127
9.3
MƏNƏVİ-MƏDƏNİ
PROSESLƏRİN
PROQNOZLAŞDIRILMASI XÜSUSİYYƏTLƏRİ
Müəyyən müddətə sosial proseslə bağlı proqnoz verərkən ilkin
proqnozlaşdırma modelinin hazırlanması üçün vacib olan göstəricilərin
toplanması tələb olunur. Mümkün göstəricilər yüzlərlə və minlərlədir.
Onlardan açar göstəriciləri seçmək və tədqiqatın müəyyən səviyyəsində lazım
olanları müəyyənləşdirmək lazım gəlir.
Mədəniyyət olduqca geniş anlayışdır. Bura həm bütövlükdə tarixən
bəşəriyyətin əldə etdiyi nailiyyətləri, həm müəyyən bir tarixi çərçivədə
müəyyən millətin qazandığı nailiyyətləri, həm də konkret şəxsiyyətin öz fərdi
imkanları çərçivəsində mənimsədiyi və əks etdirə bildirdiyi nailiyyətləri aid
etmək olar. Mədəni proseslərin təhlili ilə bağlı Yuqoslaviya sosioloqu Danilo
J. Markoviç qeyd edir ki, “eyni zamanda mədəniyyət həm də teleolojidir.
Mədəni dəyərlər şəcərəsinə daxil olan din, elm, incəsənət, fəlsəfə özlüyündə
mədəniyyəti təcəssüm etdirir və onun universal dəyərlərini ifadə etməyə cəhd
edir. Mədəniyyətin bu və ya digər dəyərləri ümumilikdə bir-birindən
fərqlənmir, əksinə onlar qarşılıqlı təsir münasibətlərindədir”. Müəllif öz
fikirlərinin təsdiqi kimi V.İliçə müraciət edərək ondan belə bir sitat gətirir:
“mədəniyyət insan dünyasından başqa bir şey deyil və o bu dünyanın
birliyindən təzahür edir, onunla da insan özündəki və təbiətdəki vəhşilikdən
ayrılır. Mədəniyyət – ənənələrin və ayrılıqda şəxsiyyətin və onun dünyasının
insanlaşma mənbələrindən biridir. Hər bir tarixi orqanizmdə mənəvi-mədəni
proses xüsusi bir tam kimi özündə üç komponenti birləşdirir: əhalinin
şüurunun inkişafı, təbiət üzərində inkişaf edən hakimiyyət, intellektual
kosmosun aktuallaşması və konkretləşməsi. Mədəniyyətin və sivilizasiyanın
birləşməsi cəmiyyətin totallaşması (ümumiləşməsi) ilə nəticələnir. Yaxşı
məlumdur ki, müasir mədəniyyətin ümumiləşməsi, ideologiyalaşması və
siyasiləşməsi – müasir cəmiyyətin qlobal xarakterə malik olan parlaq
ifadəsidir».T.Parsonsa görə: «Mədəniyyət üç aspektdə çıxış edir: mədəniyyət
ötürülür, öyrənilir və genetik təbiətə malik olmayıb ümumqəbul ediləndir.
Mədəni dəyərlər fərdin sosial keyfiyyətlər, statuslar, rollarının təşkilinin
öyrənilməsi prosesini əhatə edir. Bir-birilə və ətraf mühitlə qarşılıqlı
münasibətlərin subyekti olan şəxsiyyət – sosial şəcərənin üçüncü pilləsini –
sosial inteqrasiyanı təşkil edən cəmiyyəti yaradır. Lakin inteqrasiyanın həyata
keçməsi üçün daha bir sosial sistemin – mədəniyyətin elementləri olan ümumi
qəbul edilmiş simvolların olması vacibdir. Hər bir sistem digərinin mövcud
olmasına şərait yaradır, belə ki, şəxsiyyətlərsiz və mədəniyyətsiz sosial sistem
ola bilməz». Belə nəticəyə gəlmək olar ki, yenidən dərketmə prosesində
128
cəmiyyətin mədəni dəyərlərinin ötürülməsi üçün keçid dövrü köhnə sistemlə
yeni sistem arasında bağlayıcı rolunu oynayır. Burada cəmiyyətin varislik
prinsipi əsasında inkişaf etməsi fikrini izləmək olar.
Keçid dövründə şəxsiyyət–cəmiyyət münasibətlərində yaranan böhranı
araşdıran Rusiya-Amerika sosioloqu P.Sorokin yaşadığı cəmiyyətdə böhranın
səbəbini Qərb mədəniyyətinin və cəmiyyətinin son dörd yüz ildə çökməsində
görürdü. Müəllifin qeyd etdiyi kimi: «bu zaman mədəniyyətin və cəmiyyətin
bir (hissi) forması məhv olur, digəri isə ancaq təzahür edir». P.Sorokin belə bir
şəraitdə yaranan böhranı belə açıqlayır: «Cəmiyyətin hissi dəyərlər üzərində
qərarlaşmış paradoksları bununla nəticələnir ki, o, əhalinin əksəriyyətinin nə
ruhi, nə də maddi tələbatlarını təmin etmək iqtidarında olmur. Böhrandan,
xüsusilə də sosial mədəni tsiklik dağıdıcı dəyişikliklər dövründən çıxış yolu –
inteqral dəyərlər sisteminin və ona əsaslanan dini, idealist və hissi
mədəniyyəti birləşdirən inteqral mədəniyyətin yaradılmasıdır. İnteqral sistem
fərdi maraqların harmoniyasına əsaslanmalıdır. Kor-təbii bazar sivilizasiyası
əsas dəyərləri – fərd azadlığı və ədaləti, insanın ləyaqətini və mülkiyyətini
müdafiə etmək iqtidarında deyil». Belə nəticəyə gəlmək olar ki, sosial
institutların yenidən təşkili və yenidən dərki prosesinin özü böhranlı bir
mərhələdir. Sosial olanı mədəni olanın bir hissəsi kimi qəbul edən
L.B.Vişnyatskiyə görə: «Mədəniyyət – cəmiyyəti özünə daxil edir. Lakin bu
fərdlərin birliyi olan cəmiyyət deyil. Bu təşkilati stuktura malik olan və
genetik cəhətdən determinə olmayan fərdlər və onların qrupları arasındakı
əlaqələrin birliyi olaraq fərdlərin münasibətlərini tənzimləyən cəmiyyətdir.
Beləliklə, mədəni təkamül cəmiyyətin və sosial münasibətlərin təkamülü ilə
eyni zamanda baş verir». Göründüyü kimi, L.B.Vişnyatski mədəni dəyişikliyi
təkamül prosesi kimi qəbul edir. Müəllif qeyd edir ki, «təkamül yeninin
yaranması və ya yaranmaması ilə də müşayiət oluna bilər, lakin yeni (əlaqə və
elementlər) yaranmırsa, inkişafdan danışmaq olmaz». L.V.Vişnyatskinin
fikirlərindən belə nəticəyə gələ bilərik ki, bəşəriyyətin ən yeni tarixində baş
verən dəyişikliklər təkamül prosesi ilə bağlıdır. Bu təkamül prosesində yeni
element və əlaqələr yaranır, lakin bu, dağıdıcı xarakter daşıyan yeniliklərdir.
«Dağıdıcı» və «inkişaf» anlayışları isə bir-birinə ziddir. Onda belə bir sual
ortaya çıxır: «Müasir şəxsiyyətin sosiallaşması prosesi hansı tarixi şəraitdə baş
verir?» Yəqin ki, bu ümumi dəyərlərdən uzaqlaşan mədəniyyətin
sivilizasiyaya çevrilərək kirəcləşdiyi bir tarixi şəraitdir. Ümumi dəyərlərdən
uzaqlaşmanı cəmiyyətin reqressiya mərhələsi kimi xarakterizə edən İ.İlyinski
onun deqradasiyaya uğradığını qeyd edir. Müəllifə görə bu zaman «cəmiyyət
irəli-yuxarı deyil, ya irəli-aşağı, bəzən hətta aşağı-geriyə də hərəkət edir».
Dostları ilə paylaş: |