İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab


ÖZBƏKİSTANDAN BAKIYA QAYIDARKƏN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

131 
 
 
ÖZBƏKİSTANDAN BAKIYA QAYIDARKƏN  
BİNƏ BEYNƏLXALQ HAVA LİMANINDA  
JURNALİSTLƏRİN SUALLARINA CAVAB  
 
24 mart 2004-cü il 
 
S u a l:  Cənab Prezident, Sizin Özbəkistana çox uğurlu dövlət səfəriniz oldu. Amma əsas 
məsələlərdən birində – iqtisadi-ticarət münasibətlərində müəyyən lənglik var. O cümlədən 
kommunikasiya problemlərindən danışıldı. Siz bu problemlərin həllini necə görürsünüz? Yəni yaxın 
vaxtlarda Orta Asiya və Cənubi Qafqaz ölkələri liderlərinin iştirakı ilə, yoxsa?.. 
C a v a b: Bu məsələ  dəfələrlə – Özbəkistan prezidenti cənab Kərimovla danışıqlarda, eləcə  də, 
hökumətlərarası komissiyada müzakirə edildi. Burada problem, əsasən kommunikasiyalarla, daha doğrusu, bu 
sahədə yaranmış problemlərlə bağlıdır. Bilirsiniz ki, bizim Özbəkistanla  əlaqələrimiz Türkmənistan  ərazisi 
vasitəsilə həyata keçirilir və bu istiqamətdə müəyyən problemlər var. Əlbəttə, bu, iki dövlətin arasında iqtisadi 
əlaqələrə böyük zərər vurmuşdur. Bizim iqtisadi potensialımız güclüdür, ildən-ilə artır.  İkitərəfli iqtisadi 
əlaqələr çox sürətlə inkişaf edə bilər. Kommunikasiyanın olmaması,  əlbəttə, böyük problemdir. Bu necə  həll 
olunacaq, bunu zaman göstərər. Hər halda, hökumətlərarası komissiya bu məsələyə baxacaqdır. Bizdən asılı 
olan məsələlərə baxacaq və bunları müsbət həll edəcəyik. 
O ki qaldı aramızda olan ərazidə kommunikasiya xətlərinin təmin edilməsinə, bu bizdən asılı olan məsələ 
deyildir. Amma çalışarıq ki, buna nail olaq.  
S u a lCənab Prezident, ATƏT-in fəaliyyətinin 12 ili tamam olur. 1992-ci il martın 24-də ATƏT-in 
vasitəçiliyi ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı 
müəyyənləşmişdir. Azərbaycan prezidenti bu 12 illik fəaliyyəti necə qiymətləndirir? 
C a v a b: Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Nəticə yoxdur. Əgər hansısa bir nəticə olsaydı, 
bunu müsbət qiymətləndirmək olardı. Mən bunu müsbət qiymətləndirə bilmərəm. Çünki bu müddət  ərzində 
ATƏT-in Minsk qrupu tərəfindən, demək olar ki, heç bir müsbət addım atılmamışdır. Düzdür, müəyyən 
dövrlərdə təkliflər olmuşdur. Deyə bilmərəm ki, Minsk qrupu bu məsələyə laqeyd yanaşmışdır. Yox, çalışmışdır 
və çalışır ki, bu məsələnin həllində öz xidmətlərini göstərsin. Amma hesab edirəm ki, indiki yanaşma, Minsk 
qrupunun indiki mövqeyi münaqişənin həllində müsbət rol oynaya bilməz. Çünki bu mövqe daha çox məsələnin 
həlli ilə yox, məsələni müşahidə etməklə məhdudlaşır.  
Mən həmsədrlərə bildirmişdim ki, gərək Minsk qrupu öz mandatı çərçivəsində vasitəçilik missiyasını yerinə 
yetirsin. Yoxsa, bizə deyəndə ki, gedin, iki prezident danışın, razılaşın, biz bunu təsdiq edək, bu, vasitəçilik 
missiyası deyildir. Bu, müşahidəçilik missiyasıdır. Əgər belədirsə, onda gərək mandatda dəyişikliklər edilsin və 
Minsk qrupuna müşahidəçilik missiyası verilsin. 
Mən ümid edirəm ki, əgər daha geniş beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olsa, bəlkə də hər 
hansı bir müsbət dəyişiklikdən söhbət gedə bilər. Məhz bu baxımdan Avropa İttifaqının, Avropa Şurasının bu 
məsələ ilə məşğul olmaq istəyini biz dəstəkləyirik. Mən Bratislavada keçirdiyim görüşlərimdə də bunu xüsusi 
qeyd etmişdim ki, beynəlxalq ictimaiyyət öz mövqeyini ortaya qoymalıdır.  Əgər Minsk qrupu bu məsələnin 
öhdəsindən gələ bilmirsə,  əgər belə demək mümkünsə, on ildən artıqdır aparılan danışıqlar öz nəticəsini 
vermirsə, onda gərək fikirləşək.  
S u a lCənab Prezident, Ermənistanın rəhbərliyi son zamanlar tez-tez Ki-Uest və Paris prinsiplərini 
qabardır və Azərbaycanda insanlar arasında ciddi narahatlıq yaranır ki, bunlar hansı prinsiplərdir. 
Sizin müzakirələr barədə  məlumatınız var. Doğrudanmı Azərbaycanın  ərazi bütövlüyünü şübhə altına 
alacaq hər hansı bir razılaşma olubdur?    
C a v a b: Qətiyyən, heç bir razılaşma olmayıbdır. Ermənistan tərəfi də bunu yaxşı bilir və  mən də bunu 
yaxşı bilirəm. Çünki mən o vaxt danışıqların iştirakçısı olmasam da, bu məsələlərlə  əlaqədar kifayət qədər 
məlumatım var idi. Ermənistan ilə Azərbaycan arasında heç bir razılaşma əldə olunmamışdır. Heç bir məsələ 
ətrafında vahid bir mövqe ortaya qoyulmamışdır.  Əlbəttə, danışıqlar  əsnasında müxtəlif variantlar müzakirə 
olunur. Bəzən bu müzakirələr Minsk qrupu tərəfindən gündəliyə salınmışdır, bəzən tərəflərin biri tərəfindən irəli 
sürülmüşdür. Danışıqlar o qədər mürəkkəb bir prosesdir ki, onların gedişində  hər bir məsələ müzakirə oluna 
bilər. Amma heç bir razılaşma yoxdur, olmayıbdır və bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır.  
Bunu nə üçün edirlər? Yəqin ki, bu orada daxildə gedən proseslərlə  əlaqədardır. Çünki Ermənistanda son 
zamanlar cəmiyyətdə gedən proseslər Ermənistan hakimiyyətini belə yalanlar, iftiralar irəli sürməyə vadar edir. 
Əgər belə bir razılaşma varsa, ortaya qoysunlar, yaxud bunu mətbuata versinlər. 
Vilayət Quliyev Ermənistanın Xarici İşlər naziri ilə Bratislavada görüşübdür. Nə üçün Ermənistanın Xarici 
İşlər naziri televiziyaları vasitəsilə dünyaya yalanlar yayır, əgər belə bir sənəd varsa, onu ortaya qoymur?! Nə 


132 
 
üçün bunu beynəlxalq ictimaiyyətə təqdim etmir?! Mən məsləhət görərdim ki, onlar bu yalanlardan əl çəksinlər. 
Bu təxribatların vaxtı keçibdir. Artıq dünya şəffaflıq tələb edir. Hər hansı bir razılaşmanı, hətta gizli razılaşmanı 
da gizli şəkildə saxlamaq mümkün deyildir.  
Mən Minsk qrupunun həmsədrlərinə də dedim ki, gedin, Ermənistanda deyin ki, bu yalanlardan əl çəksinlər. 
Çünki bu, danışıqlar aparan heç bir tərəfə yaraşmır.    
S u a lCənab Prezident, Baş nazir Ərdoğanın Amerikaya səfərindən sonra Türkiyənin Ermənistanla 
sərhədinin açılması  məsələsi yenidən aktuallaşır. Gündəlikdə belə bir variant varmı? Azərbaycan 
prezidenti kimi, Sizin bu məsələlərdən hər hansı xəbəriniz varmı və Türkiyənin belə bir addım atacağını 
ehtimal etmək olarmı? 
C a v a b: Mən ehtimal irəli sürmək istəmirəm. Mən Baş nazir vəzifəsində  işləyərkən Ankarada cənab 
Ərdoğanla bu barədə söhbətim olubdur. Baş nazir cənab Ərdoğan və Xarici işlər naziri Abdullah Gül məni bir 
daha əmin etmişlər ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç 
vaxt açmayacaqdır. Mənim üçün bu kifayətdir. Yəni əgər mən bu sözü eşitmişəmsə, mənə hər hansı başqa izahat 
lazım deyildir. 
Amma o da sirr deyil ki, Avropa İttifaqı, bəzi başqa ölkələr, dünyada kifayət qədər təsirə malik olan ölkələr 
Türkiyəyə ciddi təzyiqlər edir ki, Türkiyə o qapıları açsın. Mən müvafiq tərəflərlə keçirdiyim görüşlərdə onlara 
dəfələrlə bildirmişəm ki, əgər Türkiyə öz qapılarını Ermənistana açarsa, deməli, Dağlıq Qarabağ  məsələsinin 
həlli, ümumiyyətlə, mümkün olmayacaqdır. Çünki Azərbaycanın əlindən çox mühüm bir alət çıxacaqdır və o 
zaman danışıqların sülh çərçivəsində aparılması, ümumiyyətlə, mümkün olmayacaqdır. Bu, danışıqların 
dayanmasına və xoşagəlməz nəticələrə  gətirib çıxaracaqdır. Ona görə  əgər bu məsələdə maraqlı olan tərəflər 
məsələnin doğrudan da sülh yolu ilə həllini istəyirlərsə, gərək Türkiyəyə bu təzyiqləri etməsinlər. Türkiyə böyük 
dövlətdir, qüdrətli dövlətdir. Mən  əminəm ki, Türkiyə bütün bu təzyiqlərə davam gətirəcəkdir. Türkiyə–
Azərbaycan qardaşlığı bizim üçün də, türk xalqı üçün də hər bir şeydən üstündür. Sağ olun. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə