İstədiyini əldə etmək mümkün olmadıqda, öz tərəfinə çəkə
bilmədikdə, heç olmasa, bitərəfləşdirmək sənətidir. Siyasətdə
hissiyyat, kin və intiqam yoxdur, daimi mənafelər vardır. Siyasətdə
romantizm həmişə qütblüdür. Romantizmdə isə mərkəzçilik yoxdur, o
ya solu, ya da sağı tutur.
Hər hansı dövlətin xarici siyasəti onun daxili siyasətinin
davamıdır. Onun həyata keçirilməsi dövlətin imkanlarından asılıdır.
Xarici siyasəti həyata keçirən diplomatiyanın gücü də bütövlükdə
dövlətin qüdrətindən asılıdır. Dövlətin qüdrəti dedikdə, onun hərbi,
siyasi, iqtisadi, xalqın mənəvi-psixoloji gücü başa düşülür.
Diplomatiya tarixi sübut edir ki, iqtisadi qüdrət hərbi-siyasi gücə,
mənəvi-psixoloji yüksəlişə səbəb olur və bir sıra beynəlxalq
problemlərin həllinə kömək edir. Bu amillərdən biri mövcud
olmadıqda istər-istəməz dövlətin ümumi qüdrətinə xələl gəlir.
Dövlətin daxili vəziyyəti necədirsə, onun xarici siyasəti də elədir.
Lakin xarici siyasətin müəyyən muxtarlığı da vardır. Onun uğurla
həyata keçirilməsi bir sıra daxili problemləri həll edə bilər. Xüsusilə
daxildə siyasi sabitliyin, iqtisadi yüksəlişin əldə edilməsində uğurlu
xarici siyasətin müstəsna əhəmiyyəti vardır. Deməli, dövlətin xarici
siyasəti arzu və istəkləri deyil, mövcud şəraitdəki imkanlara və
reallıqlara əsaslanmalıdır. Hətta böyük potensiala malik olan dövlət
onu imkana və istifadəyə çevirmədikdə istəklərinə çata və ya onlara
reallaşdırmaq üçün kəskin rəqabətə tab gətirə bilməz.
Diplomatiyanın səmərəliliyi başqa dövlətlərin və ya dövlətlər
qrupunun xoşuna gəlib-gəlməməsi ilə deyil, öz ölkəsinin və xalqının
mənafeyinə necə xidmət etməsi ilə ölçülür.
ABŞ professoru, siyasi realizm məktəbinin banisi
Q.Morqentau hələ 70-ci illərdə yazırdı ki, diplomatiya elm kimi dörd
elementdən ibarətdir:
1.
Diplomatiya öz potensialında və ixtiyarında olan
qüvvələri nəzərə almaqla məqsədlərini dəqiq
müəyyənləşdirilməlidir;
2.
Diplomatiya başqa dövlətlərin əsas məqsədlərini, həmin
dövlətlərin bu məqsədləri həyata keçirmək üçün
ixtiyarında olan mövcud və potensial imkanlarını
qiymətləndirməlidir;
30
3.
Diplomatiya bu müxtəlif məqsədlərin hansı dərəcədə
biri-birinə uyğun gəlib-gəlməməsini
müəyyənləşdirilməlidir;
4.
Diplomatiya bu məqsədləri həyata keçirməkdən ötrü
müxtəlif vasitələrdən istifadə etməlidir.
Diplomatiyanın sərəncamında üç əsas vasitə vardır: inandırma,
kompromis və güc ilə qorxutmaq. Diplomatiya sənəti bu üç vasitədən
irəli gələn kokret anların hər birinə düzgün diqqət verməlidir.
İnandırma lazım gəldikdə güc ilə qorxutmaqdan, kompromis lazım
gəldikdə gücdən istifadə edən, güc lazım gəldikdə kompromis axtaran
və ya inandıran, mövcud şəraiti düzgün qiymətləndirməyən
diplomatiya məğlubiyyətə məhkumdur. Həmçinin, heç bir
diplomatiya eyni zamanda yalnız güc, inandırma və ya kompromis
üzərində fəaliyyət göstərə bilməz. Bunlara əməl etməyən diplomatiya
məğlubiyyətə məhkumdur. Dövlətimizin xarici siyasəti dini
təəssübkeşlikdən və təsirlərdən uzaqdır. Dövlətləri dini əlamətlərə
görə qruplara bölmək və onlara yanaşmaq təhlükəlidir.
«İslam fundamentalizmi» nin yaranması köklərini
müsəlmanların mövcudluğu, onların sivil normalarının guya
olmaması, istənilən prosesdə iqtisadi və siyasi maraqlarının olması ilə
əlaqələndirməyin heç bir əsası yoxdur. Müsəlman olan yerdə «islam
fundamentalizmi» axtarmaq, onu qloballaşdırmaq az qala Rusiyanın
bəzi siyasətçiləri və siyasətşunasları üçün adətə, gündəlik həyat
tərzinə çevrilmişdir. İslam təkcə Şərqin deyil, bütün dünyanın dinidir.
İslamla islam fundamentalizmini qarışdırmaq olmaz.
İslam sülh, dinclik və əmin-amanlıq dinidir. İslama görə,
cəmiyyət üçün sülhün heç bir əvəzi yoxdur. İslamın qayəsi hamı üçün
sülh və dinclik təmin etməkdir. O, zorakılığı rədd edir.
Beynəlxalq münasibətlər sisteminin həyatiliyi onda bütün
tərəflərin mənafelərini nəzərə alınması ilə ölçülür. Dövlətmizin həm
ümumi, həm də xüsusi milli maraqlarını beynəlxalq birliyə qarşı
çıxmaqla deyil, onun imkanlarından istifadə etməklə və əməkdaşlıqla
qorumaq olar. Azərbaycanın spesifikliyinə, əlverişli coğrafi-siyasi
mövqedə yerləşməsinə, zəngin təbii sərvətlərinə və intellektual
potensialına və imkanlarına baxmayaraq, o, öz mənafelərini dini
mənsubiyyətdən asılı olmayaraq, dünya birliyinin bütün digər üzvləri
31
ilə əməkdaşlıqda qoruya bilər. Xarici siyasətdə dini deyil, praqmatik
siyasi təfəkkürün üstünlüyü heç kəsdə şübhə doğura bilməz.
Azərbaycan dövlətinin xarici siyasət fəaliyyət etnik
təəssübkeşlikdən uzaqdır. Məlum olduğu kimi, beynəlxalq normalara
görə, hər hansı dövlətin xarici siyasət fəaliyyəti etnik amillər üzərində
deyil, tərəflərin mənafelərinin tarazlığı əsasında qurulmalıdır.
Münasibətlərin indisi və gələcəyi bərabərhüquqlu və qarşılıqlı
faydalı əməkdaşlıqdadır.
Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətləri
MDB iştirakçısı olan dövlətlərlə münasibətlər
Azərbaycan dövlətinin xarici siyasəti beynəlxalq hüquq
normalarından irəli gələn prinsiplər əsasında bir neçə istiqamətdə
həyata keçirilir. Ölkəmizin xarici siyasətində MDB iştirakçısı olan
dövlətlərlə münasibətlər, ABŞ, Avropa, Asiya və Afrika dövlətləri ilə
əlaqələr, beynəlxalq və məhəlli təşkilatlarla münasibətlər əsas
istiqamətlərdən hesab oluna bilər.
Dövlətimizin sülhsevər xarici siyasət fəaliyyətinin
istiqamətlərindən biri coğrafi planda başlıca prioritet təşkil edən MDB
iştirakçısı olan dövlətlərlə münasibətləridir. Keçmiş sovet məkanında
paralel gedən milli dövlətçilik və inteqrasiya proseslərindən doğan
bir sıra obyektiv və subyektiv amillər bu istiqamətin mahiyyətini,
məqsəd və vəzifələrini, perspektivlərini müəyyənlişdirməyə və
proqnozlaşdırmağa imkan verir. Ölkəmizin xarici siyasətində bu
dövlətlərin tutduqları yeri və rolu şərtləndirən amillər əsasən
aşağıdakılardan ibarətdir.
Əvvəla, Azərbaycan və MDB-nin iştirakçısı olan bir sıra
dövlətlər təxminən iki əsrə yaxın əvvəlcə Rusiya imperiyasının,
sonra isə SSRİ-nin tərkibində vahid siyasi-iqtisadi-ideoloji sistemdə
olmuşlar. Bu dövlətlər arasındakı əsl beynəlxalq münasibətlərin
qurulması əslində sıfırdan deyil, mənfidən başlamışdır.Çünki, belə
münasibətlər heç vaxt olmamışdır.
32
Dostları ilə paylaş: |