Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

319 
 
hər bir dönüşü vuruş aparan kütləmizin ürək döyüşü, can döyüşüdür. O, vuruşa 
uzaqdan baxır. Onun yaxasından tutmaq, onu ilk sıraya çəkmək lazımdır. O öz 
gözləri ilə görməlidir ki, onun qurşunu boşa çıxarsa, düşmən qurşunu onun alnını 
didəcəkdir. Yox, Turac, yox, bu çox çətin işdir. Bu vuruşdur, mübarizədir, burada 
mərhəmət yaramaz... Bacarırsan çalış, mənimlə vuruş, aslan kimi vuruş, görək tale 
kimi güldürəcəkdir. 
T u r a c. Yaxşı, gedək, qızım! Tale səni güldürür. Gülsabah, sən gül, hər sabah 
gül, mən isə hər axşam ağlayacağam. Gedək, qızım, atan burada yoxdur, evimizə 
getmişdir. 
 
Uşaq dinməz durur və anasının qabağına düşür. 
 
G ü l s a b a h (yerindən sıçrayır, uşağı qucaqlayır). Sən mənim ürəyimi əzdin, 
Turac. Nə etmək, bunu mən istəmirəm, bunu səhnə istəyir, bunu həyat istəyir. 
Yaxşı, qoy siz deyən olsun (Uşağa). Get, gülüm, get. Mən sənə söz verirəm ki, 
atan hələ bu gün sənin yanına gələcəkdir. İnan, Turac, ərin sənin yanına qayıdar... 
Var qüvvəmlə çalışaram, mən söz verirəm. 
T u r a c. Mənə  sədəqə lazım deyil (Gülsabaha bağlı bir paket verir). Onu 
görsəniz, bu kağızı ona verərsiniz. Gedək, qızım! 
 
Turac çıxır. Gülsabah olduğu yerdə hərəkətsiz qalır, uzaqdan kim isə həzin bir səslə 
oxuyur. Q ü d r ə t ağır və ölgün addımlarla içəri girir, dinməz və söyləməz olaraq
donmuş kimi yerində qalır. 
 
O x u y a n 
 
Bağlandı könül zülfi-pərişanına, ey gül, 
Tapşırdı özün qul kimi fərmanına, ey gül, 
Sən bağçada, sarmış bütün ətrafı tikanlar. 
Mümkün deyil enmək bu gülüstanına, ey gül. 
Sandım ki, səadət verəcəkdir mənə vəslin, 
Öldüm, dəxi yox taqətim hicranına, ey gül. 
 
Q ü d r ə t (inildəyərək) Getdi! 
Gülsabah kağızı dinməz ona uzadır. 
Q ü d r ə t (oxuyur). “Uşaq xəstə idi, pianinomuzu satmışam, bəlkə pulun 
yoxdur, deyə sənin üçün gətirdim...”. 
G ü l s a b a h. Artıq sən et! Qüdrət, get, qayıt öz ailənə! 


320 
 
Q ü d r ə t. Getmək, qayıtmaq!.. Haraya qayıtmaq! Yox, Gulsabah, artıq yol 
kəsilmişdir. Qayıtmaq mümkün deyildir. Nə etmək... Kamandan çıxan ox geri 
qayıtmaz. 
G ü l s a b a h. Get, Qüdrət, get, qayıt, bu yol çox qorxuludur. Sonu kim bilir nə 
ola bilər. 
Q ü d r ə t. Sən məni bir ər, bir ata kimi öldürdün, Gülsabah. Bu iş bir dastan 
kimi dillərdə  gəzir.  İndi bir də qayıtmaq,  əliboş, haraya? Yox, Gülsabah, mən 
qayıda bilmərəm, qoy əsərimi qurtarım. 
G ü l s a b a h. Qayıt, Qüdrət, sənin uşağın xəstədir. Bu axın dönməzdir, 
sonradan qayıda bilməzsən, gec olar, vaxt var ikən, dön, qayıt! 
Q ü d r ə t. Yaxşı, Gülsabah, mən gedərəm! 
Z a m a n (şad bir gülüşlə çıxaraq). 
Bölüyümüz komandanın ilk əmrini alınca, 
qazmasından sıçradı. 
Hədəf – qarşı təpəlikdə səngər tutan düşməndir! 
Ya təpədə ordumun sancağı!
1
 
Ya yurdumuz torpaqların qucağı! 
Bölük coşqun bir sel kimi nişan aldı, yüyürdü, 
Dörd tərəfdən od parladı, düzü duman bürüdü. 
Top səsindən atlar hürkdü, kişnədi; 
Təpəlikdən düşmən gördü, pulemyotlar işlədi. 
Mən tüfəngi umuzuma sıxaraq, gedirdim. 
Iki yandan od çarpaşır, düzən boyu axırdı. 
Pulemyotlar şaqqıldayır, yanar qurşun yağış kimi yağırdı. 
Hər addımda snaryadlar gurlayır, 
Dörd yanıma dəyirdi... 
Sanki ölüm cəhəngini açaraq, 
Mənə: – Qayıt, qayıt, qayıt, qayıt! – deyirdi. 
Sanki evim, ocağım, 
Gözlərini yola dikən 
Gənc gəlinim, uşağım, 
Ölüm, qurşun, vızıldayan güllələr, 
Ayaq altda yuvarlanan əllər, qollar, kəllələr 
Bir-bir beynimə girirdi... 
Hamı mənə bir ağızdan: Qayıt, qayıt! – deyirdi... 
                                                            
1
 
Bayrağı 
 


321 
 
Yox, qayıtmam, ölmək vardır, dönmək yoxdur bir yana, 
Hücum, hücum, hücum, hücum qarşıdakı düşmana! 
Arxamızdan toplarımız yaylım odu açdılar, 
Ilk sıralar ilk təpəni aşdılar. 
Düşmən susdu, pulemyotlar kəsildi. 
Qaçdılar, qaçdılar... 
Yolu kəsən maneələr yandırıldı, yaxıldı. 
Sancağımız qarşı dağda düşmənin səngərinə taxıldı. 
Əldə tüfəng dağ başında dayandım. 
Sanki düzlər gülümsəyib, 
Çiçəklərin üzərimə səpirdi. 
Sanki uzaq bir təpədən 
Doğan səhər günəşi 
Ilk şəfəqin göndərib, 
Bərk alnımdan öpürdü. 
Sanki mənə qızılüzlü geniş yurdum 
Bir ağızdan: – Fateh, fateh! – deyirdi. 
Çayı qaynada-qaynada əzbərləmişəm, Gülsabah. Yaxşıdırmı? 
 
Qüdrət əlində papağı, yorğun bir halda çıxıb getmək istəyir

 
Q ü d r ə t. Sağ ol, Gülsabah! 
G ü l s a b a h (bir həyəcanla). Yox, ölmək var, dönmək yoxdur!  
 
...Yolu kəsən maneələr yandırıldı, yaxıldı, 
Sancağımız qarşı dağda düşmənin səngərinə taxıldı. 
 
Getmə, Qüdrət! Ayaq altına tökülən cənazələr, başlar, qollar, kəllələr bizi 
yürüşdən qaytara bilməz. Basqına gedən əsgər evdə ki uşağını düşünərsə, düşmən 
ağ bayraqdan başqa heç bir şey görməz. Yaz, Qüdrət, yaz!.. 
X o s m ə m m ə d (Sapanla vuruşaraq, içəri girir).  Əl çək, adə,  əclaf oğlu 
əclaf, hələ ona görə qoşuldun mənə! Budur, Qüdrət əfəndi də buradadır. Dahı ona 
ki, sözün yoxdur. Salaməleyküm! Yoldaş Qüdrət əfəndi, sən olasan o balovun canı, 
bir mənə de görüm: bulvarnan şalvar qafiyədir, ya yox? 
Z a m a n. Çay hazırdır, Gülsabah! 
G ü l s a b a h. Qafiyədir, yoldaş Əliməmməd, qafiyədir (Pianinonun yanında 
oturur). 


322 
 
X o s m ə m m ə d. Yoldaş Gülsabah xanım, mən özüm qocaman artistəm, 
talant da məndə  nə  qədər istəsən vardır. Mən görürəm, ki, sizin sözünüz haqdır. 
Neçə kərəm mənə söz vermişsiniz, xəlvətdə fikir eləmişəm, görmüşəm, hələ yaxşı 
çıxır, ancaq mənim bu yoldaşlarım Kufə camaatıdır. Bir də, budur, hələ bu Sapan 
kəsmiş, adını görmürsən, Sapan, yox bir rezinkə, mantkrest... Hə, mən xahiş 
edirəm ki, məni incitməyəsiniz, siz hər nə cür desəniz, mən də o cür oynaram. 
Ancaq, deyəsiniz, mənim rolumu özümə versinlər. 
G ü l s a b a h. Mən nəçiyəm, yoldaş Əliməmməd! Rolu rejissor verir. Sənin 
rolunu dəyişdirən Bayramdır. Onu da ki, çıxartdılar. 
X o s m ə m m ə d. Yox, təzədən götürdülər partiyadan kağız gəldi, götürdülər. 
Vallah, Quran haqqı, bağa gedəndə sizin üçün bir yekə səbət əncir gətirərəm. Məni 
yoldaşlarımın yanında geri qoyma. 
Z a m a n. Bu yaxşı oldu! Çox yaxşı oldu! Demək, biz tək deyilik. Stəkanını 
bəri ver, yoldaş Xosməmməd... 
X o s m ə m m ə d. Vallah, yoldaş Gülsabah, yaxşı da düşmür, səbətiniz varsa, 
verin, bağdan gələndə sizin üçün üzüm də gətirim. 
G ü l s a b a h. Əncirdən, üzümdən bir şey çıxmaz, yoldaş Əliməmməd. Sən 
ondansa, çalış, öyrən, öz sənətini öyrən. Öz sənətini yaxşı bilməyən bir usta, bir 
yaradıcı ola bilməz. O daima başqalarının işini təkrar edər. 
X o s m ə m m ə d. Öyrənərəm də, öyrənərəm də... hər nə desəniz, öyrənim də... 
Budur, şeir də yazmışam. 
S a p a n. Eh, çox da yazmışsan, nə vəzni var, nə qafiyəsi. 
X o s m ə m m ə d. Eh, əclaf oğlu,  əclaf, yalançının atasına lənət. Yoldaş 
Gülsabah, sən olasan o əziz canın, bulvarnan şalvar qafiyədir, ya yox? 
S a p a n. Yenə bulvarnan samovar olsaydı, dərd yarı idi. 
Z a m a n. Mənim ruhum yüksəldi. Deməli, Bayramı götürdülər  (Bir ruh 
yüksəkliyi ilə oxuyur). 
Axan çaylar, sən kiminsən? – Mənə körpü salanın! 
Doğan günəş, sən kiminsən? – Məndən işıq alanın! 
Sonsuz fəza sən kiminsən? – Məndən qanad çalanın! 
Həyat, söylə sən kiminsən? – Mən həyatı öyrənənin, 
bacaranın, alanın! 
X o s m ə m m ə d (dəftərini çıxararaq). Bunun qafiyəsi gəlir, qalanın, talanın, 
alanın, balanın, xalanın, fırlananın, tullananın... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə