İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/84
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22240
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

150 
 
YEKUN NİTQİ 
 
Hörmətli redaksiya heyətinin üzvləri! 
Hesab edirəm ki, bu gün çox səmərəli müzakirələr aparıldı, çox dəyərli fikirlər səsləndi. Hesab edirəm ki, 
redaksiya heyətinin ilk iclası ümumi işimizə gözəl istiqamət vermiş oldu. Heç bir fikir ayrılığı yoxdur, 
ensiklopediya Azərbaycan tarixini, Azərbaycanın bu gününü və ümumiyyətlə, Azərbaycanda bütün əsrlər boyu 
baş vermiş hadisələri oxuculara açıq-aydın, qərəzsiz, təhrifsiz çatdırmalıdır. Bu özümüz üçün də, Azərbaycan 
xalqı üçün də lazımdır, eyni zamanda, dünya üçün də lazımdır.  
Əfsuslar olsun ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra informasiya blokadasına düçar oldu. 
Ermənistanın və dünya erməni lobbisinin fəaliyyəti nəticəsində Azərbaycan haqqında ya, ümumiyyətlə, məlumat 
verilmirdi, ya da yalnız mənfi məlumat verilirdi. Bu blokadanı yarmaq çox çətin məsələ idi. Amma bütün bunlara 
baxmayaraq, xalqımızın ümummilli lideri Heydər  Əliyevin səyləri nəticəsində bu blokada dağıdıldı  və artıq 
Azərbaycan haqqında, Azərbaycan həqiqətləri haqqında dünyada, bütün beynəlxalq təşkilatlarda kifayət qədər 
məlumatlar var. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq təşkilatları artıq Ermənistanı  işğalçı dövlət kimi 
tanıyırlar, Azərbaycan torpaqlarının işğal olunmasını etiraf edirlər və beləliklə, bu, gələcək danışıqlar prosesində 
gözəl bir zəmin yaradır. "Azərbaycan Sovet Ensiklopediyası" haqqında kifayət qədər danışıldı.  Əlbəttə ki, o dövr 
üçün "Azərbaycan Sovet Ensiklopediyası" ümumi bir əsər idi. Yenə  də qeyd etmək istəyirəm, o vaxtın ideoloji 
çərçivələri belə idi ki, burada Azərbaycanın tarixi tam mənada öz əksini, təbii ki, tapa bilmirdi. Bəzi hallarda 
Azərbaycana yad olan, millətimizə, xalqımıza yad olan, yaxud da düşmənçilik mövqeyində dayanan şəxslər 
haqqında da məlumatlar verilmişdir. O da zəmanənin tələbi idi. Yenə  də qeyd edirəm ki, Azərbaycan müstəqil 
dövlət deyildi və  əlbəttə ki, bu ensiklopediyaya mərkəzi orqanlar tərəfindən də  nəzarət var idi və burada qeyd 
olundu ki, müəyyən dəyişikliklər də edilmişdir.  
İndi Azərbaycan müstəqil dövlətdir.  İndi Azərbaycanda nə  Şaumyan var, nə  də başqası.  Əgər özümüzdən 
olanlar burada Xankəndi əvəzinə Stepanakert yazmasalar, bizim qarşımıza heç bir problem çıxmayacaqdır. 
Mən nə bu sözlüyü, nə də 1-ci cild adlandırılan kitabı qəbul etmirəm və hesab edirəm ki, bu ensiklopediyanın 
hazırlanmasında, formalaşmasında bundan istifadə etmək mümkün deyildir. Bu yenidən işlənilməlidir. Artıq 
mən redaksiya heyəti üzvlərinin də  əhval-ruhiyyəsini görürəm, görürəm ki, hamımız böyük həvəslə bu işə 
başlayacağıq. Əminəm ki, yaxın zamanlarda sözlük, eyni zamanda, 1-ci cild də yenidən işlənib hazırlanacaqdır. 
Tələskənliyə  də yol vermək olmaz. Biz hamımız çalışmalıyıq ki, bu, müfəssəl bir əsər olsun. Azərbaycanın 
reallıqlarını, tarixini əks etdirən, Azərbaycanın bu gününü əks etdirən əsər olsun. Ona görə nə qədər zaman, vaxt 
lazımdırsa, gərək işlər aparılsın. 
Burada qeyd olundu ki, ensiklopediyamız 20–25 cilddən ibarət nəzərdə tutulur. Hesab edirəm ki, buna 
redaksiya heyəti baxa bilər. Amma mənim fikrim belədir ki, hər halda, biz bunu 25 cilddən az olmamaq şərtilə  
nəşr etməliyik. Bu, İnternetə, bütün digər elektron daşıyıcılarına çıxarılmalıdır, xarici dillərə tərcümə edilməlidir 
ki, təkcə biz yox, bütün dünya Azərbaycan həqiqətləri ilə tanış ola bilsin. 
Azərbaycan on ildən artıqdır ki, müstəqil dövlətdir və  əlbəttə ki, bu dövr ensiklopediyada xüsusi bir yer 
almalıdır. Azərbaycanın müstəqilliyinin formalaşmasında, onun qorunub saxlanmasında, azərbaycançılıq 
ideologiyasının formalaşmasında, Azərbaycan dilinin qorunmasında ümummilli liderimiz Heydər  Əliyevin 
fəaliyyəti və xidmətləri, təbii ki, xüsusi bir yer almalıdır. Mən  əminəm ki, redaksiya heyəti və bu məsələ ilə 
məşğul olan alimlərimiz bunun öhdəsindən gələcəklər. Bu, Azərbaycan tarixində xüsusi yeri olan bir dövrdür. 
Bildiyiniz kimi, Azərbaycan müstəqillik dövrünün ilk illərində çox böyük çətinliklər çəkib, Azərbaycan, demək 
olar ki, parçalanmaq ərəfəsində idi. Əgər o vaxt xalqın tələbi ilə Heydər  Əliyev Azərbaycan rəhbərliyinə 
gəlməsəydi, xalqımızı böyük bəlalar gözləyə bilərdi. 
Mən hesab edirəm ki, ensiklopediyada Azərbaycan tarixi üçün mühüm hadisələr xronoloji baxımdan deyil, 
təhlil baxımından işıqlandırılmalıdır. Təbii ki, xronoloji gedişat çox mühümdür. Amma eyni zamanda, hesab 
edirəm ki, təhlillər də aparılmalıdır və Azərbaycan tarixi üçün həlledici hadisələr – iqtisadi, siyasi, tarixi 
cəhətdən önəmli hadisələr düzgün araşdırılmalıdır. Bu bizim üçün lazımdır. Bu gün üçün lazımdır, gələcək 
nəsillər üçün lazımdır.  
Azərbaycanın uğurlu neft strategiyası, Azərbaycanın iqtisadi inkişafı, sosial məsələlərin həlli, Azərbaycanda 
gedən quruculuq işləri, müstəqilliyimizin möhkəmləndirilməsi – bütün bu məsələlər öz əksini tapmalıdır. 
Əlbəttə ki, Ermənistanın Azərbaycana etdiyi təcavüz, işğal da öz əksini tapmalıdır. Bu məsələ ensiklopediyada 
çox geniş yer almalıdır. Hesab edirəm ki, əgər bu məsələ geniş yerini taparsa, düzgün təqdim olunarsa, bu gün 
üçün də, gələcək üçün də mühüm bir hadisəyə çevriləcəkdir.  
Burada Azərbaycan xalqının keçmişi ilə əlaqədar, başqa ölkələrdə yaşayan azərbaycanlıların taleyi ilə əlaqədar, 
Azərbaycanın milli irsi ilə  əlaqədar çox dəyərli təkliflər səsləndi. Hesab edirəm, bütün bu məsələlər öz əksini 
tapacaq və əlbəttə ki, növbəti iclaslarda daha geniş müzakirə olunacaqdır.  


151 
 
Bugünkü müzakirədən çox razıyam, məndə bu gün əminlik hissi oyanıb ki, biz bu işin öhdəsindən gələcəyik. 
Düzdür, dünən bu yazıları vərəqləyəndə mən çox məyus oldum. Amma bugünkü iclas məni çox ruhlandırdı. Bu 
nəcib, olduqca vacib işdə sizin hamınıza uğurlar arzulayıram.  Əminəm ki, biz Azərbaycan xalqına gözəl bir 
hədiyyə  bəxş edəcəyik, "Azərbaycan Milli Ensiklopediyası" yaxın zamanlarda işıq üzü görəcəkdir. Sağ olun, 
təşəkkür edirəm.   
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə