– Elə bilirdim, özünüz yanıma gələcəksiniz, – dedi qız, – çağırmaq lazım olmayacaq. Qəribə
oldu... İçəri girən kimi gözlərinizi məndən çəkmədiniz, sonra da gözlətdiniz... Mənə, sadəcə
olaraq, Leni deyin... – qız son sözləri tələsə-tələsə dedi, sanki vaxt itirmək istəmirdi.
– Məmnuniyyətlə... – K. cavab verdi. – Qaldı qəribəlik məsələsi – onu izah etmək çətin deyil,
Leni. Birincisi, o qocaların nə çərənlədiklərinə qulaq asmalı idim, bəhanəsiz aralana
bilməzdim, ikincisi də mən sırtıq adam deyiləm, əksinə, utancağam və siz də, Leni, doğrudan
da tez yola gələnə oxşamadınız.
– Elə deyil... – Leni qolunu söykənəcəyin üstünə qoyub K.-ya baxdı. – Xoşunuza gəlmədim...
yəqin heç indi də gəlmirəm.
– Xoşa gəlmək məsələsi deyildi... – K. etiraz etdi.
– Hə..ə.. – qız gülümsədi və K.-nın bu sözlərindən, həm də öz cavabından bir az ürəkləndi.
Ona görə də K. bir anlığa susdu. Artıq gözləri qaranlığa alışdığı üçün otaqdakı bəzi şeyləri
seçə bilirdi. Ən çox diqqətini çəkən qapının sağ tərəfindəki iri şəkil oldu, onu daha yaxşı
görmək üçün başını qabağa uzatdı. Hakim mantiyasında olan bir kişinin şəkli idi. Qızılı
haşiyələri parıldayan uca bir kresloda oturmuşdu. Qəribəsi bu idi ki, o narahat idi, məğrurluq
hiss olunmurdu, sol əlini qoltuqaltı ilə söykənəcəyə sıxmışdı, sağ əlində heç nə yox idi,
qoltuqaltıdan tutmuşdu, sanki indicə sıçrayıb ayağa qalxacaq, nəsə vacib bir söz deyəcək, ya
da elə hökm oxuyacaqdı. Müttəhim də yəqin ki onun ayaqlarının ucundakı pilləkəndə oturmuş
olardı və üstünə sarı rəngli xalça çəkilmiş həmin pilləkənin baş tərəfi şəkildə görünürdü.
– Bəlkə də mənim hakimimdir, – deyə K. barmağı ilə şəkli göstərdi.
– Onu tanıyıram, – Leni də şəklə tərəf baxdı, – bura tez-tez gəlir. Cavan vaxtının şəklidir,
ancaq özü deyəsən heç vaxt ona oxşamayıb. Çünki bircə qarış boyu var. Ancaq şəkildə özünü
ucaboy çəkdirib, çünki o da buradakıların hamısı kimi dəhşətli dərəcədə lovğadır. Elə mən
özüm də lovğayam və xoşunuza gəlmədiyimdən çox narazıyam.
K. qızın son sözlərinə onu qucaqlayıb özünə tərəf çəkməklə cavab verdi və Leni də sakitcə
başını onun çiyninə qoydu. Qalan sözlərinə isə cavab əvəzinə sual verdi:
– Onun vəzifəsi nədir?
– Təhqiqat müstəntiqidir. – qız K.-nın onu qucaqlamış əlinin barmaqları ilə oynamağa başladı.
– Ah, yenə də təhqiqat müstəntiqi... – K. məyus oldu. – Böyük vəzifəli məmurlar gizlənirlər.
Ancaq onun oturduğu əsil hakim kreslosudur.
– Hamısı quraşdırmadır, – Leni üzünü K.-nın əlinə yaxınlaşdırdı, – əsil həqiqətdə isə mətbəx
kreslosunda oturur, üstünə də köhnə bir yəhər qoyublar... – Sonra da yavaş-yavaş əlavə etdi, –
siz elə həmişə məhkəmə barədə düşünməlisiniz?
– Xeyr, həmişə yox... Hətta deyərdim ki, o barədə çox az düşünürəm.
– Düz eləyirsiniz... Deyirlər, siz çox tərs adamsınız.
– Bunu kim deyir? – K. qızın bədənini sinəsində hiss elədi və onun qalın qara saçları boyu
aşağı baxdı.
– Bunu desəm, çox sirri açmış olaram, – Leni cavab verdi. – Xahiş edirəm ad soruşmayın,
səhvinizi də düzəldin, çox tərslik eləməyin, bu məhkəmədən can qurtarmaq olmaz, hər şeyi
etiraf etmək lazımdır. Gələcəkdə, imkan düşən kimi, hər şeyi boynunuza alın. Yalnız bunun
vasitəsilə sürüşüb aradan çıxmaq olar... Yalnız bununla, vəssalam. Ancaq bunun özü də
kiminsə köməyi olmadan mümkün deyil və bu kömək məsələsində də qorxmayın, özüm sizə
kömək edəcəm.
– Siz bu məhkəməni yaxşı tanıyırsınız, ona lazım olan saxtakarlıqları da bilirsiniz, – deyə K.
özünü ona sıxan qızı qucağına aldı.
– Bax belə... – Leni onun qucağında yerini rahatladı, ətəyini aşağı çəkdi, koftasını düzəltdi.
Sonra qollarını K.-nın boynuna dolayıb başını bir az geri əydi, uzun-uzadı onun üzünə baxdı.
– Boynuma almasam, kömək edə bilməzsiniz? – K. sınayıcı nəzərlərlə qıza baxdı. “Özümə
yaxşı xanım köməkçilər tapıram...” – K. heyrət içində fikirləşdi, – “Əvvəlcə frölayn Bürstner,
sonra məhkəmə məmurunun arvadı, indi də bu balaca qulluqçu qız... Heç bilmirəm məndə nə
görüb... Gör dizimin üstündə necə oturub, elə bil burdan rahat yer yoxdur.”
– Xeyr, – Leni başını asta-asta buladı, – onda kömək edə bilmərəm. Ancaq siz də mənim
köməyimi istəmirsiniz, sizə lazım deyil, çox inadkarsınız, sizi nəyəsə inandırmaq mümkün
deyil. – sözlərinə biz ara verib soruşdu: – Sevgiliniz var?
– Yox!
– Ola bilməz...
– Düz deyirsiniz, var... Təsəvvür edin ki, ondan küsmüşəm, ancaq şəklini həmişə yanımda
gəzdirirəm.
Qızın xahişlərindən sonra Elzanın şəklini ona göstərdi. Leni diqqətlə şəklə baxdı. Tez hazır
olan şəkillərdən idi, qız rəqs edən yerdə çəkilmişdi, – Elza işlədiyi meyxanada belə rəqs
etməyi xoşlayırdı – ətəyi yellənirdi, əllərini belinə qoymuşdu, boğazını dik tutaraq yana baxıb
gülürdü. Şəkildə onun kimə baxdığı bilnmirdi.
– Belini cox çəkib, – deyə Leni şəkildə həmin yeri göstərdi. – Mənim xoşuma gəlmir,
dikbaşdır, qabadır. Bəlkə də sizə qarşı mülayimdir, mehribandır, elə şəkildən də görünür. Belə
dolubədənli, güclü qızlar çox vaxt mülayim, mehriban olmaqdan başqa heç nə bilmirlər.
Ancaq özünü sənə qurban verə bilər?
– Xeyr, nə mülayimdir, nə də mehriban, özünü də heç vaxt mənə qurban verməz. Ancaq
indiyə qədər dediklərinizin heç birini ondan tələb etməmişəm. Bu şəklə də heç vaxt sizin kimi
belə diqqətlə baxmamışam.
– Deməli, sizi ona heç nə bağlamır... Deməli, sevgiliniz də deyil...
– Sevgilimdir! Mən dediyimdən dönən deyiləm.
– Ola bilsin, indi sevgilinizdir. Ancaq onu itirsəniz və ya da kiməsə dəyişsəniz, məsələn elə
mənə dəyişsəniz, yeri o qədər də görünməz...
– Əlbəttə, – K. gülümsədi, – belə də ola bilər, ancaq sizdən bir böyük üstünlüyü var ki, mənim
məhkəməm haqqında heç nə bilmir və hətta bilsə də, bu barədə fikirləşməz.
– Bu, üstünlük deyil. Əgər başqa üstünlükləri yoxdursa, onda mən hələ ümidimi üzmürəm.
Fiziki çatışmazlığı var?
– Fiziki çatışmazlıq?
– Bəli. Mənim kiçik də olsa belə çatışmazlığım var. Baxın! – deyə qız sağ əlinin orta
barmaqlarını bir-birindən araladı. Onlar bükəcəyə qədər bitişik idi. Qaranlıq olduğu üçün K.
əvvəlcə qızın ona nə göstərmək istədiyini başa düşmədi, ona görə də qız onun əlini aparıb öz
əlinin üstünə qoydu ki, hiss etsin.
– Təbiətin yaratdığına bax! – K. onun əlini tam nəzərdən keçirəndən sonra əlavə etdi: – Nə
gözəl dırnaqlarınız var!
Leni bir növ məğrurluqla K.-nın heyrət içində onun baramaqlarını necə araladığına, sonra da
bitişdirdiyinə baxdı. K. qəflətən onları yüngülcə öpüb buraxdı.
– Oh! – qız o dəqiqə qışqırdı. – Məni öpdünüz!
Sonra da dizlərini onun dizlərinin üstünə qoyaraq sinəsinə “dırmaşmağa” başladı. Özünü
itirmiş K. ona indi lap yaxın olan qıza baxdı, kəskin, bibər iyisinə oxşar bir qoxu üzünə vurdu.
Qız onun başını özünə tərəf çəkərək boğazını dişlədi, öpdü, hətta saçlarını da dişlədi. Hərdən
də “Onu mənimlə əvəz etdiniz! Görürsünüzmü, onu mənimlə əvəz etdiniz” – deyirdi. Həmin
anda dizi sürüşdü, yavaşdan qışqırdı, az qaldı xalçanın üstünə yıxılsın, K. onu qucaqladı ki,
yıxılmasın, ancaq özü də onunla bərabər yıxıldı.
– İndi sən mənimsən! – dedi qız. – Bu da evin açarı, nə xaxt istəyirsən, gəl... – Qızın son
sözləri bu oldu və K. durub gedəndə mənasız yerə onun kürəyindən öpdü.
K. bayıra çıxanda, yağış yağırdı və o, küçənin ortasına tərəf tələsdi ki, bəlkə qızı pəncərədə
görə, ancaq elə həmin anda evin qabağında gözləyən maşından bir nəfər düşdü – halı özündə
olmadığı üçün onu heç görməmişdi – əmisi idi, qollarından yapışıb onu giriş qapısına sıxdı,
sanki qapıya mismarlamaq istəyirdi:
– Uşağın biri uşaq! Bu nə iş idi sən tutdun? İşin düzəlməyə doğru gedəndə, onu vurub
korladın. O balaca ifritə ilə harasa əkilirsən – üstəlik də, ola bilsin, vəkilin məşuqəsidir –
saatlarla yoxa çıxırsan. Heç bir bəhanə gətirmirsən, heç nəyi gizlətmirsən, yox, sən nəyisə
gizlədən adam deyilsən, qızın yanına gedirsən, orda da qalırsan. Həmin vaxtda da biz bir
yerdə otururuq – sənin üçün çalışan əmin, öz tərəfimizə çəkmək istədiyimiz vəkil və hər
şeydən əvvəl də, dəftərxana müdiri, o böyük adam... İndiki mərhələdə sənin işin onun
əlindədir. Məsləhətləşirik ki, sənə necə kömək edək, mən ehtiyatla vəkili buna hazırlayıram,
vəkil də dəftərxana müdirini... Ən azı yanımızda qalıb mənə dəstək olmalı idin. Bunun
əvəzində yoxa çıxırsan! Axırda hər şey məlum olur, ancaq onlar yaxşı ki, tərbiyəli, mahir
Dostları ilə paylaş: |