daha qapalı, daha
diqqətli, daha ciddi, daha amansız olur. Yaxşı olar ki, vəkillərə mane
olmaqdansa, bu işləri onların öhdəsinə buraxalar. İrad tutmaqla nəsə qazanmaq olmaz – ən
çox da bu iradın səbəblərini açıqlaya bilməyəndə... Ancaq bununla belə, K.-ya deyilməlidir ki,
dəftərxana müdirinə göstərdiyi o münasibətə görə öz işinə çox ziyan vurdu. Bu böyük mənsəb
sahibinin adı, demək olar ki, K.-ya köməyi dəyə biləcək adamların siyahısından artıq silindi.
Hətta o məhkəmənin adı ötəri çəkiləndə də, qəsdlə özünü eşitməzliyə vurur. Bəzi məsələlərdə
bu məmurlar lap uşaq kimi olurlar. Bir də görürsən, adicə bir şeyin üstündə – təəssüf ki, K.-
nın ondakı hərəkəti adi şey deyildi – elə inciyirlər ki, hətta ən yaxın dostları ilə də danışmırlar,
rastlaşanda üzlərini
çevirirlər, imkan düşən kimi onların əleyhinə gedirlər. Ancaq sonra da
gözlənilmədən, heç nədən adicə bir zarafata – adətən, adamın əli hər yerdən üzüləndə belə
zarafata keçir – gülürlər və beləliklə də barışmış olurlar. Onlarla yola getmək həm çətindir,
həm də asan və bunun da heç bir qayda-qanunu yoxdur. Bəzən adam lap təəccüb edir ki, orta
bir insan ömrü burda, az da olsa, uğurla işləmək üçün bu qədər bilikləri əxz eləməyə necə
çatır. Düzdür, hamı kimi onların da kədərli anları olur, elə bilirlər ki, indiyədək heç nəyə nail
olmayıblar,
elə düşünürlər ki, yalnız əvvəlində yaxşı sonluğu müəyyənləşdirilmiş
məhkəmənin nəticəsi uğurlu alınıb, burda heç kəsin köməyinə ehtiyac olmayıb, qalanları
uduzulub və deməli, bütün bu qaçhaqaçlar, əzab-əziyyətlər, o cüzi, yalançı uğurların böyük
sevinci havayı imiş. Onda vəkil özünə əmin olmur və kimsə deyəndə ki, mahiyyət etibarı ilə
yaxşı keçən məhkəmə onun “köməyindən” sonra başqa istiqamətə yönəlib, ona etiraz etməyə
cəsarəti çatmır. Ancaq bu da özünəinamın bir növüdür və adama qalan da təkcə bu olur. Belə
tutmalar – bəli, buna tutmadan başqa ad vermək olmaz – vəkilləri o vaxt haqlayır ki, xeyli
müddət, kifayət qədər uğurla apardıqları işi qəflətən əllərindən alırlar. Bu, vəkilin başına
gələn ən pis iş hesab olunur. Özü də müttəhimlərin vasitəsi ilə almırlar, heç vaxt belə olmur,
müttəhim kimi özünə vəkil eləyibsə, o da işi axıra kimi aparmlıdır və həmişə də belə olub.
Axı necə ola bilər ki, kiminsə köməyindən
istifadə edəsən, sonra da hər şeyin öhdəsindən
təkbaşına gəlməyə çalışasan? Deməli, bu mümkün deyil, ancaq bəzən məhkəmə elə bir
istiqamətə yönəlir ki, vəkil daha orda iştirak edə bilməz. Sadəcə olaraq, vəkil məhkəmədən,
müttəhimdən, ümumiyyətlə hər şeydən uzaqlaşdırılır. Belə hallarda məmurlarla çox yaxşı
əlaqələrin də xeyri olmur, çünki onların özləri də heç nə bilmir. Məhkəmə onda elə bir
mərhələyə çatmış olur ki, heç kimə kömək edə bilmirsən, onu əlçatmaz kollegiyalar aparır,
vəkilin müttəhimə əli yetmir. Sonra da günlərin bir günü evə gələndə stolun üstündə böyük
ciddi-cəhdlə, böyük ümidlərlə hazırladığın
vəkalətnamələri görürsən, məhkəmənin yeni
mərhələsində istifadə oluna bilmədikləri üçün hamısı rədd olunub, lazımsız kağız parçalarına
çevrilib. Ancaq bu heç də məhkəmənin uduzulması demək deyil, yox, hələ uduzulmayıb, belə
düşünmək üçün, ən azı, inandırıcı əsas yoxdur, sadəcə olaraq, məhkəmənin gedişindən
xəbərdar olmursan və sonralar da heç nə öyrənə bilmirsən. Xoşbəxtlikdən, belə hallar
istisnalıq təşkil edirlər və əgər K.-nın da məhkəməsində belə bir hal olacaqsa, eyib etməz,
həmin mərhələyə hələ çox var. Burda müdafiə üçün çoxlu imkanlar var və K. əmin ola bilər
ki, onların hamısından istifadə olunacaq. Deyildiyi kimi, vəkalətnamə hələ təqdim olunmayıb,
heç tələsmək də lazım deyil, sözükeçən məmurlarla ilkin danışıqlar daha vacibdir və onlar da
aparılıb.
Düzünü desə, uğurlusu da olub, uğursuzu da... Ancaq yaxşısı budur, hələlik çox
dərinə getməsin, çünki K.-ya pis təsir edə bilər – ya ümidlərini çox artırar, ya da qorxuya
salar, indi bircə onu demək olar ki, bir neçəsi yaxşı danışıb, kömək etməyə hazır olduqlarını
bildirib, bəziləri isə yaxşı danışmasalar da, köməkdən də imtina etməyiblər. Bütövlükdə
götürəndə, nəticə çox sevindiricidir, ancaq nəticə şıxarmaq hələ tezdir, çünki ilkin danışıqların
hamısı bir-birinə oxşayır, yalnız onların sonrakı gedişi bu danışıqların nə dərəcədə
əhəmiyyətli olduğunu göstərir. Hər halda heç nə itirilməyib və bütün olub-keçənlərə
baxmayaraq, dəftərxana müdirini öz tərəfinə çəkə bilsə – artıq
bu istiqamətdə müəyyən işlər
görülüb – hər şey, cərrahlar demiş, tərtəmiz yara olacaq, kəs götür, vəssalam... İndi sakitcə
işin gedişini gözləmək lazımdır.
Vəkil bu cür və ya buna bənzər nitqlərdən yorulmaq bilmirdi. Bunlar K.-nın hər gəlişində
təkrar olunurdu. Həmişə irəliləyişdən danışırdı, ancaq heç vaxt onun nədən ibarət olduğu
bilinmirdi. Elə hey ilkin vəkalətnamənin üzərində iş gedir, ancaq bitmirdi ki bitmirdi və eyni
zamanda da bu, ən böyük üstünlük kimi qələmə verilirdi, çünki son zamanlar – heç kim bunu
əvvəlcədən deyə bilməzdi – təqdimat üçün əlverişli deyildi. Bəzən bu nitqlərdən yorulan K.
deyirdi ki, bütün çətinliklər nəzərə alınsa da, işlər hər halda ləng gedir,
vəkil də etiraz edirdi
ki, xeyr, işlər heç də ləng getmir, ancaq o, vəkilə vaxtında müraciət etsəydi, irəliləyiş çox
olardı. Təəssüf ki, K. gecikib və bu gecikmə hələ çox çətinliklər yaradacaq, özü də onlar
yalnız zamanla bağlı olmayacaq...
Bu gəlişlər zamanı yeknəsəqliyi yalnız Leni pozurdu, işini elə qururdu ki, K. vəkilin yanında
olanda çay gətirirdi. Sonra da K.-nın arxa tərəfində dayanırdı və özünü elə göstərirdi ki, guya
acgözlüklə fincana tərəf boylanan, özünə çay
süzüb içən vəkilə tamaşa edir, ancaq əslində, K.-
ya gizlincə şərait yaradırdı ki, onun əlindən tutsun. Araya sükut çökürdü. Vəkil çayını içirdi.
K. Leninin əlini sıxırdı, qız da hərdən ürəklənib onun saçlarını nəvazişlə sığallayırdı. Vəkil
çayını içib qurtaran kimi soruşurdu:
– Sən hələ burdasan?
– Gözləyirəm ki, qab-qacağı aparım, – deyə qız axırda kişinin əlini sıxırdı. Vəkil ağzını silib,
təzədən coşurdu.
Görəsən vəkil ona təsəlli vermək, yoxsa son ümidini də əlindən almaq istəyirdi? K. bunu
bilmirdi, yalnız bircə onu bilirdi ki, müdafiəsi etibarlı əllərdə deyil. Ola bilsin, həmişə özünü
ön plana çəkməyə çalışdığı lap aydın görünsə də, vəkilin dedikləri düz idi və çox güman ki,
heç vaxt K.-nın məhkəməsi kimi böyük məhkəmə işi – özü bunu böyük iş hesab eləyirdi –
aparmamışdı. Ancaq onun ardı-arası kəsilmədən məmurlarla əlaqələrini vurğulaması şübhəli
idi. Məgər onların hamısı zorla K.-nın xeyrinə işləməli idilər? Vəkil söhbətin burda yalnız
aşağı vəzifəli məmurlardan getdiyini onun nəzərinə çatdırmağı heç vaxt unutmurdu. Yəni
onların hamısı kimlərdənsə asılı adamlar idi və məhkəmələrin gedişindəki hər hansı bir dönüş
onların gələcəkləri üçün əhəəmiyyətli ola bilərdi. Bəlkə onlar vəkildən işin gedişində
müttəhimin xeyirinə olmayan belə bir dönüş yaratmaq üçün istifadə edirdilər? Yoxsa bunu
bütün məhkəmələrdə eləmirdilər? Əlbəttə, eləməzlər, bu inandırıcı deyil, yəqin elə
məhkəmələr də olur ki, vəkilə yaxşı imkanlar yaradırlar, çünki onun ad-sanının qorunması
özlərinin də maraq dairəsindədir. Əgər belə olarsa,
bəs onlar, vəkilin deməyinə görə, K.-nın
bu çətin, vacib, elə əvvəlindən böyük maraq doğuran məhkəməsinə necə qarışa biləcəklər?