razılaşdı ki, imkan düşən kimi, həkimə getsin, ancaq qərara aldı ki, – burda artıq heç kəsin
məsləhətinə ehtiyac yox idi – gələcək bazar günlərini bugünkündən yaxşı keçirsin.
DÖRDÜNCÜ FƏSİL
Frölayn Bürstnerin rəfiqəsi
Növbəti günlərdə K. frölayn Bürstnerlə bircə kəlmə də kəsə bilmədi. Onunla qarşılaşmaq
üçün müxtəlif vasitələrə əl atdı, ancaq qız yaxınlıq vermədi ki vermədi. İşdən çıxan kimi evə
gəldi, otağında işığı söndürmədi, divanda oturdu və ön otağı müşahidə etməkdən savayı heç
bir işlə məşğul olmadı. İçəridə heç kəsin olmadığını güman edən qulluqçu qız qapını örtəndə
də bir az gözləyib, onu təzədən aralı qoyurdu. Səhərlər həmişəkindən bir saat tez dururdu ki,
bəlkə onu işə gedəndə tək tuta bilə. Ancaq bu cəhdlərin heç biri alınmadı. Sonra ona məktub
yazıb birini iş yerinə, birini də evə göndərdi, yenə də hərəkətinə bəraət qazandırmağa çalışdı,
yazdı ki, günahını hər cür yumağa hazırdır, söz verdi ki, qızın qoyduğu sərhədi heç vaxt
aşmayacaq, xahiş etdi ki, yalnız bircə dəfə söhbət etməyə şərait yaratsın, çünki onunla
danışmamış frau Qrubaxla heç nə barədə razılığa gələ bilməz və axırda da xəbər göndərdi ki,
növbəti bazar bütün günü evdə oturub ondan işarə gözləyəcək: ya onun təklifini qəbul edir, ya
da, ən azı niyə qəbul etmədiyinin səbəbini açıqlayır, axı qız necə istəsə, elə də olacağına söz
verib. Məktublar geri qayıtmadı, ancaq cavab da çıxmadı. Əksinə, bazar günü çox aydın bir
işarə gəldi: səhər tezdən açar deşiyindən baxan K. ön otaqda qeyri-adi bir canlanmanın şahidi
oldu və onun səbəbi də tezliklə bilindi. Fransız dili müəlliməsi – zəif, solğun bənizli, ayağını
da azacıq çəkən bu qız milliyyətcə alman, soyadı da Montaq idi, bu vaxta qədər də otağı tək
kirələmişdi – frölayn Bürstnerin otağına köçürdü. Saatlarla ön otaqda vurnuxdu. Gah yataq
dəstindən nəsə, gah hansısa bir palaz, gah da kitab yaddan çıxmış olurdu və qız da onları bir-
bir təzə mənzilə daşıyırdı.
Frau Qrubax səhər yeməyini gətirəndə – K. onu əməlli-başlı acılayandan sonra frau Qrubax
ən xırda işləri də qulluqçuya etibar etmirdi – beş günlük fasilədən sonra onunla ilk dəfə
danışmaqdan özünü saxlaya bilmədi.
– Niyə bu gün ön otaqda belə səs-küy var? – deyə özünə qəhvə süzə-süzə soruşdu. – Bunu
kəsmək olmaz? Mütləq bazar günü yır-yığış etmək lazımdır? – Frau Qrubax tərəfə baxmasa
da, hiss etdi ki, o, yüngülləşdi, dərindən nəfəs aldı. K.-nın hətta bu sərt suallarını da barışıq
əlaməti və yaxud barışığa doğru atılan addım hesab elədi.
– Yır-yığış eləmirlər, cənab K., – dedi, – frölayn Montaq frölayn Bürstnerin yanına köçür,
şeylərini ora daşıyır.
Qadın susaraq K.-nın buna necə baxacağını öyrənmək istədi və bir də gözlədi ki, K. ona
sözünə davam etməyə icazə verəcək, ya yox. K. isə onu sınağa çəkdi, fikirli-fikirli əlindəki
qaşıqla qəhvəsini qarışdırdı, sonra başını qaldırıb ona baxdı və dedi:
– Daha frölayn Bürstnerdən şübhələnmirsiniz ki?
– Cənab K.! – Frau Qrubax bu sualı sanki çoxdan gözləyirdi və əllərini ona tərəf uzatdı, elə
bil yalvarırdı. – Siz adicə bir iradı ürəyinizə saldınız. Sizin və ya bir başqasının xətrinə
dəymək ağlıma belə gəlməzdi! Siz ki məni çoxdan, özü də yaxşı tanıyırsınız, ona görə də
dediklərimə inanmalısınız. Axı siz bilmirsiniz ki, mən bu son günlərdə necə əzab çəkdim! İşə
bax, mən öz kirayənişinlərimə qara yaxmalıyam! Siz də buna inandınız, cənab K.! Dediniz ki,
sizi çıxarıram! Sizi çıxarmaq?!– axırıncı sözləri göz yaşları içində boğula-boğula dedi və
sonra da önlüyünü üzünə aparıb hıçqırdı.
– Ağlamayın, frau Qrubax, – deyə K. pəncərədən çölə baxdı. İndi yalnız frölayn Bürstner
barədə fikirləşirdi və fikirləşirdi ki, o, tanımadığı bir qızı necə yanına götürə bilər. Geri
dönəndə qadının hələ də ağladığını görüb bir də dedi: – Dedim ki, ağlamayın! Mən də o vaxt
həmin sözləri pis mənada demədim. Biz, sadəcə olaraq, bir-birimizi başa düşməmişik. Köhnə
dostlar arasında da hərdən belə şeylər olur.
Frau Qrubax onun doğrudan da barışdığına əmin olmaq üçün önlüyünü gözlərindən çəkdi.
– Bəli, bəli, elədir! – deyən K. frau Qrubaxın özünü necə aparmağından başa düşdü ki,
kapitan ona heç nə deməyib və bundan cəsarətlənərək əlavə etdi: – Doğrudanmı elə
fikirləşirsiniz ki, mən yad bir qıza görə sizinlə düşmən ola bilərəm?
– Elə məsələ də bundadır, cənab K.! – deyən frau Qrubaxın bədbəxtliyi orasında idi ki, özünü
bir az sərbəst hiss edən kimi ağzından nəsə qaçırırdı. – Həmişə özümə sual verirdim ki,
görəsən nəyə görə cənab K. frölayn Bürstnerə belə qahmar çıxır? Bilə-bilə ki, onun hər ağır
sözündən sonra mən bütün gecəni yata bilmirəm – o qıza görə mənimlə davaya çıxır! Axı,
mən frölaynın haqqında öz gözlərimlə gördüklərimdən başqa heç nə deməmişəm!
K. dinmədi, dinsəydi, gərək onu otaqdan qovaydı və bunu istəmirdi. Yalnız qəhvəsini içməklə
kifayətləndi ki, frau Qrubax burda artıq olduğunu özü başa düşsün. Bayırdan yenə frölayn
Montaqın ön otağı başına götürən ağır addım səsləri eşidildi.
– Eşidirsiniz? – deyə K. əli ilə qapını göstərdi.
– Bəli! – Frau Qrubax köksünü ötürdü. – İstədim özüm də, qulluqçu qız da ona kömək eləyək,
ancaq inad elədi, dedi ki, hamısını özü daşıyacaq. Bu frölayn Bürstnerə lap mat qalmışam.
Mən çox vaxt frölayn Montaqın kirayənişinim olmasına təəssüflənirəm, frölayn Bürstner isə,
onu öz yanına aparır...
– Bunun sizə dəxli yoxdur! – K. fincanın dibindəki son qənd parçalarını da qaşıqla əzdi. –
Məgər siz bununla nəsə itirirsiniz?
– Xeyr, əslində, qazanıram, bir otaq boşalır və qohumum kapitanı yerləşdirərəm. Çoxdan
qorxurdum ki, son günlər qonşuluğunuzdakı qonaq otağında qaldığı üçün sizə mane ola bilər.
Deyən kimi köçəcək...
– Görün ağlınıza nələr gəlir! – deyə K. ayağa durdu. – Bu barədə söhbət ola bilməz! Deyəsən,
məni həddən artıq həssas adam hesab eləyirsiniz, çünki frölayn Montaqın bu “gəzinti”lərinə –
baxın, indi qayıdır – dözə bilmirəm.
Frau Qrubax nə edəcəyini bilmədi:
– Cənab K., bəlkə ona deyim ki, köçməyinin qalanını təxirə salsın? İstəyirsiniz elə bu dəqiqə
deyim.
– Ancaq o, frölayn Bürstnerin yanına köçməlidir.
– Elədir, – deyən frau Qrubax K.-nın bununla nə demək istədiyini yaxşı başa düşmədi.
– Belə olan halda o, şeylərini daşımalıdır.
Frau Qrubax yalnız başını tərpətdi. Zahirən inadkarlıqdan başqa heç nəyə oxşamayan bu lal
yazıqlıq K.-nı daha da cinləndirdi. Otaqda var-gəl etməyə başladı – qapıdan pəncərəyə,
pəncərədən də qapıya tərəf getdi və bununla bəlkə də çoxdan çıxıb getmək istəyən frau
Qrubaxa mane oldu.
K. bir də qapıya çatanda, o döyüldü. Qulluqçu qız idi və dedi ki, frölayn Montaq cənab K. ilə
nə barədəsə danışmaq istəyir və xahiş edir, yemək otağına gəlsin, onu orda gözləyir. K. fikirli-
fikirli qızı dinlədi, sonra da, demək olar ki, istehzalı nəzərlərlə özünü itirmiş frau Qrubaxa
tərəf baxdı. Bu baxışla sanki demək istəyirdi ki, frölayn Montaqın onu söhbətə dəvət
edəcəyini əvvəlcədən bilirmiş və bu dəvət də frau Qrubaxın kirayənişinlərinin bazar günü
səhər tezdən başlayaraq K.– nı narahat etmələrinə çox uyğun gəlir. Qıza dedi ki, indi gəlir və
paltar dolabına tərəf getdi ki, pencəyini dəyişsin. Qızın onu təngə gətirdiyindən şikayətlənən
frau Qrubaxdan isə, yalnız bunu xahiş etdi ki, səhər yeməyini apara bilər.
– Axı, siz ona heç əl vurmadınız!
– Ah, dedim ki, aparın! – K. səsini ucaltdı və ona elə gəldi ki, bütün bu işlərdə frölayn
Montaqın əli var, aranı qarışdıran da odur.
Ön otaqdan keçəndə, frölayn Bürstnerin qapısının bağlı olduğunu gördü. Ancaq onun otağına
deyil, yemək otağına dəvət olunmuşdu və döymədən də qapını itələyib açdı.
Çox uzun, həm də dar, birpəncərəli otaq idi. Yer az olduğundan, qapı tərəfdə olan künclərə iki
dolab çəpinə qoyulmuşdu, qalan sahəni isə yemək stolu tutmuşdu. Düz qapının yanından
başlayan bu stol az qala böyük pəncərəyə çatırdı, onların arasından keçmək olmurdu. Stol
artıq açılmışdı və özü də çox adam üçün nəzərdə tutulmuşdu, çünki bazar günü, demək olar
ki, bütün kirayənişinlər burada nahar edirdi.
Dostları ilə paylaş: |