Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə77/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   73   74   75   76   77   78   79   80   ...   99

 
 
297
Mustafayam, artıq ötübdü yaşım,  
Qəzanın işidi, ağarıb başım, 
Oğlanlarım olsun sənin qardaşın, 
Mərdlərə heç zaval olmaz, ay oğlum! 
Mustafa kişi sözünü qurtarıb dili ilə də dedi ki, oğlum,  heç 
qəlbinə  qaraltı  gəlməsin,  biz  bilirik  ki,  günah  mənim  oğlumda 
olub, ona görə də biz səni Musa Çavuşun yerinə qoyduq, bundan 
sonra  sən  də  mənim  oğlum  sayılırsan,  bu  oğlanlarım  da  sənin 
qardaşların  sayılacaq.  Mehralının  minib  gəldiyi  at  damğalı  idi, 
Mehralını tez ələ verə bilərdi. Ona görə də Mustafa kişi oğulla-
rına  tapşırdı  ki,  aparıb  bu  atı  azdırsınlar.  Düz  bir  ay  Mehralıya 
baxdılar. Sonra Mehralı daha burada qala bilmədi, vətən şirindi, 
vətəni  yadına  düşdü.  Getmək  üçün  Mustafa  kişidən  izn  istədi. 
Mustafa kişi dedi: 
–  Oğlum,  mən  səni  başa  düşürəm,  bilirəm  ki,  darıxırsan. 
Amma sənə məsləhətim var. Eşitmişəm ki, uruslar sənin haqqında 
fərman verib ki, könüllü təslim olsan sənə çoxlu ənam verəcəklər, 
özünü də edəcəklər knyaz. Belə şeylərə oğlum Musa Çavuş kimi 
suslama.  İnsanın  şərəfi  hər  şeydən  üstündür.  Bu  günə  kimi 
qeyrətli  ömür  yaşayıbsan,  bundan  sonra  da  belə  davam  et.  Heç 
kəsə boyun əymə. Yalnız ehtiyatlı ol. Ehtiyat igidin yaraşığıdı. 
 Sonra da Mehralıya yaxşı bir at, bir də Musa Çavuşun qılın-
cını  verdi,  xeyir-duasını  əsirgəməyib  Borçalıya  yola  saldı.  Altı 
qardaş  da  Mehralıyı  tək  qoymadı.  Ona  qoşulub  Arpa  çayı 
keçdilər, vardılar Ağbabaya, ordan da dağlarla-dərələrlə yol gedib 
gecənin birində özlərini yetirdilər Darvaza. Kənd əhli onları toy-
bayramla  qarşıladı.  Hamı  qonaqlıq  vermək  üçün  sıraya  düzüldü. 
Mehralı  bəyin  gəlişinə  ən  çox  sevinənlərdən  biri  o  tutulduqdan 
sonra Darvaza, evlərinə gəlib çıxmış sədaqətli atı Qarakötük oldu.  
Bu  o  vaxt  idi  ki,  Uruset-Osmanlı  davası  təzə  başlamışdı. 
Uruslar  qaçaqları  öz  tərəflərinə  çəkmək  üçün  dəridən-qabıqdan 
çıxırdılar.  Bu  məqsədlə  Mehralıya  da  çoxlu  məktublar  göndər-
mişdilər.  Amma  Mehralı  onların  təkliflərini  qəbul  etmirdi,  öz 


 
 
298
din,  dil  qardaşlarına  qılınc  vurmaq,  güllə  atmaq  istəmirdi.  Ona 
görə  də  Osmanlı  ordusunun  başçısı  marşal  Muxtar  Paşaya  bir 
namə  yazıb  xəlvəti  bir  adamla  göndərdi.  Mehralı  bu  məktubda 
görək nə yazdı, biz deyək, eşidənlər şad olsun: 
Muxtar Paşa, bir ərzim var sizlərə, 
Qəbul qılsan bir arkadaş bilərəm. 
İstəmirəm gavurlara qarışam, 
İzin versən, sizin elə gələrəm. 
 
Ta ölüncə vicdanımı satmaram, 
Müxənnətin kölgəsində yatmaram. 
Gavurlarla sizə güllə atmaram, 
Verərəm özümü selə gələrəm. 
 
Fələk qatıb Mehralının sərini, 
Pünhan saxla, bilməsinlər sirrini. 
Çağırmışam, ərənlərin pirini, 
Ölsəm də, müsəlman-türk tək ölərəm. 
Muxtar  Paşa  məktubu  oxudu  və  əvəzində  cavab  yazdı  ki, 
Osmanlı  ordusunun  sənin  kimi  igidlərə  çox  ehtiyacı  var,  ancaq 
əvvəlcə sənə Osmanlı Sultanının bir fərmanını göndərəcəm, onu 
Qafqazın  quzeyində  yaşayan  müsəlman  dağlılara  çatdırmalısan. 
Əgər bu tapşırığı yerinə yetirsən, onda biləcəm ki, bizlərdənsən 
və o zaman gözümüz üstündə yerin var. Mehralı Muxtar Paşanın 
tapşırığını  yerinə  yetirmək  üçün  gəldi  Qaraçöp  mahalının  Yor-
Muğanlı kəndinə. Bir neçə gün orada atasının dostu olan maha-
lın  hörmətli  və  mərd  ağalarından  Alı  Ağakişi  oğlunun  evində 
qonaq qaldı. Sonra da onun köməkliyi ilə Dağıstan və Çeçenis-
tan  dağlarına  qalxıb  Osmanlı  hökmdarının  məktubunu  çatdırdı 
oradakı naiblərə. 
Bundan  sonra  Mehralı  kəndinə  dönüb  Alosmana  keçmək 
üçün  başladı  hazırlığa.  Darvaz  dərəsində  qərar  tutan  12  para 
kəndin ruhanisi  Hacı  Molla Məhəmməd,  kənd ağalarından  Rəfi 


 
 
299
ağa, Bayram ağa, İdris ağa və Cəfər ağa, Darvaz kəndinin kənd-
xudası  Eyyub  oğlu  Alı  Mehralıya  uruslar  işgəncə  verməsinlər 
deyə  ən  yaxın  qohum-əqrəbasını  özü  ilə  aparmağı  məsləhət 
gördülər.  Mehralı  da  bu  ağsaqqalların  dediyi  ilə  razılaşdı.  Yır-
yığışdan sonra Mehralının qəfləsi Darvazda Hərşənin ocağını və 
Boyalı pirini ziyarət etdi, nəzir-niyaz verdi və hava qaralan kimi 
kənddən Şindilər dağına tərəf yol aldı. Bir az gedib Quyubulaq-
da  dayandılar.  Mehralı    bəlkə  sonuncu  dəfədi    deyib  Quyu-
bulağın suyundan doyunca  içdi  və ovuc-ovuc üz-gözünə vurdu, 
buradakı  ağacları,  daşları  öpdü.  Mehralının  Bahardan  bir  oğlu 
olmuşdu, adını Rüşdü qoymuşdu. Hələ çağa idi. Mehralı düşün-
dü ki, uşaq yolda ağlayıb onlara çox maneçilik edə bilər, uşağın 
səsini  duyub  onlara  zərər  yetirə  bilərlər.  Ona  görə  də  Bahara 
dedi  ki,  Rüşdünü  aparmaq  olmaz,  bəlkə  uşağın  bələyinə  çoxlu 
qızıl,  pul-para  qoyub  saxlayaq  bu  qoca  vələsin  dibində,  tapan 
olsa,  pula  görə  uşağa  dəyməsin.  Sizi  addadım  Arpa  çayının  o 
tayına,  sonra  qayıdıb  inşallah  Rüşdünü  apararam.  Bunu  eşidən 
Bahar ahu-nalə çəkib görək Mehralıya nə dedi: 
Ay Mehralı, and verirəm Allaha, 
Yalvarıram, gəl ayırma balamı. 
Aləmi xəlq edən o gözəl şaha 
Yalvarıram, gəl ayırma balamı. 
 
Aləmin təbibi, ədalət şahı, 
Külli aləmdə islamın pənahı, 
Təmənnam budur ki, çəkdirmə ahı, 
Yalvarıram, gəl ayırma balamı. 
 
Əzizdir Vətənin torpağı-daşı, 
Yunisi dəryadan qurtaran kişi, 
Balam çox uşaqdı, körpədi yaşı, 
Yalvarıram, gəl ayırma balamı. 
 


 
 
300
Baharın bulud tək gözü dolubdu, 
Ah-naləsi göyə bülənd olubdu, 
Bu bəlalar bizə haqdan gəlibdi, 
Yalvarıram, gəl ayırma balamı.  
Mehralı dedi,  indi  bir çağadan ötəri bu qədər  xalqı  badamı 
verək?  Bahar,  eləcə  də  Mehralının  qardaşı  İsa,  bacısı  Hürü  nə 
qədər  yalvardılarsa  Mehralı  həmişə  olduğu  kimi  dediyindən 
dönmədi.  Uşağı  sonra  gəlib  götürmək  ümidi  ilə  vələs  ağacının 
dibinə  qoyub  yaxınlarıyla  Alosmana  doğru  yola  düşdü.  Qəfilə 
bir qədər gedib Şindilər dağının ətəyindəki Sınıq körpüyə çatan-
da Bahar çağanın ayrılığına dözməyib hönkür-hönkür ağlamağa 
başladı.  Bunu  görən  baldızı  Hürü  gizlicə  döndərdi  atının  başını 
geriyə  və  qoyduqları  yerdən  götürdü  qundağı,  uşağın  dil-doda-
ğına  bal  çəkdi.  Uşaq  hıçqırıb  mışıl-mışıl  yatdı.  Sonra  da  Hürü 
qundaqla  bərabər  Mehralının  gözünə  görünmüyüb  qarabaqara 
başladı  köçü  izləməyə.  Qəfilə  Osmanlı  torpağını  keçdi.  Bir  az 
dincəlmək üçün dayandılar. Elə bu vaxt Hürü uşağı gətirib Meh-
ralının  qucağına  qoydu.  Mehralı  bacısını  bağrına  basdı.  Onun 
üz-gözündən  öpüb  dedi,  elə  bil  dünyanı  mənə  verdin.  İndi  gör 
ana  necə  olar  da.  Bahar  Hürünün  ayaqlarına  döşəndi.  Uşağını 
bağrına  basdı,  sevinci  həddən  aşdı.  Bir  az  dincələndən  sonra 
təzdən yola düşdülər.  
Beləliklə,  Mehralının  köç qəfiləsi  gəlib  çatdı  Çıldır  mahalı-
na,  ustadlar-ustadı  Aşıq  Şenliyin  kəndi  Suxaraya.  Bunları  görən 
Aşıq Şenlik tez qarşılarına çıxdı, evinə dəvət eylədi. Ustad deyir: 
–  Suxarada  Aşıq  Şenlik  qarapapaq  qəhrəmanı  Qaçaq 
Mehralının şərəfinə elə bir ziyafət düzəltdi ki, hələ indiyə qədər 
Alosmanda belə ziyafəti rüzgarın gözü görməmişdi. 
Aşıq Şenlik bildi ki, Mehralı Osmanlıya kömək üçün gəlib, 
odur ki, – əfəndim, sinəmə bir neçə xanə söz gəlib, izn verin sizə 
ərz  eyləyim  –  deyib  basdı  sineyi-sandığa  imrandilli  bülqurlu 
sazını. Aldı görək «Mehralı bəy atlıları» türküsündə nə dedi, biz 
deyək, siz şad olun: 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə