– Onun yanına gedəcəm, – K. bu sözləri fabrik sahibi ilə qapının ağzında vidalaşanda dedi. –
Ya da, indi işim çox
olduğu üçün məktub yazacam ki, bura gəlsin.
– Bilirdim ki, ən yaxşı çıxış yolunu özünüz tapacaqsınız. Ancaq mən elə fikirləşirdim ki,
məhkəmə barədə danışmaq üçün siz Titorelli kimi adamları banka çağırmazsınız. Belələrinin
əlinə məktub vermək də həmişə xeyir gətirmir. Ancaq siz yəqin ki hər şeyi ölçüb-biçmisiniz
və yaxşı bilirsiniz ki, nəyi etmək olar, nəyi yox...
K. başını tərpədərək fabrik sahibini qəbul otağından ötürdü. Zahirən sakit görünsə də, özü
özündən qorxdu: Titorelliyə məktub yazacağını yalnız dildə demişdi ki, bu məsləhətini
qiymətləndirdiyini, Titorelli ilə görüşmək üçün o dəqiqə yollar axtardığını
fabrik sahibinə
çatdırsın, ancaq onun köməyini doğrudan da dəyərli hesab edərdisə, tərəddüd etmədən həmin
məktubu yazardı. Lakin bunun necə təhlükəli olduğunu fabrik sahibinin sözlərindən sonra
başa düşdü. Doğrudanmı daha öz sağlam düşüncə tərzinə etibar eləyə bilməzdi? Məgər
direktor müavini ilə aralarında bircə qapı ola-ola öz məhkəməsi barədə məsləhət almaq üçün
üstəlik də məktub yazıb kimliyi bəlli olmayan bir adamı banka dəvət etmək bəlkə də bunun
başqa təhlükələr yaradacağını görməmək,
daha doğrusu, özünü həmin təhlükələrin qoynuna
atması demək deyildimi? Axı onun yanında həmişə kimsə olmurdu ki, xəbərdar etsin. İşə bax
ki, məhz indi, bütün gücünü toplayıb işə girişmək istədiyi bir anda öz sayıqlığına hələ
indiyəcən görmədiyi-tanımadığı bir şübhə yaranmışdı! Doğrudanmı bank işlərində rastlaşdığı
çətinliklər indi də məhkəmədə başlayırdı? Artıq indi heç özü də başa düşmürdü ki, Titorelliyə
məktub yazıb onu banka dəvət etmək haradan ağlına gəlmişdi...
Xidmətçi ona yaxınlaşaraq qəbul otağındakı skamyada
oturan üç nəfəri göstərəndə, K. hələ də
başını bulayırdı. Onlar burda çoxdan oturub nə vaxt K.-nın qəbuluna düşəcəklərini
gözləyirdilər. İndi xidmətçi onunla danışanda, onlar ayağa durdular və üçü də fürsətdən
istifadə edib K.– ya birinci yaxınlaşmaq istədi. Bank tərəfindən hörmətsizlik olunduğu və bu
qədər vaxt itirdikləri üçün onlar da hörmət saxlamaq istəmirdilər. Hətta onlardan biri dilə
gəldi:
– Cənab prokurist!
Ancaq K. xidmətçiyə paltosunu gətirməyi tapşırmışdı və onun köməyilə geyinə-geyinə dedi:
– Bağışlayın,
cənablar, indi sizi qəbul etməyə vaxtım yoxdur. Sizdən çox-çox uzr istəyirəm,
təcili işim var, getməliyəm. Özünüz də gördünüz ki, məni çox yubandırdılar. Lütfən sabah və
ya başqa bir gün gələ bilməzsiniz? Bəlkə telefonla danışaq? Ya da, indi nə iş üçün gəldiyinizi
mənə qısaca deyin, sizə yazılı şəkildə ətraflı cavab verim. Ancaq yaxşı olar ki, başqa vaxt
gələsiniz.
K.-nın təklifləri mənasız yerə gözlədiklərini anlamış cənabları
elə təəccübləndirdi ki, söz
tapmayıb bir-birinin üzünə baxdılar.
– Deməli, razılaşdıq! – deyən K. şlyapasını gətirmiş xidmətçiyə tərəf döndü. K. otağının açıq
qapısından bayırda qarın gücləndiyi görünürdü. Ona görə də K. paltosunun yaxalığını qaldırdı
və onu boğazına qədər düymələdi.
Elə həmin anda direktor müavini qonşu otaqdan çıxdı, K.-nın paltoda həmin cənablarla
danışdığını görəndə təbəssümlə soruşdu:
– Gedirsiniz, cənab prokurist?
– Bəli, – K. qamətini düzəltdi, – iş dalınca gedirəm.
Ancaq direktor müavini artıq müştərilərə tərəf dönmüşdü:
– Bəs bu cənablar? Mənə elə gəlir, onlar çoxdan gözləyirlər.
– Artıq biz razılığa gəlmişik, – dedi K.
Ancaq kişilər daha özlərini saxlaya bilmədilər, K.-nı aralığa alıb izah etməyə başladılar ki,
işləri çox vacib olmasaydı, bu qədər gözləməzdilər və ona görə də hər şeyi ətraflı,
özü də
təklikdə müzakirə etməlidirlər. Direktor müavini bir az onlara qulaq asdı, sonra əlindəki
şlyapasının toz qonmuş yerlərini təmizləyən K.-ya baxıb dedi:
– Cənablar, bunun çox sadə bir yolu var. Əgər rəva bilsəydiniz, cənab prokuristin əvəzinə
özüm sizinlə söhbət edərdim. Əlbəttə, işiniz mütləq müzakirə olunmalıdır. Biz də sizin kimi iş
adamlarıyıq və vaxtın iş adamı üçün nə demək olduğunu yaxşı bilirik. Bəlkə içəri
buyurasınız? – və özünün qəbul otağının qapısını açdı.
K.-nın məcburiyyət qarşısında qalıb əldən verdiklərini direktor müavini elə o dəqiqə də
özününküləşdirirdi! Bəs K.-nın əldən verdikləri lazım olduğundan da çox deyildimi? İndi də
çox
qeyri-müəyyən, özü də etiraf eləməliydi ki, cüzi ümidlərlə tanımadığı-bilmədiyi bir
rəssamın yanına gedə-gedə burdakı nüfuzuna sağalmaz yaralar vururdu. Bəlkə də ən yaxşısı
bu olardı ki, paltosunu çıxarıb həmin adamlarla özü danışaydı. Bəlkə də həmin anda direktor
müavinini öz otağında görməsəydi, bunu edərdi. Müavin sanki özünün iş otağındakı rəflərdə
nəsə axtarırdı. Həyəcanlanmış K. qapıya tərəf gedəndə, o dedi:
– Ah, siz hələ getməmisiniz! – üzünü K.-ya tərəf çevirəndə, sifətindəki çoxsaylı
gərgin
qırışlar yaş əlaməti kimi deyil, güc nişanəsi kimi göründü və o, yenidən axtarmağa başladı. –
Müqaviləni axtarıram, firmanın nümayəndəsi deyir ki, sizdə olmalıdır. Bəlkə mənə kömək
edəsiniz?! – K. bir addım da atdı, ancaq həmin anda müavin dedi: – Təşəkkür edirəm,
tapdım... – və bir qalaq kağızı götürüb otağına qayıtdı. Yəqin ki orda müqavilədən əlavə
başqa sənədlər də vardı.
“İndi ona gücüm çatmaz”, – K. ürəyindən keçirdi. – “Qoy bu şəxsi işlərimi həll edim... Onda
bunu birinci hiss eləyən o olacaq. Özü də əməlli-başlı
hiss eləyəcək, payını alacaq...” Bu
fikirdən sonra bir az yüngülləşən K. dəhlizin qapısını çoxdan açıq saxlayan xidmətçiyə
tapşırdı ki, imkan düşəndə, direktora onun iş dalınca getdiyini çatdırsın və müəyyən vaxt
ərzində yalnız öz işi ilə məşğul ola biləciyinə sevinərək bankdan çıxdı.