ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

teatrı da, qəhvəxanası da, dost-tanışı da, bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək 
qoya bilmirəm. 
Bütün bazarı ona hədiyyə alıram. Çünki bu axşam əmim atamın şərəfinə böyük bir ziyafət verməlidir. 
Şahzadələrdən biri də bu məclisə gələcək. Nino isə evdə, onu Saray həmərlərinin ənənələrini tərbiyə 
etməyə çalışan hərəm xidmətçisinin yanında qalmalı idi. 
Bazarı tərk edib, avtomaşınla Şimrana yollandım. Nino dərin düşüncələr içində başdan başa xalılar 
döşənmiş salonda oturub sırğa, qolbağ, ipək şallar və ətriyyat yığınına baxırdı. O tez tələsik nəzakətlə 
məni öpdü. Hərəm xidmətçisi soyuq şərbət gətirdi və narazı halda hədiyyələrə baxıb dedi: 
– Kişi arvadının nazını bu dərəcədə çəkməməlidir!.. 
İranlının həyatı gecə başlayır. Gündüz həyatı isə isti və tozlu keçir. Buna görə  də çox can sıxıcıdır. 
Lakin gecə olduqda insanlar yenidən canlanır, düşüncələr sərbəstləşir və söhbət asanlaşır. Gecələr 
qəribə İran alicənablığı oyanır ki, bu alicənablıq Bakıdakı, Dağıstandakı və Gürcüstandakı aləmdən 
çox fərqlənir və mən bu həyat tərzinə heyran olmuşam. 
Əmimin karetaları saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün biri də mənim 
üçün idi. Üsul qaydaları belə  tələb edirdi. Hər karetanın qabağında əllərində  fənər tutmuş üç nəfər 
piş-xidmət dururdu. Fənərlərin işığı onların üzünə düşürdü. Bu xəbərdarçılar hələ uşaq ikən onların 
bellərində  cərrahiyyə  əməliyyatı aparıb dalağını kəsib çıxardırlar. Belələrinin ömrü boyu yeganə 
vəzifəsi, karetaların qabaqlarınca qaçıb, ciddi bir səslə “Xəbərdar!” deyə çığırmaq olurdu. 
Küçələrdə adam görünmürdü. Ancaq buna baxmayaraq xidmətçilər eyni ahənglə “Xəbərdar!” deyə 
cığırırdılar. Biz dar küçələrdən, sonu görünməyən boz rəngli divarların qabaqlarından keçirdik. Bu 
divarların arxasında isə kazarmalar, saraylar, yaxud idarələr yerləşirdi. Küçə  tərəfə baxan kərpicdən 
tikilmiş boz rəngli divarlar İran məhrəmiyyətlərini gizlədirdi. 
Bazarın yuvarlaq günbəzləri ay işığında sanki gözəgörünməz bir əl tərəfindən toplanmış saysız-hesabsız 
balonları xatırladırdı. Biz, qalın bir hasarda bürüncdən səliqə ilə düzəldilmiş darvaza qarşısında 
dayandıq. Darvaza açıldı və biz bağçaya girdik. 
Mən bu evə tək gəldiyim zamanlar, darvazanın qabağında köhnə paltar geymiş bir qoca dayanardı. Bu 
gün isə sarayın qabağı çiçəklərdən düzəldilmiş hörüklər və iri fənərlərlə  bəzədilmişdi. Karetalarımız 
saraya çatıb durduqda bir sırada dayanmış səkkiz adam bizə baş əydi. Bu böyük həyət balaca hasarla iki 
yerə bölünmüşdü. İçəri tərəfdə  hərəmxana yerləşirdi. Orada fəvvarələr fışqırır, bülbüllər oxuyurdu. 
Kişilərə aid olan həyətdə isə qızıl balıqlar üzən dörd bucaq bir hovuz var idi.  
Biz karetadan düşdük. Bizi qarşılamaq üçün əmim qapıya yaxınlaşdı. Onun balaca əli üzünü örtmüşdü. 
O, təzim etdi və bizi evə apardı. Sütunları qızıl suyu ilə işlənmiş və divar taxtaları oymalı naxışlarla 
bəzədilmiş böyük salon adamla dolu idi. Adamların başlarında müxtəlif baş geyimləri var idi: buxara 
papaqları, əmmamələr. Libaslar da incə qara qumaş parçadan idi. Tam ortada iri əyri burunlu, saçları 
ağarmış və qaşları quş qanadlarını andıran yaşlı bir kişi oturmuşdu. Bu, əlahəzrət şahzadə idi. Biz içəri 
girəndə hamı ayağa qalxdı. Əvvəlcə şahzadəni, sonra da o birilərini salamladıqdan sonra yumşaq 
döşəkcələrin üstündə  əyləşdik. Bir-iki dəqiqə dinməz oturduq. Sonra hamımız birdən yerlərimizdən 
qalxıb, yenidən bir-birimizə baş əyərək bir-birimizi salamladıq. Nəhayət, birdəfəlik yerlərimizdə 
oturduq və sükuta qərq olduq. Xidmətçilər mavi finjanlarda ətirli çay gətirdilər. Meyvə ilə dolu 
səbətlər əldən-ələ gəzirdi. Nəhayət sakitliyi əlahəzrət şahzadə pozdu. O, dedi: 
– Mən çox diyarlarda səyahət etmişəm və bir çox gözəl ölkələr görmüşəm. Amma İrandakı qədər 
ləzzətli xiyar və şaftalını heç bir yerdə yeməmişəm. 
O, bir xiyar götürüb soydu, üstünə duz səpdi və yavaş-yavaş yeməyə başladı. Onun gözləri kədərli idi. 
Bu dəfə əmim sözə başladı: 
– Əlahəzrətimiz haqlıdır. Mən də Avropada olmuşam və kafirlərin meyvələrinin çox balaca olduğuna 
təəccüb qalmışdım. 
Avropa ölkələrinin birində İran padşahlığını təmsil edən kübar bir zat dillənib dedi: 


– Mən həmişə İrana qayıdan zaman bilin ki, nə qədər məmnun oluram. Dünyada elə şey yoxdur ki, 
biz İranlılar ona qibtə edək. Dünyadakı insanları İranlılar və Barbarlar deyə iki yerə ayırsaq zərrə qədər 
xəta etmərik. 
Şahzadə əlavə etdi: 
– Bilirsiniz, İranlılarla bərabər bəlkə bir neçə hindlini də buraya əlavə etmək olar. Bir neçə il bundan 
qabaq mən Hindistanda olduğum zaman, orada da bizim səviyyəmizə çatmış bir neçə adamlar gördüm. 
Tanıdığım bir alicənab hindli çox keçmədən yenə Barbar olduğunu bildirdi. O, məni evinə yeməyə 
dəvət etdi. Onunla bir süfrədə oturmuşdum. Təsəvvür edin ki, o kahının yarpağını yeyirdi. 
Qonaqları dəhşət bürüdü. Yanaqları solmuş, başında iri əmmaməsi olan bir molla yorğun səslə dedi: 
– İranlılarla qeyri-iranlılar arasındakı fərq budur. 
Dünyada gözəlliyi həqiqətən təqdir edən yeganə insanlar bizlərik. 
Əmim onunla razılaşdı: 
– Düz deyirsiniz. Məsələn, mən harada oluramsa olum səs-küylü fabrikdən daha çox gözəl bir qəzələ 
üstünlük verirəm.  Ən gözəl şer tərzi olan rübailəri ilk dəfə bizim şer ədəbiyyatımıza gətirən  Əbu 
Seyidin kafirliyini bağışlayıram. 
Əmim boğazını arıtladı və oxumağa başladı. 
 
“Ta medresse ve minare viran neşhud 
İn kar kalendari bisaman neşhud 
Ta iman kafr ve kaft iman neşhud 
Yek bende hakikatan musulman neşhud”.* 
 
- ----------------------- 
* Fərscadan hərfi tərcümə:  
Nə vaxta qədər ki, mədrəsə və minarə viran olmayıb 
Bu qələndərlik işi qanun-qaydaya düşməz. 
Necə ki, küfr iman, iman isə küfr olmayıb 
Heç bir bəndə həqiqətən müsəlman deyil. 
---------------------------------------------------- 
 
– Dəhşətdir, dəhşət. Sən bu ahəngə bir bax! – deyə molla şerin son misrasını təkrar etdi: “Yek bende 
hakikatan musulman neşhud”. 
Molla ayağa durdu və zərif lüləsi olan gümüş aftafanı götürüb, səndələyərək otaqdan çıxdı. Bir azdan 
sonra o, geri qayıdıb aftafanı yerə qoydu. 
Bu arada atam sözə başladı: 
–  Əlahəzrət, bu düzdürmü ki, bizim baş nazirimiz Vosuq-əd-Devlen İngiltərə ilə yeni bir müqavilə 
bağlamaq istəyir? 
Şahzadə gülümsədi: 
– Bunu siz Əsəd-əs-Səltənədən soruşmalısınız. Bu məsələ artıq dövlət sirri deyil. 
Əmim onun sözünü təsdiq etdi: 
– Bəli, bu çox yaxşı bir müqavilədir. Çünki bu gündən sonra Barbarlar artıq bizim küləmiz olacaqlar.  
– Nə üçün? 
– Bilirsiniz, ingilislər çalışmağı, biz isə gözəllik içində yaşamağı sevirik. Onlar döyüşü, biz isə  əmin-
amanlığı sevirik. Elə ona görə  də biz onlarla sazişə  gəldik. Bundan sonra sərhədlərimizin 
təhlükəsizliyinin qeydinə qalmağa lüzum qalmayacaqdır. İngiltərə İranın müdafiəsini boynuna 
götürür. Onlar yollarımızı tikəcəklər, binalar inşa edəcəklər və üstəlik bizə  hələ pul da verəcəklər. 
Çünki İngiltərə, dünyaya hər millətdən çox mədəniyyət gətirənin biz olduğumuzu çox yaxşı bilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə