IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
885
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
“Sabirin tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə
edir, ancaq onu aradan qaldırmaq isə insanlardan hünər istəyir.” Doğrudan da, Sabir dərd şairidir.
Ümumiyyətlə, bütün dönəmlər üçün Sabirin satiraları hər zaman aktual olacaq. O zaman ki, şairin
tipləri azalacaq, həyatda qalmayacaq, biləcəyik ki, onun dərdinə dərman tapılıb. “…Əlli il bundan
əvvəl Sabir kimi bir ədib bizdə zühur etsə idi, yazıları indiki kimi xalq tərəfindən qəbul edilsə idi, biz
əlli il qabaq düşmüş olardıq.”
Mirzə Ələkbər Sabir çox vaxt qəzəbini boğa bilmirdi, öldürücü, ifşaedici satiradan bol-bol
istifadə edirdi, hətta vulqar sözləri işlətməkdən belə çəkinmirdi. Məqsəd, amal isə birdir: millətin
intibahı. O, keçmişdə yazsa belə, sanki, bu günümüzdən danışır, çünki indi həmin satiralar yazılsaydı,
onun tənqid hədəfləri daha çox olardı. İnsan özüylə üz-üzə qalmalı, özünü yaratmağı bacarmalıdır. Nə
qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik. Var olmaq imkanımız isə var. O imkanı üzə
çıxarmalıyıq.
MÜRƏKKƏB SİNTAKTİK BÜTÖVLƏRİN
YARANMASINDA SÖZ SIRASININ ROLU
Dürdanə TARIVERDİYEVA
Bakı Slavyan Universiteti
pearl087@hotmail.com
AZƏRBAYCAN
Bildiyimiz kimi mətn komponentlərinin əlaqələndirilməsində sintaktik vasitələrin rolu böyükdür.
Sintaktik vasitələrə söz sırası, təkrarlar, paralellizm və s. daxil edilir. Söz sırası MSB-nin cümlələrində
sözlərin qanunauyğun və ardıcıllıqla yerləşməsi, düzülüşüdür. Söz sırası mürəkkəb sintaktik bütövlərin
komponentlərini bağlamaqla yanaşı, dildə qrammatik-semantik və üslubi funksiyaları yerinə yetirir.
Prof. K.Abdullayev mətn haqqında yazır: “mətn elə bir sintaktik kompleksdir ki, başqa sintaktik
kompleksin, yəni cümlənin onun məna nöqteyi-nəzərindən nisbi qeyri-bitkinliyini, müəyyən semantik
naqisliyini aradan götürür”. Bir cəhəti də nəzərə almaq lazımdır ki, sintaktik bütövü təşkil edən hər bir
komponentdə sözlərin sırası mətnin qurulma texnikasına daxil olduğu kimi, hər bir komponentin sırası
da bu prosesdə fəal sintaktik gücə malikdir. Ona görə də “sıra” anlayışını mətn sintaksisindən
danışarkən həm sözlərin, həm də komponentlərin sırası kimi anlamaq lazımdır. Eyni zamanda mətn
daxilində “söz sırası” anlayışı ilə “cümlə üzvlərinin sırası” anlayışları da fərqli anlayışlardır. Söz sırası
dedikdə biz tək cümlə üzvlərini yox, onlarla yanaşı ara söz, xitab, qoşma, bağlayıcı, ədat və nidaların
da cümlədə yerini nəzərdə tuturuq. Cümlə üzvlərinin hər birinin özünəməxsus mövqeyi onların sırasını
müəyyən edir. Cümlə üzvlərinin sırası pozulduqda cümlənin mənası ya tamamilə, ya da qismən
dəyişildiyi kimi, bəzən də mənasızlığa yol verilir. Bütün bunları aydın təsəvvür etmək üçün onları bir-
birilə əlaqədə nəzərdən keçirmək lazımdır. Prof. Fəxrəddin Veysəlli “Struktur dilçiliyin əsasları”
kitabında yazır: “Söz sırası ənənəvi mənada sözlərin düz xətt boyunca düzülüşü kimi başa düşülür. Söz
sırası anlayışı cümlə qurmaq, ünsiyyətə girməklə bağlı olduğundan burada sintaktik əlaqələr nəzərə
alınmalı, ona görə də onun izahı sintaksislə birgə götürülməlidir”.
Məlumdur ki, ayrıca götürülmüş, yəni mətndə tamamilə təcrid edilmiş söz heç də həmişə konkret
bir məna bildirmir. O yalnız cümlə daxilində konkret bir məna əldə edir. Sözlər müəyyən mövzu ilə
bağlı cümlələr yaradır, cümlələr isə öz növbəsində daha böyük sintaktik vahidlər əmələ gətirir. Prof.
Q.Kazımov söz sırası haqqında yazır: “söz sırası mətnin təşkilində həm qrammatik, həm də üslubi
funksiya daşıyır”. Yəni, söz sırası həm bilavasitə əlaqələrin yaranmasına, komponentlərin bir-birilə
qrammatik əlaqəsinə kömək edir, həm də emosionallığa xidmət edir.
Söz sırası həm də üslubi vasitədir. Buna görə də söz sırası ədəbi dildə cümlələrin yaranmasında
mühüm rol oynayır. Söz sırasının üslubla bağlı dəyişməsi dinamik vurğu nəticəsində mümkün olur.
Söz sırası MSB-ni təşkil edən formal-qrammatik (sintaktik) vasitələrdəndir. Bu məsələ ilə bağlı
əsas bu cəhətlər özünü göstərir: cümlələr arasında əlaqə, cümlənin akual üzvlənməsi, müəyyənlik və
qeyri-müəyyənlik, yarımçıqlıq.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
886
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Mürəkkəb sintaktik bütövün cümlələri mətndən asılı olaraq bir neçə cür sıralana bilir. Bu zaman
cümlələr arasında əlaqə sözlərin sırasına təsir göstərir.
Mürəkkəb sintaktik bütövün komponentlərini təşkil edən cümlələr eyni hüquqlu deyil. Bütövü
təşkil edən, mətndə sıralanan cümlələrdən biri mərkəzi rol oynayır. Sıralanmada növbəti cümlələrdən
biri həmin mərkəzi cümlədə qoyulan fikri açmağa, onu tamamlamağa xidmət göstərir. Fikrin mənanın
açılması prosesində sonrakı cümlənin strukturunda müəyyən dəyişkənlik baş verir, yəni cümlə
inversiyaya məruz qalır.
Dil vahidlərinin sırası kateqoriyaların bir-birinə olan qarşılıqlı münasibətindən doğur. Lakin
semantik əsaslar üzrə sıralanma bəzən qrammatik formalarda təsbit olunur, bəzən isə təsbit olunmur,
cümlədə sözlərin sıralanmasının göstəriciləri dedikdə qrammatik formalarla təsbit olunan sıralanma
nəzərdə tutulur.
Əlbəttə, bu fikir birinci növbədə, dil vahidlərinin sıralanmasına aiddir. Çünki sistem və sıra
anlayışları bir-birinə yaxındır. Biz sistem dedikdə vahidlərin /ünsürlərin/ müəyyən sırasını, ardıcıllı-
ğını nəzərdə tuturuq. Dil vahidlərinin sıralanması sistemi dilin istər böyük, istərsə də kiçik ünsürləri
arasındakı əlaqəni nizama salır, onu tənzim edir. Dilin bütün sistemlərində, bir növ ahəng yaradır.
Beləliklə, dildə vahid sıra sistemi meydana çıxır. Vahid sıra sistemi isə müəyyən qanunlar əsasında
cərəyan edir. Prof. Əbdürəhman Cavadov yazır: “Dildə sabit və vahid sıralanma sisteminin
qanunauyğunluqlarını meydana çıxarmaq üçün bir sıra şərtlər olmalıdır. Bu şərtlərdən birincisi həmin
sıra sisteminin necə müəyyənləşdirilməsi məsələsidir”.
Dildəki sıra sistemini açıb göstərmək üçün həm morfoloji, həm də sintaktik vahidlərin
sıralanması qarşılıqlı şəkildə öyrənilməlidir. Morfoloji, xüsusilə sintaktik vahidlərin sıralanma
qanunlarını müəyyənləşdirmək üçün inversiyaya məruz qalmayan formalara müraciət etmək lazımdır.
Başqa sözlə desək, dil vahidlərinin sıralanması qanunauyğunluqlarını aşkara çıxarmaq üçün
inversiyaya məruz qala bilməyən vahidlər bir-biri ilə tutuşdurulmalı, alınan nəticə ümumi qanun kimi,
norma kimi qəbul edilməlidir. İnversiya oluna bilməyən vahidlərə ona görə müraciət etmək lazımdır
ki, bunlar dilin potensial imkanlarını əks etdirir, dilin daxili qanunları əsasında yaranır.
Dil vahidlərinin sıralanması da başqa dil hadisələri kimi dilin daxili qanunları əsasında baş verir.
Bu o deməkdir ki, mən evə gedirəm və ya mən evdən gəlirəm cümlələrində yönlük və çıxışlıq halları
dilin daxili qanunları əsasında, felin tələbinə görə işləndiyi kimi, bu cümləyə daxil olan sözlər də
müəyyən qanunlar əsasında sıralanmışdır. Yaxud, gedirəm felində kök və şəkilçilər müəyyən qanun
əsasında düzülmüşdür.
Dünya dillərində söz sırasının iki mühüm funksiyası vardır:
− Sintaktik-semantik funksiya;
− Üslubi funksiya
Sintaktik-semantik funksiya dedikdə cümlədə sözlərin yeri dəyişdikdə həm cümlənin mənasının,
həm də sözün sintaktik vəzifəsi dəyişir. Azərbaycan dilində bu halda yalnız mübtəda ilə qeyri-
müəyyənlik bildirən vasitəsiz tamamlığın münasibətində rast gəlirik.
Söz sırasının üslubi funksiyası isə o deməkdir ki, cümlədə sözlərin yeri dəyişdikdə sözün
sintaktik funksiyası və cümlənin mənası dəyişmir, bu və ya digər üzv aktuallaşdırılaraq daha qabarıq
nəzərə çarpdırılır.
Sıralanma dil qatlarının hamısını əhatə edir.
Sıralanmanın əhatə etdiyi sahələrdə sıra ilə yanaşı, hər bir sahənin /sistemin/ özünəməxsus
qanun-qaydaları da vardır. Ayrı-ayrı qatlara məxsus qanun-qaydaları da vardır. Ayrı-ayrı qatlara
məxsus qanun-qaydalar ancaq o qat daxilində dövr edir, o sistem daxilində qüvvədədir.
Söz sırası da intonasiya kimi cümlə strukturunun və onun invariantlarının əmələ gəlməsini təmin
edən dil vasitəsidir. Tədqiqatımız göstərir ki, MSB-nin cümlələrində adi söz sırası aşağıdakı kimidir.
Sintaktik bütövün birinci cümləsi söyləmin çıxış nöqtəsi (əsası) – sonuncu cümlə söyləmin nüvəsidir.
Mənanın açımı söyləmin çıxış nöqtəsindən söyləmin nüvəsinə doğru gedir. Bəzən inversiya
nəticəsində mətnin cümlələrində söyləmin çıxış nöqtəsi və nüvəsi öz mövqelərini dəyişirlər. Birinci
qrup söz sırasını – normal söz sırasını V.Matezius “Çex dilində söz sırasının əsas funksiyası” əsərində
“obyektiv”, ikincini isə “subyektiv sıra” adlandırmışdır.
Söz sırası semantik strukturların iştirakı ilə MSB-də cümlənin elementlərini elə yerləşdirir ki, hər
bir element informasiyanın inkişafında, genişlənməsində, cümlənin tema və remaya ayrılmasında əsas
rol oynayır.