Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   55   56   57   58   59   60   61   62   ...   70

_______________ Milli Kitabxana _______________ 
237 
 
Zeyd gəlib gülabla ənbər yetirdi
O qoşa baharı cana gətirdi. 
Elə ki, huşları qayıtdı yenə 
Dinməzcə baxdılar biri-birinə, 
Leyli utanaraq, qızardı gül tək, 
Torpaq qəribinə yaxın gələrək, 
Əlindən yapışıb çəkdi iləri, 
Çadrına apardı o gözəl pəri. 
Onu çadırında oxşadı nazla, 
Ovutdu qəlbini min bir avazla. 
Zeyd məhrəm kişiydi, həm də mehriban
Əmr-As olmağı atıb ortadan, 
Qapının ağzında o da halqa tək, 
Haman vəhşilərlə əyləşmişdi tək. 
Hərəmi dörd yerdən tutan heyvanlar 
Onun ətrafında çəkmişdi hasar. 
Havada milçək də uçsaydı əgər, 
Tutub parçalardı onu vəhşilər. 
Orda vəhşiləri görən bir insan 
Yaxına gəlməzdi can qorxusundan. 
O bağlı qapını görüb bu saat, 
Heyrətə düşmüşdü bütün camaat. 
Həqiqi eşqdir, - deyirdi hər kəs, - 
Ona bulaşmamış şəhvətlə qərəz. 
Bu həqiqi sövda düşəcək dilə
Ona ram olmuşdur vəhşilər belə. 
Ona vəhşilərdən dəyməyir zərər, 
Yoxdur xilqətində vəhşətdən əsər. 
Qəlbində vəhşəti boğduğu üçün, 
Durmuş xidmətində vəhşilər bütün. 
Bu torpaq nəslinin sövdası, aşkar, 
Paklıqla yaranıb tutmuşdur qərar. 
Bu gün naləsini eşitdiyimiz 
Hər iki aşiqə nəzər salaq biz. 
Əldə içilməmiş qədəhlərindən 
Bu xarab, o biri sərxoşdur, bilsən! 
"Artıq qucaqlaşın" deyirkən zaman, 


_______________ Milli Kitabxana _______________ 
238 
 
Bu əldən getmişdi, o biri huşdan. 
Bu eşq dəlilikdən törənməmişdir, 
Dünyaya dərs olan nadir bir işdir. 
Kim ki, hal əhliydi, dadmışdı dərdi, 
Evində onlardan söhbət edərdi. 
O bağlı xəzinə, ətrafı hasar, 
Durmuşdu yanında gənc xəzinədar. 
O əziz qonağın eşqiylə durdu, 
Onu bəzəndirib min ziynət vurdu. 
Öz gözəl saçının həlqələrindən, 
Ona çalma hördü o nazik bədən. 
Diyləmi sakitcə görüncə o yar, 
Qıvrım saçlarından geydirdi paltar. 
Onu qəlb evinə eylədi sultan
Həmail qolunu saldı boynundan. 
Sonra da bərk basdı bağrına birdən. 
Iki gül cücərdi bircə qönçədən. 
Onu kökləmədən, mizrabsız çaldı, 
Şərabsız, öpüşsüz ağlını aldı... 
Zəncirdən açıldı əlif ilə lam, 
Üzdən bir-birinə yapışdı tamam, 
Iki əyilmiş xətt, artıq öpüşdü, 
Bütöv bir dairə şəklinə düşdü. 
Ədlin tərəzisi bərabər olcaq 
Quş qanad gətirdi, uçmadı ancaq. 
Iki şam bir teştdə yıxıldı, bilsən, 
Ruhları bir idi, birləşdi bədən. 
Iki sap bir tovda eşilmiş oldu, 
Iki sürahi də bir sudan doldu. 
Iki lay vuruldu bir qapıya tən, 
Iki göz yarandı bir baş üstündən. 
Birləşdi bu zaman uzaq qütblər, 
Bir nurla parladı o iki səhər. 
Könülləri yanmış o iki dildar 
Bir gecə bir gündüz belə qaldılar, 
Nə onun, nə bunun qalmışdı huşu, 
Ortadan uçmuşdu ehtiras quşu. 


_______________ Milli Kitabxana _______________ 
239 
 
Onlar özlərinə gəldiyi zaman 
Şahin uçmuş idi, şah da arxadan. 
Çadırdan bayıra çıxmışdı canan, 
Onun keşiyində dururdu soltan. 
Yığışıb köçmüşdü sarayından şah, 
Tacı da, taxtı da boş qalmışdı, ah! 
Məhəllə əğyardan boşalmışdı, bax! 
Orda sevgililər qalmışdı ancaq. 
Məcnun o cananı hazır görərək, 
Evi danışıqdan boşaltdı, gerçək. 
Özü də halqa tək qapıda durdu, 
Məcnunun gözüydü Leylinin yurdu. 
Elə ki, qəlbində yer verdi ona, 
Qapıçı olmağı aldı boynuna. 
O iki qazanın isti dodağı 
Kasa tək lal idi bu visal çağı 
Əsincə behiştdən sərin bir külək 
O iki alovu söndürdü şam tək. 
Eşq gəlib, üzərlik yandırdı dərhal, 
Ağızlar bağlandı dillər oldu lal. 
Iki divardaki iki naxış tək, 
Onlar hərəkətsiz dururdu, gerçək. 
Ürək sözlə dolu, bağlıydı dillər, 
Sanki ağzı bağlı bir kuzəydilər. 
Onların eşqiylə dolmuşdu cahan, 
Nitqi açılmazdı heç kəsin bir an. 
Nə qədər vardısa qəmi-intizar, 
Gecələr şam kimi dil açardılar. 
Elə ki, visalla açıldı səhər, 
Kəsildi şam kimi danışan dillər. 
Dilin bəlasıdır uzunçu olmaq
Ariflər işidir sükuta dalmaq. 
Xəzinə qızıldan olduqca kənar, 
Qapısı daima qıfılsız olar. 
Onu qızıl ilə doldursa insan, 
Xəzinə qapısı bağlanar hər an. 
Qəmzələr diliylə o nazlı dilbər 


_______________ Milli Kitabxana _______________ 
240 
 
Deyirdi qəlb açan xoş bədihələr: 
"Ey on dilli süsən, sənə nə olmuş? 
Mənim dərdimdənmi dilin tutulmuş? 
Sinədən söz deyən bir şeyda bülbül 
Dinməz il uzunu, açılmasa gül. 
Lakin, gül üzünü gördüyü zaman 
Bir deyil, oxuyar min yeni dastan. 
Sən dünya bağında şeyda bülbülsən, 
Visala can atan gül kimiyəm mən. 
Bu visal günündə hanı həvəsin? 
Ağzın qıfıllıdır çıxmayır səsin". 
Qanlı göz yaşında boğulub gedən 
Məcnun alovlu bir dil açdı birdən: 
"Ey sənəm, qənd kimi dodağın vardır, 
Deylimi bağlayan o dodaqlardır... 
Düşün ki, ağzımda dil yoxdur, canan! 
Dil deyil, bir tükdür bu dilim, inan. 
Camalın şovqunda qəm çəkə-çəkə, 
Tüküm dilə döndü, dilim də tükə
112

Qapında bir tükün dil olmasından, 
Dilin tük olmağı yaxşıdır, inan. 
Səninlə tük kimi danışmaq üçün, 
Qoy dilim tük kimi incəlsin hər gün. 
Sənə can satmaqda mahirəm, ey yar, 
Sənə dil satmasam, daha xoş olar. 
Qoy sinə məlhəmi çox olduğundan 
Işdə dil yarası olmasın, canan. 
Axtaran bir hərif uzundil olar, 
Tapınca nə dili, nə sözü qalar. 
Mənim də tapdığım sənsən, ey sənəm, 
Sənin də quyuya saldığın mənəm. 
Mənimçin sən varsan özümdən əvvəl, 
Çünki mənim deyil, sənindir bu əl. 
Nəçiyəm, de kiməm mən talei kəm? 
Dünya şahiddir ki, sənin kölgənəm, 
Özümü hər sayda heç bilirəm mən
Heçə bənzəyirəm bu heçkəslikdən... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə