ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   39   40   41   42   43   44   45   46   ...   59

Çopur Mustafa başını mənə  tərəf  əydi. O, əlində  dənələri qırmızı olan təsbehini çevirirdi... Elə bil 
barmaqları qan damlaları ilə oynayırdı. 
Seyid Mustafa: 
– Narahat olma, Əli xan, mən buradayam. “Sən rahat yat” – dedi. 
Onun gözlərini yaşlı görüb, durub oturdum. 
– Məmməd Heydər həlak oldu – dedim. – Onun cəsədini Nikolay küçəsində gördüm. Burnu ilə 
qulaqlarını kəsmişdilər. 
Seyid üzünü mən tərəfə çevirdi: 
– Ruslar Bayıl tərəfdən gəlib bulvarı mühasirəyə aldılar. Sən onları Duma meydanından qovub, 
çıxardanda onlar bulvar tərəfə qaçırdılar. 
Yadıma düşdü: 
– Sonra da Əsədullah gəldi və hücum əmrini verdi. Biz süngü və xəncərlə hücuma keçdik. Biz hücuma 
keçərkən sən yasin surəsini oxuyurdun. 
– Bəs sən? Sən də düşmənlərinin qanını içirdin. Bilirsənmi Haşım evinin dalanında kimlər bizi 
gözləyirdi? Bütün Naçararyanlar nəsli. Onlar hamısı qırıldı. 
Hamısı qırıldı, – deyə  təkrar etdim. Mən Haşım evinin damında səkkiz pulemyot ələ keçirdim. Biz 
bütün məhəlləyə hakim olduq... 
Seyid Mustafa alnını ovuşdurdu. Elə bil onun üzünə kül üfürmüşdülər: “Evin damında bütün günü 
pulemyot atəşi davam etdi. Kimsə sənin ölmüş olduğunu söylədi. Nino da bunu eşitdi, ancaq heç bir 
şey demədi. O, otağında oturub susurdu. Pulemyotlar da atəş açmaqda davam edirdilər. Nino birdən-
birə  əlləri ilə üzünü tutdu və “Qurtarın artıq, qurtarın” – deyə çığırdı. Amma pulemyotçular öz 
işlərində idilər. Sonra hərbi sursatımız qurtardı. Ancaq düşmən bunu bilmirdi. Atəş kəsiləndə, düşmən 
elə  zənn edirdi ki, bu bir tələdir. Musa Hacı da öldü. Lalay onu əlləri ilə boğub öldürdü... Daha 
deməyə bir söz yoxdur”. 
Mən susurdum. Sükançımız hələ  də ulduzlara baxırdı. Yüngül dəniz küləyi onun rəngarəng ipək 
libasını yellədirdi.  
Seyid sözünə davam edib dedi: 
– Sənin Sisianaşvili darvazası yanındakı əlbəyaxa vuruşunda olduğunu eşitdim. Mən şəxsən bu hadisəni 
görmədim, çünki qala divarlarının o biri başında idim. 
– Düzdür, mən əlbəyaxa – vuruşunda oldum. Orada qara meşindən pencək geymiş bir cəmdək var idi. 
Mən onu xəncərimlə dəldim. O, qana boyandı. Mənim xalam qızı Aişəni də öldürdülər. 
Dəniz sakit idi. Qayığın gövdəsindən qətran iyi gəlirdi. Qayıq, Qızılqum səhrasının sahilləri kimi adsız 
idi. 
Seyid yavaşca danışırdı: – Məscidlərimizin möminləri ilə  gələn meyitləri üst-üstə qaladıq. Sonra da 
xəncərimizi siyirib düşmənin üstünə cumduq. Bu döyüşdə çox adam həlak oldu. Lakin məni Allah 
qoymadı ölüm. İlyas bəy də sağdır. O kənddə gizlənir. Heç bilirsən sizin evinizi necə talan etdilər. 
Evinizdə heç bir şey qalmadı: nə bir xalı, nə mebel və nə də qab-qacaq. Hər şeyi soyub apardılar. Yalnız 
lüt divarlar qaldı. 
Gözlərimi yumdum. Bütün bədənim elə bil yaxıb yandırıcı bir ağrıdan ibarət idi. Bibiheybətin xam 
neftlə islanmış sahilində meyitlərlə dolu arabalar və  əlində bir bağlama tutmuş Nino gözlərimin 
qabağına gəldi. Nargin adasından qüllədən fənərin işığı gəlirdi. Şəhər gecənin zülmət qaranlığında 
qərq olmuşdu. Qapqara neft buruqları qəmgin sifətli həbsxana qarovulçularını xatırladırdı... 
İndi də burada, kürkə bürünüb qayığın göyərtəsində uzanmışam və dözülməz bir ağrı sinəmi 
yandırırdı. Başımı qaldırdım. Qayığın balaca bir küncündə Nino uzanmışdı. Onun sifəti çox solğun 
idi. Soyuq əlini əlimə aldım və barmaqlarının yavaşca titrəyişini hiss etdim. 
Arxamızdakı qayığın sükançısı yanında atam oturmuşdu. Onların söhbətləri qırıq-qırıq qulağıma 
çatırdı. Mənasız şeylər danışırdılar.  


Atam deyirdi: 
Deməli siz həqiqətən inanırsınız ki, Cərco vahəsində insanlar öz istəkləri ilə gözlərinin rəngini 
dəyişdirə bilirlər? Sükançı da buna cavab verib dedi ki, bəli  Əli xan, dünyanın yalnız bir yerində 
insanlar gözlərinin rəngini dəyişdirə bilirlər. O yer də – Cərco vahəsidir. Vaxtı ilə müqəddəs bir kişi 
bu barədə qabaqcadan xəbər vermək qabiliyyətində olmuşdu.  
Mən Ninoya müraciətlə dedim: 
– Nino, atam Cərco vahəsinin möcüzəsi barədə söhbət edir. Hər halda dünyanın dərdlərinə tab 
gətirmək üçün insan gərək belə olsun. 
Nino cavab verdi: 
– Yox Əli xan, mən belə edə bilmərəm. Mən belə etməyi bacarmıram. Əli xan, bilirsən, küçənin 
tozları da qandan qıpqırmızı olmuşdu. 
O üzünü əllərinin içinə aldı və için-için ağlamağa başladı. Onun çiyinləri əsirdi... 
Mən onun yanında oturdum və böyük qala divarının bayırındakı Duma meydanını, Məmməd 
Heydərin Nikolay küçəsində sərilmiş meyitini, birdən-birə qırmızı rəngə boyanan qara meşin pencəyi 
xatırladım. Həyatda sağ qalmaq insana iztirab verirdi. 
Çox uzaqlardan atamın səsi gəldi: Deyirsən Çələkən adasında çoxlu ilanlar var? 
– Bəli, xan, həm də həddindən artıq uzun və zəhərli ilanlar... Ancaq indiyə kimi o ilanları heç kəs gözü 
ilə görməyib. Yalnız Mərv vahəsində yaşayan müqəddəs bir kişi nəql eylədi mənə... 
Mən bu danışığa dözməyib, sükana yaxınlaşdım və dedim: 
– Ata, Asiya məhv olub, dostlarımız döyüş meydanında həlak olublar, biz də didərgin düşmüşük. Biz 
Allahın qəzəbinə gəlmişik, sən isə burada oturub Çələkən adasındakı ilanlardan danışırsan. 
Atamın sifətindəki ifadə dəyişmədi. O qayıqdakı kiçik yelkən dirəyinə söykənib, uzun zaman üzümə 
baxdı: 
– Oğlum, Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib. Bakı artıq Avropa olub, bu təsadüfi 
deyil. Çünki Bakıda artıq asiyalı qalmamışdır. 
– Ata, mən üç gün, üç gecə Asiyanı pulemyot, süngü və xəncərimlə müdafiə etmişəm. 
Sən cəsursan, Əli xan, Lakin, cəsarət dediyin nədir? Avropalılar da cəsurdur. Sən və səninlə birlikdə 
döyüşənlərin hamısı artıq asiyalı deyilsiniz. Mən Avropaya nifrət etmirəm. Sadəcə ona qarşı etinasızam. 
Avropanın bir tikəsini sən özündə daşıyırsan. Sən rus məktəbində oxumusan, latıncanı öyrənmisən, 
arvadın da avropalıdır. Sən özünə  hələ  də asiyalı deyirsən? Sən müharibədə qalib gəlsəydin, Avropa 
həyat tərzini sən özün Bakıya gətirəcəkdin. Bizim üçün nə  fərqi var, ölkəmizdə zavod və fabrikləri 
kimlər tikəcək – biz və yaxud ruslar. İşlər o durumda davam edib gedə bilməzdi. Saysız-hesabsız 
düşməni məhv edib qana susamaq yaxşı asiyalı olmaq demək deyil. 
– Bəs nə zaman yaxşı asiyalı sayılmaq olar? 
– Sən yarı avropalısan, Əli xan. Ona görə də bu sualı verirsən. Onu sənə izah edə bilmərəm, çünki sən 
həyatda yalnız adi gözlə görünən şeyləri görürsən... Sən ancaq yerə baxırsan. Bax, buna görə 
basılmağımız səni ağrıdır və sən ağrıdığını büruzə verirsən. 
Atam susdu. Baxışları donuq bir ifadə almışdı. O bizim həqiqi dünyamızdakı şeylərdən daha artığını 
bilirdi. 
O bakılı və iranlı qocaları kimi başqa bir dünyadan içərisinə  çəkilə biləcəyi, orada kimsənin özünə 
girişə bilməyəcəyi, hücum etməyəcəyi bambaşqa bir dünyadan xəbərdar idi. Halbuki mən bu insanın 
dostlarını basdırdıqdan sonra bir yelkənli qayığın sükançısı ilə Cərco vahəsinin möcüzəsi barədə bəhs 
ediləcək aləmdən də  xəbərsiz idim. Mən də bu aləmin qapısını döydüm, amma məni oraya qəbul 
etmədilər. Deməli mən artıq asiyalı deyildim. Bunu heç kim mənə irad tutmurdu, amma deyəsən 
bunu hamı bilirdi. Mən bu arada bir əcnəbiyə çevrilmişdim. 
Lakin yenə öz evimdə olmağa, Asiyanın xəyal aləminə can atırdım. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə