  əldə  möhkəm  saxlamaq  igidliyinizdən, 
sədaqətinizdən  çox  asılı  olacaq.  Düşmən  əlinizdədir.  Bir  hücumla  ələ  keçirə  bilərsiniz  və
keçirməlisiniz. Düşməni əldən qaçırsanız sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu 
Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü 
ibadətlə başa vursun.  
Uzun Həsən anasının sözlərinə qüvvət verdi.  


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə