BEŞİNCİ FƏSİL
Adamdöyənlər
Növbəti axşamların birində K. onun iş otağı ilə pilləkəni ayıran dəhlizə – bu dəfə demək olar
ki, hamıdan sonra evə gedirdi, yalnız ekspedisyada iki nəfər hələ də qalıb lampanın zəif
işığında işləyirdi – çatanda, heç vaxt içini görmədiyi və həmişə anbar hesab elədiyi otağın
qapısı arxasından inilti səsi eşitdi. Heyrət içində dayandı, yanılmadığına əmin olmaq üçün
diqqətlə dinşədi, bir anlığa sakitlik oldu, sonra yenə də inilti səsi gəldi. Əvvəlcə
xidmətçilərdən birini çağırmaq istədi ki, bəlkə şahid lazım oldu, ancaq qəflətən onu elə bir
qarşısıalınmaz maraq bürüdü ki, qapını şaqqıltı ilə açdı. Düz bilmişdi, bura doğrudan da anbar
idi. Qapının ağzında lazımsız, köhnə kağız-kuğuz, boş mürəkkəbqabları qalaqlanmışdı.
Otağın ortasında isə üç kişi dayanmışdı və otaq alçaq olduğu üçün başlarını əymişdilər.
Rəflərin birinə bərkidilmiş şam içərini işıqlandırırdı.
– Siz burda neyləyirsiniz? – həyəcanlı-həyəcanlı, ancaq alçaqdan soruşdu.
Görünüşündən onların böyüyünə oxşayan və daha çox diqqəti cəlb edən kişi qara rəngli
qolsuz, sinəsinə qədər yaxası açıq olan gödəkçə geyinmişdi. O cavab vermədi, qalan iki nəfər
isə birdən qışqırdılar:
– Cənab, biz cəza almalıyıq, müstəntiqə bizdən şikayət etmisiniz.
K. yalnız indi onları tanıdı: doğrudan da keşikçilər – Fransla Villem idilər və üçüncünün
əlində də onları cəzalandırmaq üçün kötək vardı.
– Ola bilməz! – deyə K. diqqətlə onlara baxdı. – Mən şikayət etməmişəm, yalnız mənzilimdə
baş verənləri danışmışam. Ancaq sizin də səhvləriniz oldu.
– Cənab, – indi danışan Villem idi, Frans isə özünü üçüncü adamdan qorumaq üçün onun
arxasında gizlənmişdi. – Əgər bizə nə qədər əməkhaqqı verdiklərini bilsəydiniz, haqqımızda
elə danışmazdınız. Mən ailəmi dolandırmalıyam, bu Frans da evlənmək istəyirdi, adam çalışır
ki, hardansa pul qazansın, nə qədər çox işləsən də, maaşla dolanmaq olmur. Sizin o qəşəng
paltarlardan keçə bilmədim, əlbəttə, belə şeylər keşikçilərə yasaqdır, biz düz eləmədik, ancaq
adətə görə, o şeylər keşikçilərə qalmalıdır, inanın mənə, həmişə də bu cür olub. Belə olan
halda, bəxti gətirməyib həbs olunan üçün nə fərqi, onun şeyləri kimə qalır?! Bunu da dilinə
gətirəndə, bizi cəzalandırırlar.
– Sizin indi dediklərinizdən mənim xəbərim yox idi, heç sizi cəzalandırmağı da tələb
etməmişəm, orda prinsip vardı.
– Gördün, Frans? – Villem o biri keşikçiyə tərəf döndü. – Sənə demədim ki, cənab bizi
cəzalandırmağı tələb etməyib? Eşitdin ki, heç bizim cəza alacağımızı da bilmirmiş...
– Onların bu danışıqlarına çox da fikir verməyin! – üçüncü kişi K.-ya dedi. – Cəza ədalətlidir
və ona görə də qaçılmazdır.
– Ona qulaq asma! – deyən Villem sözünə ara verməli oldu, çünki əlini çubuq dəyən
dodaqlarına apardı – ... ona görə cəza verirlər ki, bizi satıbsınız. Yoxsa hətta orada olanlardan
xəbər tutsaydılar da, bizə heç nə eləməzdilər. Buna ədalət demək olar? Biz ikimiz də – ən çox
da mən – özümüzü yaxşı keşikçi kimi göstərmişdik – özün də etiraf eləməlisən ki, sənə
onların istədiyi kimi keşik çəkdik – istəyirdik, bir az irəli gedək, kötəkçi olaq... Bəxti gətirib,
ondan şikayət edən olmayıb, çünki bizdə belə şikayətlər nadir hallarda olur. Ancaq bizimki
burda qurtardı, daha heç yana çıxa bilmərik, bundan sonra keşik çəkməkdən də pis işlərə
göndərəcəklər, üstəlik də indi yaxşıca kötək yeyəcəyik.
– Doğrudan bu kötək elə ağrıdır? – deyə K. diqqətlə kişinin onun gözləri önündə oynatdığı
kötəyə baxdı.
– Axı biz indi lüt soyunmalı olacağıq, – Villem dilləndi.
– Belə de... – K. diqqətlə kötəkçiyə baxdı: o, dərisi gündən qaralmış matrosa oxşayırdı və
sağlam, sırtıq sifəti vardı. – Elə olmaz ki, bunları kötəkləməyəsiniz?
– Xeyr! – kötəkçi təbəssümlə başını buladı. – Soyunun!– deyə keşikçilərə əmr etdi və sonra
da K.-ya tərəf döndü: – Onların dediklərinə inanma, kötəkdən qorxduqları üçün ağıllarını
itiriblər, – Villemi göstərdi, – məsələn, elə götür bunu, özünə yaxşı bir tərcümeyi-hal düzəltdi,
adamın gülməyi gəlir. Piy basıb, ilk kötəkləri heç hiss eləməyəcək. Bilirsən, niyə belə
piylənib? Çünki həbs olunanların səhər yeməyini aşırmağa adət eləyib. Sənin də səhər
yeməyini aşırdı? Yemiş olar! Özü də belə qarın sahibi heç vaxt kötəkçi ola bilməz! Heç vaxt!
– Belə kötəkçilər də var! – kəmərini açmağa başlayan Villem dilləndi.
– Yoxdur! – Kişi kötəyi onun boğazına toxundurdu, Villem diksindi. – Sən bizə qulaq asma,
soyun!
– Onları buraxsan, yaxşı pul qazanarsan, – deyə K. kötəkçiyə baxmadan pulqabını çıxardı –
belə alver zamanı göz-gözə dayanmasalar yaxşı idi!
– Məni də satmaq istəyirsən? Məni də kötəklətdirmək fikrinə düşübsən? Yox, keçməz!
– Ağlın olsun, əgər onları cəzalandırmaq istəsəm, indi pul verib buraxdırmaq fikrinə
düşməzdim. Kirimişcə qapını örtüb evimə gedərdim, heç nə görməzdim, heç nə də
eşitməzdim. Ancaq bunu eləmirəm, cünki onları buraxdırmaq fikrim ciddidir. Bilsəydim,
onlara cəza veriləcək və ya cəza almalıdırlar, adlarını çəkməzdim. Əslində, onların günahı
yoxdur, günahkar işlədikləri təşkilatdır, orada oturan yüksək çinli məmurlardır.
– Elədir, elədir! – keşikçilər bir ağızdan qışqırışdılar və elə o dəqiqə də çılpaq kürəklərindən
dümsük yedilər.
– Əgər indi hakimin özünü kötəkləməli olsaydın, – K. danışa-danışa onun təzədən yuxarı
qaldırmaq istədiyi kötəkdən tutub aşağı saldı, – sənə heç mane olmazdım, əksinə, pul da
verərdim ki, yaxşı kötəkləyəsən!
– Dediklərin düzdür, ancaq rüşvət alan deyiləm. Mən kötəkçiyəm, ona görə də
kötəkləməliyəm.
Bu vaxta qədər bəlkə də K.-nın işə qarışmasından yaxşı nəticə gözlədiyi üçün dinməyən Frans
adlı keşikçi, əynində də bircə şalvar qapıya tərəf gəldi, diz çökərək onun qolundan yapışdı:
– İkimizi də xilas edə bilmirsənsə, – deyə pıçıldadı, – ən azı, məni buraxdırmağa çalış! Villem
məndən yaşca böyükdür, hər cəhətdən də ürəklidir, özü də bir neçə il bundan əvvəl, yüngül də
olsa, kötək cəzası alıb, ancaq mən hələ indiyəcən alçaldılmamışam, elədiklərimi də Villem
öyrədib, yaxşısını da , pisini də... Yazıq nişanlım indi bankın qabağında dayanıb məni
gözləyir. Utanıram, mənə rəhm edin... – göz yaşlarına bələnmiş üzünü K.-nın pencəyinin
ətəyinə sürtdü.
– Daha gözləyən deyiləm! – kişi hər iki əli ilə kötəyi yuxarı qaldırdı, Fransı döyməyə başladı.
Villem bir küncdə büzüşərək, başını qaldırmağa belə cəsarət etmədən oğrun-oğrun onlara
tərəf baxırdı. Həmin anda Fransdan dəhşətli bir qışqırtı qopdu, sanki insan qışqırmadı, hansı
bir musiqi alətisə sındırıldı və onun kəsilmək bilməyən səsi bütün dəhlizi başına götürdü,
bütün binada eşidildi.
– Qışqırma! – deyən K. özünü saxlaya bilmədi, xidmətçilərin səsi eşidib gələ biləcəyi tərəfə
baxa-baxa Fransa bir dürtmə vurdu. Çox bərk itələməsə də, huşunu itirmiş keşikçi yerə
yıxıldı, çapalaya-çapalaya döşəməni cırmaqlamağa başladı. Ancaq kötəkçinin zərbələri boşa
çıxmır, döşəmənin üstündə də onu tapırdı. Kötəyin ucu qalxıb-endikcə Frans yerində
qıvrılırdı. Uzaqdan qulluqçular göründü: biri irlidə gəlirdi, biri də iki-üç addım ondan geridə.
K. tez qapını örtüb pəncərələrdən birinə yanaşdı, onu açdı. Daha qışqırtı eşidilmirdi. K.
xidmətçilərin yaxınlaşmasına imkan verməmək üçün dedi:
– Mənəm!
– Axşamınız xeyir, cənab prokurist, – o tərəfdən səs gəldi, – nəsə olub?
– Xeyr, xeyr! Həyətdən it səsi gəlir. – xidmətçilərin buna fikir vermədiyini görüb əlavə etdi: –
Siz işinizdə olun...
Xidmətçilər onunla söhbətə başlamasın deyə əyilib pəncərədən bayıra baxdı. Bir az keçəndən
sonra dönüb dəhlizə baxanda gördü ki, xidmətçilər gedib. Pəncərənin qarşısında dayanıb
qaldı: anbara tərəf getməyə ürək eləmirdi, evə də getmək istəmirdi. Onun baxdığı dördkünc
balaca bir həyət idi, xidməti otaqlar onu dövrəyə almışdılar və hamısının da pəncərəsi
qaranlıq idi, yalnız yuxarıdakılarda ayın işığı əks olunurdu. Yorğun baxışları qaranlığı yararaq
həyətin uzaq küncünə – bir neçə əl arabasının dayandığı yerə dikildi. Kötəkçiyə mane ola
bilmədiyinə görə əzab çəkirdi, ancaq onun günahı deyildi, əgər Frans qışqırmasaydı – yəqin
çox ağrıtdı, amma elə anlar var ki, adam özünü saxlamağı bacarmalıdır – hə, qışqırmasaydı,
çox güman ki, nəsə bir bəhanə tapıb kötəkçini yola gətirərdi. Əgər aşağı çinli məmurların
hamısı yaramaz idisə, onda ən iyrənc vəzifə sahibi olan kötəkçi niyə istisna olmalı idi?
Əskinası görəndə gözlərinin necə parıldadığını K. yaxşı gördü və doğrudan da döyməyə
başlaması da, məlum məsələ idi ki, məbləği bir az çoxaltmaq üçün idi. K. da simiclik
eləməzdi, çünki məqsədi həqiqətən də keşikçiləri azad etmək idi. Əgər bu məhkəmə sistemini
Dostları ilə paylaş: |