95
- Kimi dediniz?
- Nazimə! Burada tərbiyəçidir. Nazimə kənardan bunlara baxırmış,
uşağın yıxıldığını görəndə, arvad özünü irəli atıb, göydə onu top kimi tutub.
Özü yıxılıbsa da, uşağa bir şey olmayıb.
- Deməli salamatdır?
- Bəli, salamatdır, ona heç nə olmayıb.
- Bəs gəlin nə üçün ağlayırdı?
- Necə ağlamasın? Uşağın düşdüyünü görən kimi özündən gedib.
Ağlamazmı? Mənim ürəyim hələ yerinə gəlməyib. Uşaq salamat
qurtaranda, elə bil, dünya bizim oldu. Adam istəyir yaxşılıq olsun, ürəklər
xoş olsun!
"Nazimə!" Bu ad mənə tanış idi, ancaq mən tanıdığım Nazimənin
buralarda olacağını güman etməzdim. Tərbiyəçi sözünü qurtarıbmış kimi,
əllərini önlüyünün cibinə qoydu və içəriyə baxıb, yavaşca mənə işarə elədi:
- Budur, Nazimə özü gəlir.
Mən dönəndə gördüm ki, odur, özüdür.
- Nazimə, siz hara, bura hara? - deyə soruşdum.
O gülümsədi:
- Mənim əsil yerimdir, burada işlədiyim az qala beş il olur.
- Bu gün, - dedim, - hamı sizin igidliyinizdən danışır...
- Uşağı bir xoşbəxt təsadüf saxladı, mən də bir səbəb oldum.
Neçə il əvvəl, biz Ozan küçəsində yaşayanda, həmin bu Nazimə
qonşumuz idi. Ucaboy, üzü xallı, qarayağız, həmişə yeyin yeriyən bir
qadın idi. Bəzən qapımızı bərk-bərk döyər, sanki vacib bir iş üçün tələsik
evə girib, üzünü anama tutar, mərhəmət uman bir səslə deyərdi:
- Xeyransa, darıxıram, darıxıram, ay bacı!
Mən tez patefonu götürər, ya tarı əlimə alardım. Anam məni danlardı ki,
sən öz işinə get!
Sonralar bildim ki, Nazimə ancaq öz evlərində darıxır, anam da, başqa
qonşular kimi, uşaqlarını onun gözündən yayındırır.
Qadının dərdi nə idi?
Nazimə on beş ildən artıq idi ki ərə getmişdi. Əri saatsaz Əli arvadını
sevirdi; özü başıaşağı, dinc və pul qazanan bir kişi idi. Demək olar ki, iki
nəfərdən ibarət olan bu ailənin heç zaman və heç nədən korluğu olmamışdı.
Əli evini zəmanəyə layiq qurtarmaqdan başqa, Naziməyə də hər cür paltar
və zinət şeyləri almışdı. Hər qış onu kəndə, atası
96
evinə qonaq göndərər, hər yayı Şimali Qafqaza, mədən sularına müalicəyə
aparardı. Ancaq bunların heç biri Naziməyə təsəlli deyildi. Çünki
Nazimənin övladı yox idi. O, evdə oturduğu zaman döşənmiş, bəzəkli
otağını dərin və daimi bir sükut içinə batmış görərdi və bu zaman bilməzdi
nə etsin. Öz əli, öz səliqəsi ilə düzdüyü ev şeyləri - çarpayıdan tutmuş
sandığa, xalçalardan tutmuş gümüş qablara qədər, hər şey dərin sükut içində
sahibinə baxıb, sanki soruşurdu:
- Bizi
kimə tapşırırsan? Hanı sənin balaların? İllər ötdükcə Nazimə
bu hissin ağırlığını daha artıq duyurdu. Bədənnüma güzgü qabağında
dayanıb başını darayanda, saçlarındakı ağ tükləri görəndə sinəsindən sərin
və dərin bir ah qopurdu. Ona elə gəlirdi ki, bura, bu bəzənmiş və həmişə öz
səliqəsində qalan otaq ev deyil, qocalmaq, ölümü gözləmək üçün bir
tənhalıq guşəsidir. Eyvana çıxar, çiçəyini təzəcə töküb, meyvələrini
böyütməkdə olan ərik ağacı gözünə sataşardı. Dayanıb ətrafı dinləyəndə,
haradansa gülən, ya oynayan uşaqların səsi ucalanda,Nazimə saatlarla
dinləmək istərdi. Səslər sönüb uzaqlaşanda Nazimə tez həyətdən çıxar,
şəhər küçəsinin izdihamına səssizcə qarışardı.
Naziməni uşaq bağçasında xidmətə məcbur edəndə də ancaq bu ehtiyac
olmuşdu. O burada, uşaqlar arasında bir tərbiyəçi kimi keçirdiyi vaxtda
özünü ana kimi duyur və xoşbəxt hiss edirdi.
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim.
Naziməni görmədən qayıtmaq istədim. Mən onu balaca otaqda ahıl bir kişi
ilə oturub söhbət edən gördüm. Bu onun əri idi. Hər ikisi ayağa qalxıb, məni
çağırdı:
- Buyurun!
Qadın nə qədər israr etdisə, içəri girmədim.
- Buyurun, nə qulluğunuz var?
- Xoşbəxt olasınız, sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə
olsun, - deyə dil tökdüm.
- Arxayın olun, mən ona öz balam kimi baxıram.
Nazimə "bala" sözünü elə şirin, eyni zamanda elə bir həsrətlə dedi ki,
özü də utandı.
Mən razılıq elədim.
- Sizin qayğıkeşliyinizi görmüşəm, - dedim. - Siz baxan uşaq ana qüssəsi
çəkməz.
Nazimə başını aşağı saldı, üzü dalana baxdı. Mən gördüyüm hadisəni
xatırlatmaq istəyirdim.
97
- Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı?
Nazimə fərəhləndi, üzündə təbəssüm oynadı, gözləri parıldadı.
- Oğulluğa götürmüşəm, - dedi. - İdrisi oğulluğa götürmüşəm.
Hər həftə uşağı bizə gətirirlər.
- Necədir? Sizə "ana" deyib yovuşurmu?
Bu sualdan qadının üzündəki təbəssüm küləkdən sönən bir şam kimi
söndü. Simasına kədərli bir qaranlıq çökdü, kirpikləri uzun gözlərini yerə
dikmiş halda, soyuq bir ah çəkib, "bəli!"dedi və qapını açıb, ərinə baxdı:
- Vaxtdır ha!
- Bu saat.
Kişi bu sözü deməmişdi ki, tənəffüsün bitdiyini bildirən zəng səsi bütün
binanı başına aldı.
Mən sualımdan peşman oldum.
- Hər birimiz sənə oğuluq, - deyə Nazimənin kədərinə cavab vermək
istədim.
- Əlbəttə ki, - dedi, - böyütdüklərimin hərəsi mənə bir oğul kimi əzizdir.
Zəng səsinə yerlərindən qalxıb həyətə tökülən, əl-ələ verib oynayan
uşaqları görən kimi Nazimənin bütün ələmləri dağıldı; üzü güldü.
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları
Nazimə sanki əfsunla ələ alır, sakit edir, yoluna qoyurdu. Tərbiyəçi və
xidmətçilər çox uşağın anasından qabaq Naziməni çağırır, onunla
danışırdılar. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz
görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən
olmamışdı. "Uşaq səsi mənim ürəyimi açır", - deyərdi. Müxtəlif yaşlı,
müxtəlif xasiyyətli, müxtəlif tələbli uşaqların bir-birinə qarışan səs-küyü
başqalarının qulağını qıdıqladığı halda, Naziməyə nəşə verərdi. Bəzən o,
qanadını açmış cücəli toyuq kimi həyətin ortasında dayanar, ətəklərində
sallanan balalarının sözlərinə, qışqırtılı söhbətlərinə sakitcə qulaq asardı.
Onların nazı ilə oynamaqdan, onların qarşısında, yeri gələndə, bir uşaq kimi
kiçilməkdən çəkinməzdi. O, uşağın sakit baxmasından, dil açıb
danışmasından, gülümsəməsindən, oynamasından, hətta ağlamasından
böyük bir həzz alardı. Birisini razı salıb susdurduqdan sonra, başqa
şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir üsulla onun könlünü
açmaq istərdi.
Dostları ilə paylaş: |