Microsoft Word Rehim m son doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə116/137
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1489
1   ...   112   113   114   115   116   117   118   119   ...   137

 
297
mifik mənzərəsini və izahını verməyin bir şəkli idi, əvvəllər mistik bir 
fəaliyyət idi. Ona görə də qədim dillərdə olan qəhrəmanlıq dastanları bir 
şəxsdən və bir süjetdən ibarətdir. Bu da vahid bir qəhrəman-hökmdar 
bütünə bağlılığı, yəni yazılı dini kitablardakı birallahlıq tendensiyasını 
təmsil edirdi. 
Keçən eradan əvvəl VI əsrdə yaşamış ilk bütpərəst tarixçi sayılan 
Heredotun “Tarix” əsərində və ondan sonraki yunan-Roma tarixçilərində 
də hələ mif və tarix ayrı deyildir. Ona görə də Heredotu da müasirləşdir-
mək və müasir tarixin atası adlandırmaq bir qədər  şərtidir. Onun tarixə 
baxışı mifoloji xarakterlidir. Lakin yunanlara qonşu olan xalqlar haqqında 
qeydləri isə bütpərəst səyyahın müşahidələridir.  
Tarixi şəkildə baxsaq eyni bir hökmdar-qəhrəman mifinin yazılı və 
şifahi variantlarının taleyi və  bəşər mədəniyyəti tarixində rolu müxtəlif 
olmuşdur. Bu mifin yazılı variantından bütün müasir fasiləsiz mətn 
mədəniyyəti və yazılı mədəniyyət yaranmışdır. Bütün sonraki sivilizasiya 
bir kitabdan, bir kitabın kəlamından doğmuşdur. Sonra yaranan kitabların 
hamısı bu kitaba uyğun, onun şərhi və davamı olurdu. Belə ehkamçılığın 
iki qütbü vardı: bu bir tərəfdən azad fikir üçün buxov idi, o biri tərəfdən 
isə  mətn mədəniyyətinin identikliyini, mədəniyyətin bəşəriliyini təmin 
edirdi. Bəşərilikdə bir ehkamlıq var, amma bu ehkam həm də yeni-yeni 
xalqların bu ehkama vahid mədəni kod və müqavilə kimi daxil olmasını 
təmin edirdi. Bu çox zaman monoteizmin qəbulu kimi baş verirdi: lakin 
bu məsələnin formal tərəfi idi, mahiyyətcə isə monoteist mətn mədəniy-
yəti dünyəvi bir kod idi və ona daxil olan xalqlar bütün sivilizasiyanın 
sahibi olurdular, onun qapısı onların üzünə açılırdı. Monoteizmə  qədər 
mövcud olmuş yazı  mədəniyyətlərinin məhv olması onlar üzərində 
ümumbəşəri bir mədəni kodun yoxluğu idi. Bu kod vahid köklü və vahid 
allah mifini daşıyan fasiləsiz mətn mədəniyyəti idi. 
Qəhrəman hökmdarlar barədə yaranan mətn ənənəsinin ikinci inqi-
labi nəticəsi qədin yazılı dillərin  əsasında tayfa ləhcələri materialından 
ümumişlək xalq danışıq dillərinin ilk formaları oldu. Bu formalar hə-
mişə və hər yerdə sabit mətn bilgisinin əsas nəticələrindən biri kimi, yazı-
nın  şifahi danışığa  əks təsiri kimi yaranmışdır. Ümumişlək xalq danışıq 
dillərinin yaranması və müəyyən məntəqələrdə yayılması inqilabi nəticələr 
verirdi: anlaşıqlı dilin olması dövləti möhkəmlətməyə və onun hakimiyyə-
tini yeni-yeni ərazilərə yaymağa kömək edirdi. Dövlətin nüvəsi olan ordu-
nun və hərbi işin təşkili üçün də sabit danışıq dili identik əmrlər vermək 
üçün misilsiz imkanlar aşır, o biri tərəfdən əsir qulların daha intensiv və 
məqsədli istismarına yol açırdı. Quldarlığın həqiqi iqtisadi səmərəliliyi an-
caq ümumişlək danışıq dilinin sayəsində mümkün idi. İbtidai formada hər-


 
298
bi əmirlərdən istifadə böyük insan çoxluqlarının idarə edilməsini əsaslandırırdı 
və belə əmirlərdən istifadə indiyə qədər hərbi idarəçilikdə davam edir. 
Lakin bu mifin şifahi variantı isə yazısı olmayan tayfalar arasında 
yayılaraq daha gözlənilməz nəticələr verdi: onlarda yeni-yeni tayfa 
dillərinin yaranmasını  şərtləndirdi. İlk variantda yarandığı qədim dilin 
leksikonunu əks edəm şifahi miflər əzbərlənmiş şifahi mətnlərə çevrilərək 
yaşamış  və cavan ləhcələrin (dillərin) yaranması ilə  nəticələnmişdir. Bu 
mətnlərin daşıyıcısı olan tayfalar ilkin dil mühitindən coğrafi və tarixi 
cəhətdən daha artıq uzaqlaşdıqca dil əlaqələri kəsilmiş, başqa dil təsirləri-
nin nəticəsi kimi yeni tayfa (xalq) dilləri kimi formalaşmışdır. Yazıda əks 
olunmayan sözlər istənilən qədər təhrif olunsa da, fonetik şəkilcə tanın-
maz hala gəlsə  də, son nəticədə  işarə etdiyi mənanı saxlayırdı. Mərasim 
söyləyiciləri tərəfindən əzbər yadda saxlanan mətn sözlər üçün qoruyucu 
rolunu oynayırdı.  Əzbər mətnin söz mənzərəsi dəyişir, lakin onun mətn 
məzmunu nəsildən-nəslə keçib itmirdi, qorunurdu. Məhz  əzbər sintaktik 
formalar, mətnlər, deyimlər nəsildən-nəslə keçərək yazısız dilin yaşama 
forması olurdu. 
Beləliklə yazılı  mətnlər  ənənəsi yazılı kitab mədəniyyətini,  əzbər 
şifahi mətnlərdən istifadə isə iki mindən çox tayfa dillərinin  şifahi 
formasını yaratmışdır. 
 
 
5.5.8. Epik təhkiyə formaları və onların 
ümumi mifik mərasim mənşəyi 
 
Epik təhkiyənin başçı-qəhrəmanlara həsr edilən ilk şəkli – mifik 
qəhrəmanlar haqqında söyləmələr – qədim kollektiv mərasimlərdə söylə-
nirdi. Şübhəsiz ki, bu söyləmələrdə ritm və rəqs də, oyun ünsürü də olub. 
Amma xalis nəsr şəkilli söyləmələr daha cavandır, çünki nəsr dilinin özü 
yalnız geniş yayılan yazı  mədəniyyətindən sonra yarana bilərdi. Qədim 
Yunanıstanda mərasim ritmində deyilən söyləmələrə  epika  deyirdilər. 
Müasir terminlə buna lirik-epik söyləmə demək olar. Nəsrlə deyilən söylə-
mələrə isə  loqos (söz) deyirdilər. Tarixi cəhətdən yanaşsaq başçı  qəhrə-
manlar haqqında söyləmələrin ən qədim forması lirik-epik söyləmələrdir, 
yəni mərasim ifaçılığının əlamətlərini daşıyan söyləmədir. Təsadüfi deyil: 
indiyə qədər monoteist kitabların özü də ritmlə oxunur və bununla onların 
ritual mənşəyinə  işarə edilir və bu, onların mətninə  əlavə ritual ovqatı 
vermiş olur. 
Müasir elmdə  epos adlandırılan dastan ənənəsinin özü qədimlərdə 
bir qayda olaraq epik-lirik təhkiyə ilə aparılıb, yəni qədim mifik allahlar 


 
299
barədə oxuma onun yarandığı  mərasim oxumasının ritmiklik əlamətini 
özündə saxlayır. Beləliklə eposun birinci forması mifik qəhrəmanlar-
allahlar haqqında söyləmədir. Lakin Yunan demokratiyasının böhranı 
dövründə  real başçı-tiranlar haqqında da söyləmələr meydana çıxdı. 
Artıq qeyd etdiyimiz kimi, bu söyləmələr mifik allahlar haqqında söylə-
mələrə  təqlid idi. Bunların hərbi yürüş  və  qələbələrin tarixi kimi yazıya 
alınması bioqrafik janrın yaranması ilə nəticələndi. 
Antik dövrdə bioqrafiya ilə yanaşı  səyahətnamələr  də yazılırdı. 
Müəyyən mənada səyahətnamələr də  qəhrəmanlar haqqında söyləmənin 
bir  şəkli idi, çünki səyahətlərə  də  qəhrəman başçılar rəhbərlik edirdilər. 
“Odisseya”nın özü bir qəhrəman pəhləvanın yürüş tarixçəsi idi. Lakin 
bunları yazanların hamısı o zaman kahinlər, mistik qabiliyyətli insanlar 
kimi qəbul olunurdu.  
O biri tərəfdən isə bütün ilkin antik dövrdə insanlar yazılı mətni və 
mərasimdə oxunan şifahi epik mətni olmuş hadisə, həqiqəti əks edən bir 
yazı kimi qəbul edirdilər. Bu mənada, həm tiran-başçılar haqqında, həm 
də səyahətlər haqqında yazmaq hələ mistik fəaliyyət idi, ətraf insanlar belə 
yaradıcılığı insandan qat-qat çox allahlara xidmət kimi, onlarla ünsiyyət 
kimi qəbul edirdilər. 
Bütün antik dövrdə  hər hansı  yazının mistikliyi barədə  təsəvvür 
hakim idi. Bu baxımdan yunanların digər xalqların kitablarını, məsələn, 
Əhdi-ətiqi, Avestanı öyrənməyə, hətta tərcümə etməyə sövq dən səbəb nə 
idi? Zənnimizcə, bunların kökündə hər hansı yazının mistikliyi və mütləq 
həqiqət olması haqqında təsəvvür dururdu. Ona görə də yeni-yeni kitabla-
rın tərcüməsi orakulluq kəsb edir, gələcəkşünaslıq fəaliyyətinin, dünya-
nın sirlərini aydınlaşdırmağın bir şəkli sayılırdı. Tərcüməçilər bununla 
yəqin ki, yunan cəmiyyətində hörmət qazanırdılar. Təsadüfi deyil ki, 
yunan ənənəsində müəlliflik məsələsinə həmişə diqqət və xüsusi ehtiram 
vardır. Yəqin ki, bu yazı bacaran savadlı adamların kultunun xeyli dərəcə-
də mistik xarakter daşımasından irəli gəlirdi. 
 Adətən yunan mifologiyası ilə bağlı  hər  şey dərsliklərdə yunan 
ədəbiyyatı kimi qələmə verilir və bu, birmənalı həqiqət kimi qəbul edilə 
bilməz. Antik dövrdə epik ənənənin inkişafından danışanda bu ənənədə 
mistik dini və ədəbi fəaliyyətin hələ vəhdətdə olduğunu nəzərə almaq la-
zımdır. Antik müəlliflərin hamısı yunan allahlarının tərənnümçüsü idilər. 
Ümumən Yunanıstanda fərdi mifyaratma və ya fərdi allahquruculuq geniş 
yayılmışdı. Ona görə artıq yunan müəllifləri içərisində Homerin dastan-
larına və digər mifoloji mətnlərə təqlid meyli geniş yayılmışdı. Bu isə artıq 
mifyaratmanın müəllif yaradıcılığına tərəf təkamülündən xəbər verirdi. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə