yeganə üstünlüyü deyil, ikinci üstünlüyü də belə qəşəng geyinməsidir. Biz, yəni burdakı bütün
məmurlar,
belə hesab elədik ki, müştərilərimizlə ilk görüşən o olur və ilk təəssüratın yaxşı
olması üçün həm də qəşəng geyinməlidir. Biz isə, təəssüflər olsun ki, elə mənim üst-başımdan
gördüyünüz kimi, çox pis, köhnə dəblə geyinmişik. Paltara pul verməyin də mənası yoxdur,
çünki az qala bütün vaxtı dəftərxanada oluruq, elə burda da yatırıq. Ancaq, bayaq dediyim
kimi, elə hesab elədik ki, məlumat bürosunda işləyən üçün qəşəng paltar vacibdir. Bu
məsələdə başqa mövge tutan idarəmizdən heç nə ala bilmədiyimiz üçün özümüz pul yığdıq,
hətta müştərilərimizdən də verən oldu, ona bu gəşəng paltarı, əlavə də bir neçəsini aldıq.
Demək olar ki, yaxşı təəssürat yaratmaq üçün hər şeyi eləmişik, ancaq o, öz
gülüşü ilə
hamısını korlayır, camaatı qorxuzur.
– Elədir, elədir! – kişi istehza ilə dilləndi. – Ancaq, frölayn, bilmirəm bu cənab istəmədiyi
halda niyə bütün “sirlərimizi” ona açırsınız, daha doğrusu, beyninə yeridirsiniz?! Baxın görün
öz aləminə necə qapılıb oturub!
K.-nın etiraz etməyə həvəsi yox idi. Qız bəlkə də bunu xoş niyyətlə eləyirdi və məqsədi o idi
ki, K. imkan tapıb özünə gəlsin, ancaq alınmırdı ki, alınmırdı. O, kişiyə tərəf döndü:
– Sizin gülüşünüzün mənasını açıqlayırdım, yoxsa xətrinə dəyərdi.
– Zənnimcə, onu bu saat bayıra çıxarsam, bundan da pis təhqirləri bağışlar.
K. dinmədi, heç baxışlarını da qaldırmadı. Bu iki nəfərin onun haqqında cansız bir əşya kimi
danışdıqlarına dözdü, hələ bəlkə də xoşuna gəldi. Ancaq qəflətən bir qolunda məlumat
bürosunda
işləyən kişinin, digərindəsə, qızın əlini hiss elədi.
– Zəif kişi, ayağa durun! – dedi kişi.
– Hər ikinizə çoxlu-çoxlu təşəkkürlər! – K. sevinc dolu heyrət içində dilləndi, yavaş-yavaş
qalxmağa başladı, özü onların əllərini bədənin dayaq istəyən yerlərinə apardı.
Onlar dəhlizə yaxınlaşanda, qız K.-nın qulağına pıçıldadı:
– Belə çıxdı ki, mən məlumat bürosunda işləyən kişini sizin gözünüzdə qaldırmaq istəyirdim,
ancaq inanın ki, həqiqəti deyirəm. Elə də daşürəkli deyil. Xəstə müştəriləri bayıra çıxarmaq
onun borcu deyil, ancaq görürsünüz ki, bunu edir. Bəlkə de heç
birimizin ürəyi daşdan deyil,
bəlkə də böyük məmnuniyyətlə hamıya kömək edərdik, ancaq məhkəmə məmurları kimi
özümüzü yalandan daşürəkli adamlar kimi göstərir və guya heç kimə kömək etmək istəmirik.
Mənə təsir eləyən də elə budur...
– Bəlkə burda bir az oturasınız?! – kişi soruşdu. Onlar artıq dəhlizə çatmışdılar və indi K.-nın
bayaq içəri girəndə söhbət etdiyi kişinin yanında idilər. K., demək olar ki, ondan utandı, çünki
bir az bundan əvvəl qarşısında şax dayanmışdı, ancaq indi iki nəfər onu güclə ayaq üstə
saxlayırdı, kişi onun şlyapasını düzəldirdi, dağılmış saçları tər basmış alnına tökülmüşdü.
Lakin həmin kişi, deyəsən, bunu hiss etmədi, onun başı üzərindən harasa baxan məlumat
bürosu rəhbərinin qarşısında qorxa-qorxa nə üçün bura gəldiyinə haqq qazandırmağa çalışdı:
– Bilirəm, – dedi, – ərizələrimin cavabı bu gün hazır olmaz,
ancaq buna baxmayaraq, gəldim.
Fikirləşdim ki, gözləyərəm, bazar günüdür, vaxtım var, heç kəsə də maneçiliyim yoxdur.
– Buna görə belə üzrxahlıq etmək lazım deyil, – məmur onu sakitləşdirdi, – sizin bu
narahatlığınız tərifəlayiqdir. Düzdür, burda artıq yer tutursunuz, ancaq mənə mane
olmadığınız üçün, etirazım yozdur, burda qalıb işinizin gedişini izləyə bilərsiniz. Öz
vəzifələrini başa düşməyən həyasız adamlarla rastlaşandan sonra sizin kimilərini görüb səbrli
olmağı öyrənmək lazımdır! Əyləşin!
– Görürsünüz, müştərilərlə necə danışır?! – qız pıçıldadı. K. başını tərpətdi,
ancaq məlumat
bürosunda işləyən kişi yenə də: «Burda bir az oturmaq istəmirsiniz?” – deyə soruşanda
diksindi.
– Xeyr, – dedi, – dincəlmək istəmirəm.
Bu sözləri qətiyyətlə deməyə çalışdı, ancaq otursaydı yaxşı olardı. Elə bil dəniz xəstəliyinə
tutulmuşdu. Ona elə gəlirdi ki, bərk yırğalanan bir gəmidədir. Ona elə gəlirdi ki, su gəminin
taxta gövdəsinə çırpılır, dəhlizin o başından bir dalğa gəlir, hər yanı su basır, dəhliz ləngər
vurur, orda oturan adamlar qalxıb-düşür.
Ən qəribəsi isə, onu aparan qızla kişinin sakitliyi idi.
İndi canı onların əlində idi, buraxsalar, daş kimi yerə düşərdi. Hərdən onların sərt baxışlarını
üzərində hiss edir, özü artıq yeriməsə də, onların ahəngdar addım səslərini eşidirdi. Qəflətən
hiss etdi ki, ona nəsə deyirlər, ancaq heç nə başa düşmürdü, yalnız bütün dəhlizi başına
götürmüş səs-küyü və bu səs-küyün içində həyəcan siqnalına oxşayan bir güyültü eşidirdi.
Başı əyilmişdi və güclə pıçıldadı:
– Ucadan danışın! – dediyindən özü də utandı, çünki bilirdi ki, o,
başa düşməsə də, kifayət
qədər ucadan danışırlar. Qəflətən elə bil divar deşildi, təmiz hava üzünə vurdu və
yanındakıların səsini eşitdi:
– Əvvəl çıxıb getmək istəyir, sonra da min dəfə deyirsən ki, çıxış qapısı budur, qımıldanmır ki
qımıldanmır!
K. hiss etdi ki, çıxış qapısına çatıblar və qız onu açıb. Ona elə gəldi ki,
bütün gücü birdən-birə
özünə qayıtdı və azadlığın ilk sevincini dadmaq üçün ayağını pillələrdən birinə qoydu, elə
ordan da qapının ağzında dayanıb ona tamaşa edən müşayiətçiləri ilə vidalaşdı.
– Çox sağ olun! – deyə təkrar edərək hər ikisinin əlini bir də sıxdı və qəflətən ona elə gəldi ki,
dəftərxana havasına öyrəşmiş bu adamlar pilləkənlərdən üzlərinə vuran təmiz havada
boğulurlar və... əllərini buraxdı. Heç biri cavab verə bilmədi və K. qapını çöldən tez
bağlamasaydı, qız yıxılacaqdı...
K. bir anlığa pilləkənin başında sakit dayandı, sonra cib güzgüsünü çıxarıb saçlarını qaydaya
saldı, növbəti pilləkən duracağına düşmüş şlyapasını – yəqin məlumat bürosunda işləyən kişi
ora tullamışdı – götürüb başına qoydu və pilləkənləri elə gümrah addımlarla, tullana-tullana
düşdü ki, az qala özü də qorxdu. Heç vaxt şikayətlənmədiyi səhhəti indiyədək
onu belə
imtahana çəkməmişdi. Bəlkə bədəni üsyana qalxıb, köhnə həyat tərzini çətinliklərsiz
yaşadığını görüb, ona yeni həyat tərzi hazırlayır?! Tərəddüdlə də olsa, ağlına gələn bu fikirlə