Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

_______________ Milli Kitabxana _______________ 
258 
 
BATDADLI SƏLAMIN İKİNCİ DƏFƏ MƏCNUNUN  
GÖRÜŞÜNƏ GƏLMƏSİ 
 
Verir bu tarixi yazan bir nəfər 
Ərəb məxəzindən belə bir xəbər; 
Səlam o aşiqin ziyarətinə 
Gəlmək xəyalinə düşmüşdü yenə. 
Qalxıb yol getməyə üz qoydu Səlam, 
Bir ay dağı, daşı dolaşdı tamam 
Atını hər yana sürdü bir zaman, 
Axtarıb tapmadı ondan bir nişan. 
Axır bir dərədə rast gəldi ona 
Daşdan ayaqları qabar Məcnuna. 
Halı dəyişmişdi onun büsbütün, 
Tamam qol-qanadı sınmışdı o gün, 
Bir neştər olduqca hər ötən tikən
Könül yarasıyla dolmuşdu bədən. 
Zavallı, Səlamı gördüyü zaman 
Sordu: "Ey cavanmərd, söylə, hardansan?" 
Səlam: "Mənəm - dadi, gəlmişəm xəstə, 
Səninçin qalmışdır gözüm yol üstə" 
Məcnun bu sözlərə qulaq verərək, 
Səlamı tanıyıb qucaqladı bərk 
Qovdu vəhşiləri onun yolundan, 
Suyu oddan çəkdi, kölgəni nurdan... 
Dedi ki: "Yenəmi zəhmət çəkmisən? 
Səni ki, əvvəldə incitmişdim mən. 
Mən qəm xəstəsiyəm, sənsə nazənin, 
Nə məqsəd daşıyır belə gəlməyin? 
Əvvəl ki, baxmadım mən sən deyənə
Mənə söz deməkmi fikrin var yenə? 
Indi ki, gəlmisən sən, ey mərd ürək! 
Ayıbdır gələnə "dur qayıt" demək. 
Arzunu aç, de ki, mən əməl edim, 
Məqsədin nədirsə, o yolla gedim". 


_______________ Milli Kitabxana _______________ 
259 
 
Səlam salamını yetirib ona, 
Təşəkkür bildirib, dedi Məcnuna: 
"Sənin nemətinlə dolanıram mən, 
Inan ki, səcdəyə, şükrə layiqsən. 
Qabaq göstərdiyin gözəl lütflər, 
Mənə dövlət idi xəzinə qədər. 
Çünki sinəndəki gözəl təbindən 
Mənə bir xəzinə bağışladın sən. 
Inci qəsidələr dediyin zaman 
Əlim də, ağzım da dolardı, inan. 
Yenə də gəlmişəm sən olan bağa, 
Gəlmişəm bağından meyvə yığmağa. 
Əgər zəhmət çəksən, qəbul edərəm, 
Olmasa, yenə də razı gedərəm. 
Bu dəfə nə üçün düşdün həvəsdən? 
Təəccüb edirəm bu halına mən. 
Söylə dərdinmi var, bunun sirri nə? 
Bu il bənzəmirsən keçən ilkinə. 
Görürəm, sınmışdır şadlıq qanadın, 
Azalmış əvvəlki şurun, fəryadın. 
Danış, öz işlərin necə haldadır? 
Sevgilin necədir, nə xəyaldadır?" 
Dost suallarını dinləyib həmən, 
Yenə işdən düşdü incəldi bədən. 
Yenə xatirinə düşdü o sənəm 
Məcnun çox ağladı gözlərində nəm, 
Soyuq bir ah çəkib bəlalər yedi. 
"Ah, dərddən ciyərim alışdı" dedi. 
Dostum! Nə deyirsən? Başqadır zaman, 
Məndən sevgilimi xəbər alırsan? 
Torpaq altındadır indi sevgilim, 
Yox, yox, bu yalandır, qurusun dilim. 
Vəfadan yoğrulmuş o gözəl mələk 
Behişt qapısıdır qapısı, demək 
Sevgilim öldüsə, yanır çırağı, 


_______________ Milli Kitabxana _______________ 
260 
 
Mənisə öldürmüş onun bu dağı..." 
Bu varaq üstünə nə sözlər saçdı 
Hər söz üstündə də varaqlar açdı. 
Səlamın əlindən tutub apardı, 
Yenə də Leylinin qəbrinə vardı. 
Dedi ki: "Bax, budur dediyim pəri, 
Canımdan əl çəkdim ondan ötəri". 
Səlam çox dinlədin bu nalələri. 
Məcnun sevgilisiz qalandan bəri. 
Novhəsi, fəryadı sinə dağladı, 
Səlam da bir yanda durub ağladı. 
Qanlı sular tökdü gözündən, bilsən! 
Axdı qan bulağı hər kirpiyindən. 
Sonra üz tutaraq xəstə Məcnuna, 
Qəm yeyib, təsəlli verirdi ona: 
"O behişt gülüdür mənim də qəmim. 
Könül dəryasında qərq oldu gəmim. 
Canım dərdə düşdü səndən ötəri, 
Çünki bu ildırım çaxandan bəri 
Bir üzün yandısa sənin bu oddan, 
Vallah, tamam yandı məndəki bu can!" 
Bu cür fəsahətlə o təmiz ürək 
Aşiq yarasına duzlar səpərək, 
Tamam iki-üç ay yanında qaldı, 
Qəlbini oxşayıb, dərdini aldı. 
Tanış olduqları on ildən bəri 
Onun söylədiyi bütün beytləri: 
Qitədir, qissədir, şerdir deyə, 
Köçürdü hamsını bir dəftərçəyə. 
Yazdı o sözləri çox sevə-sevə
Sonra izin alıb qayıtdı evə. 
Ondan aldığını nəqş edib yada, 
Bir töhfə gətirib, gəldi Bağdada. 
 
 


_______________ Milli Kitabxana _______________ 
261 
 
LEYLİNİN QƏBRİ ÜZƏRİNDƏ  
MƏCNUNUN ÖLMƏSİ 
 
Məşhur söz ustası, o söz Loqmanı 
Böylə tamamlayır bizim dastanı: 
O xırmanı yanmış alışıb söndü, 
Göz yaşından olan xırmana döndü. 
Insafsız fələyin əl dəyirmanı 
Üyüdüb apardı haman xırmanı. 
Çünki, zəif düşdü get-gedə bədən, 
Daha gücsüz oldu o əvvəlkindən. 
Canı ayağından dodağa çatdı, 
Günü axşam olub zülmətə batdı. 
Sızlayıb ahları göyə yüksəldi, 
Torpaq gəlininin yanına gəldi. 
O hasarlı qəbrə üz qoyub yatdı, 
Gəmisi bulanıq bir suya batdı. 
Xəstə qarınca tək başı fırlandı, 
Yaralı ilan tək qıvrılıb yandı. 
Iki-üç beyt dedi qəmlə, möhnətlə, 
Iki-üç göz yaşı, tökdü həsrətlə. 
Sonra da göylərə tutub üzünü, 
Əl açıb o zaman yumdu gözünü: 
"Ey bütün aləmi qurub xəlq edən! 
Səni əzizinə and verirəm mən, 
Al dərdli canımı ya pərvərdigar! 
Məni sevgilimin yanına apar! 
Bu canı bərklikdən özün azad et, 
Apar o dünyaya könlümü şad et". 
Deyib bu sözləri, baş qoydu yerə
Qəbri qucaqladı o birdən-birə. 
Cananın qəbrini öpdükdən sonra, 
Dost! - deyib, canını tapşırdı ona. 
Keçdi bu körpüdən axır ki, o da, 
Bu yoldan keçməyən varmı dünyada? 
Elə bir yoldur ki son başı ədəm, 


_______________ Milli Kitabxana _______________ 
262 
 
Onun bəlasına düşəcək aləm... 
Belə uçurumu olan ruzgarda, 
De, kimin həyatı qalmayır darda? 
Deyin, tüstülənib yandıqca ruzgar, 
Onda qovrulmayan bir yaramı var? 
Hər yara üstündə qəm damğası var, 
Zülmün dırnağıyla didilir onlar. 
Ey çolaq eşşəyi bu dəyirmənin, 
Üzün kəhrəbadan sarıdır sənin. 
Uzaqlaş fırlanan bu dəyirmandan, 
Çıxmaz azadlığa onunla insan. 
Bir evdə olduqca sel təhlükəsi, 
Qalx ki, yaxınlaşır o selin səsi. 
Hələ sındırmamış körpünü fələk, 
Dəvəni körpüdən kənara tez çək! 
Dünyanın göbəyi yellə doludur
Yel də ki, bir heçdir, heçlik yoludur. 
Yelə bağlı olan bu diriliyə 
Çox da bel bağlama dirilik deyə. 
Tələs ki, rahatlıq getdi dünyadan, 
Çox yavaş sürmə ki, getmişdir karvan. 
Qan içən bu yeddi başlı əъdaha 
Dövrəndə ilandır, açılmaz daha. 
Özünə bir diqqət yetirsən əgər
Bürümüş dövrəni bu əъdahalər. 
Bu qoca dünyanı zənn etmə fağır, 
Qarı görünsə də, bir əъdahadır. 
Bu dünya oğrudur, köçünü tez çək, 
Bu cığal oyunçu daş gizlədəcək. 
Gəl əyri vurma ki, sən mümkün qədər, 
Əyri zərbələrin özünə dəyər. 
Qorxma öz könlünü elə abadan, 
Yaqut ye, zərrəcə qorxma vəbadan. 
Ağalıq atından aşağıya en, 
Bir zəiflik göstər acizliyindən. 
Taki əcəl şiri can alsa yenə, 
Baxıb rəhmi gəlsin acizliyinə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə