Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə11/31
tarix30.12.2017
ölçüsü2,04 Mb.
#18443
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

– Öləndə neylədi o var-dövləti? Özüylə apardı?

– Yox. Aparıb neyləyəcəydi. Övladlarına qaldı.

– Görürəm, sən də hökmran olmaq istəyirsən. Amma nə üçün? Nəyə lazımdır o taxt-tac ki, hamı ona nifrət eləyir. Qan tökməyə, adamları öldürməyə, şəhərləri talamağa gedirsən?

– Onu gələcək göstərər. Sən mənə qurtuluş yolu göstər. Qoy sənin xilaskarın məni aparsın. – Rüstəm Mirzənin sözlərində hökm olsa da, danışığının ahəngində yalvarış vardı.

– Mən ona hökm edə bilmərəm.

– Kimdi axı səni xilas edəcək məxluq.

– Əzrayıl.

Rüstəm Mirzənin qolları boşaldı. Başını aşağı saldı. Yanağına milçəkmi, arımı, hansı böcəksəmi qonmuşdu, onu dalayırdı. Amma bayaqdan onu qovmağı da ağlına gətirmirdi. İndi onu qovmaq üçün sifətini qoluna sürtdü. Xeyli fikrə getdi. Amma darıxdı. Danışmayanda taleyi, dərdi tez yadına düşürdü.

– Düzdü, Əzrayıl səni xilas eləyə bilər, məni yox. Mən hələ buradan çıxacam. Əzrayıla o qədər iş tapacağam ki. Birinci onun cənginə sarayın ən sadiq köpəyi Əbih Sultanı verəcəm. Məni o gətirib bu zindana salıb. Yoxsa mənim bir tükümə toxunmağa da heç kimin ixtiyarı və gücü çatmazdı. Çıxan kimi yox, heç Əzrayıla da ümid olmayacağam. Əzrayıl xəbər tutana qədər onu öz qılıncımla özüm doğrayacam.

– Sənin əqidən odur ki, çıxan kimi kimisə öldürəsən, elə deyilmi, cavan şahzadə?

– Bəli! Bəs sənin əqidən nə olub? Bu qədər ki, onun yolunda əziyyətlər çəkmisən, yəqin ki, taleyinə lə’nət oxuyursan.

– Yox, cavan oğlan. Biz bütün insanları kamilliyə çatdırmaq istəyirdik– Mürşidimizin buna görə diri-diri dərisini soydular. O, uf demədi. Öz əqidəsinə qurban getmək kamillikdir. Mən də həmçinin. Amma sən heç nəyə qurban getmədən hökmdar taxtına çıxmaq, çıxan kimi də kimlərisə qurban vermək üçün indidən fikirləşib tədbir tökürsən.

Qoca başını divara söykəyib gözlərini yumdu. Titrək, quru dodaqları vird eləməyə başladı. Rüstəm Mirzə onun dediklərinə qulaq asırdı.

– Axır ki, mənə ən ağır cəzanı verdilər. Bu altmış ildə gördüklərim toy-bayram imiş. Nə böyük əzablar verirsən mənə, ulu tanrı. Əcəl, gəl çıx, Əzrayıl, gözümü yollarına dikmişəm.

Rüstəm Mirzə elə bildi ki, qoca onun halına acıyır. Ona görə özünə ölüm arzulayır ki, kənc şahzadənin əzablarını görməsin.

– Qoca, – deyə dilləndi. – Özünə ölüm arzulama, həyat şirindi. Bir dəfə gün işığına çıxsan, dünyanı görsən, axar sulara, dərin göylərə baxsan, ölüm fikrini özündən uzağa qovarsan. İnandırıram səni, tezliklə mənim zəncirlərim qırılacaq, onların yerinə hökmdar bazubəndi taxılacaq. Bax o vaxt səni azad eləyib saraya apararam. Mənə vəzirlik eləyərsən. Görürəm ki, savadlı, müdrik adamsan. Özün da adam görməmisən, fitnələrdən, fəsadlardan uzaqsan. Düz yol göstərərsən.

Qoca gözlərini açıb qarşısındakı qartalbaxışlı, daralınlı, yoğunbiləkli gənc şahzadəyə baxmaq istəmirdi. Onun əqidəsinə görə insan kamilləşdikcə qan-qadadan, dava-qırğından uzaq olmalıdır. Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi.

– Sən məni xilas edə bilməzsən.

– Hökmdar istədiyini eləyə bilər.

– Yox, hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. Sən də elə buna çalışırsan. Onsuz da mən azadam. Cismani olaraq zindandayam, ruhən isə buludlar kimiyəm. Biz “ənəlhəq” demişik.

Rüstəm Mirzə istehza ilə güldü.

– Ənəlhəq! Haq, məndədi, əstəğfürullah, Allah mənəm. Bu xam xəyaldı. O şöhrətə, yə’ni Allah olmaq niyyətinə hələ heç kim çatmayıb və heç vaxt da çatmayacaq. Çingiz Xaqan da belə bir xəyala düşmüşdü. Nə oldu sonu? Fi’ron da özünü Allah sayırdı. Siçan kimi suda boğulub öldü. Əstəğfürullah, onların allahlığa qalxmaq iqtidarı daha çox idi. Çünki yer üzünün allahı idilər. Amma gücsüz, yaşının hamısını zindanda keçirmiş qocanın allahlıq iddiası gülünc deyilmi? Bax, bizi üz-üzə zəncirləyiblər. Birimiz allahlıq, o birimiz hökmdarlıq arzusundayıq. Görək kimin arzusu, niyyəti həqiqətdir? Sənin, ya mənim!

Onun qocanı ələ salmaq, gülünc vəziyyətdə qoymaq niyyəti öz tə’sirini göstərdi.

– Adi şeyləri qarışdırırsan. Allahlıq, kamillik insanın daxilindədir. Əgər o özünü hazırlayıb ruhən bu yüksəklikdə dayana bilirsə, yer üzündəki xeyir əməllər onun iradəsindən asılıdırsa, o haqdır!

Rüstəm Mirzə deyəsən onu yavaş-yavaş başa düşməyə çalışırdı. Amma qəbul edə bilmirdi.

– Tutaq ki, kamilsən, haqqa çatmısan. Biləklərin zəncirdə olarkən, onda sənin xeyirxah əməllərin kimə lazımdır? Səsin ki, heç yerə çatmır. Bu isə allahlıqdan çox uzaqdır. Sən acizsən. Bizim dövrümüzdə aciz insan nə qədər kamil olsa da güclülərin ayağı altında qalıb məhv olacaq.

– Söhbət tək məndən getmir. Dünyadakı insanların hamısını kamil görmək istəyirik. Hökmdardan tutmuş qula qədər.

Rüstəm Mirzə ürəkdən qaqqa çəkib güldü.

– Bax, bu əsl allahlıq iddiasıdır. Onların hamısını kamil eləmək ya Allahın ağlına gəlməyib, ya da ağlına gəlsə də bacarmayıb. Yox, mən hürufi olmaq istəməzdim. Bir şey mə’lumdur ki, hamı Allah ola bilməz. Hamı qul, yaxud hökmdar olmağa qadir deyildir. Yox, sizin əqidəniz bu dünya üçün deyil. O dünyada, orada da kamillərlə nadanları ayırıblar. Kamillər cənnətdə, cahillər cəhənnəmdə.

– Yox, kamillər cəhənnəmdə, cahillər cənnətdə.

Hava qaralmışdı. Qapının kilidi şaqqıldadı. Zindanban içəri girib hərəsinin yanına bir saxsı parçda su, onun da üstündə bir əl boyda arpa çörəyi qoydu. Heç bir söz demədən çıxdı və qapını bağladı. Qapı açılıb-örtüləndən sonra elə bil içəri qatı zülmət çökdü.

Sultan Yaqub öləndən sonra onun yerinə keçə biləcək övladı Şirvanşah Fərrux Yasarın bacısından olan oğlu Bəysunqur idi. Süleyman Bicanoğlunun qızından hələ dünyaya övlad gəlməmişdi. Lap bələkdə qızı da olsa onu Sultan taxtına çıxarardı. Çünki sarayın ən hörmətli, ən qüdrətli adamı Süleyman Bicanoğlu olmuşdu. O, Şeyx Heydəri öldürəndən sonra Şirvanşahın da yaxın, e’tibarlı adamı olmuşdu. Sarayın ikinci məşhur şəxsiyyəti Əbih Sultan sayılırdı. O, Uzun Həsənin vaxtından hökmdarlarla qohum olmaq niyyətində olsa da baş tutmamışdı. Amma Diyarbəkrdəki qohum-əqrabalarının çoxluğu, onun qoşun toplamaq, sərkərdəlik bacarığı yüksək qiymətləndirilirdi. Rüstəm Mirzənin də qəsdinin üstünü o açmış, tərəfdarlarını qılıncdan keçirib özünü Əlincə qalasına saldırmışdı. Bundan sonra yerini daha isti, daha möhkəm hesab eləyirdi.

Bəysunqura atasının Bağdaddan gətirib oğluna xoca təyin etdiyi alim Müzəffərəddin yenə də dərs keçir, din tarixini, siyasət əsaslarını, riyaziyyatı, poeziyanı, coğrafiyanı və başqa elmləri tədris eləyirdi. Atasının ölümünə qədər müəlliminin yanına şagirdi gedirdisə, Sultan taxtına oturandan sonra müəllim onun yanına gəlir, baş əyir, əlini öpürdü. Bəysunqur müəlliminin onun qarşısında torpağı öpməyinə icazə vermirdi. Bu gün xoş bir hava idi və “Səkkiz behişt” sarayının Yaqut otağında Bəysunqur müəllimi ilə məsləhətləşirdi.

– Ayrı ölkələrdən Sultan sarayına gələn elçiləri nə ilə heyrətə salmaq olar, xoca Müzəffərəddin?

– Taxtın, tacın qiyməti, onların üstündəki daş-qaş. Sonra hökmdar sarayının taxtını qoruyan daş-qaşla bəzənmiş silah qurşayan qırx nəfər həbəş qul. Saray ə’yanlarının geyimləri, sarayın bəzək-düzəyi... Böyük vəzir Nizamül-mülk dövlətin qüdrətinin təcəssümünü bunda gerürdü. Bundan əlavə zəmanənin böyük şairi bu sarayda olarsa, onun hörməti daha da arta bilər, sultanım.

– Xoca Müzəffərəddin, hərəmxana da hökmdarın qüdrətini, zövqünü tə’yin edər. Ölkəmizdə millətlər də çoxdur. Onların qızları barəsində o ağıllı kitablarda nə yazılıb?

Sifətinə hələ tük gəlməmiş, taxta oturandan hələ heç bir iş görməyən bu on yaşlı uşaq dəbdəbə və hərəmxana rahatlığı barəsində düşünürdü. Xoca Müzəffərəddin onun bu fikrini uşaq marağı, erkən şöhrətpərəstlik, ya da böyük gələcəyi olan qüdrətli bir fatehin onun qəlbindəki ilk qığılcımları hesab etdi. Amma bu təzahürün hansına aid olduğunu dərk edə bilmədi. O, şagirdinin sualına mükəmməl cavab verməli idi.

Böyük hökmdar, hind qızlarının beli incə, şəvə saçları uzun, əqlləri isə bir o qədər gödək olur. Məkkə qızlarının şəkər dili, zə’rif dəriləri, naz-qəmzələri və ağılları çox məşhurdur. Onlar qısqanclığın, bədxahlığın nə olduğunu bilməzlər.

– Türk qızları necə?

– Türk qızları gözəllik, zəriflik mücəssəməsidir. Onların gözlərindəki məlahət heç bir gözəldə tapılmaz. Onlar uşaq doğmaqda də fərasət əhlidilər. Uşaqları da özləri kimi gözəl olur.

– Yalnız tə’rif?!

– Bəli. Onların bir qüsuru var ki, bu qüsur hökmdar hərəmxanasında qəbahət sayılmaz.

– Nədir o qüsur?

– Bədxərclik.

– Bu qüsur deyil.

– Rum qızları sizə mə’lumdurmu, sultanım?

Bəysunqurun gözləri qabağında bir neçə dəfə gördüyü bibisi Aləmşahbəyim dayandı.

– Bəli. Danış.

– Onların saçları qızılı rəngə çalır. Həm də ipək kimi yumşaq olur. Onların dəniz kimi göy gözləri olur, ərinin bir sözündən çıxmır. Bədxərc deyillər və sədaqətdə əvəzsizdilər.

Bəysunqur son sözləri eşitmədi. Onun gözləri qarşısında qızıl saçlı, mavi gözlü bibisi Aləmşahbəyim dayanmışdı. Üç-dörd yaşında görmüşdü. Sonradan anası, Fərrux Yasarın bacısı onun ərini nə qədər pisləsə də, ilk təəssürat onun qəlbindən silinib getməmişdi. İndi o üç oğlu ilə bərabər zindandadır.

O, müəlliminin getməyinə icazə verdi. Süleyman Bicanoğlunu çağırtdırdı.

Beli azacıq donqarlaşan, ağ saçları çalmasının altından çıxan qaraşın, tökmə Süleyman Bicanoğlu gəldi. Çalmanı lap qaşlarının üstünə qədər endirmişdi. Alnındakı çapığı gizlətmək istəyirdi. Amma çapığın ucu onun qaşını da yarıb keçirdi. Sol qaşı ağ bir zolaqla iki yerə ayrılmışdı.

Süleyman Bicanoğlu əlini enli sinəsinə qoyub baş əydi. Düzəlib düz Bəysunqurun sifətinə baxdı. Bəysunqur onun atasına belə düz və dik baxdığını görməmişdi.

– Otur.


Süleyman Bicanoğlu taxtın yanındakı kürsüdə oturdu. Onun sir-sifətindən hiss olunurdu ki, o özünü bu sarayda Bəysunqurdan daha hüquqlu adam sayır. Onda laqeydlik vardı. Bilirdi ki, çağırıldığı hər hansı məsələdə Bəysunqurun yox, onun fikri yeriyəcək.

– Əmir Süleyman, bibim Aləmşahbəyim uşaqları ilə bərabər zindandan çıxarılıb saraya gətirilməlidir.

– Hökmdarım tez-tələsik fərman vermirmi? – deyə o taxtında oturan, qiymətli kəmər və xəncəri, parıltılı libasında zərgər əlindən çıxan bəzək əşyasına oxşayan Bəysunqura gülümsədi. – Səltənətin əmin-amanlığı qohumluq hissindən yuxarıda dayanmırmı?

– Bacısını, bibisini zindanda saxlayan hökmdarın ölkəsində nə hörməti ola bilər? Özünü xoşbəxt eləyə bilməyən sülalə başqalarına nə gün ağlaya bilər?

Süleyman Bicanoğlu onun hücumunun qabağını almaq üçün öz sübutunu gətirdi:

– Rüstəm Mirzə də bu sülalənin oğludur. Onda onu da Əlincədən gətirmək pis olmazdı.

– Yox, Rüstəm Mirzə mənim düşmənimdi. Bir də ki, o kişidi. Bibimə sözünüz nədi?

– Şeyx Heydərin uşaqları ondan da qorxuludu.

– O körpələrin nəyindən qorxursunuz?

– Mən allahımdan, hökmdarımdan başqa dünyada heç kimdən və heç nədən qorxmuram. Yox, qorxduğum bir şey var, indi yadıma düşdü. Çəkdiyin zəhmətin hədər getməsi. O uşaqların ataları Fərrux Yasarın qanına susamışdı. Mən olmasaydım indi Şirvan şahlığı da yox idi. İndi o zəhməti batıraq? Sultani əzəm, onları çıxarsanız,hökm verin məni onların yerinə zindana salsınlar.

Bəysunqur səltənətin dirəyi olan Süleyman Bicanoğlunun bu sözləri müqabilində təslim oldu. Dinib-danışmadı. Qoca sərkərdə də susdu.

Pişxidmət içəri girib Əbih Sultanın ona gətirdiyi atı göstərmək istədiyini dedi.

– Yaxşı, gəlirik.

Əbih Sultan eşidəndə Süleyman Bicanoğlu hirslə pişxidmətə baxdı. Bəysunqur bu baxışın arxasında nə gizləndiyini dərk eləyə bilmədi.

– Əmir Süleyman, ürəyi sözlü adama oxşayırsan?

– Heç, Sultanım.

Bəysunqur əl çəkmədi.

– Ürəyini hökmdardan gizlədən sərkərdə ordunu bada verər. – Öz dediyi sözdən də özünün xoşu gəldi.

– Nə haqqı var sərkərdə ürəyini gizlətsin.

– Onda düzünü de.

Əmir Süleyman məqamın yetişdiyini görüb fikrə getdi. Özünü ikili-üçlü saldı. Belədə indi deyəcəyi sözün yükü ağır olacaqdı.

“Əbih Sultan xeyli baş apardı. Hər yerdə özünü gözə soxdu. Ondan xəta əskik deyil. Bəysunqurun qılığına girsə sabah mənim də kəndirimi vuracaq. Onsuz da mən hökmdarın ögey anasının atasıyam. Onun anasının mənim qızımdan zəhləsi gedir. Oğlunu da mənim üstümə qaldıra bilər. Bu da ki, körpə uşaqdı, taxt da əlinə tez düşüb, nə hökm versə yerinə yetirirlər. O da şirnikir. Ağlına salsalar, mənim başımı elə indi vurdurar”.

– Nə oldu, əmir Süleyman?

– Heç. Canfəşanlıq eləyən bə’zi adamlar var. Bə’zi sərkərdələr hökmdara ölkələr alıb-verir, əvəzində heç nə istəmir, bə’zisi də bir çöpüklü qulan verib əvəzində həmin ölkənin açarını istəyir.

O, fikrini açıq-aşkar demişdi, Bəysunqur taxta keçəndən sonra Süleyman Bicanoğlu İraqda onu tanımaq istəməyən Atabəyi məğlub etmiş, başını gətirib Bəysunqurun ayaqları altına atmışdı. Əvəzində də heç nə istəməmişdi.

– Əbih Sultan barəsindədi sözün?

– Dedim də sultanım. – O hirslənəndə alnındakı çapıq qanla dolub qızarırdı.

– O da Rüstəm Mirzənin sui-qəsdinin üstünü açıb.

– Necə, böyük hökmdar? O sui-qəsdi açan da özgəsidir. Onun xidməti o oldu ki, Rüstəm Mirzəni tutdu və adamlarının çoxunu qılıncdan keçirtdi. Hələ bəlkə də heç sui-qəsd yox imiş. Siz cavansınız, hökmdar. Bu əmirlər ki var, özlərini sədaqətli göstərmək üçün hər hiyləyə əl atırlar. Bilmək olmaz. Mən atanız mərhum Sultan Yaqubun qayınatası idim və onun səltənətinin möhkəmlənməsi yolunda özüm qocalsam da, qılıncım korşalmadı. Mənim üç il-beş il ömrüm qalıb, əgər alnıma öz əcəlimlə ölmək səadəti yazılıbsa, o da olmasa lap tez köçəcəyəm. Mənim dünyada heç nədə gözüm yoxdu. Sədaqətimi bundan sonra sübut eləməyə ehtiyac duymuram. Amma Əbih Sultanla bir az ehtiyatlı dolanmağı məsləhət görürəm. Ondan heç gözüm su içmir.

– Nə eləyə bilər ki? – Bəysunqur uşaq qorxaqlığı ilə soruşdu.

– Ehtiyatlı olsaq, heç nə. Olmasaq, çox şey. Əsli-nəcabəti olmaya-olmaya sarayda yüksəldilənlərin əlinə imkan düşən kimi səltənət yaratmaq həvəsinə düşməyi tariximizdə nadir hadisə deyil. Onda belə bir hərisliyi mən sezirəm. Bir də ki, o nə üçün özü gəlib sənin torpağını öpmür, pişxidmətlə sifariş göndərir. Bu hökmdara hörmətsizlikdən başqa nə ola bilər?!

Bəysunqurun ağlına batdı bu sözlər.

– Mənə babam Uzun Həsən kimi at seçmək istəyir. Möhlət alıb getmişdi, indi o atlara baxmalıyam mən.

– Hökmdara atmı qəhətdi?

– Yaxşı, Əbih Sultanın sədaqətinə şübhəmi var?

– Var! Onun cilovunu buraxanda çox iş görər. Əbih Sultanı hörükləmək, hörüyünü də qısa eləmək vacibdir.

Bu söhbətdən sonra Bəysunqur qoca sərkərdənin müşayiəti ilə saraydan çıxıb yaxınlıqdakı cıdır meydanına getdilər. Uzun Həsəndən sonra hökmdara at seçmək əsl mərasimə çevrilmişdi.

Hökmdarı görən kimi ağacların altında, xalça üstündə oturan müsiqiçilər ayağa qalxdılar, baş əydilər və çalmağa başladılar.

Əbih Sultan qabağa yeriyib baş əydi.

– Sultani əzəm, ölkənin hər yerindən atlar gətiriblər. Baxa bilərsən.

Bəysunqur babası kimi ata minib özü sınamaq niyyətində deyildi. Cıdır meydanının yanındakı köşkdə oturacaq, atları minib onun gözü qabağında səyirdəcək, sınayacaq, hansını bəyənsə öz ilxısına götürəcəkdi. Bəysunqur keçib öz yerini tutandan sonra atların nümayişi başladı.

– Bu təmiz qanlı Qarabağ cinsidi, – gözəl yəhər-yüyən vurulmuş atı təqdim eləyən üzünü hökmdara tərəf tutub bərkdən danışırdı. – Gözəldi, yaxşı qaçışı var. Cövkən oynunda əvəzi tapılmaz. Amma uzaq səfərlərdə-xüsusən susuz və quraqlıq yerlərdə dözümsüzdür. Onun yemi və suyu bol olmalıdır.

Əbih Sultan nə dedisə yüngül geyinmiş bir cavan atın belinə qalxdı və bir anda at yerindən götürüldü. Cıdır meydanı çox böyük deyildi. Burada cövkən oyunu üçün meydança da vardı, cıdır yolu da həmin meydanın ətrafına hərlənib qayıdırdı. Qarabağ atı gəlib dayandı. O yüngül töyşüsə də, amma tərləmişdi. Ayaqlarını götürüb qoyur, oynağa gedir, özünü irəli atmaq istəyirdi.

Bəysunqur əlindəki zərxara dəsmalı tərpətməklə bildirdi ki, Qarabağ atını bəyənib.

İkinci bir atı köşkün qabağına çəkdilər.

– Ərəb atıdır. Tə’rifə ehtiyacı yoxdur. Peyğəmbər əleyhsalam özü bu atlardan minib. Dəvə kimi susuzluğa və aclığa dözümlüdü.

Bəysunqurun əlindəki dəsmal yenə tərpəndi.

Köşkün qarşısına balacaboy, qara bir at gətirdilər.

– Sultani əzəm, bu üçyaşar ürgəni sənə Əbih Sultan bağışlayıb.

– Əbih Sultan, – deyə Süleyman Bicanoğlu onu Bəysunqurun yanına çağırdı. O gəldi və təzədən baş əydi. Başını qaldıranda Bəysunqurun qəzəbli gözlərini gördü.

– Mənə bu qatırı at adıyla bağışlayırsan?

– Bəli, Sultani əzəm. Bu, cıdır meydanına yığılan atların ən qiymətlisidir. Onu çox müsibətlə tapmışam.

– Çox gözəl iş görmüsən, onu da hökmdarın başına qax!

– Bir Allah şahiddi ki...

– Allahı şahid gətirib, Sultanı təhqir eləyirsən, ələ salırsan. Bunun gətirdiyi hədiyyəyə bax, bəxşişə fikir ver!

Əbih Sultan gördü ki, Bəysunqurun yanında artıq onun kəndirini vurublar. Arası düzələsi deyil. Bəlkə də elə buradan onu zindana apardılar. Özünə haqq qazandırmağa çalışdı.

– Sultani əzəm, bu monqol atıdı. Çingiz xan bunlarla dünyanı fəth eləməmişdirmi?

– Monqol atı... Atı minirdilər, südünü sağıb içirdilər, ac qalanda da ətini yeyirdilər. Olmaya sən də madyan tapıb gətirmisən?

– Bəli, hökmdar sağ olsun. Monqol atlarının madyanı daha qiymətlidir.

– Əmir Süleyman, eşitdin?

– Bəli, Sultani əzəm. Ağ elədi ha... Elə buradaca.

Əbih Sultan artıq vaxtın yetişdiyini görüb ayağını qaldırıb balaca atın belinə aşırdı.

– Qoy bir dövrə vursun, onda görərsiniz – o, monqol atını tərpətdi. Bu at elə bil ayaqlarının dördünü də birdən atır, qızıl ilan kimi şütüyüb gedirdi.

– Zindana salınsın, Əmir Süleyman, zindana. Sonra da boynu vurulsun.

Süleyman Bicanoğlu da elə bilirdi ki, o dövrə vurub qayıdacaq. Amma qayıtmadı. Cıdır meydanından çıxıb baş alıb getdi.

Qoca sərkərdənin gur səsi eşidildi.

– Əbih Sultanı tutun. Atlanın.

Fərraşlar atlara minənə qədər Əbih Sultanın mindiyi monqol atının ayağının altından qalxan toz da yatmışdı.

Muradın köhləni ayaq saxlayıb elə bil havanı iylədi, başını qaldırıb kişnədi. Qulaqlarını şəkləyib ayaqlarını yerə döydü, qayalığa tərəf dartındı. Amma o bu yerlərdən tezliklə uzaqlaşmaq, axşam qaranlığı düşməmiş şəhərə, kəndə çatmaq, karvansarada ayaqlarını yuyub yatmaq fikrindəydi. Bərk yorulmuşdu. Bu yollarda adam az idi. Amma onun da qabağına qaçaq-quldur çıxar. Düzdür, ömrü qaçaqlıqda keçən Murad özünün gücünə, fərasətinə bələd idi, özünə arxayın olmasa yollara çıxmazdı. Hər halda tanımadığı yerlərdi, kimsəsiz çöllərdi. Nə desən ola bilərdi.

At getmək istəmirdi. O baxdı, bir şey görmədi. Günortadan bəri gəldiyi yolun kənarı ilə uzanıb gələn qayalıqlar idi. Amma onun burnuna at tərinin türşumuş iyi dəydi.

Nə qədər sürdüsə at karvan yolu ilə getmək istəmədi. Onun özü də maraqlandı, silahını yoxladı, atının başını buraxdı. Heyvan yoldan çıxıb qayaların arasına getdi. Onun hər tərəfindən bədheybət heyvana oxşayan iki qara qaya ucalmışdı. Qabaqda genişlik, amma hər tərəfi bağlı bir yer idi. Balaca, qara bir madyanın yüyəni daşa bağlanmışdı. Zərbaftalı, bahalı libas geyən adam başını yəhərin üstünə qoyub yuxuya getmişdi. Onun ətrafında keçi qəzilindən toxunan bir sicim yerdə sanki dairə çəkmişdi. Belə qəzil sicimə heç bir ilan yaxın düşmür.

Muradın kəhəri madyanı görəndə başını geri atıb sağ qolunu qaldırıb yerə vurdu. Elə bil madyanı yanına çağırırdı. Madyan başını oynatdı, yalı daranmış saç kimi əfsəndi. Həvəslə fınxırdı, ayaq döydü, arxa ayaqları onlara tərəf düşdü. Təpiyini hazırladı. Yüyən başını qalxanının üstünə qoyub mürgüləyən Əbih Sultanın qolunda idi. Dartıb onu oyatdı. O, bir an key kimi oldu. Amma özünə gələn kimi qalxanı götürüb başına çəkdi.

– Axır ki, məni tapdınız Ancaq Əbih Sultan hər əbləhə can verən igidlərdən deyil!

Murad maddım-maddım ona baxırdı:

– Mən yol adamıyam. Sənnən işim yoxdu – dedi.

– Aldada bilməzsən, səni o qoca tülkü göndərib. – Onun səsi üstündə soyuq bir parıltı olan, quran ayələri dəyirmi cızılmış qalxanın altından gəlirdi. O elə bil göbələyin altında gizlənmişdi. Birdən-birə göbələk qalxdı, onun qından çıxardığı qılıncın əyri, soyuq tiyəsi parladı.

– Kimdi qoca tülkü? – Murad onun yatağan ilan kimi tullanıb qılınc çalmağına hazır vəziyyətdə idi. Özü də qılıncını çıxartmışdı. Həm də yəhərdə oturmuşdu.

– Sən tülkünü mənim üstümə göndərən.

Onun sözü Muradı hövsələdən çıxarda bilərdi. Amma hövsələsini basdı. Yad eldə, tanımadığı adamla səbəbsiz vuruşmağı özünə sığışdıra bilmirdi.

– Ağzını təmiz saxlamasan dilini itirərsən.

Əbih Sultan özünün vəziyyətini öyrənmək üçün xeyli geri çəkilmişdi və daha qalxanın üst tərəfindən baxırdı. Bu adamı tanımadı. Geyimi də heç saray adamlarının geyiminə oxşamırdı.

– Mənim dilimi kəsən heç anasının qarnında da deyil. – O meydandan aralanmışdı, amma madyan onu dartırdı. Belə vəziyyətdə o vuruşa bilməzdi. Madyanın yüyənini də biləyindən çıxarsa payi-piyada qalardı.

– Danışığınla madyan minməyin heç tutmur axı. Mən bura dönməmişəm. Kəhəri madyan çağırıb. – Murad ona lap öldürücü zərbəsini endirdi. Əbih Sultan sözə cavab tapa bilməyib pərt oldu.

– Aslanın erkəyi-dişisi olmaz.

– Atın madyanı olur amma. Bura bax, mən sənin düşmənin deyiləm, sən də mənim. Nahaq yerə acı-acı danışıb özünə düşmən qazanırsan. Vuruşmaq istəyirsənsə min atına, çıx meydana.

Əbih Sultan onun yumşaldığını gördü, amma fürsəti əldən vermədi. Cəld madyanı mindi. Amma onun üzünü bu iri, cüssəli adama tərəf döndərə bilmirdi. Madyan kişnəyib dönür, kəhəri sanki qızışdırmaq üçün ona təpik atmaq istəyir. Əbih Sultanın imkanı olsa bu an madyanı qılıncla parça-parça eləyərdi. Onu lap biabırçı vəziyyətdə qoymuşdu.

– Mən meydannan qorxan deyiləm. Çox meydanlarda çox özündən deyən igidlərin analarını ağlar qoymuşam. Sən bura mənim yanıma o qoca tülkü Süleyman Bicanoğlunun tapşırığıynan gəlmisən.

– O kimdi?

– Tanımırsan? Bəysunqur Mirzəni?

– Bəysunqur Mirzə kimdi?

– Nə dilbilməz adamsan? Bəysunqur Mirzə padşah.

– O padşah, mən rəiyyət. Onnan mənim nə alış-verişim.


Bığları qoç buynuzları kimi dayanan Muradın kəhəri qantarğanı çeynəyir, şahə qalxır, bu balaca madyanın üstünə cummaq üçün özünü yeyib tökürdü.

– Heç rəiyyətə oxşamırsan.

– Oxşadım, oxşamadım. Çuxur Səddən gəlirəm.

– Hara gedirsən?

– Ərdəbilə.

– Tacirsən? – Əbih Sultan onunla öz arasında qılınc məsafəsi saxlayıb sorğu-suala tutmuşdu, Murad isə ayaqları atın qarnından xeyli aşağı sallanan bu hikkəli şəxsin kimliyini öyrənməyə çalışırdı.

Əbih Sultan elə bil ulağı minmişdi. Onu gülünc görkəmə salan bu madyan olmasa onu hələ iki gün bundan qabaq Təbriz qapılarında asmışdılar, qara qarğalar da gözlərini deşirdi. Süleyman Bicanoğlunun adamları ovu bütün gün qovmuş, amma çata bilməmiş, səpələnib yollarda qalmışdılar. O, Diyarbəkrə qardaşının yanına gedə bilməmişdi. Çünki yəqin ki, yolları kəsmiş, Əbih Sultanın mülklərini talamağa dəstə göndərmişdilər. Hələlik ona sağ canı lazım idi. Sonra hər şey gəlib öz yerini almalıydı. Təqibdən qurtarandan sonra gecələr at sürür, gündüzlər dalda bir yerə çəkilib dincəlirdi. O artıq tədbirini tökmüşdü. Belə bir vaxtda onun arxasında dayana biləcək tək bir qüvvə vardı. O da Şeyx Heydərin müridləri idi. Onları tapsa, inandırsa onda Əbih Sultanın qarşısında nə Süleyman Bicanoğlu dayana biləcək, nə də Bəysunqur Mirzə. Amma o Şeyx Heydərin yaxın dostu Hüseyn Lələni tapa biləcəkmi? Axı neçə vaxtdır onu axtarıb tapmağı yaxın adamlarına tapşırıb. Heç bir şey çıxmır. İndi sevinirdi ki, yaxşı ki, Hüseyn Lələ bəy əlinə keçməyib. Yoxsa Bəysunqurun əli ilə öldürtdürəcəkdi. Bu dar ayaqda isə köməyinə heç kəs çatmayacaqdı.

Düzdür, Məsih Mirzə ilə aralarında söhbət olmuşdu ki, əgər Aləmşahbəyim ona arvad olmağa razılıq versə, onda Əbih Sultan Məsih Mirzəni taxta çıxarmağa çalışacaqdı. Amma Məsih Mirzənin niyyəti baş tutmadı. Əbih Sultan da oyundan çıxdı. Görünür onun bu işi Bəysunqurun qulağına çatıb. Özünü onun gözündə qaldırmaq üçün Rüstəm Mirzənin tutulub Əlincəyə salınmasında böyük canfəşanlıq göstərdi. Yenə də qoca tülkü Süleyman Bicanoğlu onu gözdən saldı.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə