Elüzəri bəraətlə müqayisədə süründürməçi bəraətin üstünlüyü ondadır ki, müttəhimin gələcək
taleyində qeyri-müəyyənlik az olur, qəfil həbs edilmək təhlükəsi altında yaşamır və qorxmur
ki, onun üçün çox namünasib bir vaxtda elüzəri bəraət qazanmaq üçün bütün gücünü sərf
eləsin, həyəcanlansın... Ancaq bütün bunlarla bərabər, süründürməçi bəraətin də müttəhim
üçün bəzi mənfi cəhətləri var və bununla da hesablaşmamaq olmaz. Burda mən heç də
müttəhimin azad olmadığını nəzərdə tutmuram, elə elüzəri bəraət zamanı da o, sözün həqiqi
mənasında azad olmur. Bu, ayrı bir çatışmayan cəhətdir. Orda, ən azı saxta dəlil– sübutlar
olmalıdır ki, məhkəmə dayanmasın. Ona görə də məhkəməyə xaricdən müdaxilə lazımdır.
Yəni hərdən nəsə bir göstərişin verilməsi, müttəhimin dindirilməsi, təhqiqat aparılması və sair
işlərin görülməsi lazımdır. Məhkəmə həmişə onun üçün süni şəkildə yaradılmış çevrədə
hərəkət etməlidir. Əlbəttə, bütün bunlar müttəhim üçün müəyyən narahatçılıqlar yaradır,
ancaq onları çox şişirtmək də lazım deyil. Onlar yalnız zahirən belə görünürlər, ancaq,
məsələn, dindirmələr az çəkir, vaxtın, ya da həvəsin olmayanda üzrxahlıq eləyib heç
getmirsən, hətta bəzi hakimlərlə razılaşaraq gedəcəyiniz günlərin cədvəlini uzun müddət üçün
əvvəlcədən tuta bilərsiniz. Əslində, burda söhbət yalnız ondan gedir ki, siz müttəhim kimi
hərdən hakimlə görüşməlisiniz.
Rəssam son sözləri deyəndə, K. artıq ayağa durub pencəyini qolunun üstünə aşırmışdı.
– O durdu! – həmin dəqiqə bayrdan səs gəldi.
– Getmək istəyirsiniz? – Rəssam da artıq ayaq üstə idi. – Yəqin havaya görə qala bilmirsiniz.
Heç yaxşı olmadı... Sizə hələ bəzi şeyləri də demək istəyirdim. Qısa danışmalı oldum... Ancaq
ümid edirəm ki, məni başa düşdünüz.
– Əlbəttə! – özünü zorla ona qulaq asmağa məcbur etdiyi üçün K.-nın başı ağrıyırdı.
K. onu başa düşdüyünü təsdiq eləsə də, rəssam dediklərini yekunlaşdırdı, sanki bununla
getməyə hazırlaşan K.-ya təsəlli vermək istədi:
– Hər iki üsulun ümumi bir cəhəti var ki, müttəhim haqqında hökm çıxarılmasına yol
vermirlər.
– Həm də tam bəraət verilməyə qoymurlar, – K. yavaşdan dedi və sanki bunu başa düşdüyünə
görə utandı.
– Deməli, işin məğzini başa düşübsünüz, – rəssam tez dilləndi.
K. əlini paltosuna tərəf apardı, ancaq bilmədi əvvəlcə pencəyini geysin, ya yox. Ondan olsa,
hamısını bir yerə bükər, tez təmiz havaya çıxardı. Onun geyinməyə başladığını sevinclə bir-
birinə ötürən qızlar da onu geyinməyə məcbur edə bilmədi. Rəssam isə K.-nın burdan hansı
ovqatla getdiyini bir təhər öyrənmək istəyirdi və ona görə də dedi:
– Yəqin ki mənim təkliflərim haqqında qəti bir qərara gəlməmisiniz. Bunu özüm də
alqışlayıram. Heç mən də qoymazdım ki, belə tez qərar çıxarasınız. Onların üstünlükləri ilə
çatışmazlıqları arasındakı fərq iynənin ulduzu boydadır. Hər şeyi diqqətlə ölçüb-biçmək
lazımdır. Ancaq çox gecikmək də olmaz.
– Bu yaxınlarda yenə gələcəm, – deyən K. qəflətən nə fikirləşdisə, pencəyini geydi, paltosunu
da qolunun üstünə aşırıb qapıya tərəf tələsdi. Qızlar artıq orda qışqırışmağa başlamışdılar və
K.-ya elə gəldi ki, onları qapının arxasında görür.
– Gərək sözünüzün üstündə durasınız, – rəssam da onun arxasınca qapıya tərəf gəldi, – yoxsa
özüm durub banka gələcəm.
– Qapını açsanız! – K. dəstəyi dartışdırdı və hiss etdi, qızlar da onu çöl tərəfdən bururlar.
– İstəyirsiniz ki, qızlar zəhlənizi töksünlər? Yaxşısı budur, o biri qapıdan çıxasınız, – deyən
rəssam çarpayının yanındakı qapını göstərdi.
– K. razılaşaraq çarpayıya tərəf qayıtdı. Ancaq rəssam qapını açmaq əvəzinə çarpayının altına
əyilərək elə ordan soruşdu:
– Bircə dəqiqə... Bir şəklə də baxın, bəlkə alası oldunuz?!
K. özünü nəzakətli adam kimi göstərmək istədi, bundan əlavə də rəssam onu qəbul etmişdi,
kömək edəcəyinə söz vermişdi, yadından çıxdığı üçün köməyə görə nə verəcəyi barədə də söz
açmamışdı, ona görə də yox deyə bilməzdi və bütün səbri tükəndiyi üçün titrədiyinə
baxmayaraq, şəkli görmək istədiyini bildirdi. Rəssam çarpayının altından bir qalaq çərçivəsiz,
toz basmış şəkil çıxardı, lap üstdəkini üfürdü, ordan qalxan toz K.-nın ağzına doldu, az qaldı,
nəfəsini kəssin.
– Səhra mənzərəsidir, – deyə rəssam şəkli K.-ya uzatdı.
Orda yanıb-qaralmış otların üstündə bir-birindən çox uzaqda bitmiş iki ağac və arxa planda da
qürub edən günəşin əlvan şəfəqləri təsvir olunmuşdu.
– Gözəldir! Bunu alıram.
K. qeyri– ixtiyari belə tez və qısa cavab verdi və rəssamın bundan inciməyib ikinci şəkli
döşəmədən qaldırdığını görəndə sevindi.
– Bu isə həmin şəklin əksidir, – dedi rəssam.
Ola bilsin, onun əksi kimi düşünülmüşdü, ancaq əslində, birincidən çox az fərqlənirdi: burda
da ağaclar, ot, qürub edən günəş təsvir olunmuşdu. Ancaq bu, K.-nı maraqlandırmırdı və ona
görə dedi:
– Gözəl mənzərələrdir, ikisini də alıram, iş otağımdan asaram.
– Deyəsən, mövzu xoşunuza gəlir, – deyə rəssam üçüncü şəkli çıxardı, – yaxşı ki, bunlara
oxşayan bir şəkil də var.
Ancaq burda oxşarlıqdan söhbət gedə bilməzdi, əslində eyni mənzərə idi. Rəssam fürsətdən
yaxşıca istifadə edərək köhnə şəkillərini satırdı.
– Yaxşı, bunu da götürürəm, – dedi K. – üçü bir yerdə neçə eləyir?
– Bu barədə gələn dəfə danışarıq. İndi tələsirsiniz, ancaq biz onsuz da əlaqə saxlayacağıq.
Yeri gəlmişkən, çox şadam ki, şəkillər xoşunuza gəldi. Çarpayının altındakı bütün şəkilləri
verirəm, aparın. Hamısı çöl mənzərələridir, belələrini çox çəkmişəm. Bəzi adamlar belə
şəkilləri xoşlamır və deyirlər ki, çox qəmli görünürlər, bəziləri də – siz də belələrindənsiniz –
məhz qəmli mənzərələri xoşlayırlar.
Ancaq K. dilənçi kökündə olan bir rəssamın “peşəkarlıq təcrübəsi” haqqındakı mühazirəsinə
qulaq asmaq iqtidarında deyildi və ona görə də rəssamın sözünü kəsdi:
– Şəkillərin hamısını qablaşdırın, sabah xidmətçim gəlib aparacaq.
– Lazım deyil, indi bir hambal taparam, sizinlə birlikdə aparar. – rəssam bu sözləri deyəndən
sonra, nəhayət, çarpayının üzərindən əyilərək qapını açdı. – Çəkinməyin, çarpayının üstünə
çıxın, bura gələnlər hamısı belə edir.
K. rəssam deməmiş də bunu edəcəkdi və artıq ayağının birini də tük döşəyin üstünə
qoymuşdu, ancaq açıq qapıdan çölə baxan kimi onu tez geri çəkdi.
– Bu nədir? – deyə rəssamdan soruşdu.
– Niyə təəccüblənirsiniz? – deyən rəssamın özü də təəccübləndi, – məhkəmə
dəftərxanalarıdır. Burda məhkəmə dəftərxanalarının olduğunu bilmirdiniz? Axı onlar, demək
olar ki, bütün çardaqlarda var, burda niyə olmamalı idilər? Mənim emalatxanam da, əslində,
bu dətərxanalara aiddir, onu mənə məhkəmə verib.
K. burada məhkəmə dəftərxanalarına rast gəldiyinə görə çox da qorxmadı, onu ən çox
qorxudan özü, məhkəmə işlərindən belə xəbərsizliyi oldu. Ona elə gəldi ki, müttəhim həmişə
hər şeyə hazır olmalı, heç nəyə təəccüblənməməli, hakim solunda dura-dura küt-küt sağa
baxmamalıdır və həmişə də elə bunlarda ilişirdi. Qarşısında uzun bir dəhliz görünürdü və
ordan gələn hava ilə müqayisədə emalatxananın havası tərtəmiz hava idi. Onun hər iki
tərəfinə K.-nın getdiyi dəftərxananın gözləmə zalındakı kimi skamyalar düzülmüşdü.
Deyəsən, bütün dəftərxanaların təchizatı müəyyən qaydalar əsasında aparılırdı. İndi burda
müştəri az idi. Bir kişi skamyaya çöküb başını əlləri arasına almışdı və deyəsən yatırdı. Başqa
biri də dəhlizin sonundakı yarımqaranlıqda dayanmışdı. Nəhayət, K. çarpayının üstünə çıxdı,
rəssam da əlində şəkillər onun arxasınca gəldi. Onlar tezliklə bir məhkəmə xidmətçisinə rast
gəldilər – K. indi bütün məhkəmə xidmətçilərini mülki paltarlarının adi düymələri arasında
parıldayan qızılı düymədən tanıyırdı – və rəssam ona tapşırdı ki, şəkilləri götürüb K.-nın
arxasınca getsin. K. isə artıq yerimir, səndələyirdi və cib yaylığını da ağzına tutmuşdu. Çıxış
qapısına yaxınlaşanda, qızlar onlara tərəf cumdular və məlum oldu ki, K. hələ onlardan da
canını qurtara bilməyibmiş. Yəqin o biri qapının açıldığını görərək yan tərəfdən fırlanıb bura
gəlmişdilər.
– Sizi bura qədər ötürə bilərəm, – qızların artıq dövrəyə aldığı rəssam güldü, – hələlik! Çox
fikirləşməyin...
Dostları ilə paylaş: |