Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   245

 
100
bədii-satirik bir dil ilə mübarizə aparır. M.Ə.Sabir kiçik yaşlı  qızların yaşlı, qoca kişilərə  ərə verilməsini 
qamçılayır: 
Ol gün ki, adaxladız, utandım, 
Oğlandı dediz, ərin, inandım, 
Ər böylə olurmuş?! İndi qandım, 
Xandostu, amandı, qoyma gəldi! 
Kirdarı yamandı, qoyma gəldi!  
Qadının maarifdən, təhsildən məhrum qalmasını isə qadının öz dilində belə ifadə edir: 
 
… Evimizdə var idi hər nə desən: 
Qatıq, ayran ilə qaymaq, nə yesən! 
Nə bilirdik nə zəhirmardı kitab? 
Biz olan evdə haçan vardı kitab? 
 
Hüseyn Cavidin yaradıcılığında qadın azadlığı probleminin işlənməsi mərkəzdə durur. Böyük sənətkar 
bəşəriyyətin yüksəlişini, gerilikdən qurtuluşunu qadının cəmiyyətdə durumu ilə bağlayırdı: 
Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək. 
 
H.Cavid yaradıcılığında cinslərarası münasibətlərin, gender sisteminin romantik şərhi verilir. Şairin ilham 
pərisi kimi baxdığı müsəlman  Şərq qadınının cəmiyyətdə durumu heç də ürək açan deyil. Bu qadın eyni adlı 
şeirdə belə təqdim edilir: 
 
Mən nə idim? Şərqin əzilmiş qadını! 
(Bir az sükut…) 
Mən nə idim? Uf, onu heç sormayınız! 
Varlığım bir quru heç. 
«Varlığı heç olan» bu qadın gözəldir. Cəmiyyət həyatında yeri məhdud olsa da, seksual obyekt olaraq 
diqqət mərkəzində durur: «Vardı bir çox tapınanlar da mana // Çünki pək dilbər idim» - deyir. Artıq o qaranlıq 
günlər arxada qalır,  şərq qadını azadlığına nail olur və  «Şərqin azadə, gülər bir qızıyam» deyir. Deməli, 
cəmiyyət həyatında baş verən sosial-siyasi dəyişmələr gender sisteminin məzmununda əksini tapmışdır. 
Bu muhitin qadını  ərinin haqsızlığını duysa belə, yenə ona boyun əyir və sevgidə  səmimidir, vəfalıdır. 
N.Nərimanovun «Nadir şah» dramındakı Gülcahan, İ.Şıxlının «Dəli Kür» romanındakı  Zərnigar buna 
örnəkdirlər. «Dəli Kür»də Cahandar ağa – Şahnigar xanım xətti cəmiyyətdəki cinslərarası münasibətləri daha 
qabarıq açıb göstərir, mənalandırır. Ənənələr ilə yoğrulmuş Cahandar ağa dedi-qodu, iftira qarşısında dözmə-
yərək bacısını qətlə yetirir. Onun cəmiyyətindəki «əsil kişi» və «əsil qadın» təsəvvürləri onu belə bir hərəkətə 
məcbur edir.  
İ.Şıxlının «Ölən dünyam» romanı müasir Azərbaycan  ədəbiyyatının  ən böyük nailiyyətlərindən biridir. 
Roman XIX sonu – XX yüzilin əvvəllərində Azərbaycan sosiomədəni həyatının bədii təcəssümü olub, cinslərarası 
münasibətlərin müxtəlif çalar və  təzahürü ilə müxtəlif səviyyəli və  məzmunlu gender stereotipləri  şəbəkəsi ilə 
zəngindir. «Ölən dünyam»dakı cəmiyyətdə qadın hüquqsuz deyil, hətta o, öz ağıl və bacarığı ilə bir nəslin başında 
durur.  Əlbəttə, bu cəmiyyətdə gender bərabərsizliyi müəyyən səviyyədə özünü göstərir. Ancaq cinslərarası 
münasibətlərdə kəskin ziddiyyət və qarşıdurma yoxdur. Bu cəmiyyətdə əxlaqi dəyərlər öz sağlamlığını qorusa da, 
artıq bir təhlükə, yeni təsirlərin hücumu qarşısında olduğu da görünməkdədir. 
Sosializm dövründə araşdırmanın  əvvəlki qismində deyildiyi kimi, kişi və qadın münasibətlərinin 
məzmununda qadın obrazında yenilik baş verdi. Azərbaycan qadını ilk öncə hüquqi, sonra isə real hüquqi imkan 
və azadlıqlar qazandı. Qadın hüququnun genişlənməsində, hüquq baxımından kişi ilə bərabər olmasında partiya 
və hökumətin himayədarlığı, təşviqi mühüm rol oynadı. Məhz bu himayə sayəsində qadın tezliklə  cəmiyyət 
həyatının fəal iştirakçısına çevrildi. Ancaq ictimai və xüsusi həyat sahəsinin ideologiyalaşdırılması, qadının 
istehsalata geniş ölçüdə  cəlb olunması, əlavə yüklə yüklənməsi və s.  yeni  ayrıseçkiliyə  gətirib çıxarır, gender 
bərabərsizliyinin bir qaynağını yaradırdı. 
Sosializm dövründə cinslərarası münasibətlərdə, qadının sosial statusunun yüksəlişi bədii ədəbiyyatda da 
öz əksini tapdı. Bu baxımdan C.Cabbarlı və İ.Əfəndiyev yaradıcılıqlarının gender baxımından müqayisəli təhlili 
sosializm dövrü gender münasibətlərinə  dair  real  təsəvvür yaratmağa imkan verir. C.Cabbarlı qadın adlarını 
daşıyan bir sıra hekayə («Dilarə», «Gülzar», «Dilbər», «Firuzə» və s.) və pyeslər («Sevil», «Almaz», Dönüş») 
yazmış, dövrün cinslərarası münasibətləri bu obrazların bədii ifadəsində əksini tapmışdır. 
C.Cabbarlının «Sevil», «Almaz», «Dönüş» və s. kimi pyesləri qadın azadlığının reallaşmasını, XX yüzilin 
20 – 30-cu illərində Azərbaycanda qadın hərəkatının gedişini  əks etdirir. Bu baxımdan Sevil obrazı maraq 
doğurur. Öz hüququnu ilk öncə anlamayan, ərindən böyük insan tanımayan və küçəyə çadrasız çıxmayan Sevil 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


 
101
çevrəsində baş verən hadisələrin, ictimai dəyişmələrin təsirilə çadrasını çıxarıb ictimai həyata atılır. Partiya və 
hökumətin qayğısı  və müdaxiləsi Sevillərin hərəkətini, mübarizəsini təşviq edir, onları qoruyur. Almaz artıq 
mübarizədə bərkimiş, ictimai həyatda daha inamla iştirak edən qadın obrazıdır.  
İ.Əfəndiyevin «Körpüsalanlar» romanı 1960-cı ildə yazılıb. Bu elə bir dövr idi ki, Qərbdə qadın 
hərəkatının – feminizmin yeni yüksəlişi başlamaqda, sovetlər ölkəsində, o cümlədən, Azərbaycanda onun 
təsirləri duyulmaqda idi. Romanda Səriyyə – Adil xətti Azərbaycanın sosiomədəni həyatında mövcud olan 
gender münasibətlərini əks etdirir. Adil hər baxımdan cəmiyyətdə kökləşmiş kişi təsəvvürlərinə cavab verən bir 
obrazdır. Yazıçı Adili Səriyyənin dili ilə belə təqdim edir: «Ortaboylu, yaraşıqlı bir oğlan idi. Olduqca təmiz-
tarix, səliqəli geyinərdi. Məclislərdə, cəmiyyət içində özünü ləyaqətlə aparardı, artıq-əskik danışmazdı. Hamı 
onun çox ağıllı, hər  şeyin yerini bilən bir Adam olduğunu, çox irəlilərə gedəcəyini söyləyirdi». Səriyyə  də 
cəmiyyətin «əsil qadın» təsəvvürlərinə uyğun gənc bir qadın idi. Bir qadın olaraq dərin mühakimələrə dalmaq 
onun işi deyildi. Onun bu durumu mövcud gender stereotipini əks etdirirdi. O, Adilin «xoşbəxtlik» haqqında 
mühakimələrini dinləyərkən özü haqqında deyir: «Onun … sözlərini unutmadım. Lakin o sözlərin mahiyyətini 
dərk etmək,  əsl xoşbəxtliyin nədən ibarət olduğunu anlamaq mənim gücüm çatan iş deyildi. Məni isə 
mühakimədən artıq duyğular cəlb edirdi». 
Adilə görə qadın kişidən hər baxımdan, təhsil səviyyəsində, xarici görkəmdə bir pillə  aşağı olmalı idi. 
Belə olduqda, ailə həyatında nizam mövcud olardı. 
Onlar bir-birini sevərək evlənmişlər, rahat ailə həyatını pozacaq bir şey yoxdu. Ancaq Adil yol idarəsinə 
rəis təyin edildikdən, Səriyyənin də yol-körpü tikintisində fəal iştirakından sonra vəziyyət getdikcə dəyişməyə 
başlayır. Səriyyə ictimai həyatda öz yerini, ləyaqətini dərk etməyə başladıqca Adilin standart «qadın» və «kişi» 
təsəvvürləri ilə qarşılaşır, onların arasında gərginlik artaraq sonda ayrılırlar. 
Əgər C.Cabbarlının Sevili, Almazı ictimai həyata partiya və hökumətin dəstəyi ilə atılırsa, İ.Əfəndiyevin 
Səriyyəsi cəmiyyətdə özünütəsdiqinə öz mübarizəsi ilə nail olur. Səriyyə tədricən irəliləyərək zamanı, cəmiyyəti 
və cəmiyyətdəki yerini dərk edə bilən qadın səviyyəsinə yüksəlir. 
İkinci dünya müharibəsi illərində arxa cəbhədə gecə-gündüz həm qadın, həm də ənənəvi «kişi sahəsi»ndə 
kişi məşğuliyyətində çalışan qadınlarımızın bədii obrazı, qadının «kişi dözümü»nün, cəsurluğunun, ağrılı 
günlərdə keçirdiyi mənəvi-psixoloji və fiziki yaşantılarının bədii ifadəsi İ.Hüseynovun yaradıcılığında mühüm 
yer tutur. Yazıçı  cəmiyyət həyatında qadınların kişilərlə  bərabər sosial statusda iştiraka tamamilə haqlı 
olduqlarını təsirli, inandırıcı bədii boyalarla təqdim edir. 
Bəhs olunan dövrdə Azərbaycanın Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Xanımana  Əlibəyli, Xalidə 
Hasilova,  Əzizə  Cəfərzadə  və s. kimi istedadlı qadın  şair və yazıçıları yetişdi. Onların  əsərlərində müxtəlif 
mövzular ilə bərabər «qadın məsələsi» də işlənmiş, qadın düşüncəsinin, qadın təfəkkür üslubunun məhsulu olan 
qadın obrazları yaradılmışdır. 
Bəhs olunan dövrdə Azərbaycanın musiqi incəsənəti də inkişaf mərhələsini keçirmişdir. Üzeyir 
Hacıbəyov, Müslüm Maqomayev, Fikrət  Əmirov, Niyazi, Qara Qarayev, Arif Məlikov və b. görkəmli 
bəstəkarların yaradıcılığında «qadın azadlığı», «qadın məsələsi» mühüm yer tutur. Onların yaratdığı «Leyli və 
Məcnun», «Əsli və  Kərəm», «Koroğlu», «Arşın mal alan», «O olmasın bu olsun» (Ü.Hacıbəyov), «Sevil» 
(F.Əmirov), «Şah  İsmayıl», «Nərgiz» (M.Maqomayev), «Yeddi gözəl», «İldırımlı yollarla» (Q.Qarayev), 
«Məhəbbət  əfsanəsi» (A.Məlikov) və s. kimi opera, operetta və balet əsərlərində qadın azadlığı, qadının 
yüksəlişi uğrunda mübarizə, qadının cəmiyyətdə  və ailədəki durumu musiqi dili ilə yüksək səviyyədə ifadə 
olunmuşdur. 
Bəhs olunan dövrün problemlərini, zövq və ideallarını əks etdirən bədii ədəbiyyat və musiqi əsərlərinin gender 
təhlili «məhdud hüquqlu qadın» obrazından «öz mübarizliyi ilə özünü təsdiqləyən qadın» obrazına doğru bir 
yüksəlişi izləməyə imkan verir. 
XX yüzilin ikinci yarısında Qərbdə dil və ədəbiyyatın gender aspektinin öyrənilməsində əldə edilən elmi-
praktiki nailiyyətlər, dilin feminist tənqidi və feminist ədəbi tənqid kimi yeni istiqamətlərin müəyyənləşməsi 
ölkəmizdə də dil və ədəbiyyatın gender aspektini ətraflı şəkildə ortaya qoymaq üçün metodoloji-nəzəri imkanlar 
yaratdı. Bu baxımdan dilin feminist tənqidi və feminist ədəbi tənqid istiqamətlərinin təşəkkül və mahiyyətinə 
burada toxunmaq məqsədəuyğun xarakter daşıyır. 
Mədəniyyətin inkişaf səviyyəsi insanın ləyaqət və azadlığına münasibətlə, insana bir şəxsiyyət olaraq 
özünüreallaşdırma imkanı verilməsi ilə  sıx bağlıdır. Bu ləyaqət və azadlığın, özünüreallaşdırma imkanının 
təminat səviyyəsini isə etnik, irqi ayrıseçkilik, o cümlədən cins ayrıseçkiliyi yüksəlməyə qoymur. Qərbdəki 
feminizm və müxtəlif ölkələrdəki qadın hərəkatları da cins ayrıseçkiliyinin cəmiyyət həyatının müxtəlif 
sferalarında təzahürləri nəticəsində meydana gəlmişdi. XX yüzilin 60-cı illərindən başlayaraq Qərbdə 
feminizmin yeni yüksəlişi, elmi-fəlsəfi fikirdə yeni meyillərin ortaya çıxması nəticəsində dilin feminist tənqidi 
(feminist linqvistika və ya gender linqvistikası) və feminist ədəbi tənqid kimi yeni elmi istiqamətlər meydana 
gəldi. 
Qərbdə XX yüzilin 60-70-ci illərində formalaşan dilin feminist tənqidinin meydana gəlməsi elmi 
ədəbiyyatda ekstralinqvistik (dilxarici) və intralinqvistik (dildaxili) xarakterli səbəblərlə əlaqələndirilir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə