Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,04 Mb.
səhifə12/31
tarix30.12.2017
ölçüsü2,04 Mb.
#18443
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Əbih Sultan çox çətin vəziyyətdə idi. Onun beyni hər an bir tədbir tökür, elə işlər qururdu ki, nizənin ucu ona tərəf düşməsin. Xəta ondan yan keçsin. Kimə dəyir-dəysin, kimin günahı belə yoxdursa, qoy asılsın, başı kəsilsin, fikirlər onunla məşğul olsun. Əbih Sultan isə sudan quru çıxsın.

Onu əldən çıxardıqdan sonra Süleyman Bicanoğlunun kürkünə birə düşmüşdü. Bilirdi ki, nə qədər onun meyitini görməyibsə, öz başının salamat qalmağına ümid azdır. O, azan çaylar kimidir. Birdən-birə gözləmədikləri yerdən vurub çıxacaq və sel çox şeyi yıxıb dağıdacaqdır.

Əbih Sultan Muraddan yenə soruşdu:

– Tacirsən?

– Dedim ki, rəiyyətəm.

– Rəiyyətləri mənə tanıdırsan? Rəiyyətin çuxasının bir sapından tutub dartsan, lüt qalar. Öküzü də borc alır, xışı da, arvadının tumanını da. Sən lap saray adamına oxşayırsan. Çuxur Səddən gəlib Ərdəbilə niyə gedirsən?

Murad görürdü ki, bu çox həngaməli adamdı. Həmişə buyurub, cavab verməyib, cavab istəyib. İndi də onu öz itaətində saxlamağa çalışır.

– Məni nə sorğu-suala tutmusan? Sənə bir axça borcum varsa, de, ikisini qaytarım.

Əbih Sultan gördü ki, elə bu da onun kimi hökmlü-hikmətlidi, bir az səbrini basdı. Şirin dillə onun ürəyinə girmək istədi.

– Rast düşmüşük. İkimiz də qəribik, gərək bilək də, kimik, nəçiyik. İndi elə bir vaxtdır ki, heç kimə e’tibar eləmək olmur.

– Mən kimliyimi dedim. Bu tərəflərdə, – əlindəki qılıncı günbatana tərəf uzatdı, – karvan yollarının üstündə bir qaçaq Murad vardı. Eşitmisən?

Əbih Sultan maraqla ona baxdı.

– Eşitmişəm. Onun nəyisən?

– Qaçaq Muradın özü. Bəs sən kimsən?

– Mən! İndi tanıyacaqsan. Bir dəfə Trabzondan Qarabağa dəvə karvanı gedirdi. Onu sağ-salamat çatdırmağı mənə tapşırmışdılar. Sonra dedilər ki, burada ən qorxulu qaçaq Muradın dəstəsidir. Çox fikirləşdim, axırda bir dəvəyə alma yüklətdirdim.

Murad gülümsədi:

– Tanıdım. Əbih Sultan, sarayın ən hörmətli əmiri. Sənin tədbirin baş tutmadı. Bilməmişdin ki, hələ bir igid zəhərdən ölməyib. Almaları zəhərləmişdin, fikirləşmişdin qaçaq Murad nəfs əhlidir, qırmızı almalara tamah salacaq. Yox, yemədi. Sən bizi siçan bilib zəhərlə qırmaq istədin. Ancaq zəhər sarayda daha çox lazım olur.

Bu söhbətdən sonra Murad qılıncını qına qoydu. Əbih Sultan da onun kimi. Vaxtilə düşmən olsalar da indi artıq tanış çıxmışdılar. Biri-birilərini tanımışdılar. Ötüb-keçmiş məsələyə görə biri-birlərinə qılınc qaldırmayacaqdılar ki.

– Yaxşı, neynədin bir karvan ipəyi?

– Bir karvan niyə? Bir dəvə yükü. Sənin adamların qorxub qaçdı. Mən də tacirə dedim ki, sənin var-dövlətin bizə lazım deyil. Xarəzmdən yüz qızı satmağa aparırdılar. Onları qurtarmışdıq. Əyin-başları tökülüb, onları geyindirmək lazımdır. Tacir də gördü biz acgöz adam deyilik, dedi ki, almalar zəhərlidi. Bundan sonra karvanı Trabzona qədər yola saldıq.

– Ay köpək oğlu!

Murad yenə əlini qılınca atdı. Amma Əbih Sultan sözünü düzəltdi.

– Taciri deyirəm. Məni aldatdı, haqqımı vermədi. Dedi tamam soyublar. Heç nəyim qalmayıb.

– Deyər də. Onu qaçaqlara verəndən sonra hələ bir haqq da istəyirdin?

Əbih Sultan razılaşdı.

– Düz sözə nə deyəsən? Yaxşı, o yüz kənizi nə elədiniz?

– Onlar uzaq ellərdəniydi, geri qaytarmaq mümkün olan iş deyildi. Hansı qızın hansı igiddən xoşu gəldisə verdik ona. Hamısı da namuslu adamlara ərə getdi.

Əbih Sultan bunların hamısını eşitmişdi. Amma onu təzədən danışdırıb özündə yəqinlik hasil eləmək istəyirdi, görsün doğrudanmı o Muraddır, ya yox.

Murad soruşdu.

– Sən ki, sarayda məşhur adam idin, bu nə gündü düşmüsən?

– Sarayın vəfası bundan artıq olacaq?!

Əbih Sultan başına gələnləri danışdı. Dedi ki, onun kimi Ərdəbilə gedir. Onlar yola düşdülər. Axşama qədər getdilər. Gün əyilənə yaxın Murad geri dönüb narahat-narahat əlini qaşının üstünə qoydu.

– Böyük bir dəstə gəlir.

– Hanı? – Əbih Sultan da baxdı, bir şey görə bilmədi.

– Toz görürəm.

Quru təpələrin üfüqlə birləşdiyi yerdə toz qalxmışdı. Gün əyildiyindən o toz aydın görünmürdü, narıncı rəngə çalırdı.

Əbih Sultan əl-ayağa düşdü.

– Onlar məni axtarır. Mən gizlənim. – O fikrini dəyişdi. Sən də mənimlə bərabər gizlən. – Ağlına gəlmişdi ki, onu tutsalar birdən Əbih Sultanın yerini deyər. Murad dedi:

– Atı sür dalımca – Murad köhlənini boz yovşanlığa vurub, qayalıqlara tərəf uzaqlaşdı, Əbih Sultan da onun dalınca. Qayaların arasında Murad yəhərdən düşüb qayışla atın ağzını bağladı. – Sən də bağla, kişnəməsinlər. Özləri qayalardakı kolların arasından baxırdılar. Bir azdan dəstə göründü. Beş yüzə qədər atlı olardı. Qabaqdakı qara atlını Əbih Sultan tanıdı.

– O qabaqdakı Süleyman Bicanoğludur. Qanımı şüşəyə tutsa ürəyi soyumaz. Murad, onlar atların izini görəcək.

– Görməz. Sənin fikrin özündə deyildi. Mən qaçaq Muradam. Atları yoldan çıxarmışdım. Onlara iz verərəm?

– Mən heç buna fikir verməmişəm.

– Haradan fikir verəcəkdin. Həmişə hökmlü olmusan, yollar səninki olub. Mən də qaçaq düşüb atımı həmişə dağ-daşla sürmüşəm.

– Bu yana döndüyümüz yerə çatdılar. – Murad da baxdı. Amma dəstə ötüb keçdi. İzə fikir vermədilər. Dönüb Əbih Sultana baxdı. Onun ağarmış rəngi qara saqqalına görə daha da ağarmışdı. Alnında iri tər damlaları göründü. Elə bil onu sıxıb bu tər damcılarını zorla çıxarmışdılar.

– Heç ölməyə adam göndərmisən?

– Necə?


– Onların da anaları, bacıları var. Onların da ürəyində səndəki kimi qorxu olur, bunu bilirsən?

Əbih Sultan dinmədi. Murad ilgəyini biləyinə keçirdiyi toppuz yırğalana-yırğalana qayalıqda gəzişirdi.

– Bu tezlikdə yola çıxmaq qorxuludu. Qoy qaranlıq düşsün.

– Qaranlıq düşsün?

– Hə.

Bu “qaranlıq düşsün” kəlməsi Əbih Sultanın ürəyinə qaranlıq, qara bir şübhə saldı. “Məni öldürmək istəyir. Əynimdəki libasa, monqol atına, dəstəyi qaş-daşlı qılınca, xəncərə görə. Axı quldurun biridi. Bəlkə mən ondan qabaq tərpənim”.



– Qaranlıq düşəndə niyə?

Murad onun qorxusunu başa düşdü.

– Yaxşı, mənə inanmırsansa, mən çıxıb gedirəm.

– Yox, heç yerə getmə.

Əbih Sultan fikirləşdi ki, o e’tibarlı olsa ona arxalanmaq lazımdı. İndi o belə igid, qorxu bilməz adamları tapmalıdır. Getsə bəlkə də elə. Süleyman Bicanoğluya onun yerini deyər. Qaçaq-quldurdan əl çəkibsə, üzə çıxmaq istəyəcək, üzə çıxmaq üçün də belə bir iş görməlidir.

Əbih Sultan cibindən pul kisəsini çıxartdı, mamırlı daşın üstünə qoydu, xəncərini da onun yanına.

– Varım, dövlətim çoxdu, amma yanımda olan budur. Götür. Özümdə qalır qılıncımın üstündəki daş-qaş, bir də bu at. Atın əvəzində sənə bir ilxı bağışlayaram. O daş-qaşın yerinə xəzinəmin yarısını bağışlayaram.

Murad yoğun barmaqları ilə bığlarını sığalladı. Onun qara bığları ağzının yanlarından qoç buynuzu kimi əyilmiş, çənəsinin bərabərində isə yuxarı qatlanmışdı. Ucları da xəncər kimi iti idi.

– Çörəyin var?

– Atın tərkində var – Əbih Sultan gedib xurcunu gətirdi. Çörək çıxartdı. Nəyi vardısa daşın üstünə düzmək istəyirdi. Murad onu saxladı.

– Gəl bir yerdə çörək kəsək, bu da olsun bizim biri-birimizə e’tibarımız.

Onlar adama bir tikə çörək kəsib duza batırdılar. Murad bu tikəni çeynəyə-çeynəyə dedi:

– Bu çörəyə and olsun ki, məndən sənə heç bir xətər toxunmayacaq.

– Mən də and içirəm. Səni həmişə özümə dost bilərəm. Mənə Əbih Sultan deyərlər, elə bir iş eləyəcəyəm ki, yaxın vaxtda yenə o saraya qayıdacağam. Onda məni tanıyarsan. Əgər arxamda dayanıb mənə bu işdə kömək eləsən sənə əmir rütbəsi verdirərəm. Bir el bağışlayaram, gedib yaşayarsan. Hələlik bunları götür.

Murad ona düşmən kimi baxdı.

– Sən elə bilirsən mən qulduram, soyğunçuyam. Andımızı içib, əhd-peymanımızı bağlamışıq. – Murad gəzinib gecələmək üçün münasib yer axtarırdı. Birdən gözü qayaya sataşdı. Orada nə vaxtsa mağara varmış. Amma mağaranın ağzını hörüb üstünü suvamışdılar. O, Əbih Sultanı çağırdı. O gəldi. – Ora bax, ağzını hörüblər.

Onlar qayanın dibinə gəldilər. Bu hörgü qədim hörgü idi. Üstünə elə suvaq çəkmişdilər ki qayadan heç seçilmirdi. Amma suvaq bir neçə yerdən uçub tökülmüş, hörgü üzə çıxmışdı.

– Bu xəzinəyə oxşayır, Murad. Özü də çox böyük xəzinəyə. Ya İsgəndər Zülqərneyinin Azərbaycanda basdırıb getdiyi xəzinədi, ya da Çingizxan nəvələrinin işidi. Əgər bu xəzinə rastımıza çıxıbsa, onda səltənətin yolu üzümüzə açıldı. Bəysunqurun xəzinəsində siçanlar oynayır, xəzinə boşdursa, qoşun da yoxdur. Murad, gəl and içək ki, bu xəzinə də bizim əhd-peymanımızı pozmayacaq.

Murad yenə tərs-tərs ona baxdı.

– Deyəsən sən sözübütöv adama oxşamırsan. Əhd-peyman belə ucuz şeydi ki, onu bir xəzinə poza bilsin?

Murad işə başladı. Suvağın qalanını da qılıncı ilə qoparıb tökdü. Daşları söküb çıxarmağa başladı. Əbih Sultan da ona kömək eləyirdi. Onlar mağaranın yolunu açdılar. İçəri girdilər və girdikləri yerdə donub qaldılar. Mağaranın yuxarısından düşən işıq içərini aydınlaşdırmışdı. Mağaranın hər tərəfindən onlara quru kəllələr baxırdı. İçəridə insan sümükləri üst-üstə qalaqlanmışdı. Divara söykənən skeletin əynindəki paltarın cır-cındırı da qalmışdı. Amma rəngi də bilinmirdi.

Mağaradan çıxdılar. Onlar çox ölümlər, ölüm vaxtı insan iztirabları görmüşdülər. Amma beləsinə rast gəlməmişdilər. Bəlkə də bir şəhərin əhalisini bura yığıb mağaranın ağzını hörmüş, acından öldürmüşdülər. Bu Çingizxan övladlarının dəst-xətlərinə oxşayırdı...

Bu dünyada bir mavi dəniz vardı. O dəniz üfüqdə mavi göylə qaynayıb qarışırdı. Sakit dənizin üstündə ağ qağayılar uçurdu. Həmin dənizin sahilindəki qara qayalar başında diş-diş qala hasarları olan bir şəhər o maviliyə qarışmışdı. Hər səhər bu şəhəri qızıl qübbəli mə’bədlərdə çalınan zəng səsləri oyadırdı.

O mavi dünyanı Aləmşahbəyim körpə vaxtı görmüşdü. Hə, yadında da o uzaq, sanki bu dünyadan köçmüş, yox olmuş şəhər mavi və qızılı rənglər şəklində qalmışdı. Özünün saçları və gözləri kimi.

Anası Dəspinə xatun həmişə o şəhərdən danışardı.

Bizans imperiyasının son qəlpəsi, ana yurdu Trabzondan söhbət açardı. Bir də o şəhərdə mavi və qızılı bir saray vardı. Deyərdilər ki, həmən sarayda İsgəndər Zülqərneynin ruhu yaşayır. Süstləşən, qocalan, ağ dərisi altında göy damarları görünən imperator Dördüncü İohann bir gün qızı Feodaranı yanına çağırıb demişdi:

– Mən qocalmışam. Qoşunlarımız, bürclərimiz Osmanlı sultanı Fateh Məhəmmədin topları qabağında dayana bilməyəcək. İstanbul da əldən çıxdı. Avropa ilə əlaqə saxladığımız boğazlar əldən çıxdı. Daha arxanı-köməyi günbatanda yox, gündoğanda axtarmalıyıq. Yoxsa öz xidmətimiz də bata bilər. Ağqoyunluları özümə arxa bilirəm. Onlarla qohumluğumuzun tarixi çoxdan başlayır. Həmin qohumluğu təzələməyi lazım bilirəm. Osmanlı Sultanı üzünü Avropaya tutub Serbiyanı, Macarıstanı, Əflakı tutsa da, bir gün qayıdıb Azərbaycanı, Ərəmniyyəni, İraqı, Xorasanı almağa çalışacaqdır. Onların qabağında dayansa, tək Uzun Həsən dayana biləcək. Sənin xeyir-duanı verirəm. Get və Uzun Həsəni bizim imperator nəslimizə dost elə.

– Mən atamın əleyhinə getmirəm. Amma Uzun Həsən bu vilayətin bəyidir, mən isə imperator qızıyam.

– Elədi, amma yaddan çıxartma ki, onun torpaqları bizim imperiyamızdan dəfələrlə böyükdür.

Feodara ilə Uzun Həsənin toyundan sonra onun adını dəyişib Dəspinə xatun qoymuşdular.

Ər evində, Uzun Həsənin məmləkətində Trabzonun imperator sarayındakı süstlük, bədbinlik yox idi. Dəspinə xatun hiss eləmişdi ki, atası kimi onun imperiyası da qocalıb. Bu günlük, sabahlıqdır. Uzun Həsənin Amid bəyliyi isə bığ yeri tərləyən gəncə oxşayır, başdan ayağa əzələdir, sinirdir, hərəkətdir, qala divarlarını dağıdan mancanaq yayı kimidir.

Elə bil onun ayağı düşdü. Uzun Həsənin qılıncının kəsəri daha da artdı, gündən-günə şöhrətləndi, gündən-günə yurdunun hüdudları böyüdü. Elə bil Dəspinə xatunun getməyi ilə Trabzon imperatorluğunun taleyi, baxtı, xoşbəxtliyi də harayasa uçub getdi. Sarı şam kimi əridi. Osmanlı Sultanı Fateh Məhəmmədin qoşunları şəhərin divarları ilə üz-üzə ordugah saldı. Qüdrətli sərkərdənin qarşısında qoşun əvəzinə Uzun Həsənin anası Sara xatunun başçılıq etdiyi səfərətxanadan başqa heç nə dayana bilmədi. Düzdü, Fateh Məhəmməd Sara xatuna “ana”, Sara xatun ona “oğul” dedi. “Ana” – “oğul” birləşib mavi dəniz imperiyasını bərpa eləyə bilmədilər. Sara xatun gəlini Dəspinə xatunun imperiya taxtına varisliyini irəli sürdü, Məhəmməd də qəbul elədi. Ancaq nə Dəspinə xatun taxta çıxdı, nə də imperiya qaldı. Təkcə imperiyanın xəzinəsini onlarla yarı böldülər. Beləliklə də Dəspinə xatunun vətəni yoxa çıxdı, yuxuya, mavi və qızılı rəngli xəyala çevrildi.

Aləmşahbəyim dar barmaqlı pəncərənin qabağında oturmuşdu və bütün bunlar onun xəyalından gəlib keçirdi. Anası kiçik vətəndən böyük vətənə düşmüşdü, amma o özü atasının sarayından ərinin kiçik evinə, oradan da zindana gəlib çıxmışdı. Bu qala da o yuxuya bənzər mavi şəhərə bənzəyirdi. Sonuna az qalmışdı. İndi bu daş qəfəsdə oturub qızılı saplarla qara ipək üstündə o mavi ölkənin yadda qalan cizgilərini tikirdi. Dəniz idi, qayalıqlar üstündə qalalar idi, qalanın içindən qalxan qızıl qübbəli şiş binalar idi. Səkinə də oturub onun işinə baxırdı.

İsmayıl sevinə-sevinə gəldi.

– Ana, gör necə oxuyuram. Bax, bu əlifdi, bu beydi, bu nundu, bu zeydi, bu da teydi.

Anası oğlunun yazısına baxıb fərəhləndi.

– Elə bircə gündə öyrəndin?

– Bəs necə ana. Burada nə var ki?!

Səkinə sözə qarışdı.

– Çox qədim bir dastan var. Orda deyillər ki, xanın bir oğlu oldu. O qədər gözəl idi ki, ay onun sifətindən utanırdı. O bircə dəfə süd əmdi, qırx gündən sonra ova getdi, at mindi, ox atdı... Böyüyüb igid, bahadır oldu.

– Onda mən hələ gecikmişəm.

Onlar güldülər. İsmayıl anasının rəngli saplarla işlədiyi şəklə baxdı.

– Nə gözəldi. Ana, bura haradı?

– Bura? Bura nağıllarda bir ölkə vardı, oradı.

– Sən şəkli necə çəkirsən, mənə də öyrət. – İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykəndi.

– Öyrədərsən?

– Öyrədərəm, oğul! İndi gör sənə nə göstərəcəyəm. O, bərbəzəkli, sədəf düzülmüş sandığına tərəf getdi. Dayanıb oğluna tərəf döndü.

– Yeddi dəniz arxasında bir şəhər var, oğlum. Dənizin içində evləri, sarayları dirəklər üstündə tikilib. Deyirlər o şəhər gözəlliyində dünyada ikinci şəhər yoxdur. Adına Venedikt deyirlər. Orada dünyanın ən məşhur rəssamı və nəqqaşları yaşayır.

– Evləri suyun içində tikilibsə küçələri necədi?

– Küçələri də sudu. Evdən-evə qayıqla üzürlər.

– Bunları sən hardan bilirsən, ana?

– Baban Uzun Həsənin sarayında bu şəhərin səfiri yaşayırdı, Cənabi Zenon. Həm də bizə qohum idi. Şəkil çəkməyi də mənə o öyrətmişdi. Onun Venediktdən gətirdiyi bir şəkli neçə illərdir ki, saxlayıram.

O, sandığın qapağını qaldırdı, oradan ipəyə bükülmüş bir şey çıxardı. Açdı, qızıl çərçivədə kiçik bir şəkil idi. İsmayıl heyran-heyran o şəklə baxmağa başladı. Şəkildə danışdığı şəhər təsvir edilmişdi. O yerlərin binaları bu yerlərdəkilərə bənzəmirdi. Küçələr, dəniz, eyvanlar nəfis şəbəkəli... Uzun, qara qayıqda isə qırmızı məxmər paltarlı adamlar oturmuşdu.

Qızıl çərçivəli kiçik şəkildə hər şey canlı idi. İsmayıl heç vaxt görmədiyi dənizin sanki səsini eşidirdi. Adamların hənirtisini duyurdu. Günəşin istisini hiss eləyirdi.

– Gör necə gözəldi.

– Bəli, gözəldi. İnsan əlindən hər iş gəlir.

Sultanəli hücrəyə girdi. Amma özündə deyildi. Körpə pələng kimi gəzişirdi. İsmayıl onu görüb sevinclə qışqırdı:

– Hələ bir bura bax!

Sultanəli baxdı, amma üzünü tez də çevirdi.

– Xoşuna gəlmədi?

– Yox. Bizim dinimiz insan şəkli çəkməyi qadağan eləyir.

– Nə üçün? – deyə İsmayıl soruşdu.

– Ona görə ki, insanın əksini çəkən şəxs, sonradan ona can, nəfəs vermək iddiasına düşə bilər. Bunun isə necə küfr olduğunu sən bilməlisən. Bütpərəstlər ağacdan, palçıqdan, daşdan insan düzəltdilər və ona sitayiş elədilər.

İsmayıl qardaşı ilə ürəyində razılaşmadı.

DÜŞMƏNLƏR VƏ DOSTLAR
Yüklü dəvələr karvansarayın qabağında dayandı. Sarvan qabaqdakı dəvənin ovsarından yapışıb çubuqla dizinə vurdu, “hıx” deyən kimi qara, qoca nər ayaqlarını yığıb aşağı yatdı, o biri dəvələri də yatırtdılar. Ortayaşlı, qara saqqallı tacir işlərin gedişinə göz qoyub karvansarayın qapısında atdan düşdü. Daş döşəməyə dəvə qığı, at təsi tökülmüşdü, daşlardan turşumuş iy qalxırdı.

Karvansarayın qapısı açıldı, əli təsbehli, uzun əbalı, qırmızı saqqallı kişi çıxdı. Atdan düşən tacirlə görüşdü, əlini onun əlindən çəkəndən sonra dodağına aparıb öpdü.

– Yorulmayasan, Hacı Həşim, – dedi.

– Sağ ol, Kərbəlayi. Hə, nədi, gedirsən həccə? Qurban bayramına Məkkəyə çatarıq.

– Mənə niyyət düşmür, Hacı. İndi də böyük oğlum azarlayıb. Bir yönlük eləyim, görüm necə olacaq.

– Allah şəfa versin. Amma nə qədər ki, həccə gedib borcunnan çıxmamısan, xəlluqaləm hələ səni çox sınayacaq.

Onlar hal-əhval tutub həsb-hal eləyirdilər. Karvanın adamları dəvələrin cihazlarındakı yükləri yerbəyer eləyirdilər.

Karvansarayın darvazasından içəridə kiçik bir həyət vardı. Bu həyətdə səkkizkünclü daş hovuza daş novdan su tökülürdü. Cibo Səfər həmin novdan mis aftafanı doldurdu. Dəstəmaz alıb axşam namazına başlayacaqdı.

O, bu yaxın vaxtlarda karvansaraya düşmüşdü. Ona bazarda dükan almışdılar. Kürəsi vardı, palçıqdan çıraq düzəltməyə başlamışdı. İşləri də yaxşı gedirdi. İki gün əvvəl onun hücrəsiylə yanaşı hücrəyə iki müsafir düşmüşdü. Öyrənmişdi ki, ziyarətə gəliblər. Amma bu iki gündə hələlik Darül İrşada baş çəkməmişdilər. Elə bil nəyisə gözləyirdilər. Bığları qoç buynuzuna oxşayan adam həyət-bacada daha tez görünürdü, Cibo Səfərlə də bu iki gündə ülfət bağlamışdı. Səfəri bazara da göndərmişdi. Hücrələri də yanaşı idi.

İndi Cibo Səfər aftafasını doldurub aparanda onunla üz-üzə gəldi.

– Axşamın xeyir, – dedi.

– Hər vaxtın xeyir.

Bu Murad idi. Birdən-birə o başını qaldırdı, tacir karvansarayının həyətində, hovuzun kənarında dayanıb ona baxırdı. Murada bu sifət tanış gəldi. Paltarından tacir olduğunu gördü. Tacir diqqətlə baxırdı. Rəngi də əməlli-başlı ağarmışdı. Murad vaxt itirə bilməzdi. Karvan adamları gəlsə işlər korlana bilərdi.

Bir sıçrayışla özünü tacirə yetirdi.

– Tərpən!

O elə hökmlə dedi ki, tacir belindəki xəncərini də yadından çıxarıb, silahsız Muradın qabağına düşüb yeridi. Murad taciri öz hücrələrinə yox, Cibo Səfərin hücrəsinə apardı, Səfər hələ namaz qılmağa təzə hazırlaşırdı. Muradın yad adamla içəri girməsi onu duruxmağa məcbur elədi. Murad ona heç nə deməyib tacirin qolunu burdu, hücrənin küncündə yıxıb Cibo Səfərin yerə sərdiyi canamazı götürüb onun ağzına tıxadı, əllərini və ayaqlarını bağladı.

Nə iş görürsən, a kişi?

– Bəri gəl. Qapını bağla, tez. Sonra bilərsən.

O, Cibo Səfərin qolundan tutub hücrədən çıxardı. Muradın iri barmaqları arasında onun nazik qolu çöp kimi idi və bərk sıxsa ovxarlanıb tökülərdi. Onlar qonşu hücrəyə girdilər. Xalçanın üstündə uzanıb əllərini başının altına qoyub sağ dizini qaldıran Əbih Sultan onlara baxırdı. Muradı təlaşlı görüb soruşdu.

– Nə var?

– Dedim karvansaraya düşməyək də. Düşmənlərimiz hamısı bura gələcək, görüb tanıyacaqlar.

Əbih Sultan yerindən qalxıb oturdu.

– Düşmənimiz budu?

– A başına dönüm, mən sizi heç tanımıram? Mən düşmən olsam sizə nə eləyəsiyəm?

Murad onun qolunu dartdı. Yə’ni “sən sus”: – Tacir gəlib. Məni də yaxşı tanıdı. Adamları da çoxdu. Tərpən, qan tökməmiş buradan çıxaq.

Onlar keçən gündə Şeyxin müridlərindən heç kimi tapa bilməmiş, əlləri Hüseyn Lələyə çatmamışdı. İndi də bu hoqqa çıxıb. Murad gec tərpənsə bəlkə də artıq karvansarayın həyətində qılınc qırğını başlamışdı.

– Hara gedək? – Əbih Sultan sanki öz-özündən soruşdu, amma bu kəlməni hündürdən dedi.

– Mən bilirəm, – Cibo Səfər qorxa-qorxa dilləndn

– Sən nəyi bilirsən? – Murad hələ də onun qolunu buraxmamışdı.

– Gizlənməyə yer. Allahdan başqa orada sizin xətrinizə bir kimsə toxuna bilməz.

Onlar silahlarını qurşadılar. Həyətə çıxanda karvan adamları yükləri yerbəyer eləyirdilər. Deyəsən hələ tacirin başına gələndən heç kimin xəbəri yox idi. Onu axtarmırdılar. Əbih Sultan üzünə qara niqab çəkmişdi, gözlərindən isə onu burada heç kim tanımayacaqdı. Murad isə sir-sifətini gizlətmək niyyətində deyildi.

– Uzaqdı, yaxındı?

– Yaxındı.

Onlar karvansaranın həyətindən çıxdılar. Atları götürmədilər. Bu, vaxt aparardı və hər şey məhv olardı. Onlar tayları daşıyan karvan adamlarının yanından keçəndə tayın bir tərəfindən tutan kişi dayandı, tay əlindən yerə düşdü, əlinin dalı ilə alnının tərini sildi. Gözləri Muradda qaldı. Murad da ona baxdı. Elə baxdı ki, onun əli-qolu boşaldı. Tayın o biri tərəfindən tutan adam bu baxışlara fikir verəndən sonra qışqırdı.

– Qaçaq Murad, Qaçaq Murad.

Amma heç biri onun üstünə gəlməyə cəsarət eləmədi. Hamısı yükü qoyub karvansarayın həyətinə, tacirin yanına qaçdılar. Tərini silib hələ də nə edəcəyini bilməyənin yaxasını əlinə keçirən Murad dar küçəyə, evlərin arasına çəkdi.

– Mənim dalımca gəlsəniz, salamat qurtaran deyilsiniz. Bu sözlərdən sonra o bir anda yığıldı, üz-gözü əyildi. Murad onun yaxasını buraxanda tir-tap yerə düşdü.

– Buna nə oldu?

– Heç, – deyə Əbih Sultan xəncəri qara əbasının altında qına saldı. – Tərpən. Murad heyfsilənsə də heç bir şey demədi. Onlar Cibo Səfərin dalınca dar küçələri keçib başqa bir küçəyə döndülər. Karvansara tərəfdən hay-küy eşidiləndə onları Cibo Səfər – artıq Darül İrşada, Şeyx Səfiyyəddin türbəsinə çatdırmışdı.

– Buyurun.

Onlar qapıda dayanıb başmaq cütləyən adamın yanında, ayaqqabılarını çıxarıb çəkələk geydilər və həyətə girdilər.

– Bizi hara gətirdin?

– Buradan yüz il çıxmasanız heç kim sizə barmaq toxundura bilməz. Hələ Əmir Teymur bu ibadətgaha on kənd alıb bağışlayanda belə bir qayda qoymuşdu ki, kim buraya pənah gətirsə onu oradan çıxarmağa heç bir hökmdarın ixtiyarı yoxdur.

Murad buranı ziyarət eləmişdi. İndi burada qalmağı ağlına sığışdırmadı. Ürəyi darıxacaqdı.

– Əbih Sultan, indi oturub burada gözləyək ki, gəlib bizim keşiyimizi çəksinlər.

Əbih Sultan Cibo Səfərə dedi.

– Sən bura deyəsən məhrəm adamsan?

– Bir az. Necə?

– Onda bizi Hüseyn Lələ bəyin yanına apar.

– Hüseyn Lələnin? Qoy öyrənim görüm burdadı? O, uzaqlaşdı, kaşılarla işlənmiş dəbilqə şəkilli qapıdan içəri girdi. Amma gəlib çıxmaq bilmirdi. Əbih Sultanla Murad tut ağacının saralıb tökülmüş xəzəllərinin üstündə gəzişdilər, darıxdılar, ancaq Cibo Səfər gəlmədi ki, gəlmədi.

– Bizi aldadıb tələyə saldılar, Murad.

– Yox, bu fağır adamdı, aldatmaz.

– Onda Hüseyn Lələ bəy buradadı. Burdadısa işlər düzəldi.

Bir azdan dörd nəfər qara paltarlı, qırmızı börkülü adam gəldi. Aralarındakı ən yaşlısı pəltəkləyə-pəltəkləyə soruşdu.

– Ziyarətə gəlib ağalar?

– Bəli, – deyə Əbih Sultan dilləndi.

– Onda silahları verin. Çıxanda qaytarallar. İmam övladının qəbri üstünə heç kim silah gətirməyib.

Əbih Sultan bu kəlmələrlə Cibo Səfər arasında bir əlaqə gördü. Geri çəkilmədi. Bu işin sonuna qədər getmək fikrinə gəldi. Belindən xəncərini, qılıncını açıb verdi.

Murad da qılıncını açdı.

– Qayıdanda bu silahları bizə verəcəklər?

– Bəli, ağa.

Onlardan biri silahları götürdü. Pəltək qabağa düşdü, iki nəfər arxada onları müşayiət elədi. Səfər girdiyi qapıdan içəri girdilər, sağa döndülər. Qaranlıq bir dəhlizə ayaq qoyan kimi Muradın da, Əbih Sultanın da başına qara örtük atdılar. Hərəni bir neçə adam sarıdı və götürüb harayasa apardılar.

Karvanın adamları karvansarayın həyətində nə qədər axtardılarsa tacir Hacı Həşimi tapa bilmədilər. Karvansaray sahibi də məəttəl qalmışdı.

– Nökərlər hücrəni təmizləyirdi. Bu necə ola bilər.

– Ağanı öldürdülər. Qaçaq Muradı mən özüm gördüm,– deyə bayaq qışqıran nökər ağlayırdı.

– Kim öldürəcək?

– Qaçaq Murad.

– O kimdi? Qaçağın, quldurun mənim karvansarayımda nə ölümü var?

– Öz gözlərimnən gördüm, ağa. Belə iri bığları var.

Kərbəlayi qabağa düşüb hücrələrə baxmağa başladı.

– Yekə bığlı... Elə hamı yekə bığlıdı da. Hə, dediyin Hacı Nəsib ağadı. İki nəfərdilər, bu hücrəyə düşmüşdülər. Ziyarətə gəliblər.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə