Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
35
QABİL ƏDALƏT
(Qabil Ədalət oğlu Şirinov) –
Ağcəbədinin Boyat kəndində doğulub.
Binəqədidəki 205 saylı orta məktəbi bitirib.
2011-ci ildə “Vətənə gedən yolda”, 2012-ci
ildə “Həqiqəti gözlərində görürəm” adlı ki-
tabları işıq üzü görüb. 2012-ci ildə “Bayat”
Ədə bi Birliyini yaradıb. “Bayat” və “Bitməz
kön lümüzün Vətən sevgisi” toplularının tər-
tibatçısıdır. Ukraynadakı Kirovaqrad Milli Tex-
niki Universitetinin tələbəsi olan Qabil, DGTYB-
nin və“Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
* * *
Gecənin sənsizliyinə bürünüb...
Mahnı bəstələyirəm
Sükutun addım səslərini
Notlara duzub.
Həsrətimə toy tutacam
Bu gecə....
Divar kağızlarından qoparıb
Gül dəstələyirəm.
Xatirəndən qopub düşmüş
ümidlərlə
Qol qaldırıb oynayacam,
Həsrətimə toy tutacam
Bu gecə...
Arsızlığıma salıb
Kədərimi üstələyirəm...
Ətrin qalmış geyimlərini yuyub
suyunu
Yüz
yüz vuracam
Həsrətimə toy tutacam bu gecə...
Buz dağı
Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər
deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…
(qoy nöqtələr danışsın.)
SƏS... SÖZ... RƏNG...
36
QOŞQAR QARAÇAYLI
(Qoşqar Şıxməmməd oğlu Səmədov) –
1986-cı ildə Qəbələnin Dızaxlı kəndində
doğulub. 2004-cü ildə Arzulla Rəhimov adına
Dızaxlı kənd orta məktəbini bitirib. Məktəb
illərindən şeir yazır. 2013-cü ildə “Sevgi nağılı”
adlı ilk şeir kitabı işıq üzü görüb. DGTYB və
Gənc Ədiblər Məktəbinin üzvüdür.
Yağış
Tənhalaşıb dərdə, qəmə batmayın,
Özünüzü oda, közə atmayın;
Bu yağan yağışa çətir tutmayın,
Bu yağan yağışda sevgi ətri var...
Dərbəndə, Təbrizə, Laçına yağsın,
Göyçəyə, Murova, Xaçına yağsın;
Açın, ovcunuzun içinə yağsın,
Bu yağan yağışda sevgi ətri var.
Qızıl gözəllikdi, dürr gözəllikdi,
Varsa
gözəllikdə sirr, gözəllikdi...
Hər düşən damcısı bir gözəllikdi,
Bu yağan yağışda sevgi ətri var.
Nə hava dəyişsin, nə Günəş çıxsın,
Nə zaman tələssin, nə ömür axsın;
Yağsın səhərədək, kaş
,
elə yağsın...
Bu yağan yağışda sevgi ətri var.
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
37
* * *
Niyə yaşayıram, niyə ölmürəm...
Getmisən, mən çıxıb evə gəlmirəm,
Bilirsən, bilmirsən,
hələ bilmirəm,
Ürəyim sən gedən qatarda qalıb...
Tükənib taqətim, sınıb qollarım,
Donub əl-ayağım, donub qollarım;
Dəmir yollarına dönüb qollarım,
Ürəyim sən gedən qatarda qalıb...
Axırdı göz yaşım, qurutdum axır,
Özümü bir azca ovutdum axır,
Niyə ürəyimi unutdum axı..?
Ürəyim sən gedən qatarda qalıb...
Bu sevgi çıxacaq mənim axrıma,
Sevincim, ağrıma, qəmim, ağrıma...
Neyləyim gəlmədi dəli ağlıma,
Ürəyim sən gedən qatarda qalıb...
Düşmüşəm, qoy yanım, oddan çıxarma,
Olmuşam canında bir can çıxarma..!
Barı qayıdanda yaddan çıxarma,
Ürəyim sən gedən qatarda qalıb.
* * *
Xatirə dəftəri düşüb əlimə,
Bir vaxtlar xətrinə dəydiyim qızın,
Özündən xəbərsiz düşüb eşqinə,
Ürəkdən bəyənib, sevdiyim qızın.
Xatirə dəftəri düşüb əlimə,
Üşüyür əlimdə... donur əllərim...
Hanı o qız, hanı? – qaytar, İlahi,
Qaytar xatirələr damır əllərim...
Açıb oxumağa ürəyim gəlmir,
Qorxuram içindən o qız boylanar...
Danışmaz bircə söz,
deməz bircə söz,
Baxar gözlərimə yalqız boylanar...
Əsər əl-ayağım, dolar gözlərim,
Düşərəm tilsimə, çıxa bilmərəm...
Saralmış məktublar düşər içindən,
Oturub baxaram yığa bilmərəm...
Baxaram eləcə dili lal kimi,
Baxaram gözləri kor kimi elə…
Neçə il keçmişə qaytarar məni,
Ruhumla, canımla, nəfəsim ilə...
Düşər xatirimə əzizləyərəm,
Axı sevgisini sevən unutmaz…
Yığıb
nömrəsini zəng eləyərəm,
Heyf nömrəsinə daha zəng çatmaz...
Düşünə-düşünə elə qalaram,
Gözlərim yollarda, qulağım səsdə,
O qıza bir dəstə çiçək yığaram,
Aparıb düzərəm yolları üstə…
Sonra da dönərəm tənha evimə,
Tənha otağıma qayıdaram mən.
Oturub təzə bir şeir yazaram,
Sevgidən, sevgidən, yenə sevgidən...
SƏS... SÖZ... RƏNG...
38
PƏRVANƏ NİZAMƏDDİN
(Pərvanə Nizaməddin qızı Orucova) –
17 iyun 1985-ci ildə Qazaxın Kəmərli kəndində
doğulub. IX sinifdə oxuyarkən “Çaylara nəğmələr
anamdan keçib” adlı şeir kitabı işıq üzü görüb
(2001); həmin kitaba görə Aslan Kəmərli adına
ödülə layiq görülüb. 2003-cü ildə Azərbaycan
Kooperasiya Universitetinə qəbul olub.
İkinci kitabı 2009-cu ildə “Gecələr xəyallar
görüş yerimiz” adı ilə işıq üzü görüb. 2009 və
2014-cü ildə Kəmərli Bələdiyyəsinin üzvu seçilib.
DGTYB-nin üzvüdür.
Ağ atlı
Yellərə qarış,
Sellərə qarış,
Güllərə qarış,
Ağ atlı..!
Yazda çiçəklər,
Güldə ləçəklər,
Dağda göyçəklər,
Ağ atlı..!
Günəş boylansın,
Yollar nurlansın,
Həyat yazlansın,
Ağ atlı..!
Çənlər çəkilsin,
Nəmlər çəkilsin,
Qəmlər çəkilsin,
Ağ atlı..!
***
Ürəyini verib, hara qaçmısan,
Sinəsi üşüyən, sözü üşüyən?..
Ürəyini verib, hara qaçmısan,
Gözünün yaşında gözü üşüyən?
Ürəyini verib, hara qaçmısan?..
Həyatda
sevməyin özü çətindi,
Dilə gətirməyə sözü çətindi...
Sönmüş od-alovun közü çətindi,
Ürəyini verib, hara qaçmısan?..
Ərköyün uşaqtək atıb getmisən,
Bəlkə hər arzuna çatıb getmisən.
Ürəyinə ürək qatıb getmisən –
Ürəyini verib, hara qaçmısan?
Sənsiz gecələrin yuxusu yoxdu,
Çəməndə çiçəyin qoxusu yoxdu;
İndi ürəyin də qorxusu çoxdu –
Ürəyini verib, hara qaçmısan?..
...