ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   45   46   47   48   49   50   51   52   ...   59

geri çəkilmədilər. Vətənimiz uzun illərdir ki, bu şahzadələrin və şairlərin yorğun və taqətdən düşmüş 
əllərində qalıb. 
Bəsdir! İran qoca bir dilənçinin açılmış ovcuna bənzəyir. Mən istəyirəm ki, bu qoca ovuc bu elin 
möhkəm bir gənc yumruğuna çevrilsin. 
– Burada qal, Əli xan. Sənin haqqında xeyli şeylər eşitmişəm: sənin pulemyot dalında oturub Bakının 
köhnə qala divarlarını qoruduğunu, gecə vaxtı Ay işığında öz düşməninin hülqumunu dişlərinlə 
üzdüyünü eşitmişəm. Burada isə köhnə qaladan başqa daha çox şeyi müdafiə etmək lazımdır. Bunun 
üçün sənin sərəncamında pulemyotdan daha güclü silah olacaqdır. Bu, səhərdən axşama qədər 
hərəmxanada oturmaqdan və yaxud Tehran bazarının gözəlliklərinə tamaşa etməkdən daha yaxşı deyil 
mi? 
Cavab vermədim, dərin düşüncələr içində idim. Tehran! Dünyanın ən qədim şəhəri. Babil sakinləri 
ona Roqa-Rey adı vermişdilər. Roqa-Rey kralların şəhəri idi. Toz olmuş əfsanələr, qədim sarayların 
rəngi solmuş qızılları, Almas sarayının burma sütunları, qədim xalçaların solğun naxışları və müdrik 
rubailərin ehmallı ritmləri... İranın keçmişi, indisi və gələcəyi mənim gözlərimin qabağında dururdu. 
– Bəhram xan – dedim – Əgər öz məqsədinə çatsan, asfalt yollar salsan, ən pis oxuyan şagirdləri müasir 
məktəblərə göndərsən, bəs onda Asiyanın ruhu harada olacaq? 
Bəhram güldü: 
– Asiyanın ruhunu deyirsən. Top meydanının qurtaracağında biz iri bir bina inşa etdirəcəyik. Asiyanın 
ruhu olan məscid bayraqlarını, şairlərin  əl yazmalarını, miniatür rəsmləri və  şəhvət yolunda əxlaqı 
pozulmuş oğlan uşaqlarını o binaya yığacağıq. Çünki bunların hamısı Asiyanın ruhuna aiddir. Binanın 
ön tərəfində də gözəl Kufi xətti ilə “Muzey” sözü yazılacaq. Əsəd-əs-səltənə əmini də muzeyin idarə 
edəni və əlahəzrət şahzadə də muzey müdiri ola bilərlər. 
Bu binanı inşa etməkdə bizə yardım etmək istəyərsənmi? 
Mən fikirləşərəm, Bəhram xan. 
Yemək sona yetdi. İndi qonaqlar dağınıq qrup halında oturub söhbət edirdilər. Ayağa durub açıq 
eyvana çıxdım. Hava sərin və təmiz idi. Bağçadan İran güllərinin nəfis qoxuları gəlirdi. Yerə oturdum 
və  təsbehimi çevirə-çevirə gözlərimi gecənin dərinliklərinə zillədim. Bazarın kərpicdən hörülmüş 
qübbələrinin o tayında Şimran sarayı yerləşirdi. Orada yastıq və xalçaların içində  mənim Ninom 
yatırdı. Bəlkə  də azacıq açıq dodaqları və göz yaşlarından nəm olmuş göz qapaqları şişmişdi. Məni 
dərin bir kədər bürüdü. Ninonun gözlərini bir daha gülər görmək üçün bazarın bütün ləl-cəvahiratı 
çatmazdı. 
İran! Mən burada, hərəm xidmətçiləri və şahzadələr, dərviş və  təlxəklər içərisində qalmalıyammı? 
Qalıb asfalt yollar salmalı, ordu qurmalı, Avropanın bir azacıq da olsa Asiyanın içərisinə dartıb 
gətirməliyəm mi?  
Mən birdən-birə hiss etdim ki, dünyada heç bir şey mənə Ninonun gülər gözləri qədər qiymətli və əziz 
deyildir. Bu gözlər axırıncı dəfə  nə vaxt gülüb? Nə vaxtsa Bakıda, qala divarlarının yanında. Məni 
birdən dəhşətli bir vətən həsrəti bürüdü. Toz basmış qala divarlarını və Nargin adasının arxasında 
batan günəş gəlib gözlərimin önündə durdu. Qurd qapısının altında başlarını aya tərəf qaldırıb ulayan 
çaqqalları gördüm. Bakı yaxınlığındakı düzləri səhradan gələn qum örtmüşdü. Sahil boyunca neftə 
hopmuş torpaqlar uzanırdı. Qız qalasının yanında alverçilər sövdələşirdilər. Nikolay küçəsindəki yol 
müqəddəs Tamara litseyinə aparırdı. Litseyin həyətindəki ağacların birinin altında Nino dayanmışdı. 
Onun əlində dərs kitabı, dolu və iri gözləri heyrətlə mənə baxırdı. İran güllərinin ətri qəflətən yoxa 
çıxdı. 
Ətrafımı Bakının tərtəmiz çöl havası və  xəfif bir dəniz, qum və neft qoxusu bürüdü. Uşaq anasını 
çağıran kimi mən də vətənimi səsləyirdim. Amma sonra artıq o vətənin mövcud olmadığını xatırladım. 
Tanrının məni dünyaya gətirdiyi bu şəhəri heç zaman tərk etməli deyildim. Bir it öz komasına bağlı 
olduğu kimi mən də köhnə şəhər qala divarlarına bağlıyam. 


Başımı göyə çevirib səmayə baxdım: 
İranın ulduzları şahın tacındakı ləl-cavahirat kimi iri və uzaq idi. Mən bu şəhərdə  qəribçilik hissini 
indiki qədər heç bir zaman duymamışdım. Mən qala divarlarının kölgəsində Ninonun gözlərinin mənə 
gülümsədiyi Bakıya mənsubam. 
Bəhram xan əlini çiynimə qoydu: 
– Əli xan, deyəsən xəyala dalmısan? De görüm, mənim dediyim sözləri götür-qoy etdinmi? Yeni İranın 
binasını qurmağa yardım, etmək istəyirsənmi? 
– Əmi oğlum Bəhram xan, mən sənə qibtə edirəm. Ana Vətənin nə demək olduğunu yalnız başqa bir 
ölkəyə sığınmış adam dərk edə bilir. Mən İran ölkəsini yenidən qura bilmərəm. Mənim xəncərim 
Bakının qala divarlarının daşında itilənmişdir. 
O, kədərlə mənə baxdı və dedi: “Məcnun”. Ərəbcə olan bu söz həm aşiq və həm də sərsəm deməkdir. 
Bəhram xanın damarlarında axan qan eynilə  mənim qanımdan olduğu üçün sirrimi başa düşmüşdü. 
Ayağa qalxdım. Böyük salonda dəvət olunmuş möhtərəm qonaqlar yola düşən Şahzadəyə baş əyirdilər. 
Şahzadənin uzun barmaqlarını və xınalı dırnaqlarını gördüm. 
Yox, yox! Mən buraya Firdovsinin şerlərini, Hafizin eşqnamələrini və  Sədinin müdrik kəlamlarını 
söyləmək üçün gəlməmişəm. 
Salona girdim və şahzadənin qabağında əyilib əlini öpdüm. Onun gözləri kədərli və fikri dağınıq idi, 
çünki qarşıda duran təhlükədən xəbərdar idi. Salondan çıxdım, avtomaşına minib Şimrana yollandım. 
Yolda paslanmış topların durduğu meydan, Şahzadənin yorğun baxışları və Ninonun itaətkarlığı heç 
cürə yadımdan çıxmayırdı.  
 
 
XXV 
 
Xəritə üzərindəki parlaq və qarmaqarışıq rənglər bir-birinə qarışmışdı. Şəhərlərin, dağların və çayların 
adlarını oxumaq mümkün deyildi. Xəritə divanın üstünə sərilmişdi. Mən də əlimdə balaca rəngbərəng 
bayraqlar tutmuşdum. Əlimdə bir qəzet də var idi.Orada da şəhərlərin, dağların və çayların adları 
xəritədəki kimi səhv yazılmışdı. Onların hər ikisini diqqətlə izləyib, qəzetdəki səhvlərixəritədəki 
qarışıq adlarla uyğunlaşdırmağa çalışırdım. “Yelizavetpol/Gəncə” sözü yazılan yerin yanındakı bir 
dairənin içinə kiçik bir yaşıl rəngli bayraq qoydum. Lakin adın son beş hərfi Zonquldağ dağlarının 
üzərinə basılmışdı. Qəzetin yazdığına görə, Xoy şəhərindən olan vəkil Fətəli xan Gəncədə azad 
Azərbaycan Cümhuriyyətini elan etmişdir. Xəritədə  Gəncənin şərqindəki sancdığım balaca yaşıl 
bayraqlar  Ənvər paşanın göndərdiyi ordunun mövqelərini göstərirdi. Sağdan Nuri paşanın alayları 
Ağdaş şəhərinə yaxınlaşırdılar. Solda Mürsəl paşa İlisu vadilərini işğal etmişdi. Orada isə Yeni 
Azərbaycan Cümhuriyyətikönüllülərinin taburldarı vuruşurdular. İndi xəritə tamamilə anlaşılır və 
oxuna bilən bir hala düşmüşdü. Rus işğalındakı Bakının ətrafına çəkilən Türk Çəmbəri yavaş-yavaş 
qapanırdı. Balaca yaşıl bayraqları bir azacıq da tərpətsən, düşməni göstərən qırmızı bayraq Bakını ifadə 
edən qatmaqarışıq nöqtədən sıxışdırılıb çıxarılardı. 
Hərəm xidmətçisi Yəhya Qulu arxamda səssizcə durub, mənim xəritə üzərində oynadığım qəribə 
oyunumu çox maraqla izləyirdi. Balaca bayraqların rəngarəng böyük kağız üzərində  hərəkət etməsi 
deyəsən ona, qüdrətli bir sehrbazın ağlasığmaz ovsunları kimi gəlirdi. Bəlkə  də, o belə fikirdə idi ki
vətənimi kafirlərdən xilas etmək üçün Bakını təmsil edən qırmızı ləkənin üzərinə yaşıl bayraqları 
sancmaqla səmavi gücləri yardıma çağırmanın yetərli olacağına inanırdı. 
Yəhya Qulu mənim bu sirli oyunuma mane olmaq istəmirdi, yalnız vəzifəsini yerinə yetirərək ciddi bir 
tonla mənə məlumat verməyə başladı: 
Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarını xına ilə boyamaq üçün ona ən bahalı 
xına almışdım. Onun dırnaqlarını xına ilə boyamaq istədiyim zaman, Nino xına çanağını devirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə