Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə19/20
tarix26.11.2017
ölçüsü1,81 Mb.
#12653
növüXülasə
1   ...   12   13   14   15   16   17   18   19   20
Davamı gələn sayımızda
Noqaycadan tərcümə edəni Qumru Şəhriyar

Rəylər



SEYFƏDDİN RZASOY: ŞƏXSİYYƏT VƏ ALİM

HAQQINDA ESSE-RESENZİYA
Bismillahir-Rəhmanir-Rəhim
Giriş-ricət
Qarşımdakı kitab haqqında resenziya yazmaq istəyirəm. Bu “istək” bir ildir hər gün mənə “qonaq” gəlir və hər gün də tərk edir. Ya mən dürüst deyiləm, ya da ki, qonağım.

Yox... Bu, o qonaqlardan deyil: əslində, məlum oldu ki, nə mən qonağı tərk edirəm, nə də qonaq məni. Nəhayət...

Nəhayət ki, Şərəfli Ramazanın son günü L.N.Tolstoyun xristianlıq haqqındakı möhtəşəm məqaləsini oxuduqdan sonra “qonağı” qəlb evinə dəvət etdim:

“Buyur dedim, səninləyəm. Bir ildir, aşağıdan-yuxarıdan, sağdan-soldan səni izləyirəm. Hər gün bir neçə saat sənə qulaq asır, səni oxuyuram. Gah hiddətlənir, gah da xəfif-xəfif gülümsəyirəm. Hiddətlənirəm ki, niyə bu qədər gecikmisən? Gülüm­sə­yirəm ki, bu qarma-qarışıqlıqda, bu it-batda, istedadların “qarışdığı”, imzaların itdiyi zamanda sən ərsəyə gəlmisənsə, əhsən sənə!”

Mən dağətəyi bir kənddə böyümüşəm. Enişi-yoxuşu, xırda meşəsi olan bu kənd həmişə öz sakit ritmi ilə yaşayırdı. Ancaq birdən eşidirdin ki, bu kiçik kəndin övlad­la­rının sorağı dünyanın ən böyük universitetlərindən gəlir. Burada bir oxumaq ənə­nəsi mövcud idi. Özü də nəyi oxumaq? Çox oxumaqdansa faydalını oxumaq.

Folklorşünaslığa aid olan sanballı əsərlərin, demək olar ki, əksəriyyətini oxu­mu­şam.Yerli alimlərdən tutmuş ta dünyanın ən populyar alimlərinədək. Çoxlu nəzə­riyyələr, konsepsiyalar zamanla biri digərini əvəzləyərək tarixin mənalı səhifə­lərinə yükləniblər. Lakin heç bir bəzək ədəb qədər gözəl deyildir. Və biz həmişə öz içi­miz­dən boy verən pöhrələrə biganə qalmışıq. Kənarda axtarmışıq içərimizdə olanları. Bir aqilin dediyi bu aforizm mənim çox xoşuma gəlmişdi: “Əgər evdə ideal varsa, kənarda ideal axtarmaq səfehlikdir”.

Artıq neçə illərdir bir çox xarici ölkələrdə elmi simpoziumlarda məruzə ilə çı­xış edirəm. Həmişə tanınmış elm adamlarını dinlədikcə qeyri-adi nəsə axta­rırdım. Və... həmişə də görürdüm ki, dinlədiyim məruzələrin daha dolğun variantlarını artıq eşit­­mişəm. Bu hal məni rahat buraxmırdı. Sən demə, hər gün ünsiyyətdə oldu­ğum dostlarım bu “məşhurların” bəzəkli-düəzkli bildirilərini gündəlik söhbətlərdə “sözün gö­zünə” qatıb incələyirmişlər.

Elmin inkişafında həmişə şəxsiyyətlərin rolu böyük olmuşdur. Alim bir nöq­tə­dən dünyanın müxtəlif qütblərini nurlandıran spektrdir. Elmin, idrakın sər­hədləri ol­mur, hüdudsuzdur. Məhz alimlər, elm adamları müxtəlif sivilizasi­ya­lar ara­sın­da kör­pü missiyasını həyata keçirmiş, uzaq qütbləri birləşdirməyə nail ol­muşlar.




S.Rzasoy: alim və şəxsiyyət
Yuxarıda “alim və şəxsiyyət” mövzusuna işarə etdim. Belə bir el məsəli var: “Alim olmaq asandır, adam olmaq çətin”. Çox düşündürücü, dərin qatlara işləyən bir deyimdir. Deməli, həyatda hər şey qazanılır, ancaq insanlıq genetik hadisədir. İnsanlıq, adamlıq qazanılan deyil, o, Allahın (c.c.) lütfüdür. Ona görə də “alimi-biəməl” heç vaxt millət, vətən və cəmiyyət qarşısında hörmət sahibi ola bilməyib.

Əməli və elmi ilə cəmiyyətdə özünə güvənc qazanmış bir alim haqqında düşüncələrimi bölüşmək istəyirəm. Və çalışacağam ki, onun haqqında bəla­ğət­siz, metaforalardan istifadə etmədən danışım. Çünki haqq etmədikləri haq­qında bəhs etmək mənim təbiətimə yaddır. O, hamının tanıdığı, daha dəqiq ifadə etsək, humanitar-ictimai camiənin tanıdığı, AMEA Folklor İnstitutunun Mi­fologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy­dur.

Hər bir dövrün öz məntiqi və bu məntiqin intensivliyi mövcud olmuşdur. Bir neçə il əvvəl milli folklorşünaslıq elmində mifologiya ilə bağlı bir neçə əsər oxudum. Keç­miş­dən günümüzə qədər bir çox əsərlərə nəzər saldım. Düzünü söyləmək boy­numuzun bor­cu­dur. Ona görə də deməliyəm ki, mifologiya ilə bağlı bütün bu irili-xırdalı əsərlərdə Me­letinski-Losev-Neklyudov üçbucağının çərçivə sədlərini aşan fi­kir və ideya kon­sep­tinə rast gəlmədim. Son dövrlərdə isə Bəhaəddin Ögel, Mə­hər­rəm Ergin, Fəxrəddin Qır­zıoğlu, Mehmet Aça və b-nın baxışlarının bənzər sunumları realizasiya olu­nurdu.

Əlbəttə, bunu deməklə mifologiya sahəsində yazılmış əsərləri inkar etmək niy­yətində deyi­ləm. Məqsədim Azərbaycan folklorşünaslığında yunan və türk mifo­lo­gi­yası və ümumən mifologiya haqqında yeni düsturun, yeni nəzəriyyənin qarşıma çıx­ma­masını nəzərə çatdırmaqdır. Və nəhayət, 2004-cü ildə S.Rzasoyun “Oğuz mifinin paradiqmaları” (Bakı, 2004) əsəri işıq üzü gördü.

Sözün düzü, bu əsərə mən də ilk baxışdan isti münasibət bildirmədim. Çünki türk mifologiyası mövcuddur və onun haqqında yetərincə tədqiqatlar da eləcə. Ancaq S.Rzasoyun 2015-ci ildə nəşr olunan “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” əsərini oxuduqdan sonra mən yenidən “Oğuz mifinin paraqdiqmaları” kita­bı­nı oxumalı oldum. Müəllifin mətn paradiqmasını duyduğunu və elmi istehsala kəşf kimi daxil etdiyini aydın gördüm. “Oğuz mifi” dedikdə S.Rzasoy təkcə müxtəlif ide­ya­ların yükləndiyi etnik sistemi nəzərdə tutmur. O, bunu bədii mətn modeli olaraq bütöv bir etnos mədəniyyətinin bədii sosiologi­yasını və həmin etnomədəni sistemin tarixi diaxroniyasını bədii təsvir aspektləri kimi dərk edir.

Alim əsərlərində elmi dövriyyəyə terminoloji bazanın idxalı ilə də diqqəti çəkir. Bir vaxtlar hamı yazılarında yeri gəldi-gəlmədi xaos-kosmos münasibətlərin­dən yola çıxmaq istəyirdi. Bu konseptin də S.Rzasoy tərəfindən milli təfəkkürün mifoloji modeli kimi elmi dövriyyəyə hələ keçən əsrin 90-cı illərindən daxil edildiyinin şahidi oldum.
S.Rzasoyun “şaman-qəhrəman” paradiqması

Müasir dövrün folklorşünaslıq elmində hadisə sayılacaq “Azərbaycan das­tan­larında şaman-qəhrəman arxetipi” əsərinin müsbət məziyyətləri nədir?

Sualın cavabı yeni konseptual baxışla yanaşı, yeni üsulun, yeni metodun elmi piyasaya gətirilməsidir. Bu əsərlə Azərbaycan elmşünaslığında ilk dəfə dialoji əsərin təməli qoyulmuşdur. Elmi-analitik əsərlər, adətən, monoloji tipə aid olur. Lakin S.Rzasoyun adı çəkilən əsəri dialoq üzərində qurulub. İnsanın təbiətdə dialoqu bir xətdə bir neçə elmi isti­qaməti ehtiva edir:

a) mif;


b) totem;

c) antropomorfizm;

d) kult;

e) ritual.

İnsanlıq tarixindən (History Humanite) məlum olur ki, mədəni nailiyyətlərə qovuşmada bütün xalqların payı vardır. Cəmiyyət təbiətdən (insan-təbiət dialoqu) faydalandığı kimi, mədəniyyətlər də biri-birindən faydalanmışdır. Toplumların təma­sı nəticəsində mədəni ortaqlıq təmin olunmuşdur. Alimin for­mul­larla başlayan dia­lo­qu yeni baxışlar sistemini ortama gətirir. Bu, onun subyektiv dünyagörüşündən qay­naq­lanmır, mifik təsəvvürün mahiyyətindən doğur.
S.Rzasoy teorisində ideyanın qoyuluşu

məqamına baxış
Dünya mifoloji sistemində butavermə, şəkildəyişmə və eləcə də məkan­dəyişmə, bu dünya və axirət semantemi yetərincə işlənmiş mövzudur.

Mif dövrü məkandəyişmə xaos-kosmos münasibətləri müstəvisində təhlil edi­lir­sə, daha sonra inisasiya – ölüb-dirilmə aktı prosesi filoloji mətn predmeti kimi or­ta­ma gəlir.

Bu tipli motiv və süjetlər filoloji fikri uzun illər, daha doğrusu, yüz illər məş­ğul etmişdir. Bəs nəticə, elmi sonuç olaraq hansı bəşəri mənaya imza atılmışdır?

Min illərin o tərəfində qalan mif və onun mahiyyəti insanlıq tarixinin nə qədər boş “vadilərdə” dolaşıb sərgərdan qaldığını göstərir. Ancaq mifik dünyagörüşünü incə­ləyib, onu dərk edib, bəşər övladı üçün məchul olan paganik “vahimə”ləri aydın­laşdıranlar elmi cəmiyyətə təqdim edən alimlərdir. Seyfəddin Rzasoy şö­bəsində təşkil etdiyi lektoriyalarda uzun illər davam edən “mif” mifini dağıtdı. Diskussiya­larda mifik zamanın və mifik məkanın ən sadə modulunu hipotetik məc­raya yönəldə bildi. Oxuyub öyrəndiklərinə Allahın (c.c.) bəxş etdiyi hikmətlə süslənmiş münasi­bə­ti elmi ictimaiyyət üçün yeni parafraz oldu.

Oğuz, Dədə Qorqud, Koroğlu, Keçəl Həmzə, Nigar xanım (ümumiyyətlə, xa­nım semantemini), aşıqlıq, fani və baqi semantemlərini çağdaş folklorşünaslığın fəl­səfi spektrində proyeksiyalandırdı. Mən onun kitabından sitatlar gətirməyəcəm, lakin hər sətri milli folklorşünaslıq elmi üçün dəyər kəsb edən bu əsərə münasibət bil­di­rə­rək bu əsərdən doğan əsəri ortama gətirəcəm.
S.Rzasoy düşüncəsinin tipi
Onun yaradıcılığı, ümumiyyətlə, milli folklorşünaslığın yeni səhifəsi, yeni mərhələsi kimi qiymətləndirilir və illər sonra daha dərindən təhlil edilərək dəqiq mənasını əxz edəcəkdir.

Nədir bu əsərin mənası?

Boş pafosmu?

Yalançı parıltımı?

Akademik termin­lərlə bəzədilmiş populist ritorikamı?

Xeyr!

Əsər özünü özündən soruşan, özünü özünə tanıdan bir yolçudur. Milli təfəkkürün, milli idrakın istiqamətlərini müəyyən edən mayaklardandır.



Bu günə kimi populyar olan Yunan-Ellin mədəniyyətinin bütün dünya alimləri tərəfindən öyrənilməsinin nədəni haradan gəlir?

Yunanlar Misir elmini əxz edib özününküləşdirərək təqdim etdilər. Ancaq öz adını, ünvanını min kilometrlərlə uzaq­dakından deyil, öz ata-babandan öyrənsən, daha doğru nəticə alarsan.

Real tarixi öyrəndikdə qədim yunan alimlərinin Şərq mədəniyyətindən, Şərq elmindən öyrəndiklərinin şahidi olursan.

Bu o demək deyildir ki, qreklər qapalı bir qutu kimi Şərqin alimlərini və bilgisini hərf-hərf təqlid etmişlər. Bu iddia sağlam məntiqə sığmaz. Onlar bilginin materiyasını öyrənmiş, yeni bir biçimdə istifadə etmişlər. S.Rzasoyun dünya mifiz­mini öyrənib yeni biçimdə şərh etməsi də bu düstura söykənir.

Platon və Pifaqor kimi filosoflar mükəmməl bilgilərinə görə misirlilərə borc­lu olduqlarını qeyd etmişlər (Pinard de Bollue. Dinlərin karşılaştırma etüdü).

Bu gün isə çevrə geri fırlanır. Biz bilgilərimizə görə Qərbə borclu olduğu­muzu hesab edirik. Deməli, elm, bilgi bir tərəfdən başqa bir tərəfə hərəkətdədir. O, statik bir məfhum deyil. Məchul predmet də deyil. Sadəcə, onu öyrənib realizə etdikdə faydalı əmsala çevrilir.


Materiyanın fiziki-maddi və ilahi-metafiziki hüdudları
S.Rzasoyun əsərinin cövhəri onun insanı materialist düşüncədən ayırması­dır. Alimin insanı İlahi varlığın ən şərəfli yaradılışı kimi anlayaraq, bütöv bir etnosu bir varlığın – insanın timsalında təhlil etməsi yeni baxışların rüşeymi hesab oluna bilər. O, Türkü, Oğuzu daima hərəkətdə, irəliləyişdə, mənəviyyata, idrak zirvəsinə yük­səlişdə təsəvvür edir. Əsərin qatları, layları çevrildikcə oğuzların həyatının məna­landırılması səhnələri diqqət çəkir. Oğuzlar təkcə gündəlik həyatın bəsit davranışları ilə yaşamamışlar. Qəhrəman arxetipi etnosun sınaqlardan çıxmış çox­əsrlik təcrü­bə­sinə, dərin mənəvi köklərə bağlı ənənəvi təsəvvürlərinə istinad edir. Oğuzları di­gər­lə­rindən fərqləndirən cəhəti araşdırıb, incələyib realizə edən müəllif buradakı evlənmə semantemini fiziki-bioloji cütləşmə deyil, eşq-ilham, intuisiya, həqiqətin ins­tink­tiv dərki kimi duyur və düşüncələrini də elmi konsept kimi dövriyyəyə ötürə bilir. Düzdür, o da hələ materialist düşüncədən tam azad ola bilmir, lakin dialektikanı ilahi mövcudiyyət daxilində görür. Bu indiyədək olan düşüncələrin tərsi və ən xeyirlisidir.

Müəllif etnosun varlığını, mövcudolma prin­­siplərini və eləcə də sosio­logiyasını, kültürünü, estetikasını, hətta politologiya­sını inanc müstəvisində araşdırır.

S.Rzasoy bir çox paradiqmalarda insan-cəmiyyət, insan-təbiət və insan-cəmiy­yət-təbiət-münasibət formullarının elmi strukturunu sərgiləyir.

“Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi, fraktallıq və təkrarlanma ilə bağlı deyilənləri ümumiləşdirib belə nəticəyə gəlir: varlıq aləmi xaosdan kosmosun əmələ gəlməsi şəklində təşkil olunmuşdur. Bu, daimi bir prosesdir: xaosla kosmos vəhdətdə olub, daim biri o birinə keçir. Bu, əbədi “yaradılış-kosmoqoniya-dünyayaratma” prosesidir. “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi yaradılışın universal prinsipidir. Materiyanın hər bir növ, şəkil və ünsürünün mövcudluğu bu prinsip əsasında mövcud olur. Hər bir ünsür öz “bətnindəki” ilkin struktur sxemini fraktal şəkildə təkrarlayaraq, öz-özünü yenidən yaratmaqla yaşamını sürdürür”.


Elmi ideya və mühit
Alim bu tezisdə idrakın ziddiyyətli sıralanmasını elmi prosesə təqdim edir. Sadə və bəsit təfəkkür incələməsi deyil. Əsərin nəşrindən 2 il ötsə də, çağdaş folk­lor­şünaslıqda buna aktiv münasibət olmadı. Çünki əsərin motivi və onun yaratdığı assosia­siya hissin və təfəkkürün iştirakı ilə reallaşır. “Şaman arxetipi” əsəri etno­ener­getik və sinergetik paralellərdən də proyeksiyalana bilir. Əsər monotip və monoton de­yil­dir. Elmi və hissi məcrayla aydın olur ki, bəşəriyyətdə ortaq kökə, ortaq mədə­niyyətə sahib olan toplumlar ilk çağlarda birgə yaşamış, zaman keç­dikdən sonra müxtəlif qəbilələrə, tayfalara, xalqlara, irqlərə ayrılmışlar.

S.Rzasoy maraqlı elmi nəticə əldə edə bilir. İnsan-cəmiyyət münasibətləri bö­lünmüş toplum­ların bir-birini tanımaq ehtiyacını yaratdı. İnsanın var olma tarixində məşhur üç mərhələ – icmalar halında yaşamaq, ayrılmaq və tanışlıq heç də bir-birinə zidd deyildir. Qurani-Kərimdə bu barədə deyilir:

“Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi...” (Maidə: 48).

“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir...” (Ər-Rum: 22).

Mif dövründən bu günə kimi insanların birliyi və onların multi xarakteri arasında bəşəri müştərəklik gizlənir. Məhz bu müştərəklik toplumları bir-biri ilə tanış olmağa, bəşəri birliyə səsləyir. S.Rzasoyun paradoksları, məsələyə müxtəlif baxışları bu nəticəni uzaqdan “işıqlandırır”. Onun hər bir əsərində elmi kəşf nüansları vardır.

Qeyd edək ki, müəllifin “folklorun yazılı ədəbiyyata, yazılı ədəbiyyatın folk­lora təsiri və hər ikisinin qarşılıqlı təsirləri” haqqındakı sadə elmi tezisi onun təfək­kürünün məhsulu olaraq folklorşünaslıqda “folklor və yazılı ədəbiyyat” konteksində bütöv bir paradiqma yaratmışdır.


Xəbərləşmə” bəşəri ünsiyyət konsepti kimi
Millətləri bir-birindən ayıran dil, din faktorları olduğu kimi, mədəniyyət fak­to­ru və yaşam fəlsəfəsi də var. Dil, din faktorundan daha çox kültür, adab, mədə­niyyət faktorunu önərən S.Rzasoy əsərinin əsas konseptlərindən birini təşkil edən “xə­bər­ləşmə” ilə türkolojinin öyrənil­məyə möhtac olan qaranlıq laylarına nüfuz edir. Bu, ilk baxışdan oxuduğumuz mətnlərin və yaxud dinlədiyimiz dastanın təsviri üsulla təh­lili təsirini yarada bilər. Lakin Annemarie Van Gabainin dediyi kimi “Türkoloji yaban­çılar üçün bir məslək, türklər üçün isə milli bir görəvdir”. S.Rzaso­yun “tapdığı” xə­bər­ləşmələr milli mədəniyyətin xarakteri məsələsidir. Uzun müddət passionarlığı yad klişelərdə təhlil etdiyimiz üçün folklorşünaslıq elmimiz auditoriyalardan dışarı çıxa bilməyib. Məhz belə əsərlər milli mətnlərin yabançı intonasiyada deyil, milli fonopoetik ritmdə çalar­lanması və milli kültürün qlobal aləmə inteqrasiyası kimi təzahür edir.
Düşüncənin məkani hüdudları arasında
Mədəniyyət millətin özünəməxsus cizgidə inkişaf edib pərvazlanmasında baş vuracağı önəmli bir qaynaqdır. Millətin adab davranışının ahəngi və istiqa­məti ilə mədəni başlanğıcının durulması arasında hər zaman sıx bir münasibət mövcud olmuşdur. S.Rzasoy bir çox mülahizə və təhlillərində haqqla batilin arasında qalır. Bu isə onun islami biliklərinin hələ təsəvvüfi düşüncə ilə çulğaşmasından irəli gəlir. Knışdan gətirdiyi sitatda hal məqamından bəhs edir. Knış da, Milça da, Nəsrəddin Xan da və onlarca bu səpkidə yazanlar hal, həvalə və təvəssülün sıradan birinə aid olma­masını bilirlərsə belə, dilə gətirmirlər. Sadalanan məqamlar yalnız peyğəm­bər­lə­rə və məsumlara xas ola bilər.

Amma..., amma S.Rzasoy etnosistemin psixologi­ya­sın­dan daha çox onun semantik estetikasına diqqət yetirir ki, bu da nəticədə etnosun mədəni təfək­kü­rünü müstəviyə çıxarır. Bütün mediasiyalarda, qurulan və incələnən mətn-sxem­lərdə alim yeni baxışlar sərgiləyir. Yəni indiyə qədər yazılan üslub və sis­tem­lərdən tam halı ilə fərqli, düşündürən, hədəfə niyyətli elmi kom­pleks qarşı­mız­dadır. “Şaman arxetipi” yeni yanaşmadır. Burada alimin illərlə topladığı el­mi bilgilərlə yanaşı, fəhm və intuisiyası da iştirak edir. Kitabı oxuduqca təkcə “ölü mətni” deyil, keçmiş adətləri, mədəniyyəti köksünə yığmış “müdrik qo­ca”nın canlı danışığını duyursan. “Kitab” elementi özü bunu diktə edir. Bilgilər bir sistem olaraq elmi baxışların məcmusudursa, təhkiyə, nəql, axıcı üslub danışanın, yəni müdrik qocanın interpretasiyasıdır.
Nə görünür bu dioloji əsərdə?
Bir millətin tarixi, adəti, ədəbi və estetikası, eləcə də mübarizəsi.

Deməli, bu millətin təkcə torpağı, Vətəni deyil, hətta öz məhəbbəti uğrunda həlak olana qədər mübarizə aparmağa qüdrəti çatmışdır.

Hadisələr təkcə bir millətin xarakterindən deyil, müxtəlifliklərin təzahürün­dən qay­naqlanır. İki qarşıdurma var. Həm milli, həm də dini. S.Rzasoyun onlarla das­ta­nın içindən seçdiyi mətn də maraqlı nüansdır. Bu da alimin fəhmi ilə əlaqə­dardır. Mən inanıram ki, o, hər hansı dastanı təhlil etsəydi, yenə bu etnomədəni layları orta­ma gətirəcəkdi. Yad mədəniyyətə, özgə davranışa qəhrəmanın düşüncə­sində, qəh­rə­manın nitqində, ritmində, ahəngində cavab tapır alim. Bax, bu fəhmdir. Özü də gə­rəkli, şeytani olmayan fəhm. Problematika folklorşünaslıq olsa da, müəy­yən sosial xa­rakterləri təsbit edir, incələyir.

Şaman arxetipi”ndə özəl yanaşma metodologiyasından biri də rəvayəti təqlidi rəvayətdən fərqləndirməkdir ki, S.Rzasoya qədər bunu heç kim etmə­mişdir.

Bəzən toplumlar, cəmiyyətlər, hətta millətlər özgə (özünə yad olan) sosio­lo­giyanı həzm edə bilmir. Bizim mədəniyyətimizdə başqasının adətləri daim bizə yad təsiri bağışlayır, bəzi hallarda isə istehza yaradır, rişxəndli intonasiyalarla müşayiət olur. Ancaq alim isbat edir ki, xalq yaradıcılığı, folklor mədəniyyətlərin inteqrasiya nöqtəsini əhatə edə bilir. Mədəniyyət, etnoxarakter millətlərin bir-biriylə təması nəticəsində mədəniyyət tipi kimi bir toplumdan başqa topluma da ke­çə bilir. Ancaq bu transformasiyada milli ruh özünü heç vaxt itirməyəcək və nəticədə mədəniyyət qılafını dəyişərək özgələşəcək.
Xəbərləşmə ilahi-kosmoqonik konsept kimi
Alimin əsərdə orijinallığı, əsasən, “xəbərləşmə” konsepti ilə də gündəmə gələ bilər. Xəbər necəliyindən asılı olmayaraq, insanların həyat tərzinin başlıca qayda­ların­dandır:

Kainat xəbərdi desək, yanıl­ma­rıq. Bu, alimin verdiyi “xəbər”in xəbəridir.

Sübh azanı – xəbərdir...

Günəşin çıxması xəbərdir, səhərin açılması, quşların oxuması və s., və s.

(İlk baxışda orijinal görünməsə də) Seyfəddinə görə, yuxu da xəbərdir, bu da onun tapıntısıdır (“Quran”da əsası var).

İnsan oğlu xəbərsiz yaşamayıb: çoban çöldə dağdan-daşdan, ötən quşdan xəbər alır, çarvadar yoldan xəbər alır, sarvan karvandan xəbər alır.

Gündüz örüşdən, tarladan, inşaatdan və s. ayaq yığılar. Evlərdə, ocaqlarda eşidilən, bulunan xəbərlər çeşid-çeşid incələnər, ilmə-ilmə toxunar. Xalılar, dastanlar yaranar xəbər­dən! Gec gələn adamdan, örüşdən dönməyən heyvandan “xəbər çıxma­dı” deyərlər. Bax, bu özü də bir xəbərdir! S.Rzasoy xəbər formulundan bir elmi mo­no­qrafiya yazdı.

Xəbər balaca kəndlərdə, obalarda tez yayılar, böyük dünyadan uzaq olsalar belə, onlar da böyük dünyanın bir parçasıdır.


S.Rzasoy “sabahın xəbəri” kimi
Hörmətli həmkarım Seyfəddin Rzasoy, Amerikadan, Avropadan (folklorşünas­lığın­dan) etnik məkanca uzaq ol­san da, yazdığın əsərlər dünya elminin kiçik zərrəsi, ayrılmaz hissə­si və milli elmin sabahının xəbəridir.


Qalib SAYILOV

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi


Folklorşünas təqvimi


65


SEYFƏDDİN

QƏNİYEV

FOLKLORŞÜNAS SEYFƏDDİN QƏNİYEV
Azərbaycanın müstəqilliyi milli düşün­cə­nin oyanışına xüsusi önəm verdi. Bütün sahələr­də olduğu kimi, folklorşünaslıqda da bu məsələ bir nömrəli problem olaraq diqqət mərkəzində saxlandı və deyərdim ki, ən çox da qazanan elə xalqın milli-mənəvi mədəniyyəti oldu. Daha doğ­ru­su, uğurlu bir hərəkat xarakteri aldı. Bun­lar son olaraq böyük bir folklorşünaslar nəslinin yaranması ilə nəticələndi. Həmin nəslin öncül­lə­rin­dən biri də filologiya üzrə elmlər dok­to­ru, AYB Şamaxı bölməsinin sədri Seyfəddin Həmzə oğlu Qəniyevdir. Onun Azərbaycan folk­lorşünaslığı üçün gördükləri bir sonsuzluq­ladır. Xalq ədə­biy­­yatının toplanması, nəşri, təd­qiqi sahəsində apardığı işlər ancaq və ancaq fədakarlıq nümu­nəsi hesab edilə bilər.

Folklorşünas S.Qəniyevlə bağlı qənaətləri­mi­zi bölüşməzdən öncə onu da əlavə edək ki, Azərbaycan folklorşünaslığı zəngin, həm də uğurlu bir inkişaf yolu keç­mişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən başlayan bu yol həmişə çoxalan, xalq mədəniyyətinə marağın ar­tan istiqamətə getməsi ilə səciyyələnmişdir. Ə.Qa­­­racadağinin, M.Mahmudbəyovun, R.Əfən­di­­ye­vin, S.S.Axundovun, E.Sultano­vun, Y.V.­Çə­­­mənzəminlinin, Ə.Abidin, F.Köçərlinin, C.Əfən­­dizadənin, S.Mümtazın, V.Xuluflunun, Əb­­dürrəh­man Dainin, H.Əlizadənin, M.H.Təh­masibin və başqalarının gördüyü böyük işlər özlüyündə ənənənin formalaşmasına, milli dü­şün­cənin oyanışına yönlən­dirilmiş hadisədir. Ona görə də hesab etmək olar ki, Azərbaycan folk­lorşü­naslığı möhkəm özül üzərində bərqərar olmuşdur və bu gün də onun üzərindədir. Bura­ya digər məsələni də əlavə etmək lazımdır, bu da böyük klassiklərimizin zəngin yaradıcılığı ilə bağlı olanlardır...

Azərbaycan ədəbiyyatı keçib gəldiyi yolda həmişə uğurlarla, yeni-yeni yaradıcı ruhların ədə­­biyyata gəlişi ilə səciyyələnmişdir. Klassik ədə­biyyatın görkəmli nüma­yəndələri öz dünya şöhrətli əsərlərini məhz xalqın zəngin şifahi ədə­­­­biyyatından ya­rar­lanmaqla yaratmışlar. Q.Təb­­­­ri­­zinin, M.Gəncəvinin, X.Şirvaninin, N.Gən­cəvinin, A.Ərdəbilinin, M.Əvhədinin, Ə.Təb­­rizinin, Q.Bür­ha­nəd­dinin, Ş.İ.Xətainin, M.Füzu­li­nin, M.Əma­ninin, Fədainin, Məsihinin, S.Təbrizinin, M.V.Vi­dadinin, M.P.Vaqifin, A.M.Şir­vaninin, Ş.Şir­vaninin. Q.Zakirin, M.Aşi­qin, C.Nə­vanın, X.Na­tə­vanın, S.Ə.Şir­­­­va­ni­nin, M.Ə.Sabirin, A.Səh­hətin, S.Vurğunun və başqalarının yaratdığı böyük sənət abidələri­nin qaynağında xalq ədəbiyyatı daya­nır. Məhz xalq ədəbiyyatı bir motiv, hadisə, əhv­alat, forma, məz­mun hadisəsi kimi bu sənət­karların yara­dıcı­lığını və düşüncəsini cilala­mış­dır. Bir növ et­nosun qəlb çırpıntılarını, ruhunu ifadə etmək ki­mi müqəddəs amala xidmət et­miş­dir. Gör­kəm­li alim B.Humbolt vurğu­layırdı ki, “xalqın dili onun ruhu, ruhu isə onun dili­dir”. Azərbay­can ədəbiyyatının klassikləri təkcə xalqın əfsa­nə, əsatir, rəvayət, nağıl, dastan, nəğ­mə, bayatı, atalar sözü örnəklərindən yararlan­maqla kifa­yətlənməmiş, həm də bunlardan bəh­rələn­mə­nin istiqamət və yolunu göstər­mişlər. Bir növ bu nü­munələrin gələcəyə ötürülməsi kimi müqəd­dəs vəzifəni yerinə yetirmişlər. N.Gəncəvinin ya­ra­dı­cılığı bu müstəvidə zəngin xəzinədir.

Folklorşünas alimimiz S.Qəniyev bir isti­qa­mətdə klassiklərin yaradıcılıq ənə­nə­­lərini, on­la­rın əsərlərində olanları mənimsəmiş və bütün təfərrüatları ilə öyrən­mə­yə çalışmışdır. Digər tə­rəfdən o, zəngin, həm də ucu-bucağı görün­mə­yən bir mühi­tin, Şirvan ədəbi-mədəni mühiti­nin yetirmə­sidir. Bu mühitin əhatə elədiyi dü­şün­cə onun sərhədlərindən çox-çox genişdir və bəlkə də insan ağlının gedib çata bilə­cəyi bir əha­təliliklə müqayisə oluna bilər. Bu səbəbdən də S.Qəniyevin folklor­şünas­lıq fəaliy­yətində olan­ların əzəməti və əhatəsi elə qaynağını bura­dan, daha doğrusu, boya-başa çatdığı, bütün var­lığı ilə bağlandığı Şirvanın ədəbi-mədəni zən­gin­liyindən alır. Etiraf edək ki, Şirvan icti­mai, siyasi, mədəni düşüncəmizin, dövlət­çi­lik tari­xi­mizin ən qədim məkan­la­rın­dandır. Tək­cə onu etiraf etmək lazımdır ki, Şir­va­nın döv­lət­­çilik baxımından min ildən çox olacaq bir tarixi vardır. Bu özlüyündə digər məsələlərə, bütün­lük­də ədəbi, mədəni sahədə olanların hamısına işıq salır. X.Şir­vani, K.Ömər, İ.Şirvani, F.Şir­vani, V.Şirvani, Z.Şirvani, B.Şirvani, İ.Nəsimi, M.Şir­vani, A.M.Şir­vani, Ş.Şirvani, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və s. onlarla, bəl­kə də, yüzlərlə sənətkarlarımız bütün varlığı, ru­­hu etibarilə mədəniyyə­ti­mizin, ədəbiy­yatı­mızın çiçəklənməsinə xidmət ediblər və bu sahədə və­təndaşlıq nü­mu­nəsi göstəriblər. X.Şir­vani “şeir səmasının günəşiyəm mən” deyirdi. Z.Şirvani “Mə­nanın canı mənəm, çünki bu dünya qədəri var hünərim, o uca çərx mənəm, çünki bir özgə fələk olmuş qədərim” söyləyirdi. B.Şirvani “get­di Xaqani, mənəm indi mədh edən, şeir elmində bu gün bir kimsə deyil həmtayi-mən” qənaətinə gəlirdi. Bütün bunlar və bu kimi nü­munələr mü­hiti ifadəyə, onun zəngin­liyi­nin təq­diminə he­sab­lanmışdır.

Belə bir zənginliyin öyrənilməsinə və in­ki­şaf texnologiyasının izlənməsinə hə­mi­şə ehti­yac olmuş və bu gün də vardır. Müsbət haldır ki, ədəbi-nəzəri fikrimiz bu isti­qamətdə həmişə cid­di addımlar atmaq, mühitin spesifikasını araşdır­maq yolunu tut­muşdur. Əlbəttə, buraya maraq bir tərəfdən Azərbaycan ədəbi-nəzəri fikri ilə bağ­lanırsa, digər tərəfdən bütünlükdə türk, Şərq və Avropa elmi mühiti ilə əlaqələnir. S.Qə­niyevin bir folklorşünas kimi bu mühitə bağ­lantılarının genetikası məhz milli düşüncə, etnos təsəvvürləri ilə əhatələnir. Son dövr Azər­baycan folklor­şünaslığı ciddi uğurlarla səciyyə­lə­nir və bunlar çoxşaxəliliyi, müxtəlifyönümlü­lüyü, məzmun mün­dəricəsinin əhatəliliyi ilə ma­raq doğurur. Toplama, nəşr tədqiq sahəsində olan­lara diq­qət yetirmək kifayətdir ki, lazımı təsəvvürü əldə edəsən. Məsələn, “Dərbənd folk­lor antologiyası”, “Bakı folklor örnəkləri”, “Bor­çalı folklor örnəkləri” “Şəki-Zaqatala folk­lor antologiyası”, “Ağbaba folklor antologi­yası”, “Naxçıvan folklor anto­lo­giya­sı”, “Göyçə folklor antologiyası”, “Qarabağ: folklor da bir tarixdir” külliyyatı və s. Azərbaycan folklor­şü­nas­lığında gedən işlərin dönməzliyini səciyyə­ləndirir. AMEA-nın Folklor İnstitutu bu möh­tə­şəm işlərin başında durmaqla pers­pek­tiv­­ləri, gedi­ləcək yolu müəyyənləşdirir və bu yolun baş­lanğıcı isə bizim böyük-böyük ziyalılarımız tə­rə­findən qoyulmuşdur. Folklor İnstitutu və onun əməkdaş­larından biri olan S.Qəni­yev bü­tün var­lığı ilə bu müqəddəs işə köklənmişdir. Biz re­gion fol­klo­ru­nun öyrə­nil­məsi sahəsində antologiyaların adını çəkdik. Onu da əlavə edək ki, “Şir­van folklor antologiyası”nın toplan­ma­sı məhz folklorşünas ali­mimiz S.Qəniyevin adı ilə bağlıdır.

Folklorşünas S.Qəniyev Şirvan folklor mü­­­hi­ti­nin tədqiqatçısıdır. Onun Şirvan fol­kloru­nun toplanması, nəşri, tədqiqi sahəsində etdik­ləri bəlkə də bir institutun görə biləcəkləri qə­də­rin­dədir. O, Şirvanı el-el, oba-oba gəzib do­laş­mış, müdriklərin, el ağ­saq­qallarının, ağbir­çək­lə­ri­nin dizinin dibində oturmuş, onların söz box­çasını, yad­da­şında olanları yazıya gətirmiş­dir. Daha doğrusu, böyük bir vətəndaşlıq missi­yası ye­rinə yetirmişdir. “Aşıqlar və el şairləri” (1993), “Şirvan aşıqları” (1993), “Şamaxı” (1994), “Şirvan şairləri” (1994), “Beytüs-Səfa davamçıları” (1994), “Bu yol Şirvan yolu­dur” (1994), “Şirvan folklor antologiyası” (1994), “Övliyalar, ziyarət­gahlar, müqəddəs­lər və din xadimləri” (1995), “Sənətdə yaşa­yan ömürlər” (1995), “Mən bir elin oğluyam” (1995), “Dağdan ağır elim var” (1996), “Şirvan qadın şairləri” (1996), “Şirvan aşıq­ları” (1997), “Şirvanın 350 şairi” (1999), “Aşıq Xanış” (1999), “Adım Aşıq Şakir, mahalım Şirvan” (2001), “Mən Abbasam, Cəyirlidi məkanım” (2002), “Şirvanlı Aşıq Mirzə Bilal” (2003), “Şirvanlı Aşıq Xan­musa” (2004), “Şirvanlı Aşıq Yanvar” (2004), “El şairi Naburlu Badam” (2005), “El şairi Qobustanlı Qara” (2005), “Şirvanlı Aşıq Hacalı” (2005), “Şirvan aşıqları” (2007), “Şirvanlı Aşıq Ağa­lar” (2011), “Şirvanlı Aşıq Şakir” (2012), “Şirvanın 555 şairi” (2013), “S.Ə.Şirvani ocağı” (2014) və s. Ona görə və sair dedim ki, bunlar onun toplayıb tərtib etdiyi ki­tab­ların hamısı deyildir. Elə adını xatırladığım kitabların siya­hı­sı folklorşünas ali­mi­miz haqqın­da ciddi təsəvvür yaradır və nə qədər gərəkli işlər gördüyünü aydın­laş­dırır. Adi halda bunları etmək çox çətindir, düşünürəm ki, bunlar onun xalqın milli-mənəvi mədəniyyətinə vur­ğunlu­ğu­nun göstəricisidir.

Bir reallığı da etiraf edim ki, folklor­şünas­lıqda toplama və tədqiq kimi iki ciddi istiqa­mə­tin paralel aparılması çətindi və hər kəsə də nə­sib olmur. Bizim az-az fol­klor­şünasımız bu sahələrin hər ikisində də gərəkli uğura imza atıblar. Bəziləri top­lama sahəsində ciddi işləri ilə diqqəti cəlb etmişsə, digər bir hissəsi nəzəri müla­hi­zə­lə­ri ilə diqqət mərkəzində olmuşlar. S.Qə­niyevdə hər iki xətt paralel şəkildə özü­nü göstərir və onun gördüyü işlərin ağırlıq mərkə­zində toplama sahəsində etdik­lə­ri du­rur. Şirvan aşıqları onun toplamaları sayəsində bir bütöv ki­mi kitab­la­şaraq Azər­bay­can ədəbi icti­maiy­yə­tinə çatdırılmışdır və bu gün də çatdı­rılır. Ar­tıq Sey­fəddin müəl­lim altmış beş yaşın­dadır və bu altmış beş illik ömürdə o, ancaq xalqın mənəvi mədə­niy­yətinə sahiblik missi­yasını ye­rinə ye­tir­mişdir. Onun vurğun­luğu­nun mahiyyətində xalqın yaratdığı böyük mədə­niyyətə münasibət dayanır. Bütün fəaliy­yəti öz qayna­ğını oradan götürür. Ola bilsin ki, biz onun bu işlərinin za­ma­nımızda qədrini bilmə­yək, bir qədər biganə­lik göstərək. Ancaq illər ötdükcə, zaman keç­dik­cə onun dəyəri və qiy­məti daha çox bilinə­cək. Elmimiz, folklor­şünas­lığımız ona bir mən­bə kimi mü­raciət edə­cək­dir. Bir qədər də də­qiq desək, biz bir istiqa­mətdə Şirvan mühi­ti­ni, onun folklor mənzə­rə­sini S.Qəniyevin ki­tab­ların­dan öyrənəcə­yik. Necə ki, indi M.Mah­­­­­mud­bə­yovun, E.Sulta­novun, S.Müm­ta­zın, V.Xuluf­lu­nun, H.Əliza­də­nin və bu sıradan olanların ki­tab­ları bizim üçün əvəzsiz mənbədir... Təkrar edi­rəm, vaxt gələ­cək folklorşünas alimi­miz S.Qəni­ye­vin kitabları da bu sıraya daxil olacaqdır. “Aərbay­can folklo­runun ilkin nəşr­ləri” seriya­sın­dan olan kitablara baxmaq kifa­yət­dir...

...Seyfəddin Qəniyev Şirvan folklor mühiti­nin tədqiqatçılarındandır. Onun ağır­lıq mərkəzi­ni isə aşıqlarla bağlı gördüyü işlər təşkil edir. “Şirvan folklor mühiti” (1997), “Aşıq şeirinin poetikası” (1999) və s. monoqrafiyaları uzun il­lə­rin araş­dır­ma­sı­­nın yekunu kimi ortaya çıx­mış­dır. Düzdür, onun ciddi araşdırmalarının baş­lan­ğı­cın­da M.F.Axundovla bağlı apardığı tədqiqat­lar dayanır. Elə namizədlik dis­sertasiyası da M.F.Axundovun “Kəmalüddövlə məktubları” ilə bağlı olmuşdur. Uğurlu bir təd­qi­qat əsəri yaz­mışdır. Müdafiəsində Azərbaycan elminin gör­kəmli alim­ləri bu əsərlə bağlı özlərinin fikir və mülahizələrini söylədilər və S.Qəniyevə öz­ləri­nin xeyir-duala­rı­nı verdilər. Lazımı qədər zən­gin, həm də fəlsəfi xarakterli mövzudan sonra onun xalq ədəbiyyatına gəlişi uğurlu alındı. Gə­rəkli və bö­yük işlə­rin görülməsi ilə ədəbi-nəzəri fikrimiz bir qədər də zənginləşdi...

Azərbaycan elmi-nəzəri fikri filologiya elm­ləri doktoru S.Qəniyevi bir folklor­şü­nas ki­mi tanıyır. Lakin onun zəngin yaradıcılığında folklorşünaslıq bir tərəfdir və tək­rar edirik ki, həm də aparıcı tərəfdir. Gördüyü gərəkli işlərin mühüm bir hissəsi klas­sik ədəbiyyatla bağlıdır. O, Şirvan mühitində yaşayıb yaratmış klassik ədəbiy­yatın nümayəndələrinin əsərlərinin bir ye­­rə toplanması və haqqında informativ baza­nın yaradılması sahəsində də ciddi işlərə imza at­mış­­dır. Onun “Şirvanın 350 şairi” (1999), “Şir­vanın 555 şairi” (2013) kitabları fakt bol­luğu və Şirvan ədəbi mühitinin inkişaf tarixini öyrənmək baxımından mənbədir. Bu kitablara, ümumiy­yət­lə, S.Qəni­yevin yara­dıcılığı ilə bağlı olanlara həmişə maraqlı olmuş, həssaslıq göstər­mişəm. Bəzən mətbuat səhifə­lə­rində fikirlərimi də bölüşmüşəm. O qənaətə gəlmişəm ki, Şirvan mühiti bir bütöv olaraq S.Qə­ni­­yevin tədqi­qat­­larında özünə yer alır...

Əfsanəvi İran hökmdarı vurğulayırdı ki, “günlərin səhifəsi ömür səhifəsidir, ona ən gözəl əməl­lər və ən gözəl əsərlərdən başqa heç nə yaz­­mayın”. Seyfəddin müəl­­lim də belə bir dü­şüncə ilə məhz altmış beş ilə gəlib çatmışdır. Və ömür səhi­fə­sinə ən gözəl əsərləri, xalqın zəngin yara­dıcılığını, mənəvi sərvətini toplamaq işini yaz­­mış­dır. Belə bir müqəddəs əməllə yaşamaq isə hər kəsə nəsib olmur...



Mahmud ALLAHMANLI

filologiya üzrə elmlər doktoru, professor

Folklor həyatından


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə