Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

187

Qala divarının sinəsi şan­şan,

Heykəl qalabəyi fikirli, dalğın.

Kişimi, heykəlmi mənlə danışan,

Yoxsa mütəfəkkir bir sənət dağı?!

Gecənin qoynunda al şəfəqli dan!

Dünyadan hər köçən bu sayaq olmur.

Kişinin nəinki ər varlığından,

Heykəlindən belə ayrılmaq olmur!

1975

GÖYGÖLDƏ SÜBH AÇILIR

Ulduzların əlindən hələ göy üzü şan­şan,

Hələ durur süd arxı – ay­ulduzlu kəhkəşan.

Bəs neçin avazıyır rəngi solub gedən ay?

Ardınca hücum çəkir buludlar alay­alay...

Elə bil qaranlığın son həddində durmuşam,

Gecə ilə səhərin sərhəddində durmuşam.

Qarşımda bir möcüzə... soruş: nədən yaranmış?

Misilsiz bir gözəllik zəlzələdən yaranmış.

Düşüncəmdə bir sual dönüb alova, oda,

Kəpəz başından keçdi bu Göygölün yolunda,

Başından keçərmisən sən bu elin yolunda?!

Səhər ilişib qalıb dağlar məngənəsində.

Ancaq ürək duyur ki, bu məngənə dağılar,

Odlu qılınclar kimi qından sıyrılar dağlar.

Təpələrin dalında ağarır bəyaz səhər,

Gərdəkdədir hələlik gəlin səhər, qız səhər.

Mənə elə gəlir ki, qaldırsam o təpəni,

Səhər bütün dünyaya, yaqut zəbərcəd səpər.

Dünya bizə göstərər Günəş adlı qızını,

Buludların yelkəni qızılıdır, qızılı...

Hələ Göygöl uyuyur, hələ Göygöl yuxuda,




188

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Zərifliyi, paklığı, yüz maralda, ahuda.

Arabir meh əsəndə, çilənir seyrək yağış,

Bəlkə heç yağış deyil şeh çiləyir şaxələr.

Çinarların dibinə baş qoyub yatır gecə,

Çinarların başında çoxdan oyanıb səhər.

Hələ Göygöl yuxuda, hələ Göygöl uyuyur,

Amazonka nəslindən, saf bir gözəl uyuyur.

Hanı bəs dan ulduzu, o ki, bayaq yanırdı,

Kəpəzin başı üstə tək bir çıraq yanırdı.

Xeyr, xeyr, ona bax: alov tutdu sanki dağ!

Nəhəng brilyant kimi alışır, yanır Kəpəz.

Qızıl xəzinələri saya­hesaba gəlməz.

Budur, təpədən şəfəq tökülür gülə­gülə,

Ürəyimin başına, gözlərimə, Göygölə.

Göygöl pərdədən çıxır

Min igidi özünə bənd eləmiş qız kimi,

Bütün Yer kürəsinə deyilməli söz kimi.

Göz­göz olan bulaqlar sevincindən ağlayır.

Bülbüllər qızıl gülün yarasını bağlayır.

Güzgüləşən sularda qırçın ləpələrə bax,

Əksi tərsinə düşən yaşıl təpələrə bax.

Süzdükcə bu lövhəni alışıram, yanıram.

Mən Göygölü günəşə, dünyaya qısqanıram.

Dünyanı bir baxışa sığışdıra bilməyən,

Gözümdən inciyirəm.

Bütün gözəllikləri yığışdıra bilməyən,

Sözümdən inciyirəm.

Heç olmasa bu gölün sahil daşı olmadım,

Özümdən inciyirəm.

1975



189

ALDANMA!

Dünən mənə zərbə vuran bu gün məni salamladı.

Bıçaq vuran əllərilə məlhəm qoydu, sığalladı.

Aldanmayaq! Gədaların min üzü, min canı vardır.

Üzdən quzu görünsə də içəridən canavardır!

1976

YAXŞI Kİ, BU YURDUN

BALASIYAM MƏN

Başqa bir torpaqda mən doğulsaydım,

Bəlkə indikindən bir az da adlı,

Bir az da isbatlı, qollu­qanadlı,

Bir az da səbatlı, sərbəst olardım.

Çələng qoyardılar başıma bəlkə,

Bəlkə sevincimdən sərməst olardım.

Talelər, ölkələr, ellər müxtəlif,

Biri sellər kimi gedir irəli.

Düşürsə tarixin burulğanına,

Birinin görünmür gövhəri, ləli.

Vətən dağ kimidir, övlad – şəlalə,

Bu birlik, bu vəhdət əkiz doğulur.

Nə qədər ucasa, möhtəşəmsə dağ,

Şəlalə o qədər vüsətli olur.

Başqa bir diyara düşsəydim... bəlkə

Erkən gül açardı arzum, muradım.

Yaxşı ki, bəxtimə düşdü bu ölkə,

Yaxşı ki, uzaqda mən doğulmadım.



190

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yaxşı ki, əkizdir sevincim, qəmim,

Bəzən gülzardayam, bəzən qardayam.

Yaxşı ki, qanadlı çinarlar kimi

Ömrün çovğunuyla vuruşlardayam.

Səni tərk eləmək fərarilikdir,

Döyüş meydanımsan Azərbaycanım!

Qara tikanın da gül ətri verir,

Sənin daşlarındır ləlim, mərcanım.

Kimdənsə çələngmi umacağım var?

Yoxsa əsiriyəm dövlətin, varın?

Mənim şahlıq tacım – bəyaz buludlar,

Mənim qızıl taxtım – sal qayaların!

Yenə dağ çapırsan, alnında vüqar,

Üstündə həmişə ayla gün olsun.

Qırsa külüngünü dəmir qayalar

Buyur, bir cüt qolum külüngün olsun.

Qalarmı gözümdə əhdim, muradım,

Uğrunda döyüşsəm, uğrunda ölsəm?

Min kədər dağını təkcə əridib,

Bircə sevincimi səninlə bölsəm?

Məgər şöhrətmidir könlümdən keçən?

İnan ki, başqadır niyyətim, “dərdim”:

Bülövə döndərib o şöhrəti mən,

Sənət qalıncımı itiləyərdim.

Başqa bir aləmdə mən doğulsaydım,

Güman ki, ümmanlar, çaylar keçərdim.

Bayron Elladanı seçdiyi kimi

Min­min yurd içindən səni seçərdim.



Avqust, 1978


191

QORXU

Mən şeir yazmaqdan qorxuram bir az,

Qıza ilk eşqini açanlar kimi.

Elə bil qız evi cehiz istəyir

Bütün qeyrətimi, cəsarətimi.

Mən yazı masamdan qorxuram bir az.

Masam ön səngəri şeirin, sənətin.

Burda silah tutub duruş gətirmək

Marsa, Yupiterə qalxmaqdan çətin!

Qələm götürməkdən qorxuram bir az,

Canımda, cismimdə o qüvvə varmı?

Babək qılıncının tayı deyilsə,

Şeirim bu dünyada işə yararmı?

Qələm daş sədləri parçalayarmı?

Kağız işlətməkdən qorxuram bir az,

Vərəq dan yeritək alışıb yanır.

Mürəkkəb istəmir, nə istəyir gör:

Damarlarımdakı son damla qanı.

Yaxına getməkdən çəkinib bir az,

Gəzirəm masanın həndəvərində.

Çörək verməliyəm bəşəriyyətə,

Təndir qalayıbmı söz içərimdə?

Neçə buz layını yanar dağ kimi

Yarıb dağıtmağa qadirmi sözüm?

Tufanlı dənizdə gur mayak kimi

İşıq verəcəkmi iradə, dözüm?

Mən şeir yazmaqdan qorxsam da bir az,

Buludda qıy vuran bir qızılquşam.

Şeir yazmışamsa, demək, hardasa

Qorxunu birtəhər boğazlamışam.



Dekabr, 1978


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə