245
tut. Eldar da Bakının dalğasını tutacaqdı və bu zaman, düz
dəqiqəbədəqiqə diktor elan edəcəkdi: Eldar Musayev: "Rəna".
Və məlahətli bir səs Eldarın adından Rənaya vurğun bir könlün
eşq–məhəbbət təranəsini oxuyacaqdı.
İmran dedi:
–"Rəna" mahnısını çıxart, yerinə ayrı bir şey sal.
Tahir dinmədi. Bütün bu səbəbləri izah etmək çox çətin
olardı.
–Bəlkə qalsın... bilirsiz... – deyə o zəif bir cəhd etdi.
İmran quru bir tərzdə:
–Yox, Tahir, – dedi, – mütləq dəyiş. Bilirsən ki, gündə eyni
mahnıları vermək olmaz, – o ayağa qalxdı – Yaxşı, mən
studiyaya gedirəm – qapıya çatarkən bir də Tahirə tərəf döndü
– əvəzinə bir xalq mahnısı sal. "Gül oğlan", ya "Qaragilə".
–Yaxşı.
Tahirin ovqatı təlx olmuşdu. O, Eldara nə deyəcəyi və
Rənaya nə sürpriz hazırlayacaqları haqqında düşünürdü.
***
Kazım Təbriz yaxınlığındakı Hacı Yəhya çayxanasında bir
küncdə oturub düşünürdü: hansı yaxşıdır – sıldırım qayadan
uçuruma atılmaq, ya baş gicəlləndirən sürətlə gündə belədən-
belə gedən Amerika hərbi maşınlarının altına tullanmaq?
Onun qərarı qəti idi.
Kazımın 37 yaşı vardı. Ömrünün on dörd ilini məhbəsdə
keçirmişdi. On dörd il idi ki, o ulduzları, günəşi, istini, sazağı
mil-mil barmaqlıqlar arasından görmüş, duymuşdu. On dörd il
idi ki, o, anasının, Mihinin, dostlarının taleyindən, otların
iyindən, quşların səsindən, cahan hadisələrindən, Savalandan
əsən sərin mehdən – insanlardan, dünyadan xəbərsizdi. On
dörd il idi ki, o haqqa, ədalətə inamını, xoşbəxt gələcəyə
inamını qırıb sınıq güzgü kimi atmışdı. Ömrünün on dörd ilini
Kazım məhbəsdə çürütmüşdü. İndi o azad idi. Neçə gün idi
məhbəsdən buraxılmışdı.
downloaded from KitabYurdu.org
246
Ümidsizliyin sal divarına dirənmiş adam belə özünə bir baba
yolu qoyur. Kazım məhbəsdə ümid güzgüsünü sındırıb atarkən
bir parçasını saxlamışdı. Bu parçada onun son pənahı, son
sığnağı, ömrünün yeganə və axırıncı xilas cığırı – baba yolu
əks olunmaqdaydı. "Bəlkə, anam hələ yaşayır? Bəlkə, Mihin
diridir? Bəlkə, dostlardan sağ qalanı var?". Səhərsiz məhbəs
gecələrinin on dörd illik qaranlığında heç kəsin
maraqlanmadığı, heç kəsin soruşmadığı Kazım bu nigaran
fərziyyələrlə yaşamışdı.
Bir nəfər, heç olmasa bircə nəfər onu yada salmalı idi. Bir
cüt göz ana gözləri, dost gözləri, ya da Mihinin qara gözləri
onun yolunu çəkməliydi. Yoxsa hər şey mənasızlaşardı. Gərək
o kiməsə, bir nəfərə, bircə nəfərə lazım olaydı. Lakin bu puç
bir ümid idi. Anası altı il bundan qabaq ölmüşdü.
Qardaşlarından biri itkin düşmüş, o biri asılmışdı. Dostlar...
Uzun məhbəs illəri ərzində o dostları tez–tez yada salırdı.
Qurban, Hüseyn, Əyyub... "Bizə dost demək olarmı? Hüseynlə
bir böyümüş, Qurbanla, Əyyubla bir oxumuşuq. Lakin
yollarımız çox tez ayrıldı. Uşaqlıq, ilk gənçlik dövrü
qurtaranda, yol seçmək məqamı gələndə biz ayrı–ayrı səmtlərə
getdik... Daha doğrusu, onlar getdi. Mən getmədim. Öz
yerimdə durdum. O vaxt mənə elə gəlirdi ki, ən doğru yol heç
bir yol seçməmək, heç bir səmtə getməməkdir. Bir yerdə durub
dayandığın yeri seyr etmək, dərk etmək, dərindən öyrənmək,
sevmək. Günəşə baxmaq. Məgər günəşə baxmaqçün harasa
getmək lazımdır. Günəş hər yerdən görünür. (Doğrudur günəş
hər yerdən görünür, lakin bəzən ona dəmir barmaqlıqlar
arasından baxmalı olursan – bu həqiqəti Kazım sonralar başa
düşdü).
Məgər ayın, ulduzların, bahar yağışının gözəlliyini
duymaqçün mütləq bir yol seçmək, baş alıb harasa getmək, bu
uzun səfərdə yüz işgəncəyə, əzaba dözmək lazım idi...
Əyyub mənim müddəalarıma cavab verirdi ki, aya, ulduza,
yağışa, küləyə, günəşə öz dilində ay, ulduz, yağış, külək, günəş
downloaded from KitabYurdu.org
247
demək haqqıyçün, ömrü boyu bellərini büküb qara torpaqdan
başqa heç bir şey görməyən insanların başını qaldırıb günəşə,
aya, ulduza baxa bilmələriyçün mübarizə etmək lazımdır.
Qurban, Hüseyn, Əyyub mübarizə yolunu seçdilər. Bu yol
Qurbanı və Hüseyni dar ağacına gətirdi, Əyyub isə...
On dörd il idi ki, Kazım Əyyubun aqibətindən xəbərsizdi.
Ümid güzgüsünün hifz olunmuş parçasında o, tez-tez Əyyubun
əksini görürdü.
Bəli, Əyyub sağ qalmışdı. Amansız qisasın cəllad əli ona
dəyməmişdi.
Kazım məhbəsdən çıxandan sonra Əyyubun yaşadığı balaca
daxmaya getdi, ona mərkəzi xiyabanda ikimərtəbəli evi nişan
verdilər.
Mübarizə yolunun çoxlu kəsələri var. Bu kəsələrə düşüb
geriyə də qayıtmaq, başqa yollara gedib çıxmaq da
mümkündür.
Əyyub indi fars dilində ruznamə buraxır. Günəş əvəzinə
"şəms", yağış əvəzinə "baran" yazır və isbat eləməyə çalışır ki,
gec-tez hamı belə deyəcək.
Kazım ikimərtəbəli evin qapısından içəri girdi. Əyyub əvvəl
onu tanımadı, sonra tanıdı, sevindi, sonra pərtləşdi, nədənsə
pörtdü. Kazım da sıxılırdı. Çünki danışmağa söz tapmırdılar.
Bu ağır sükuta son qoymaqçün Əyyub ailəsindən danışmağa
başladı. Onun iki uşağı vardı. Arvadı Şəmsiyyə xanım fars idi,
özü də yüksək rütbəli Tehran məmurlarından birinin qızı idi.
Əyyubun gənclik büdrəmələrindən sonra onun taleyi üçün bu
nigahın əhəmiyyəti çox böyük idi. Xoşbəxtlikdən Şəmsiyyə
xanım məhdud milli hisslərdən çox yüksəkdə dururdu. Onun
üçün azəri və fars anlayışları yox idi və məhz buna görə də o,
uşaqlarını fars dilində tərbiyələndirirdi.
Əyyub Kazımı çöl qapısına qədər ötürdü. Həyətdə iki
bağban əyilib qan-tər içində yer qazırdılar. Əyyub onlara
göstərişlər verdi. Kazım düşündü: görəsən başlarını qaldırıb
günəşə baxmağa bunların macalı olurmu?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |