20
məzhəbi təqiblərə məruz qaldığına görə 1681-ci ildə İngiltərəyə
köçmüşdür.
Şarden hər iki səfərini əhatə edən mükəmməl bir səyahətnamə
yazmışdır ki, onun bu əsəri şərq xalqlarının orta əsr tarixinin öy-
rənilməsi baxımından əvəzi olmayan mənbədir. O, Şərq xalqlarının
sosial-iqtisadi, siyasi tarixi, şəhər həyatı, dövlət quruluşu ilə bağlı
məsələləri təkcə təsvir etməmiş, yeri gəldikcə antik və orta çağın
qaynaqlarına istinad edərək müqayisəli təhlillərə, şərhlərə də geniş
yer vermişdir. Şardenin səyahətnaməsində Səfəvi dövlətinin quru-
luşu, inzibati idarəetmə sistemi, əsgəri təşkilat, dini divan, yerli
məhkəmə orqanları, dövlət quruluşunda Qızılbaş əsilzadələrinin
yeri, dövlətin mədaxil və məxarici, mülkiyyət institutları, vergi və
mükəlləfiyyətlər, dövlət dili haqqında zəngin faktiki materiallar
vardır. Onun səyahətnaməsi İngiltərədə, Hollandiyada, Fransada,
Almaniyada dəfələrlə çap olunmuşdur. Şardenin səyahətnaməsi fars
dilinə də tərcümə edilmiş birinci çapı h.1335-1336-cı ildə, ikinci
çapı isə h.1372-1375-ci ildə işıq üzü görmüşdür (112;113).
XVII əsrin avropalı səyyah, tarix, missionerlərindən Yan
Streys, Engelbert Kempfer, Cemelli Kareri, Sansonun da əsərlərində
(197; 96; 89; 106) Səfəvi dövlətinin quruluşu və idarəetmə siste-
mində Qızılbaş-Türk əsilzadələrinin roluna aid elmi əhəmiyyətli
məlumatlara təsadüf edilmiş və bu məlumatlardan tədqiqat işində
yeri gəldikcə istifadə olunmuşdur.
Beləliklə, kitab ilk mənbələr, dövrün Avropa ədəbiyyatların-
dan əldə edilən faktiki materialların müqayisəli təhlili əsasında
yazılmış, yeni faktlar əsasında dövlətin yaranmasında, qorunub sax-
lanmasında türk etnosunun önəmli və üstün mövqeyi işıqlandırıl-
mışdır.
Azərbaycan Səfəvi dövlətini qurub-yaradan Qızılbaş-Türk
əmirlərinin ali hakimiyyət orqanlarında, inzibati idarəetmədə, inşa
divanında üstün və aparıcı rolu yeni faktlarla əsaslandırılmış, tarixi
gerçəkliklərin üzə çıxarılmasına cəhd göstərilmişdir.
21
I FƏSİL
AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN İDARƏ QURULUŞU
§1 Dövlətin etnik mənsubiyyəti, quruluşu və
hakimiyyətin həyata keçirilməsində Türk-Qızılbaş
əsilzadələrinin rolu
Səfəvi sülaləsinin hakimiyyəti ilə formalaşmış və cəmiyyətin
sosial-iqtisadi durumuna uyğunlaşan dövlət əslində klassik müsəl-
man dövləti olub, burada dini hakimiyyətlə dünyəvi hakimiyyət
çulğalaşmışdı. Onları mövcud şəraitdə və xüsusən sülalənin haki-
miyyətinin ilk illərində bir-birindən ayırmaq mümkün deyildi.
Xətayinin «Mənəm həm pirü həm sultani-aləm», «Əzəldən Şah
bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır» (55, 50, 125)
beytləri nəzəri cəhətdən şahlıqla ruhani hakimiyyətini birlikdə möv-
cudluq ideolojisinin təcəssümü olub, dövlətin teokratik prinsiplərə
dayandığını göstərir. I Şah İsmayıl Xətayi dünyəvi başçı olmaqla
paralel ruhani-mənəvi təşkilatlara da nəzarətçi və həm də mürşid-i
kamil vəzifəsini özündə saxlayırdı.
Azərbaycanın XVI yüzilin əvvəllərində mərkəzləşmiş, hərbi
siyasi baxımdan güclü, geniş ərazini əhatə edən bir dövlətə çevril-
məsi onun iqtisadi tərəqqisi Avropanın irəlidə gedən dövlətlərinin
başçıları və işgüzar adamlarının diqqətlərini dərhal özünə cəlb et-
mişdi. Elə buna görə də XVI yüzilin əvvəllərindən başlayaraq avro-
padan müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahların ardı-
arası kəsilmirdi. Xüsusi tapşırıqlarla Azərbaycana gələn səyyahlar
hesabat səpgisində yazlıqları gündəliklərində ölkənin sosial-iqtisadi
həyatı, maddi və mənəvi mədəniyyəti ilə yanaşı, onun ən xırda
məsələlərini belə nəzərdən qaçırmırdılar. Avropalı səyyah Engelbert
Kempfer Səfəvi dövləti, Şahlarının hüquq və səlahiyyətləri ilə ciddi
maraqlanmış və gündəliyində bu barədə məlumatlar vermişdir. O,
yazır ki, Səfəvi Şahı xüsusi imtiyazlara malik olub, Asiyanın başqa
hökmdarlarından seçilir. Şah Süleyman (1666-1694) qeyri-məhdud
hüquqlarından səltənətində heç bir maneə ilə qarşılaşmadan istifadə
edir. O, istədiyi vaxt müharibə və sülh elan edə, müqavilələr bağ-
22
laya, ölkənin qanunlarını dəyişə, yeni vergilər haqqında göstəriş
verə bilər. Ölkənin bütün vətəndaşları, həm də onların əmlakları
üzərində Şahın xüsusi sahibkarlıq hüququ vardır. Təbəələri ona
«vəlinemət», «aləmpənah», «cahanpənah» deyə müraciət etməklə,
onu peyğəmbərin səlahiyyətli nümayəndəsi kimi qəbul edirlər (96,
14). 1683-cü ildə Səfəvi sarayında olmuş missioner Sanson da
Şahın hakimiyyətinin qeyri-məhdudluğu haqqında məlumat
vermişdir. O qeyd edir ki, ölkədəki hüquqlarına görə dünyanın heç
bir ölkəsində ona bərabər hökmdar yoxdur. Təbəələri və onların
əmlakları mütləq hakim olan Şaha məxsusdur. Şah həm də ölkənin
dini idarələrinin də başçısıdır. Sanson təbəələrinin «din və imanım
padşah» deyə ona müraciət etdiklərini qeyd etmişdir. Missioner
eyni zamanda qeyd edir ki, təbəələri ona inanır və şahları tərəfindən
yersiz cəza gözləmirlər (106, 166-169). Sanson Şahın hüquq və
səlahiyyətlərini aydınlaşdırmağa çalışarkən onun mürşid-i kamillik
statusunun mahiyyətini müəyyən edə blməmişdir. Qeyri-məhdud
hakimiyyət statusunu özündə saxlayan Şahın mülki, hərbi, iqtisadi
sahədə yuxarıda qeyd olunduğu kimi, çox geniş səlahiyyətləri var
idi. Şah Süleyman dövlətin daxili və xarici ticarəti, mədaxil,
məxaricini şəxsən özü yoxladıqdan sonra əcnəbi tacirləri gömrük
vergisindən, Avropadan gəlib müvəqqəti Səfəvi ölkəsində məskun-
laşan xristianları cizyədən və onların karxanalarını vergilərdən azad
etmiş, elçilərin mərkəzin ən yaxşı binalarında yerləşdirilib şah
xəzinəsindən təmin olunmaları barədə göstərişlər vermişdir (108,
168-169).
Fransalı Tavernye dövlət quruluşunun formasına görə Səfəvi
dövlətini tipik monarxiya kimi şərh etmişdir. Ona görə bu dövləti
mütləq monarxiya olub, Şah təbəələrinin can və malının sahibi idi.
Əgər Şah ölkənin ən böyük dövlət adamlarından birini öldürmək
istəsə, heç bir qanun-qayda və məsləhət gözləmədən bu işi görə
bilər və hansı ki, bu bizim Avropada da adi bir qayda hesab olunur-
du. Dövlətin qanun keşikçiləri bunu yoxlamaz, heç kimin bunun
səbəbini soruşmağa cürəti çatmazdı. Şah, hətta qardaşları, bacıları,
oğulları, qızlarından da azacıq şübhələndikdə onları da heç bir
təhqiqat aparılmadan ölüm cəzasına məhkum edə bilərdi (104, 569).
Dostları ilə paylaş: |