Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Yer, yurd adları və nəsillər. Xatirələr



Yüklə 1,81 Mb.
səhifə17/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20

Yer, yurd adları və nəsillər. Xatirələr

I mətn

Təbii proseslərə nəzər salanda buranın tarixi min illərə vurur. Mənin hindi 60 yaşı var, mənin uşax vaxı çayın yanında düz variydi. Çay hövzəsinnən 15 metr aşaaı tüşübdü mənim gözərimin qarşısında.

Sarıxlıbaşlıların üsyanı olubdu – türk tayfalarının. Mənbələrdə 6-7 yerdə Sarı­baş kənti var. Türkiyədə var, Pamir dağlarının ətəyində, Orta Əski Krayda var – hamı yerdə var. Güyə ordan köçüf gələnnərdi. Ama istinad eliyəsi tarixi mənbə yoxdu ki, həqiqətən də bu səbəbə görə Sarıbaşdı.

Bizin adamlar maldarlıqla, əkinçilıxla məşqul oluplar. Hu yellərdə – dağın döşündə çovdar əkiblər.

Qaxın o biri kəntdəri soora məktəb görüblər, baxmayaraq ki, biz dağda yaşa­mışıq. 1949-cu ildə bizdə su elektrik stansiyası olupdu – nə Qaxda olmuyupdu, nə İlisuda olmuyupdu. O turbaları nətəər gətiriblər, görsəz deyərsiz, nağıllardakı kimi.

Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn

Mən diyirəm, tarixi min illərə gidiy. Bu düzəngah əvvəl ordakı düzəngahın səviyyəsində olupdu. Aşına-aşına gəlipdi, burda bir kənt qalıpdı. Əvvəllər o kəndin qalıxları o dağın başındakı qabırsannıxlardı. Orda Dağıstana aşan bir aşırım Qabırrı qaz diyillər – o vaxkı ləhcəynən qaz nə dimaxdı, bilmiyam, bəlkə burdan o yana aş­max mənasında. Bizin çox sözdərimiz tam türk sözdəridi. Türklər kimi ilə biz – sarıbaşlılar yıl diiyıx, yaşıla yeşil, yarpağa yaprax, torpağa toprax.

Mənin babam105 yaşında ölüpdü. Nənəm də danışardı ki, burdan İlisuya kimi qoca qarılar corap toxuya-toxuya gidiydilər nəsə almağa. Yəni burdan İlisuya düzəngah olupdu. Aradan göççək çay axıydı. O çay dağıtıcı olduğu üçün dağıta-dağıta uçurumları əmələ gətirip.

Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
III mətn

Qaxın üç Sosialist Əməyi Qəhrəmanının ikisi habı kəntdəndi – Həmzəyev Süleyman, Mirzəyev Həsən. Orden alan üç kalxozdan biri də bizim kalxoz olupdu. Bu yanında uturan gəlinin babası qızıl ulduz medal alıpdı. Bircə vidyo olsaydı, görəydin 1965-ci il bu kəntin intibah dövrüydü. O dövrdə burda heç dağılan ev yo­xuy­du, heç qapıda qıfıl yoxuydu. 1972-ci ildən dağ kəndlərinin sosiyal-iqtisadi vəz­yətinin yaxşılaşdırılmasına qərar çıxdı, tərk olunmağa başladı. Yaxşılaşdırmaq de­yəndə ki, dağ kənlərindəkiləri köçüriydilər arana. Bu kəntdə var iydi hamam, kulub. İlisuda yox iydi onda.



Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
IV mətn

Ho qoca qarı Molla Arif babanın nəvəsidi habı. Mən ateist olmuşam, birin­ci­si, ziyarata inanmamışam. Hindi örgəniyam, Murtuzəli babanın ziyaratını, Məryəm nənənin ziyaratını. Müqəddəs yerlərdi.

Mən 10 il məəlim işləmişəm burda. Mart ayında, bi dəstə məəlimiydıx burda. Ova gidiydıx dağlara. Ağappax qarın içində gürzə ilan çıxmışdı.

Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
V mətn

Əvvəllər bizdə kartof ekiplər, buğda, çovdar – hər şey ekiplər. Mahnıynan, söz­nən əkip-biçiplər. Rayonda işıx olmanda habı kəntdə işıx olupdu. El əməyinən tikilən su elektrik stansiyası olupdu. Gəray dayı diyilən ləzgi kişi olupdu. Bizin Zöhrə xalanın kişi, ha. Heç haranı oxumupdu, ama mühəndis kimi bilikli kişi olupdu. Gedip ho yerrəri görsəz, dəli olarsız, dağın kəlləsinə habı durbaları insan necə çıxardıpdı, hardan su gətiripdi. Hindi bəzi yerrəri sokulupsa da, bəzi yerrəri qəşəkcə duruy. Vaxtilə habra çox qabaqcıl, varrı kənt olupdu.

Səhər günorta oxuyən siniflər olup. Amma hindi uşax lap azdı.

Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Əski kənd

I mətn

Pir Seyid baba diyən ziyarat yolu var. Horda bi Əski kənt deyilən kənt var. Şamilin qala da var honun usdundə. Bizin kəntimiz əvvəl horda yerləşipdi. Sarıbaşın qə­dim – ulu babaları horda yerləşipdi. Hündürboy, iki metrə boyu olan calal-calğa ye­­ni­yetmələr olup ho vaxı. Bizin ləhceynən Eski kənt diiyıx, köhnə dimaxdı. Hora erəp qoşunnarı gəlip darmadağın elip kənti, ehalinin bi hissəsi İlisuya, bi hissəsi qaçıp bura – 7 kilometr bu tərəfdə yerləşiy. Yəni yarı burda, yarı horda məskən sa­lıpdı. Sarıbaşlılar helə olup burda məskunlaşıp. Yenə eşəndə qoruysan, saxsı qab, şey. Ona qora biliplər, burda kənt olupdu. Əvvəl çaylar heç olmupdu, dümdüz yer olupdu. Nenələrimiz diyi, Əski kəntdə bizin sarıbaşlılar yaşıyanda çörək bişimağa sac lazım olanda elində corab toxuya-toxuya İlisuya gidip, helə bil, qonşuya gidip gələn kimi sacı alıp gəliydıx.


II mətn

Bizin Məscidi kəndi də olupdu. Xəliddin məəlim uşaxları ekuskursiyaya aparıp, horda tapbışdı ki, qəbirrər də var. Yəni yarı ora-bura qaçanda üş-dörd yerdə kənt yerrəşip. Hindi Dağıs­tannan həmsərhədıx, ucqar kəndıx. Minəxatın əədə onu diyərdi ki, hava ho qədər təmiz olup, bizin minarədə azan oxunanda Dağısdanın Qudur kəntində adamlar işitip, namaza uturuy­muşdar. Hansı ki, əməlli məsafə var. Amma hindi diyiyıx, holarmı, helə bi şey? Hər şey elə saf olup ki, yayılıp də sesi.

Türkiyədən Əhməd məəlim diyən bi məəlim minarədə oxudu, inan, elimizdəki qab tüşdü. Mikrafonsuz oxiydi, İlisu işitiydi honun səsini. Minarə, məs­ci­dimiz təmir olunasıdı. Vaxtilə ikimərtəbə olup, aşaada kişilər, yuxarda qadınnar na­ma­za uturuplar. Kalxozun dövründə sklad kimi olup, pendir yığıplar. Ama yenə də o qədimi darvazaları, həyəti, yazıları, minarəsi. Mi­narənin laxlıpdı özülü. Təmir olun­ma­sa, uçmax təhlükəsi var. Kolxozda özbaşınalıq baş ve­rən­də mə­nim qaynanamgil utu­rup söhbət eliyəndə diyidi, ay bala, özbaşınadılar. İsdəndə qa­bax-qabağa öyniylər, isdəndə dal-dala.

Bu kənt balaca olmasına baxma, nə qədərə alimi, el şairi yurd yetişdirip. Bi deyim yaranmışdı, Rusiyetdə qarpız kessən, içinnən sarıbaşlı çıxiy. O qədər yayılıp. Abdullah məəlim diyən bizin alim var. Gözəl şeirləri var. Həşim dedə el şairidi.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
III mətn

Məllimlər uşaxları Əski kənddəki Şamil qalaya ekskusiyaya aparırlar. Hindi də duruy. Atnan gidiylər. Dağıstana gidən araba yolu var.

Bizin mescitdə oğuz tayfalarınnan insan qabırrarı var. Mescitdə arxac diyilər, qəbirri arxac yeri "dağın ortasıda düz yer" ­– qabırrar var. Qoyunnar yatiy. Mənin yadına geliy, orta mek­təbdə aşaa sinifdə oxiydıx. Bizin Xalid məəlim vardı, uşaqları aparıp qabırrarı əçdırmışdı. Yuxarı sinif uşaxlarına sümükləri gətirtmişdi. Ho uzun insan sumukların men qormuşdum. Dizdən aşaası yarım metrədən uzun. Bi həftə yağış yağdı, çəmrə basdı kənti. Ho sümük­ləri çıxarıb gəti­di­lər duman, yağış basdı. Açılmırdı. Rəmətdıx nenəm dedi, qabır açıplar, Allahın acığına gə­lip. Niyyət elədilər, səhər hava açılsın, biz bunu kəfənniyib dəfnnəcağıq. Həqiqətən də səhər açıldı hava. Heç kişilər də yox, kəntin arvaddarı yığışıp kəfənniyip bulları basdırdılar.

Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü. Sarıbaş kəndi
Sarıbaş

Bi də diyilər, sarı baş "yuxarı baş" dimaxdı. Dağın sarısı. Burdan o yana Azərbaycanın sərhəddi. Dağıstan başlıy. Ən başdakı bizıx.

101 yaşı vardı nənəmin. Soruşanda ki, habı kəntin tarixi nə qədərdi? Diyidi,

İnsan oğlu bəşərdi

Nə xeyirdi, nə şərdi.

Siz mənnən xəbər alın

Bu kənd neçə yaşərdi?

Dalınca açmasını verirdi:

İnsan oğlu pişipdi.

Pişip həddən əşipdi.

Dünya bünyad olannan

Bu kənt bura düşüpdü.

Dünyə bünyəd olandan var diydi bu kənt. Buralar düzdər olupdu - İlisuynan birləşdirən. Tokula-tokula çeylaxlar əmələ gəlipdi.

Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü. Sarıbaş kəndi
Alagöz dagı

Hər daşında bi tarixi iz qalan kəntdi habı kənt. Qabaandakı Alagöz dağıdı. Habının 101 yaşlı nənəsi – Minəxatın ədə, biz ədə diyıx nənəyə, diyədi, oğlannar əsgər gidəndə:

Kağızın ağına bax,

Çevirip sağına bax.

Men yadına tüşəndə

Alagöz dağına bax.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi

Qarşı dağ

Bizdə adsız dağ, adsız küçə yoxdu. Burası Qarşı dağdı. Habı kəntdə hansı evə girsən, hamının qarşısında habı dağdı. O qədər bilip qoyuplar babalar. Neçə il bunnan qavax bizin kişilər ­– ərlər, oğullar Kürdəmir rayonuna işləmağa gediydilər. Qışlağa gediydilər 6 ay. Çobançılığa. Gələn gəlinnər də olup. Arvad-uşax təmizlığ elip kişinin qabaana çıxarmışdar. Deyərdilər, ağırrıx gəliy. Filan çobanın ağırrığı gəliy, yəni veşi. Aşaada Vidadigil yaşıyan ev olupdu.Orda bir gəlmə gəlin olupdu - qərib gəlin. Həmişə ağırrıx gələndə ərinin qavaana tək çıxiymiş. Bi vaxı xəstə olup çıxmıpdı. Üzünü Qarşı dağa tutub diyip:

Əzizinəm, Qarşı dağ

Qarşmdasan, Qarşı dağ.

Səndən bir diləyim var,

Yarım geliy, qarşıla.

Qarşı dağda yaşayış olupdu. Sarıxlı başdı ərəb tayfaları yaşıyıpdı. Bir inanca görə, diyilər biz Osmanlı türklərinin törəmələriyik. Sarı türklər diyilər. Bizim ləhcəmiz də ho­lara oxşiyi. Türkiyədən də bu oxşarlığı müzkirə eləmaxdan ötrü gəlib çəkmişdilər. Kən­tin ləhcəsi Türkiyədə kəndlərin ləhcəsinə çox oxşuyu. Biz də "r" işlətmiyıx, "y" işlətiyıx.

Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Çanaxur dağı

Çanaxura dağı var bizdə. Diyi, bi çoban bəy qızı istiyi. Qız da çobanı istiyi. Hər gecə çoban yığır sürünü. Gecəynən gidiymiş qıznan görüşmağa. Səhər sürü ayaxlanana gidip işinə çıxıymış. Bi gün gələr, saatdarnan gözlər, görər yox, qız çıxmadı. Qonşulardan bi yaşlı arvad gecə kimnənsə utumaxnan. Utumax, yəni qonşu qonşuya gidip saatdarnan utumağ – corap toxuyudular, yun əyiriydilər köməkli, bi yerdə. Qız koçəndə, oğul evləndirəndə işi hamı şey söhbət eliyə ediplər, iməciliynən. Bizdə hona hov diyilər. Kiməsə hova gidiyıx diyəndə biliydilər ki, xeyir iş var. Yorğan-döşək salınıy, palaz toxunuy. Nə isə, hovdan gələn qoca qarı göriy ki, bi oğlan uturiy də horda – soyuqda, sazaqda. Payız ağzı oluy də. Diyər, ay oğul, gözləmə, qızı özgəsinə verdilər – nişannadılar. Oğlan da kor-peşman qayıtıb gidiy. Çanaxur gölü də var horda. Çoban da qəmgin uturup, sürü dağılıp, baxmıp heş bi şeyə. Dağ dil açıp:

Əzizinəm, ay çoban

Çomağını al, çoban.

Sürü tamam dağıldı,

Dur ayağa, ay çoban.

Çoban da qayıtıb diyip:

Əzizinəm, Çanaxur

Dört yanınnan çay axır.

Yarım meni atıpdı

Ürəyimnən qan axır.

Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Ağbulaq dağı

Bizdə bi Qızılbulax diyə dağ var. Ağbulağın düz Dağısdannan sərhəd dağdı. Habı elin içi qədər bi yer var. Necə isdi oluy, olsun, ho əlçim qar ərimiy. Ho qar yazı, yayı qalıy də. Bi xəsdə qoca kişi oluy. Yayın qızmar çağında yadına qar tüşüy. Üzünü dağa tutup diyi:

Əzizim, ağ bulağım

Çeşməli, sərin bulağım.

Xəsdəyəm, qar isdərəm,

Səndə var, Ağbulağım.

Küçələrimizin də adı var: Qandax başı, Yuxarı məhlə, Orta məhlə, Aşağı məhlə, Düzgün küçə, Göynük küçə.

Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Bacar məhlə

Ağçaya sel gəlipdi. Birisi durup güllə atıpdı. Dağısdana gedənnər də ləzgilər olupdu. Baxıpdı, deyip, bu bacardı ki. Bacar da ləzgi dilində "dəli" dimaxdı. Çaya güllə atır ki, güya çayın, selin qabaanı alacaxdı də. Dılidi ki, çaya güllə atır də.



Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Qala mələ

Qala var, ho uçdadı. O vaxdı indiki kimi telefon yox, bi şey yox. Məlumat ve­riy­mişdər. Qalalarda bi şey yandırıplar. Üzü Dağısdana doğru məlumat veriplər. İs­teh­kamlar olupdu.



Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Toy adətləri

I mətn

Mən uşax olanda üş gün toy uluydu burda. Üş gün əvvəldən pütün el-obaya cavan qızlar, gəlinnər geynip gidiydilər toya qız-gəlin çaarmağa. Rəksnən, çal-çağırnan gi­diydilər, qardaş toyuna çaarmağa. Dəvətnamə yoxiydi. Həyətdər olmiydi. genişliyiydi. Tutalım saat ikidə yaşlılara, unnan sora cavannara, bi vaxı qadınnara. Qadın, kişi bir yerdə utumazdı məclisdərdə. Həmişə ayrı - böyük, kiçik ayrı. İndi qarışıbdı. Neçə vaxtdı kəntdə heç toy olmuyu. Mən üçüncü sinifdə oxuyanda - 1963-cü ildə bir gündə üç yerdə toy vardı bu balaca kəntdə. Üş gəlin köçən mənin yadına gəliy. Adətdərimiz qədimnən gəlmədi. Heç kəs poza bilməzdi. Sarıbaşlıların oyun havası vardı.



Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn

Habırda nağıllardakı kimi 40 gün, 40 gecə toy olduğu kimi düzgün həmin məsələydi burda. Əvvəl toy barışdımağa gidiydilər. O biri gün oturtmağa gidiydilər. Praduktu aparıydılar. O biri gün qız-gəlin yığıydılar. Beşinci gün axşam toy başlıydı. Altıncı gün boxca oluydu. Qızın boxcasın - paltarın aparıydılar, qız evində toy oluydu. Bazar günü oğlan evində toy oluydu, gəlini gətiriydilər. Birinci gün qazaxdağıtdı oluydu, yenə çalmağ, öynamağ. Kəntin adına qora Sarıbaş çalğı variydi.



Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
III mətn

Oğlan evinnən ağbirçəklər, ağsaqallar yığılıydılar, xabar göndəriydilər, filan gün toy barışdırmağa gediydilər. Toy barışdımax o dimaxdı ki, o vaxı oğlan evi ve­riy­di qız evinə iki qoç, dügisini, yağı, pulu – hər şeyi də. Məcməyi dolu aş, us­dunda da qoçun qabırğası qoyup aparıydılar qız evinə. O vaxı eləydi, oğlan evinnən qız evinə aş gidiydi. Məsləhət eliydilər, qızıl söhbəti oluydu. Toy tarixi diyilirdi. Sabahdan toydu diyəndə bu gün boxca oluydu, çamadannara nə vardısa gəlinə alınan şeylər, götürüb nağara-zurnaynan gidiydilər oları aparıp. Qız evində yiyib-içib, öynub qayıtıb geliydilər. Xınagecəsi axşam oluydu oğlan evində. Çalmağ, oynamağ. Bi də qoruydun hindi oğlannar getdi qız evinə. Qız evinnən bəyə xına aşı gəliydi. Oğul-uşax dayiyidi. Səhəri gün gəlin gətimaxdan qabax gidiydilər gelinin başına, alafa diyidilər o vaxı – qaz alafası nazik, zərri, saçaqlı oluydu özü, üsdündə də güllər, onu salıydılar. Bi də qayıtıydılar evə. Kəntin içində olannarı diiyəm ha. Uzaxda olannar bi dəfə gidiy götürüb geliy. İki sat soora bi də gedib gelini getiriydilər. Bəy getmirdi. Atnan getiriplər, atı bəzətiplər.

Sehəri günü oluydu üz-duvax günü. Gəlinin qabaanda bi heyvan da kesiy­di­lər. Oğlanın yanındakılara qazaxlar diyillər. Qazaxdağıtan da ordandı. Beş-altı arvad həmən heyvanın etini də tokuylar qazna. Başlıylar sürhü pişimağa. Oğlana veriylər, düşərgə alıylar. Qız evinnən gəlini görmağa geliylər. Üş qabda aş getiriylər. Birisini evə getiriylər, bi döörə gəlinə, bi döörə bəyə. Beyə getirənnər düşərgəsini alıylar. Evə getirənnər evdən alıylar. Gelinin düşərgəsini yengəsi veriy. Soora gəliylər bəy görmə­sinə. Anası, bacı-qardaşı, ne bilim. Pul almasa, içəri buraxmıylar. Qazax­da­ğıtan günü oluy. Gelin çay veriy, onda kimin qıyımınnan ne çıxıysa, gelin tokan stə­kana qoyi.

Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü, təqaüdçü, İlisu kəndi
Yas adətləri

I mətn

Öliyə hörmət qoyup əlli ikisinəydin hər bi adət mən diyərdim, təkcə habu kentdə qalıpdı. Həftənin birinci günü, üçüncü günü dua günü, dördüncü günü adna günü. Aşaada 40 keçiriylər, bizdə 52 də.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
II mətn

Ölən günü gələn arvaddar parça getiriylər, meyitin üsdə qoyilər. Laap keçmişdə qabırrıx­da kişilərə pul paylıplar. Yaslı adam - ölü yiyəsi qəpiklər paylıplar. Qabır eşənnəri axşam evə çörax yiməyə çağırıydılar.

Ölünü yuvub gətirib cilə qoyanda altına həblə bi daş qoyudular. Döşəkdən alta. Meyiti məhlədən çıxhaçıxda ho daşı atiydilər. Sayalı ölü olsun deyə.

Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Novruz adətləri

Hər çərşənbələri keçiriyıx. Hədyəl deyən yer var bizin, yuxarıınki ora yığılıb, aşaanınkı aşaaı. Smavarı qaynatıp stolun başına qoyuplar. Kimin evdə nə bişipsə, stola qoyuplar, kişili, arvadlı, uşaqlı çöldə tonqalın başına toplaşıplar. Rəqs ediplər, balacası, böyüyü. Mən yaşlıyəm, qadınam utanım, olmupdu. Qonşunun kişini qardaşı bilmişıx, uşağını uşağımız bilmişıx. Respublikamızda ən saf insanlar qalan mən diyərdim, bizin kəntimizdi. Mehribançılıx. Mən evdə olmasam, mənim qonşum qonağımı qarşılıp, yola salıy. Qonaxpərvər kəntdi habı kənt. Kimsə habırdan ac gedə bilməz. Gözəl adətimiz­dən biri də yolun bi hissədə isdər yaşlı, isdır cavan olsun, at belində hardansa gəliylərsə hora çatanda atlı atdan düşiy, kəntə hörmətsizdıx olmasın deyə, atı çəkə-çəkə gətiriylər. Kənt içində at minmax ayıb sayılıy. Böyüklərə hörmətsizdıx sayılıy.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Qurban bayramı

I mətn

Emin dedə diyən bi yaşlı kişi vardı. Rəhmətə getmişdi. Oğlu yaşıydı burda - Alim diyən oğlu. Qurban bayramı günü olup. Beşik olup, beşikdə də uşax. Özləri də uturuplar. Qurban kəsmağa imkan yox. Pencərəni sındırıp ov, düz içəri. Heç nəyi olman kasıb ailəydi. Qıtdıx vaxı iydi. Honu kesiplər.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
II mətn

Kasıb ailəymiş, hamı da Qurban bayramı günü qurban kesiymiş. Kişi fikirrəşib ki, men neylim, nə kəsim? Xoruz olup həyətdə də. Diyip, xoruzu kesəcəm, ayrı çarə yoxdu. Bizin zirzəmilər var, xidmə diiyıx. Keçipdi ki, xidmədən piçax alsın. Qorubdu, yekə təkə üzü qibləyə yatıpdı. Qurban kəsiplər. Allahın belə möcüzəsi olupdu.



Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
Ov adətləri

I mətn

Keçmişdə də olup, hindi də ova gidənnər var. Ovun qabaana keçənə atmıyıplar. Təkə diiyıx, məsələn, keçinin ərkəyinə. Təkə atılıp. Keçi balalası vaxı, doğası vaxı, təkəyə gələsi vaxı ovçu onu bilip, atmıp. Günahdı, olmaz. Özü də təkədisə də, keçidisə də elə təmiz heyvandı, bi dəfə yatan yerdə ikinci dəfə qayıtıp yatmaz. Onun əti çəkilməz, heç vaxı. Tərəziyə qoyulmaz. Ən günah şeydi. 40 -ı çıxmamış doğan qadına honun ətinnən verilməz. 40 basar, diyillər.

Hamilə qadın ov əti yiyisə, hamiləyə heç nə olmuyu, ama ova gidən adamın ovu bağlanıy. Ho adm bi-iki dəfə gidiy, ovu açılmıy, yayı var, tüfəngi aparıb ziyarətgahda ox-yaydan keçiriy ki, ovu açılsın. Bi də ətin içinnən çıxan balaca güllə oluy. Güllənin qırığı qalıy. Nenələrimiz onu götürüydülər, hamilə qadın doğanda əziyyət çekiysə, honu suyun içinə salıp veriymiş, onun yolu açılıymış. Bi də ovun kürəyinnən süt verəndə uşax savaddı oluy, diyillər. Dal diyiyıx, qol hissəsində oluy, ho kürəyi deşip döşünə qoyuban süd veriysə, uşax bilikli oluy. Dal yeri qol hissəsindəki sümüyü kesəndə çökək əmələ gəliy. Yəni hora sağıp övladına süd versə, savadlı oluy.

Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
II mətn

Nenəm rəhmətdıx danışardı ki, bi ovçu olupdu, ovun balasını çöldən tapıp gətiripdi. Evdə də habıların beşikdə körpə uşax varmış. Gətirip evdı saxlıplar bu balanı bəslip. Qadın uşağı ovnan bi yerdə evdə qoyup gedip qonşuya. Qayıtıp gələndə qorupdu ki, evdən bi laylay sesi gəliy. Qulax asıp qapıdan ki, bizdə heç kim yoxdu, uşağa laylay çalan kimdi? Qorup, ovun balası, dil açıp, laylay çalıy uşaxa.

Diyi:

Lay bala, laylay bala,



Anam yiyər göy çəməni,

Üsdən içər sərin suyu

Gedər daşa sağa, bala.

Sonra qayıtıy ki:

Lay bala, laylay bala,

Anav yiyər ağ plovu,

Üsdən içər sərin suyu

Gəlip verər sağa, bala.

Qadın təəsirrəniy, əri evə gələn kimi diyi, apar bunu hardan getiripsən, yerinə qoy.

Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
III mətn

Bizdə bi insan var, addarın çəkmək qəti olmaz. Ailəsi dağılıp. Bala gətidi, bala damda çığıra-çığıra durdu. Onu gətisən də, qurbannıx kimi tikə-tikə paylamalısan. O gətirən adam balanı böyüdüp satdı, ailəsi dağıldı. Satmax olmaz. Ov heyvanı ocax kimi, elə bil, müqəddəsdi. Əti, özü satdığa qoyulmaz.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
ZİYARƏTGAHLAR
Şeyx Molla Əli baba

I mətn

Habırda Şeyx Molla Əli baba varmış. Ev tikillərmiş özlərinə. İstiyillərmiş, təcili tikilsin. Ustalar abedə gedəndə tirrəri gətiriblər dağın başınnan. Diyametri ya­rım metir olar. Hindi o tirrərdən məsciddə var. Onu götürüb qoyublar. Başları da kə­sil­məlidi da. Bu da çöldən çölə ölçəsi, içəridən ölçübdü. Baba gətirib tez arvadnan kəsib tirrərin başların. Ho boyda tirrərnən tikiblər. Əşşi, bunu neynəmisən, deyəndə ustalar, arvadnan kəsmişəm başların sizə tez olsun diyə – söylüpdü.



Yəhyayev Rəcəb Yəhya oğlu. 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn

Şeyx Molla Əli babanın ziyarəti olub. Bu kişi atnan Qaxdan gələndə yolda ilisulu cavan uşaxlar bunu incitmək istiyiplər - zarafat etmək istiyiplər. Güyə biri ölüpdü. Üstünü keçəynən örtüplər. Bunu atdan saxlıyıplar. Diyiplər, baba, buna bir dua ver, rəhmətə gidipdi. O da tüşüp düzgün dua veripdi. Ata minən kimi baxıp görüplər, adam ölüpdü. Cavannar ziyarata inanmıp lağa qoyuplar. Ziyaratı ələ salmağ olmaz. Ho nənəmin ulu babası olupdu.



Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
III mətn

Şeyx Molla Əli baba - başda. Pir Seyid baba aşaadadı. Məryəm nənə, sonra Molla Arif baba. Hamısının kəramətdəri olupdu. Şeyx Molla Əli baba axsax kişi olupdu. Həccə gedip, gəlip bi nəfər. Diyipdi ki, Həccdə cümə namazında sizin Şeyx Molla Əli baba vardı. Halbuki Şeyx Molla Əli baba burda olupdu. Həccə getmiş kişi isə onu orda cümə namazında görüpdü.



Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi

Pir Seyid baba

Horda Pir Seyid baba ziyaratı var. Horda necə sellər, sular gəlip. Hələ bir baş mal-qara ordan axmıyıp, ya bir nəfər ölmüyüp. Qabaannan qaya tökülüy. Vaxt-bivaxt mal keçiy, at keçiy - kəntin naxırı keçiy. Ayağa daş dəymiy. Fəlakət baş vermiy. Müqəddəs ziyaratgahdı.


Molla Arif baba

Molla Arif baba var, Talanın ucunda bizin qəbirsannıxda basdırıplar. Yuxuda gö­rü­nüp, kəntin ağsaqqal kişisi var, ona. Deyip, mən uçuyəm, meni qoturun. Talanın da ucu dağılıpdı, tokuluy, uçiy. Gedip baxıplar, həqiqətən qabırın yanı uçupdu. Sonra onu qo­turanda diyii, gedib təzədənnən yer qazıplar, onu qotumağa, bir duman gəlip göyə. Özü də aydın havadan. Qapqara zülmət, göz gözü görmüydü. Onu basdırannan soora hava açıldı.



Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
Zərbəli baba

Zərbəli baba deyən kişi variydi. Uşax olupdu, qaçıp gidipdi. heş kim də hiss eləmipdi vergi var. Bir binədən başqa binəyə qaçıp gedipdi - fermayə. Özünün çobannardan qaçıpdı.Qoyunun yanında olupdu. İlisulular varmış. İtdərin qorxu­sunnan da quş quşduğuynan qanad çala bilmipdi. Heç kəs yaxına durmuydu. gedib itdərin işinə giripdi. Baxa duruplar. Heç tərpənmipdi. Anlıyıplar, hiss ediplər ki, bu uşaxda nəsə var. Sora inanmağa başlıplar. Diyilər, sürünü canavarın içinə buraxanda heç nə olmuydu. Qayıtıb gəliydi. Beləcə kəramətin qoruydular. Onu da basıranda helə duman gəldi. Basırannan sora hava açıldı.



Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
Hacı Həmzət Əfəndi baba

I mətn

Hacı Mamay Əfəndi baba, onun neyi Ərəb ölkələrindən gələndi. Habı ziyarat bizin yerri adamdı - Hacı Həmzət Əfəndi baba. Nəvəsi Zakatalada molladı, biri Qahirədə oxuyupdu. Sovet dööründə habı İlisuda olan hadisədi. Habının üsdü olupdu qramit - evlərin üsdü. Pirrəri, məçitdəri dağıtan vax olupdu. Honda uşaxları da yığıplar məktəbin məəlimləri gəliplər ziyarata. Hollara da əmr eliydilər, gedin ziyaratdarı, məçitdəri dağıtın. Məçitdəri də anbar eliydilər – taxıl anbarı oluydu məçitdər. Habı aşaadakı məçit taxıl anbarı idi. Gəliplər. Dul arvat – ana, üç qız, bi oğlan. Oğlan da inistutu qurtalıp gəlipdi, məəlimdi burda. Heç bir məəlim ürək elip çıxıp hordan bi qirəmit qotumuy. Salam məəlim eləmə tənbəllıx, çıxıpdı. Hordan anası ətəklərini yığışdırıb "ay aman amandı, can oğul, sen çıxma, evimi yıxma" diyə-diyə gelipdi. İki qirəmit qoturupdu, üçüncünün altınnan yekə ağ ilan süyrülüp, Hacı Həmzət Əfəndi babanın qəbri o binanın içindədi – şaramp eliyə qəbrin üsdünə tüşüpdü. Həmən oğlan üş qirəmit qoturupdu, üş gün qalıpdı. Ölüpdü, özü də it kimi. İlisu camaatının gözü qabaanda olan şeydi.



Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə