143
BAKIDA “AZƏRBAYCAN–RUSİYA
TİCARƏT–İQTİSADİ MÜNASİBƏTLƏRİ,
ONLARIN İNKİŞAF MEYLLƏRİ VƏ
PERSPEKTİVLƏRİ" ADLI BİRİNCİ
AZƏRBAYCAN–RUSİYA İQTİSADİ
FORUMUNDA NİTQ
*
«Gülüstan» sarayı
6 aprel 2004-cü il
Əziz dostlar!
Əziz qonaqlar!
Hörmətli forum iştirakçıları!
Mən,
ilk növbədə, sizi Azərbaycanın paytaxtında, Bakı şəhərində salamlamaq və foruma uğurlu iş
arzulamaq istərdim.
Siz indicə kadrlar gördünüz. Bu kadrlar bizi Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərinin unudulmaz
günlərinə qaytardı. Həmin səfər çərçivəsində çoxlu razılaşmalar əldə edildi, ən başlıcası isə, Rusiya və
Azərbaycan rəhbərliyi arasında qarşılıqlı anlaşmanın səviyyəsi daha da yüksəldi.
Hesab edirəm ki, ölkələrimiz arasında indiki mehriban qonşuluq, dostluq münasibətlərinin əsasını prezident
Vladimir Putinin Azərbaycana səfəri, Rusiya prezidentinin ilk səfəri qoymuşdur. Bundan sonra ölkələrimiz
arasında qarşılıqlı anlaşma çox əhəmiyyətli dərəcədə artdı, çox intensiv siyasi dialoq başlandı, bir çox sahələrdə
iqtisadi əməkdaşlıq üçün dərhal imkanlar yarandı. Bu gün bu barədə danışıldı. Əlbəttə ki, Rusiya prezidenti
Vladimir Putinin Azərbaycan prezidenti Heydər Əliyevlə sonrakı görüşləri, onların arasındakı şəxsi qarşılıqlı
anlaşma, qarşılıqlı rəğbət və dostluq münasibətləri ölkələrimizin əlaqələrinin inkişafında, hesab edirəm, ümdə
rol oynamışdır. Bu xətt Azərbaycanda davam etdirilir. Biz bütün istiqamətlərdə münasibətlərimizi
daha da
inkişaf etdirmək əzmindəyik. Azərbaycan prezidentinin cari ilin fevralındakı səfəri də bu siyasətin məntiqi
davamı idi.
Müstəqillik illərində ölkəmiz öz təşəkkülünün müxtəlif mərhələlərini yaşamışdır. Başlanğıc mərhələ ağır
sarsıntılarla, iqtisadi dağıntılarla, qarmaqarışıqlıqla, Azərbaycan iqtisadiyyatını süquta uğradan səriştəsiz
hökumətin az səmərəli fəaliyyəti ilə səciyyəvi olmuşdur. Bütün bunlara əlavə olaraq Ermənistan Azərbaycana
qarşı təcavüz etmiş, nəticədə ərazimizin 20 faizi işğal olunmuş, bir milyon azərbaycanlı isə qaçqın və köçkünə
çevrilmişdir ki, bu da ölkəmizin inkişafı işində mənfi rol oynamışdır. Əgər o vaxtlar daxili vəziyyətin
sabitliyinin pozulması təhlükəsi, hakimiyyəti zorakılıqla devirmək üçün 1996-cı ilədək ara verməyən cəhdlər də
olduğunu xatırlasaq, onda
görərik ki, Azərbaycan dövlətçiliyi necə ağır bir dövrdə formalaşmışdır.
Prezident Heydər Əliyevin səyləri sayəsində 1993-cü ildən başlayaraq ölkə bu böhrandan, ağır sarsıntılardan
çıxmağa və iqtisadi inkişaf yoluna qədəm qoymağa müvəffəq olmuşdur. İqtisadi göstəricilərin dinamikasına
nəzər salsaq, çox aydın şəkildə görə bilərik ki, 1996-cı ilədək bütün iqtisadi göstəricilərin hər il aşağı düşməsi
onlarca, bəlkə də yüzlərcə faizlə ölçülürdü. Vəziyyət yalnız 1996-cı ildə sabitləşdi və iqtisadi artım başlandı. Bu
artım bu günədək davam edir. Azərbaycanda ümumi daxili məhsulun illik artımı son 7 ildə, orta hesabla, 10 faiz
təşkil edir. Ötən il bu göstərici 11 faizdən artıq olmuşdur. Ölkəyə böyük məbləğdə xarici
sərmayələr qoyulur ki,
bu da əlverişli sərmayə mühitinin və sərmayəçilərin respublikamıza olan inamının göstəricisidir.
Azərbaycan iqtisadi islahatlar, bazar iqtisadiyyatı siyasətini uğurla aparır. Bunu belə bir fakt aydın şəkildə
sübut edir ki, indi ÜDM-in 70 faizindən çoxu özəl sektorda formalaşır. Torpaq islahatı uğurla aparılmış və
bunun nəticəsində yüz minlərlə kəndli torpaq mülkiyyətçisi olmuşdur. Kənd təsərrüfatı məhsulu istehsalının
artımına nəzər yetirsək, bu sahədə islahatların nəticələrinin nə dərəcədə səmərəli olduğunu görə bilərik. Ölkəmiz
iqtisadi inkişafın bütün istiqamətlərində yüksəliş dövrünü keçirir və fərəhli haldır ki, iqtisadi və makroiqtisadi
göstəricilər ildən-ilə yaxşılaşır, əhalinin real gəlirləri artır, real əmək haqqı artır və təbii olaraq, sosial həyat
şəraiti yaxşılaşır.
*
Forumda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan–Rusiya İşgüzar Əməkdaşlıq Palatasının, Rusiyanın
Azərbaycandakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təşkil etdikləri forumda iki ölkənin işgüzar dairələrinin
nümayəndələri, o cümlədən Rusiyada yaşayan həmvətənlərimiz, dövlət qurumlarının, Rusiya regionlarının
nümayəndələri
iştirak edirdilər.
Rusiya Federasiyasının energetika və sənaye naziri, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə
hökumətlərarası komissiyanın həmsədri Viktor Xristenko da çıxış etdi.
144
Başlıca vəzifəmiz bazar xarakterli islahatları tam həyata keçirməklə yanaşı, sosial ədalət prinsipinə də əməl
etməkdir. Ona görə də, əgər Azərbaycan büdcəsinə diqqət yetirilsə, görmək olar ki, onun əksər hissəsi sosial
problemlərin həllinə, əmək haqqının, pensiyaların, müavinətlərin artırılmasına yönəldilmişdir ki,
vətəndaşlarımız öz maddi vəziyyətinin ilbəil yaxşılaşdığını hiss etsinlər. Eyni zamanda, Azərbaycan
iqtisadiyyatının vəziyyətini ümumən qiymətləndirsək, görərik ki, o, təbii olaraq, bazar prinsiplərinə əsaslan-
mışdır. Zənnimcə, hər bir cəmiyyətin inkişafının bu iki amilinin sintezi bizdə iqtisadi uğuru təmin etmişdir.
Azərbaycanın neft-qaz sektorunun inkişafında da böyük nailiyyətlər qazanılmışdır. Xəzərin Azərbaycan
sektorundakı yataqlara milyardlarla dollar məbləğində sərmayə qoyulmuşdur ki, bu da artıq öz müsbət nəticəsini
verir, gələcəkdə isə iqtisadiyyatımıza gəlirlərin çox böyük axınına gətirib çıxaracaqdır. Bu gün hökumətin
qarşısında iqtisadiyyata çoxşaxəli xarakter vermək vəzifəsi durur. Biz daim ancaq neft amilinə arxalana
bilmərik. Əlbəttə, ölkənin dolğun və hərtərəfli regional inkişafı naminə təbii ehtiyatlarımızdan, habelə
prezidentimiz Heydər Əliyevin uzaqgörən siyasətindən və neft strategiyasından istifadə etməliyik. Hazırda
2008-ci ilədək Azərbaycanın regional inkişaf proqramı qəbul olunmuşdur. Burada regionlarda həyata
keçiriləcək konkret layihələrə çox böyük diqqət yetirilir. Bu proqram şüar xarakteri deyil,
konkret əməli
xarakter daşıyır. O, mətbuatda dərc edilmiş və kitab şəklində nəşr olunmuşdur. Odur ki, hər bir rayon, rayon
qurumları bu proqramın nədən ibarət olduğunu və Azərbaycan hökuməti səviyyəsində, yerli orqanlar
səviyyəsində nə kimi addımlar atılmalı olduğunu bilirlər. Hesab edirik ki, biznesin fəal inkişafı, güclü orta sinif
yaradılması, neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmizin gələcəkdə uğurla inkişaf etməsinə
imkan verəcəkdir.
Əgər ölkədə sosial, ictimai-siyasi sabitlik olmasaydı, seçilmiş xəttin düzgünlüyünə əhalinin inamı olmasaydı,
düzgün siyasət aparılmasaydı, bütün bu planlar mümkün olmazdı. Bu amillərin hamısı var və bu, hökumətin
siyasi-iqtisadi islahatları gələcəkdə də arxayınlıqla həyata keçirə bilməsi üçün çox əlverişli şərait yaradır.
Təbii ki, Azərbaycan öz münasibətlərini qonşu ölkələrlə də, region ölkələri ilə də inkişaf etdirir və dünya
iqtisadiyyatına fəal inteqrasiya olunur. Bu baxımdan Rusiya ilə münasibətlərimiz öncül xarakter daşıyır. Qeyd
etdiyim kimi, siyasi etimad və qarşılıqlı fəaliyyət
çox yüksək səviyyədədir və bu, birgə iqtisadi layihələrin
həyata keçirilməsi üçün ən əlverişli zəmindir. Artıq qeyd olundu ki, əmtəə dövriyyəsi artır. Sevindirici haldır ki,
bu artım təkcə ötən il baş verməmişdir, inişil də təxminən 50 faiz olmuşdur. Biz bu göstəriciləri sıfırdan
başlayaraq deyil, artıq ciddi təməl əsasında yüksəldirik. Bu, iqtisadi münasibətlərimizin inkişafının
dinamikliyindən, sabitliyindən xəbər verir. Viktor Borisoviç qeyd etdi ki, əmtəə dövriyyəsini bir milyard
dollaradək artırmaq qərara alınmışdır və belə bir arzu vardır. Əminəm ki, bu vəzifə yerinə yetiriləcəkdir. Mən
hətta düşünürəm ki, biz daha irəli gedəcəyik, çünki bu gün Rusiya da, Azərbaycan da dinamik inkişaf edən
ölkələrdir. İndi bu ölkələrin potensiallarından fəal istifadə edilir. Hazırda biz iqtisadi inkişafımızın, bəlkə də,
müəyyən dərəcədə başlanğıc mərhələsindəyik. Odur ki,
ölkələrimiz nə qədər güclü, qüdrətli olarsa,
iqtisadiyyatlarımız nə qədər qüdrətli olarsa, təbii ki, biz daha sıx əməkdaşlıq, daha çox ticarət edəcəyik, müxtəlif
iqtisadi layihələri həyata keçirəcəyik. Ona görə də mən ölkələrimiz arasında iqtisadiyyat sahəsində
münasibətlərin bu cür inkişafına çox şadam. Bu gün elə layihələr həyata keçirilir ki, beş il əvvəl onlar bəlkə də
az real görünərdi. Bunların hamısı ona görədir ki, münasibətlərimiz üçün əsas olan əlverişli siyasi zəmin
mövcuddur.
Azərbaycanda Rusiya kapitalı ilə işləyən 300-dən çox müəssisə var və onların sayı ildən-ilə artır. Bu da
ölkələrimizin şirkətlərinin öz aralarında necə əməkdaşlıq etdiyinin mühüm göstəricisidir. Biz əməkdaşlığın daha
da genişləndirilməsində maraqlıyıq.
Bugünkü Rusiya–Azərbaycan iqtisadi forumu bu siyasi xəttin daha bir vəsiləsidir. Rusiya–Azərbaycan
hökumətlərarası komissiyası çox uğurla işləyir. Kağız üzərində qalan xeyli müxtəlif strukturlar,
komissiyalar,
təşkilatlar da mövcuddur ki, bunlar yalnız zahirən fəaliyyət göstərirlər. İndiki halda isə Rusiya–Azərbaycan
hökumətlərarası komissiyası real fəaliyyət göstərir, nəzərdə tutulan proqramları real surətdə həyata keçirir,
vəzifələri bənd-bənd müəyyənləşdirərək həll edir ki, bu da çox sevindiricidir.
Qarşılıqlı arzu, səy, hörmət, hətta deyərdim, xalqlarımız arasında qarşılıqlı məhəbbət olmadan buna nail
olmaq mümkün deyildi.
Azərbaycanı Rusiya ilə çoxdankı tarixi münasibətlər bağlayır. Sevindirici haldır ki, Azərbaycan müstəqillik
qazandıqdan sonra münasibətlərimiz daha sürətlə inkişaf etməyə başlamışdır. Çox mürəkkəb, çox gərgin dövrlər
də olmuşdur. Lakin münasibətlərimizi daim inkişaf etdirmək və möhkəmləndirmək səyi olmuşdur.
Münasibətlərimizin son dörd ildəki vəziyyəti Azərbaycan və rus xalqlarının bu siyasətə tərəfdar olduqlarına
parlaq sübutdur.
Siz Azərbaycanda Rusiyaya, ruslara, rus dilinə olan münasibəti yəqin ki, bilirsiniz.
Azərbaycanda təhsilin rus
dilində aparıldığı bir dənə də olsun məktəbin bağlanmadığını deməyə yəqin ki, ehtiyac yoxdur. Bu gün təhsilin
rus dilində aparıldığı 400-dən çox məktəb var. Azərbaycanın, demək olar ki, bütün ali məktəblərində dərslər rus
dilində də keçilir. Qəzetlər nəşr olunur, indi onların sayı Sovet İttifaqı dövründəkindən daha çoxdur. Bütün