Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə41/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   37   38   39   40   41   42   43   44   ...   175

 

88 


–  Heç  bir  pavana-filan  deyil,  –  Bert  Trepa  dedi.  –  Sadəcə,  zibildir.  Günahın  hamısı 

Valentindədir,  mənə  demişdilər  ki,  Valentin  Aliks  Alikslə  yatır.  Siz  deyin,  cavan  oğlan,  nəyə 

görə  mən  uşaqbazın  birinə  görə  cavab  verməliyəm?  Mən  qızıl  medal  laureatıyam,  onu  sizə 

göstərərəm,  mənim  haqqımda  qəzetlərdə  tənqidçilər  çıxış  ediblər,  böyük  qələbələrim  olub, 

Qrenoblda, Pu… 

Göz yaşları boynuna axdı, krujevalarının arasına doldu, külrəngi dərisinin qatlarında yox 

oldu. O, Oliveyranın əlindən yapışdı, onu əsməcə tutmuşdu, az qala ürəkkeçməsi tutacaqdı. 

– Bəlkə,   paltonuzu götürüb küçəyə çıxaq? – Oliveyra onun paltosunu verməyə tələsdi. – 

Havada sizə yaxşı olar, bir yerə girib boğazımızı yaşlarıq, bu mənimçün əsl… 

– Boğazımızı yaşlarıq, – Bert Trepa təkrarladı. – Qızıl medal laureatı. 

–  Necə  istəyirsiniz,  –  Oliveyra  ehtiyatsız  dedi  və  ondan  xilas  olmaq  üçün  kənara 

çəkilmək  istədi,  ancaq  pianoçu  onun  qolunu  sıxaraq  daha  da  yaxınlaşdı.  Oliveyra  konsertdəki 

zəhmət  tərinin  naftalin  və  büxurqarışıq  qoxusunu,  bir  də  sidik  və  ucuz  losyon  iyi  hiss  etdi.  

«Əvvəl Rokamadır, indi də Bert Trepa, ağılasığmazdır». Pianoçu qadın «qızıl medal» deyə-deyə 

göz yaşlarını udurdu. Birdən elə hıçqırdı ki, elə bil, havada güclü bir akkord tutdu. «Həmişə belə 

olur…»  –  nəhayət,  Oliveyra  başa  düşdü  və  əbəs  yerə  şəxsi  duyğulardan  qoparaq,  söz  yox  ki, 

hansısa  metafizik çaya  baş  vurmaq  istədi. Bert Trepa  müqavimət göstərmədən Oliveyranın onu 

soffitlərin  yanına  aparmasına  icazə  verdi,  orada  onu  əlində  fənər  və  lələkli  şlyapa  tutmuş 

kapeldiner qadın gözləyirdi.  

– Madam özünü pis hiss edir? 

– Həyəcandandır, – Oliveyra dedi. – Artıq yaxşıdır, paltosu hanı? 

Onun  yaşıl  plaşı  asılqanın  önündəki  arfanın  yanında  sınıq  stolların  və  taxta-tuxtanın 

arasındakı stulun üstünə atılmışdı. Oliveyra ona plaşını geyməyə kömək etdi, o daha ağlamırdı, 

ancaq başı köksünə düşmüşdü. Ensiz qapıdan qaranlıq dəhlizə çıxdılar, oradan da gecə bulvarına. 

Çiskin yağış yağırdı. 

–  Taksi  tapmaq  problemdir,  –  cibində  cəmi  üç  yüz  frankı  olan  Oliveyra  dedi.  –  Siz 

uzaqda yaşayırsınız? 

– Yox, Panteonun yanında, piyada getsəm yaxşıdır. 

– Hə, yəqin ki, belə yaxşıdır. 

Bert  Trepa  asta-asta  gedirdi,  hər  addımını  atanda  da  başı  o  tərəf-bu  tərəfə  yırğalanırdı. 

Kapüşonlu  plaşda  o  gah  partizana,  gah  da  kral  Ubyuya  bənzəyirdi.  Oliveyra  gödəkçəsinin 

yaxalığını qaldırıb başını gizlətdi. Hava soyuq idi, o, acdığını hiss etdi. 

– Siz çox yaxşı oğlansınız, – artist qadın dedi. – Gərək narahat olmayaydınız. Siz mənim 

«Sintez»im barədə nə deyə bilərsiniz? 

– Madam, mən həvəskaram, vəssalam, mənimçün musiqi, necə deyim… 



 

89 


– Xoşunuza gəlməyib, – Bert Trepa dedi. 

– Bir dəfə qulaq asmaqla çətindir… 

– Biz Valentinlə onun üzərində bir neçə ay işləmişik. İki dahini birləşdirmək üçün gecə-

gündüz axtarışlar aparmışıq. 

– Ancaq siz də etiraz eləməzsiniz ki, Delib… 

–  Dahidir,  –  Bert  Trepa təkrar  etdi.  –  Bir  dəfə  Erik  Sati  özü  mənim  yanımda  onu  belə 

adlandırdı.  Doktor  Lakur  nə  qədər  desə  də  ki,  Sati,    sadəcə,  istəyirdi  ki,  mənə…  nə  isə 

gəlişigözəl söz xətrinə. Siz ki bilirsiniz o necə olub, bu qoca… Ancaq mən kişilərin nə demək 

istədiyini  başa  düşə  bilirəm,  cavan  oğlan,  mən  bilirəm  ki,  Sati  buna  əmin  idi,  əmin.  Siz  hansı 

ölkədənsiniz, cavan oğlan?  

–  Argentinadan,  madam,  yeri  gəlmişkən  deyim  ki,  mən  artıq  çoxdan  cavan  oğlan 

deyiləm. 

–  Ah,  siz  Argentinadansınız.  Pampa…  Necə  düşünürsünüz,  orada  mənim  əsərlərimlə 

maraqlana bilərlər? 

– Mən buna əminəm, madam. 

– Bəs siz öz səfirinizin məni qəbul etməsini təşkil edə bilərsiniz? Əgər Tibo Argentinaya, 

hətta Montevideoya gedibsə, niyə öz əsərlərini ifa edən sənətkar – mən də getməyim? Siz, yəqin, 

diqqət etdiniz, bu mühümdür: mən öz bəstələdiyim musiqiləri ifa edirəm. Demək olar ki, həmişə 

ilk olaraq. 

–  Siz  çox  bəstələyirsiniz?  –  Oliveyra  soruşdu  və  ona  elə  gəldi  ki,  bu  dəqiqə  ürəyi 

bulanacaq. 

– Bu,  mənim səksən üçüncü opusumdur…  yox… hə də…  elə o qədər… Yaxşı  yadıma 

düşdü, gərək çıxmazdan qabaq  madam Nole  ilə  danışaydım… Maliyyə  məsələlərini  qaydasına 

salaydım. İki yüz nəfər, bu demək… – O dodağının altında nəsə mızıldandı və Oliveyra düşündü 

ki,  ona  əsl  həqiqəti,  hər  şeyi  olduğu  kimi  demək  daha  doğru olardı,  ancaq  o  özü  də  bunu,  bu 

həqiqəti bilirdi, təbii ki, bilirdi. – Bu biabırçılıqdır, – Bert Trepa dedi. – Mən burada iki il bundan 

qabaq da çalmışam, Pulenk də gəlməyə söz vermişdi… Təsəvvür edirsiniz? Pulenk özü. O gecə 

mən elə  ilhama gəlmişdim ki, ancaq təəssüf ki, son anda  hansısa  işlər ona  mane oldu… siz ki 

onların  necə  olduğunu  bilirsiniz,  bu  dəbdə  olan  musiqiçilərin…  Bu  günsə  Nole  iki  dəfə  az 

tamaşaçı yığmışdı, – o, qəzəblə əlavə etdi. – Düz iki dəfə. Mən iki yüz adam saydım, deməli, iki 

dəfə… 

– Madam, – Oliveyra Sen küçəsinə çıxmaq üçün ehmalca onun dirsəyindən tutdu. – Zal 



qaranlıq idi, ola bilər ki, səhv saymısınız. 

–  Ola  bilməz,  –  Bert  Trepa  dedi.  –  Əminəm  ki,  səhv  etməmişəm,  ancaq  siz  məni 

çaşdırdınız.  Bir  dəqiqə,  nə  qədər  oldu…  –  Və  o,  yenə  ciddi-cəhdlə  dodaqlarını  tərpədərək  və 



 

90 


barmaqlarını  qatlaya-qatlaya  nəsə  pıçıldadı  –  Oliveyranın  onu  hara  apardığını,  bəlkə  də,  onun 

özünü  belə tamamilə unutmuşdu. Hərdən o bərkdən  nəsə desə də, öz-özünə danışdığı  bəlliydi, 

Parisdə öz-özünə bərkdən danışan nə qədər desən adam var, Oliveyranın özünün də belə etdiyi 

olmuşdu,  yəni  bu onunçün qəribə  bir  şey deyildi, qəribə olan oydu ki, o, axmaq kimi  bu qoca 

qarının, bu yoluq kuklanın, içərisində gicbəsərliklə ağılsızlığın əsl gecə pavanasının rəqs etdiyi 

bu bədbəxt üfürülmüş şarın yanına düşüb küçəylə gedir. 

«

Elə iyrəncdi ki, adam onu pilləkəndən 



itələyib  yıxmaq,  sonra  isə  ayağının  altıyla  murdar  sifətini  əzişdirmək  istəyir,  qoy  onuncu 

mərtəbədən düşən royal kimi partlayıb-dağılsın. Əsl mərhəmət onu bu miskin vəziyyətdən xilas 

etməkdir, qoy öz-özünü dolaşdırdığı və inanmadığı illüziyalardan it kimi əzab çəkməsin. Bunlar 

ona ayaqqabısının içindəki suyu, boş evini və  çalsaç əxlaqsız qocanı görüb-hiss etməmək üçün 

lazımdır.  Ondan  iyrənirəm,  tinə  çatan  kimi  aradan  çıxacağam,  heç  bir  şey  də  hiss  etməyəcək. 

Belə də gün olar, ilahi,  əcəb gündür». 

Bəlkə,   köpək sürüsündən qaçırmış kimi özünü Lobino küçəsinə atsın, qarı evə yolu özü 

də tapar. Oliveyra boylandı və qolunu azca tərpətdi, deyəsən, qolu yorulmuşdu, yavaş-yavaş ona 

yapışan və ondan asılan şey onu narahat edirdi. Bu şey Bert Trepanın qoluydu və o dərhal bütün 

gövdəsini  Lobina  küçəsinə  sarı  çəpəki  baxa-baxa  yolayrıcını  keçməsinə  və  Turnon  küçəsiylə 

addımlamasına kömək edən Oliveyranın qolu üstünə yıxaraq özünü qətiyyətlə yada saldı. 

– Əminəm ki, o, sobanı qalayıb, – Bert Trepa dedi. – Bu gün hava o qədər də soyuq deyil, 

ancaq  isti  artistin  dostudur,  razısınız?  Ümid  edirəm  ki,  bizə  gedib  Valentinlə  və  mənimlə  bir 

qədəh içməkdən imtina etməzsiniz? 

– Üzr istəyirəm, madam, – Oliveyra dedi. – Gərək bağışlayasınız, mənimçün sizi evinizə 

ötürməyin özü böyük şərəfdir. Bundan başqa… 

–  Siz  çox  təvazökarsınız,  cavan  oğlan.  Bu,  cavanlığınızdan  irəli  gəlir,  deyilmi?  Gənc 

olduğunuz  hər  halınızdan  bəllidir,  hətta  əliniz  də…  –  Barmaqlarıyla  gödəkçədən  yapışdı.  – 

Mənsə yaşlı görünürəm, bilirsiz də, artistin həyatı… 

– Elə deyil, – Oliveyra dedi. – Mənim yaşım qırxı keçib, mənə təsəlli verməyin.  

Sözlər ağzından öz-özünə çıxırdı, nə edə bilərdi ki, geriyə yol yox idi. Bert Trepa onun 

qolundan asılaraq, köhnə əyyamları eşib-tökür, arabir dayanaraq, deyəsən, haqq-hesab aparırdı. 

Hərdənbir Oliveyraya çəpəki baxaraq barmağıyla burnunu qurdalayırdı, ancaq əvvəlcə özünü elə 

göstərirdi  ki,  guya,  ovcu  qaşınır.  Öncə  əlcəyini  çıxarır,  əlini  Oliveyranın  əlindən  nəzakətlə 

çəkərək ovcunu qaşıyır, sonra peşəkar pianoçu hərəkətiylə əlini üzünə qaldırır və barmağını bir 

saniyəlik  burnuna  soxurdu.  Oliveyra  özünü  elə  göstərirdi  ki,  guya,  başqa  səmtə  baxır,  başını 

döndərəndə isə artıq Bert Trepa yenidən əlcəklərini geyərək onun qolundan asılmış olurdu. Və 

onlar  yağışın  altında  ağıllarına  gələni  danışa-danışa  gedirdilər.  Lüksemburq  bağının  yanından 

keçəndə  onlar  Parisdə  həyatın  günü-gündən  çətinləşməsi,  rəqabətin  amansızlığı  məsələsinə 



Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə