Əzizağa Nəcəfov
120
tərzinə klassik şifahi ədəbi irsimizin ən kamil nümunələrindən biri
olan “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn,
dastanın altıncı - “Qanturalı” boyunda baş qəhrəmana müraciətlə
söylənilən mediativ sual cümləsindən birində alternativlik əsasında
hətta müqayisəli metaforik çalar da yaradılır:
“Qarşına ala qaz gəldi, şahinini atmazmısan?” (18, 90)
Klassik Şərq ədəbiyyatında və xüsusilə də Füzuli yaradıcı-
lığında daha aktiv istifadə olunan bədii sual növlərindən biri də tə-
cahülül-arif adlandırılan seçmə sual tipidir ki, yuxarıda əlamətlərini
sadaladığımız istiğfəm poetik fiqurunun bəzi ifadə formaları kimi, o
da alternativliyə əsaslanır. Müasir ədəbiyyatşünaslıqda başqa sual
tipləri ilə bərabər, istiğfəm termini altında
birləşdirilən bu bədii sual
forması, yuxarıda qeyd olunduğu kimi, variasiyaların qarşılaşdırıl-
ması vasitəsi ilə yaradılır. Təcahülül-arif poetik fiquru başqa sual
tiplərindən forma elementlərindən daha çox məzmun xüsusiyyətləri
baxımından seçilir.
Hərfi tərcüməsi arifin cəhli olan təcahülül-arif birləşməsi
bilərəkdən özünü bilməməzliyə vurmaq anlamına gəlir ki, bu poetik
vasitəni yaradarkən şair daha çox “bilmirəm”, “bilməzəm” və s.
kimi həqiqəti danma predikatlarından istifadə etməklə, əslində,
inkar olunanın tərsini iqrar etdiyini bildirmiş olur. Məsələn,
Füzuli
qəzəllərindən birində beyt daxilində belə bir müqayisəli bənzətməyə
rast gəlirik:
Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzrə,
Ya gözümdən əks salmış mərdümü müjgan ona? (39, 46)
Lakin Füzuli yaradıcılığında fikrin bu sayaq ifadə tərzinin
göstərilən predikativlik əlamətləri ilə işlədilməsi sual cümlələrindən
daha çox nəqli xarakterli söyləmlər üçün səciyyəvidir. Məhz ona
görə də şairin ədəbi irsində istifadə olunan təcahülül-arif poetik
fiqurunun bədii sual tipi əksərən “ya”, “yoxsa” və s. kimi bəzi
bölüşdürmə bağlayıcılarına əsaslanır. Məsələn:
Ləlgün meydir əlində sağəri-simin ilə,
Ya nigini-ləldir, rəşki-ləbindən oldu ab? (39, 58)
Füzuli – şairin yaradıcılıq psixologiyası
121
Yaxud:
Tari-zülfündürmü rüxsarında canlar məskəni,
Ya buraxmış bir rəhi-pürpüçü xəm gülzarə nur? (39, 82)
Göründüyü kimi, bədii sualın bu növ rəngarəngliyi içərisində
də müxtəlif məqsəd çalarlığına rast gəlmək mümkündür. Klassik
poetikaya dair yazılmış mənbələrdə, xüsusilə də Füzuli irsində bu
poetik ifadə tərzini arayan müəlliflərin əsərlərində onun ayrı-ayrı
məqsəd tipləri də fərqləndirilir. Məsələn, Musa Adilov “Məhəmməd
Füzulinin üslubu və poetik dili” adlı monoqrafiyasında yazır: “Mü-
əllifin yalandan, süni yolla özünü cahil, avam,
bilməyən kimi təq-
dim etməsi çox müxtəlif məqsədlər ilə (xahiş, rica, yalvarış, tərif,
mədhetmə, məzəmmət, töhmət, tənə, danlaq və s.) əlaqədar ola bi-
lər”. (3, 416) Mahirə Quliyeva isə özünün “Klassik Şərq bəlağəti və
Azərbaycan ədəbiyyatı” əsərində bu məqsəd çalarlığını daha ümumi
şəkildə ifadə edir: “Təcahülül-arifin özlüyündə üç növü vardır:
a) məhəbbətin heyrətini bildirərkən duyaraqdan özünü bilmə-
məzliyə vurmaq;
b) məzəmmət məqsədilə mübaliğə edilən təcahülül-arif;
c) mədh məqsədilə mübaliğə edilən təcahülül-arif. (62, 226)
Əslində, nisbi səciyyə daşıyan bu məqsəd çalarlığı ilə seçilən
təcahülül-arif poeziyanı xalq dilinə yaxınlaşdıran elementlərlə zən-
ginliyi baxımından daha çox maraq doğurur və dilçilərimiz tərəfin-
dən ondakı xalq danışıq dili xüsusiyyətlərinin tədqiqi daha vacibdir.
Yuxarıda xüsusiyyətlərini sadaladığımız
təcahülül-arif, deyi-
lənlərdən aydın olduğu kimi, əksər hallarda müqayisə və bənzət-
məyə əsaslanır. Lakin bu təşbeh sual cümlələrinin birbaşa məqsədi
kimi çıxış etmir, köməkçi vasitə olaraq nisbi nabələdliyə şərait
yaratmış olur. Füzuli yaradıcılığında göstərilən sual tipindən fərqli
olaraq, tam bənzətmə məqsədi ilə istifadə olunan sual cümlələri də
var. Şərti olaraq bənzətmə xarakterli sual adlandırdığımız bu poetik
vasitə, əslində, elə təşbehin növ çalarlığıdır ki, təcahülül-arifdən
fərqli olaraq, bir məfhumun özündən daha qüvvətlisinə oxşadılması-
na əsaslanır və burada artıq
bənzədilənlərin müqayisəsi yox, təşbe-
hin özü məqsəd kimi çıxış edir. Məsələn, Füzulinin “Ona” rədifli
Əzizağa Nəcəfov
122
qəzəlindəki beytlərdən birində bədii sual əsasında bənzətmədə mü-
baliğəli təşbehdən istifadə edən sənətkar bədii sualdan bəhrələn-
məklə mənanı daha artıq dərəcədə dərinləşdirir:
Sayeyi-zülfün şəbistanındadır şəmi-rüxün,
Necə yetsin qədr ilə xurşidi-aləm tab ona? (39, 49)
Verilən beyti təcahülül-arifdən fərqləndirən əlamətləri bir da-
ha təsdiq etmək üçün şairin əsərlərindən başqa bir bədii sual nümu-
nəsinə nəzər salaq:
Ləlgün meydir əlində sağəri-simin ilə,
Ya nigini-ləldir, rəşki-ləbindən oldu ab? (39, 58)
Göründüyü kimi, təcahülül-arifdən fərqli olaraq, buradakı
müqayisə, sadəcə, əlamətin şişirdilməsinə, mübaliğəli bənzətməyə,
arifin cahilliyində isə iki müqayisə elementi arasında fərqi müəy-
yənləşdirməyə xidmət edir.
Bənzətmə xarakterli suala ən gözəl nümunə olaraq Füzulinin
“Qansı gülşən gülbüni sərvi-xuramanınca var?” misrası ilə başlanan
qəzəlini misal göstərmək olar ki, həmin şeirin bədii sual əsasında
qurulan bütün beytlərinin, demək olar ki, hamısında bənzətmə
xarakterli mübaliğəyə rast gəlinir:
Qansı gülşən gülbüni sərvi-xuramanınca var?
Qansı gülbün üzrə qönçə, ləli-xəndanınca var?
Qansı gülzar içrə bir gül açılır hüsnün kimi,
Qansı gül bərgi ləbi-ləli-dürəfşanınca var?
Qansı bağın var bir nəxli, qədin tək barvər,
Qansı nəxlin hasili sibi-zənəxdanınca var?
Qansı xuni sən kimi cəlladə olmuşdur əsir,
Qansı cəllad qılıncı tiği-müjganınca var?
Qansı bəzm olmuş münəvvər bir qədin tək şəmdən,
Qansı şəmin şöləsi rüxsari-tabanınca var?
Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn,
Qansı gəncin əjdəri zülfi-pərişanınca var?
Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,
Qansı bülbül naləsi fəryadü əfğanınca var? (39, 86)